USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Roma papası hayların papası imiş

II Fransiskin avantürizmə haqq qazandırması nə saçına yaraşır, nə də xaçına


https://img.baki-baku.az/news/2023/10/photo_9042.jpg

Əslində, Roma papası II Fransiskin ermənipərəstliyi ilk baxışdan təəccüblü deyil. Onun əvvəllər də indikinə oxşar qəbuledilməz fikirlər söylədiyinin şahidi olmuşuq. Təəssüf etmişik ki, belə ali səviyyəli din xadimi necə bu qədər avantürist mövqe tuta bilər? Ola bilər, tutduğu mövqenin fərqində deyil. Nə deyək? Ancaq deyilməli, diqqətə çatdırılmalı bir sıra məqamlar var.

Həqiqətən, Roma papasının erməni avantürizmini, belə demək mümkünsə, leqallaşdırmağa çalışması qəribədir. Hər halda, o, Müqəddəs Pyotr meydanına toplaşmış zəvvarlara müraciətində İsraildə və Qəzza sektorunda baş verən hadisələrə münasibət bildirərməklə yanaşı, Qarabağdakı vəziyyətdən narahatlığını başqa cür dilə gətirə, məsələyə sırf humanizm nöqteyi-nəzərdən yanaşa bilərdi. Amma yanaşmadı və dedi: “Məni Qarabağda baş verənlər də az narahat etmir. Zorakı köçürülmədən sonra, bunun özünü də qəbul etmək çox çətindir, bölgədə qalan məbəd və dini yerlərin qorunmasına çağırıram”.

Əlbəttə, ümumən papanın Qarabağda baş verənlərdən narahat olması mümkündür. Yəni, buna görə heç bir iradımız yoxdur. Ancaq onun bölgənin erməni əhalisinə qarşı zor tətbiq edildiyini vurğulaması yolverilməzdir. Nəzərə alaq ki, hazırda Ermənistan hakimiyyəti, o cümlədən xaricdəki erməni lobbi və diaspor təşkilatları özlərinin anti-Azərbaycan ritorikalarına “etnik təmizləmə” və sair bu sayaq deyimləri daxil ediblər. Yəni, II Fransiskin çıxışına qədər də bu deyimlər “dəbdə” idi. Görünür, həlledici nöqtəni papa özü qoymaq qərarına gəlib. Əlbəttə, qərarı çox yanlışdır.

Ona görə ki, II Fransisk Azərbaycan dövlətinin ona xoş münasibətini bilməmiş deyil. O, Qarabağdakı erməni dini abidələrinin qorunmasından danışırsa, məsələ burasındadır ki, hazırda Ermənistan dövlətinin dünyada qopardığı haray-həşirdə də başlıca motiv elə budur.  Guya, Azərbaycan bölgədəki erməni mirasını yerlə-yeksan edəcək və sair və ilaxır. Deməli, nəticəyə gəlirik ki, papa belə yaramaz fikirlərin dünyada daha çox reaksiya doğurmasına dəstək verirmiş kimi davranır. Halbuki o, ən azından 2016-cı ildə Bakıya səfərini xatırlamalı idi. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası münasibətlərin möhkəmləndirilməsi, multikulturalizm, tolerantlıq ənənələrinin təşviqi baxımından dünya üçün bir nümunə olduğunu da həmçinin.

Yaxşı olardı ki, II Fransisk Bakıda erməni kilsəsinin qorunduğunu da yada salardı. Ən başlıcası isə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmirini və bərpasını düşünməsi şərtdir. Axı, Azərbaycandan başqa hansısa digər müsəlman ölkəsinin Vatikanın muzeylərinin təmirinə maliyyə yardımı ayırması nümunəsi yoxdur. Yəni, həm də buna görə papanın Azərbaycanın tarixi abidələrə hörmətsizliyin deyil, ehtiramın nümunəsi olduğunu yada salaraq, faktiki olaraq, erməni avantürizminin musiqisinə “züy tutması”  ona hörmət gətirmir.

***

Qeyd edək ki, II Fransisk 2016-cı ildə Ermənistanda səfərdə olarkən, 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənləri soyqırımı kimi qiymətləndirməklə də gündəmə gəlmişdi. Həmin vaxt onun bu mövqeyi Türkiyə Cümhuriyyəti tərəfindən sərt şəkildə qınanmışdı. Ölkəmizlə bağlı müstəviyə gəlincə də papanın indiyədək ermənilərin tərəfdarı qismində çıxış etməsini təsdiqləyən məqamlar yetərincədir. Götürək elə 44 günlük müharibə dönəmini. Bəli, anlayırıq ki, din xadimi müharibənin dayandırılmasına dair çağırış səsləndirməlidir. 2020-ci ildə də belə etmişdi. Ancaq, nədənsə, həmin çağırışdan belə çıxmışdı ki, müharibə tərəfdarı olan Azərbaycandır, Ermənistan yox.

***

Daha bir məqama diqqət yetirək. 2022-ci ilin dekabrında da Papa II Fransisk özünün erməni təəssübünü işə salmışdı. Təxminən belə: Laçın yolunu açın, ermənilər yazıqdı, qış mövsümüdür filan. “Mən Cənubi Qafqazda Laçın dəhlizində yaranmış vəziyyətdən narahatam, xüsusilə qış mövsümündə əhalinin ağır humanitar vəziyyətindən narahatam”, – deyən baş kahin Cənubi Qafqaza yalnız, xütbəsini səsləndirdiyi balkon kimi dar müstəvidən baxmaqla kifayətlənmişdi. Halbuki, daha geniş yanaşmalı və məsələnin əsl mahiyyətini nəzərə almalı idi.

Bəli, o zaman açıq görünmüşdü ki, II Fransisk Ermənistanın dünyaya car çəkdiyi dildə danışır. Bu isə təkcə xristian təəssübkeşliyi deyil, həm də ədalətsizlikdir. Təsəvvür edin, papa 2022-ci ilin dekabrında humanitar fəlakətdən danışır, amma ekoloji fəlakət barədə susurdu. Fərqinə varmırdı ki, Qarabağ erməniləri də ekoloji fəlakətdən zərər görürlər. Olmazdımı ki, baş kahin bununla bağlı çağırış edib deyəydi ki, insanların sağlam mühitdə yaşamaları şərtdir, ekoloji terror aradan qaldırılmalıdır? Görünür, olmazmış...

Onu da bildirək ki, Roma papasının indiki erməni təəssübü onun ötənilkinə bir qədər fərqli rakusdan baxmağı zəruriləşdirməkdədir.  Məlumdur ki, ötən il II Fransisk erməni katolikosu II Qareginlə həmrəylik nümayiş etdirmişdi. Birincinin ikinci ilə eyni vaxtda Qarabağ ermənilərini düşünməsinə və onların taleləri ilə bağlı narahatlıq ifadə etmələrinə başqa cür yanaşmaq mümkün deyildi.

Bəli, din çox həssas amildir. Üstəlik, Azərbaycanla Ermənistan arasındakı mübahisəli durumda bu həssaslığın nəzərə alınmaması təəssüf doğurur. Papanın istər Laçın yolu ilə bağlı ötənilki mövqeyi, istərsə də hazırda Qarabağ ermənilərinin bölgəni könüllü şəkildə tərk etmələrinə düzgün qiymət verməməsi elə təəssürat yarada bilər ki, sanki, müsəlman Azərbaycanı xristian erməniləri sıxışdırmaq yolunu tutur. Halbuki, məsələnin qoyuluşu heç də belə deyil.

 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV