USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan Avropaya daha çox əl açır

Hay baş nazirin Strasburqa dünənki səfəri  bununla yadda qaldı


https://img.baki-baku.az/news/2023/10/photo_9062.jpg

Ermənistan rəhbərliyi Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə xaricdəki erməni diasporundan külli miqdarda pul qoparırdı. Qarabağ məsələsi ölkənin hakim zümrəsi üçün yaxşıca qazanc mənbəyinə çevrilmişdi.

Uzun illər Qarabağ adına pulların yığılması ilə əsasən 1994-cü ildə erməni diasporunun kompakt yaşadığı Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılan “Hayastan” ümumerməni fondu məşğul olub. Əsas ofisi ABŞ-da yerləşən fondun 15 ölkədə (Kanada, Braziliya, Argentina, Böyük Britaniya, Fransa, Niderland, Almaniya, İsveç, İsveçrə, Avstriya, Yunanıstan, Kipr, Livan, Suriya və Avstraliya) törəmə müəssisəsi var idi. Fond 1997-ci ildən etibarən telemarafonlar keçirirdi. Bütün dünyada yayımlanan telemarafonlar vasitəsilə ianələr toplanırdı. Dünyanın müxtəlif ölkələrindəki varlı ermənilər, iş adamları, eləcə də sadə ermənilər fonda vəsait köçürürdülər. Toplanan vəsait, guya, Qarabağda infrastrukturun bərpasına – Ermənistanın müxtəlif şəhərləri ilə Qarabağ arasında yolların çəkilişinə, xəstəxanaların, məktəblərin inşasına, əhalinin içməli su ilə təminatına sərf olunurdu. Yeri gəlmişkən, 2020-ci il oktyabrın 10-da – İkinci Qarabağ müharibəsi ilə əlaqədar vəsait toplamaq üçün xüsusi telemarafon keçirilmişdi. Bu zaman 30 milyon dollardan çox vəsait yığılmışdı.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər, deyəsən, “Hayastan” fondunun da “Miatsum”, separatizm kitabı kimi bağlanmasına səbəb olub. Deyəsən, bu fond da Qarabağın statusunun yanına gedib. Hər halda 2020-ci ildən sonra “Hayastan”dan heç bir əsər-əlamət yoxdur. Onun sonuncu telemarafonu da elə 2020-ci ildə keçirilib. Halbuki, Vətən müharibəsindən sonrakı 3 il ərzində Qarabağın kiçik bir hissəsinə hələ də separatçılar nəzarət edirdilər. “Hayastan” fondu isə proseslərdən tamamilə çəkilmişdi. Bu da səbəbsiz deyildi. Görünür, fonda köçürmələr edən ermənilər başa düşmüşdülər ki, onların uzun illər ödədikləri vəsait əhali üçün hansısa işlərin görülməsinə sərf olunmayıb, tam əksinə, Ermənistanı idarə edən mafiozların ciblərinə axıb.

“Hayastan” fondu ilə bağlı məsələni xatırlatmağımız təsadüfi deyil. Qeyd etdiyimiz kimi, Qarabağ məsələsi Ermənistanı idarə edənlər üçün gəlir mənbəyi idi. Azərbaycan sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirərək Qarabağın qalan hissəsini azad etsə də, separatçı rejim özünü buraxsa da, oktyabrın 15-dən Xankəndinin mərkəzində Dövlət Bayrağımız dalğalansa da, rəsmi İrəvanın Qarabağ manipulyasiyası bitmək bilmir. Onlar indi də Qarabağdan könüllü köç edən əhalinin adından yararlanaraq, Avropanın müxtəlif ölkələrinin hökumətlərindən, nüfuzlu maliyyə institutlarından pul dilənməklə məşğuldurlar.

Ermənistan baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropanın parlament paytaxtı olan Strasburq şəhərinə (1949-cu ildən Avropa Şurasının, 1992-ci ildən Avropa Parlamentinin iqamətgahı burada yerləşdiyi üçün şəhər 1992-ci ildən “Avropanın parlament paytaxtı” statusuna malikdir – S.H.) işgüzar səfəri zamanı keçirdiyi görüşlər zamanı səsləndirdiyi fikirlər belə deməyə əsas verir.

Paşinyanı Avropa Parlamentinin binasının girişində qurumun sədri, maltalı siyasətçi Roberta Metsola qarşılayıb. Bu zaman Nikolun Strasburqa üç qızı ilə gəldiyi məlum olub. Bunun nə məqsəd daşıdığı müəmmalı olaraq qalıb.

İkitərəfli görüşün sonunda birgə mətbuat konfransı keçirilib. Paşinyan Qarabağ erməniləri üçün vəsait istədiyini mətbuat konfransında dilə gətirib: “Biz bir sıra problemlərin aradan qaldırılmasında Avropa İttifaqının əhəmiyyətli dəstəyini gözləyirik. Söhbət həm də 100 mindən çox erməninin Qarabağdan məcburi köçürülməsi (?) nəticəsində Ermənistanda yaranmış humanitar problemlərin aradan qaldırılmasından gedir. Burada təcili dəstəyə ehtiyacımız var”.

Qeyd edək ki, Ermənistan baş naziri Qarabağ ermənilərinə daha çox pul ayrılması üçün bütün platformalardan istifadə etməyə çalışır. Bunun ən mühüm örnəyi Avropa Siyasi Birliyinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən III sammiti oldu. Həmin sammit zamanı N.Paşinyan Almaniya Kansleri, Avropa İttifaqı Şurasının prezidenti, Avropa Komissiyasının sədri, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Parlamentinin sədri, Yunanıstanın, Norveçin, Finlandiyanın, İslandiyanın, Niderlandın, Xorvatiyanın, Latviyanın baş naziri, Fransanın, Litvanın, Monteneqronun, Ukraynanın və Makedoniyanın prezidentləri qısamüddətli danışıqlar aparmışdı. Ermənistan hökuməti N.Paşinyanın yardım istəməsini “görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Qarabağdan erməni əhalinin köçməsi nəticəsində yaranmış vəziyyət müzakirə olunub” sözləri ilə pərdələməyə çalışmışdı. Ancaq hər kəs Paşinyanın bu şəxslərlə görüşlərdən umacağının nə olduğunu yaxşı bilirdi.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Paşinyanla görüşdə qeyd etmişdi ki, Avropa İttifaqı Qarabağ ermənilərinin humanitar problemlərinin həllinə kömək etmək üçün Ermənistana lazımi dəstəyi verməyə hazırdır. O bildirmişdi ki, Mülki müdafiə və humanitar yardım üzrə Avropa Komissarı gələcək ehtiyacları qiymətləndirmək üçün Ermənistana səfər edəcək.

Bundan əlavə, oktyabrın 6-da İrəvanda Avropa İttifaqının Böhranların idarə edilməsi üzrə komissarı Yaneş Lenarçiçi qəbul edən Paşinyan bildirmişdi ki, “100 mindən çox Qarabağ ermənisinin məcburi köçkünə çevrilməsi nəticəsində yaranmış böhranın aradan qaldırılması üçün” beynəlxalq ictimaiyyətin maliyyə dəstəyinə ehtiyac var. Y.Lenarçiç yaranmış problemlərin yüngülləşdirilməsi və aradan qaldırılması üçün Aİ-nin Ermənistan hökumətinə və Qarabağ ermənilərinə yardım göstərmək öhdəliyini bir daha vurğulamışdı.

Beləliklə, N.Paşinyanın Strasburqa – Avropa Parlamentinin iqamətgahına dünənki səfərinin “qoca qitə”dən daha çox dilənməklə yadda qaldığını desək, heç də səhv etmərik.

***

Ancaq səfəri “yaddaqalan” edən başqa məqamlar da var. Bunlardan biri də Nikolun “Avropanın parlament paytaxtı”nda Rusiyadan uzaqlaşmaq kursu götürdüyünü növbəti dəfə nümayiş etdirməsi olub. Yada salmaq yerinə düşər ki, bu, Paşinyanın ay ərzində Avropaya ikinci işgüzar səfəridir. Qranadadan sonra Rusiyanın dominant mövqeyə malik olduğu MDB-nin Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən görüşünə qatılmayan Paşinyanın Strasburqa yollanması xüsusi məna kəsb edir.

Paşinyan birgə mətbuat konfransında deyib ki, bugünkü tədbir Aİ–Ermənistan münasibətləri üçün vacibdir və onun yüksək dinamikasından xəbər verir. “Münasibətlərimizin ümumi dəyərlər sisteminə əsaslandığını və demokratiyanın bizim üçün şəraitin diktə etdiyi seçim deyil, strateji seçim olduğunu vurğulamaq vacibdir. Biz Aİ ilə münasibətlərimizi dərinləşdirmək istəyirik. Ermənistan Respublikası Aİ-nin mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxınlaşmağa hazırdır. Bunun heç bir şəkildə regional münasibətlərimizin dərinləşməsi və inkişafı ilə ziddiyyət təşkil etməsini istəmirik”, – deyən baş nazir əlavə edib ki, onun hökuməti Ermənistan–Aİ hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin tam icrasına sadiqdir. Həmçinin bildirib ki, Aİ institutları arasında Ermənistanla münasibətləri dərinləşdirmək üçün konsensus var”.

Onun sözlərinə görə, Ermənistanın Aİ ilə əlaqələrinə yeni element – təhlükəsizlik əlavə olunub. Söhbət Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində müşahidə aparan mülki missiyasından gedir.

Paşinyan Rusiyada böyük narazlıqla qarşılanmış Roma statutunun təsdiq olunmasından da danışıb. Deyib ki, parlametin oktyabrın 3-də Roma statutunu ratifikasiya etməsi Ermənistanın beynəlxalq hüquq sisteminin təşviqində, beynəlxalq hüquqi nizamın stimullaşdırılması və inkişaf etdirilməsində maraqlı olmasının göstəricisidir.

Bundan sonra Paşinyan Avropa Parlamentində geniş çıxış edib. Burada Rusiyanın adını çəkməsə də, Kremli nəzərdə tutaraq deyib: “Yüz min erməninin Qarabağdan Ermənistana qaçdığı bir vaxtda təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, hətta açıq şəkildə Ermənistanda hakimiyyətin dəyişdirilməsinə, demokratik hakimiyyətin devrilməsinə çağırdılar. Lakin Ermənistan xalqı öz müstəqilliyi, suverenliyi, demokratiyası naminə birləşdi və dövlətimizə qarşı növbəti sui-qəsd iflasa uğradı”.

Bundan sonra Paşinyan yenə yardım istəməyə başlayıb: “Biz Qarabağdan olan məcburi köçkünlərə (?) dəstək üçün 100 milyon dollara yaxın vəsait ayırmalıyıq. Bizim beynəlxalq yardıma, o cümlədən büdcə dəstəyinə ehtiyacımız var”.

Sözsüz ki, onun çıxışının bir hissəsi də Azərbaycanla münasibətlərlə bağlı olub. Paşinyan Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirib: “Bu dəmir yolu Ermənistanı Azərbaycanla, Ermənistanın cənub rayonlarını şimal-qərb rayonları ilə, Azərbaycanın cənub-şərq rayonlarını Naxçıvanla, Ermənistanı Türkiyə ilə, Azərbaycanı Türkiyə ilə, Gürcüstan, Azərbaycan və Ermənistanı İranla, Xəzər dənizindən Aralıq dənizinə qədər Şərqlə Qərbi birləşdirəcək”. Baş nazir onu da əlavə edib ki, Ermənistan öz ərazisindən Azərbaycan mallarının daşınması və azərbaycanlıların hərəkətinin təhlükəsizliyini təmin etməyə hazırdır”.

Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlara toxunan N.Paşinyan deyib: “Avropa Parlamentinin sədri Roberta Metsolanın da bildirdiyi kimi, bu ay Azərbaycan tərəfi ilə Brüsseldə görüşmək barədə razılığa gəlmişik. Artıq qeyd etdiyim prinsiplər bu görüşdə təsdiqlənərsə, o zaman Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ilin sonunadək imzalanması yüksək dərəcədə realdır”.

Paşinyan, qətiyyətlə sülhə doğru irəliləməyin vacibliyinə toxunub: “Bunun üçün siyasi iradə vacibdir və iqtidarda olan partiya olaraq bizim siyasi iradəmiz var. Eyni zamanda, beynəlxalq ictimaiyyət , o cümlədən Avropa İttifaqı bizə dəstək verməlidir ki, biz bu imkandan istifadə edək, bunu Azərbaycan və Ermənistan üçün reallaşdıraq”. Baş nazir, həmçinin qarşılıqlı şəkildə müharibədə saxlanılanların mübadiləsinə, minalarla, eyni zamanda, itkin düşən şəxslərin taleyinin araşdırılması ilə bağlı sıx əməkdaşlığa hazır olduqlarını vurğulayıb və əlavə edib ki, indiyə olan məlumata görə, 1016 Ermənistan vətəndaşı itkindir.

O, BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı üç iclasın keçirildiyini xatırladıb. Bu müzakirələrin heç bir praktiki nəticə vermədiyini etiraf edib.

Beləliklə, N.Paşinyanın Strasburqa səfəri Avropanın mühüm institutundan yardım istəməsi ilə yadda qaldı. Bu səfər, həmçinin onun Rusiyadan uzaqlaşmasının daha bir göstəricisi oldu. Paşinyanın kommunikasiyaların açılması və sülh müqaviləsi üzrə dediklərində isə ciddi yenilik olmadı. Rəsmi İrəvanın sülhə gerçəkdən hazır olub-olmadığını isə qarşıdakı Brüssel görüşü və o vaxtadək baş verən proseslər göstərəcək.

Səxavət HƏMİD

 

Ekspert rəyi

İlyas HÜSEYNOV, siyasi şərhçi

– Belə görünür ki, Paşinyan Qərb müstəvisində görüşlərin keçirilməsinə müsbət yanaşır. Maksimum çalışır ki, Rusiyanın dominantlığı altında heç bir görüş baş tutmasın və ya belə görüşlər olacaqsa, orada iştirak məhdudlaşdırılsın. Bilavasitə Kremlin vasitəçiliyi ilə görüşlərin keçirilməsi Ermənistan üçün məqbul hesab olunmur. Məhz bu səbəbdən Paşinyan Qranadaya uçur, lakin Bişkekdə MDB-nin tədbirinə qatılmır.

Eyni zamanda o, Avropa Parlamentində də çıxış edir. Burada çox incə bir detal diqqətimi çəkdi. Nikol Paşinyan bildirdi ki, İrəvan Avropa İttifaqının mümkün hesab etdiyi qədər həmin təşkilata yaxınlaşmağa hazırdır. Bu, Paşinyanın Rusiya və Avropa qarşısında rəzil durumunu özündə əks etdirir. Yəni, Avropa Ermənistanı çox yaxına buraxmayacaq. Rusiyaya mesaj verir ki, mən gedə bildiyim qədər Avropa ilə yaxınlaşacağam. Paşinyanın bu çıxışı Makronu da, Mişeli də, Şoltsu da çox pis vəziyyətdə qoyur. Çünki Nikol etiraf edir ki, Avropa ilə çox da yaxınlaşa bilməyəcək.

Paşinyan Strasburqda sülh istiqamətində də mesajlar verdi. Biz onun sülhdən danışmasından sonra, adətən, təxribatların baş verməsinə də alışmışıq.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səxavət HƏMİD