USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bu, həmin Aqanbekyandır ki…

Fransa isə 36 ildən sonra da separatçılara “züy tutur”


https://img.baki-baku.az/news/2023/10/photo_9041.jpg

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında çox mühüm məsələlərə toxundu. Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixindən bəhs edərək bildirdi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərə qarşı heç bir ayrı-seçkilik olmayıb: “Bu sözlərimi təsdiq etmək üçün bir misal gətirə bilərəm, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Yaxşı, əgər ayrı-seçkilik var idisə, onda bax, gətirdiyim misal nəyi göstərir? Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ayrı-seçkilik yox idi”.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda erməni dilində qəzet çap olunurdu: “Yəni, o illərdə olub və bilirsiniz biz o illəri də kənara qoya bilmərik. Əksinə, o illəri xatırlayanlar o xatirələri gənc nəsillə bölüşsünlər. Çünki o olub, ancaq sonra nə olub? 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvlüyündən çıxarıldı. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı? Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.

Dövlətimizin başçısının nəzərdə tutduğu – DQMV-nin Azərbaycandan ayrılaraq Ermənistana verilməsi məsələsini qaldıran, münaqişəni qızışdıran şəxs Abel Aqanbekyandır. Bu həmin Aqanbekyandır ki, 1985-1991-ci illərdə – “yenidənqurma” dövründə Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri işləyib. SSRİ Elmlər Akademiyasının akademiki olub.

Prezident İlham Əliyevin qeyd etdiyi Fransa qəzeti isə həmin ölkədə çap olunan “Humanite” qəzetidir. 1987-ci ilin noyabrın 18-də “Humanite” qəzetində A.Aqanbekyanın müsahibəsi dərc olunub. Başabəla müşavir–akademik həmin müsahibədə deyib: “Mən Qarabağın Ermənistanın tərkibində olmağını istəyirəm. Bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən Ermənistana daha çox bağlıdır, nəinki Azərbaycana”.

Onu da qeyd edək ki, gündəlik nəşr olunan “Humanite” qəzeti Fransa Kommunist Partiyasının orqanı olub və erməni diasporuna xüsusi simpatiyası ilə seçilib.

***

Prezident İlham Əliyev separatçıların qurduğu oyuncaq rejimin “rəhbər şəxslərinin” iş yerləri olmuş, hazırda üzərində Azərbaycanın Dövlət Gerbi, qarşısında isə Dövlət Bayrağının ucaldığı binanı göstərərək bildirdi ki, bu bina keçən əsrin 60-cı illərində Azərbaycan büdcəsi hesabına inşa edilmişdir: “O vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin binası idi. Bu binada bir çox şəxslər oturub. Vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışlar. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi. Mən xatırlayıram, atamla birlikdə burada olmuşam. O ab-havanı mən xatırlayıram. Burada, sözün əsl mənasında, səmimi bir ab-hava şəraitində təmaslar var idi, birgə işlər görülürdü. Bu gün Sərsəng su anbarının üzərində Azərbaycan Bayrağını qaldırdıq. Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edilmişdir. O vaxt nə qədər böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, burada ali məktəb yaradıldı və Xankəndidə gördüyünüz binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 100 min tondan çox üzüm tədarük edirdi. Bütün bunlar o vaxt kolxozlarda, sovxozlarda işləyənlər üçün gəlir mənbəyi idi, insanlar burada yaxşı yaşayırdılar”.

Bəli, o dövrün statistik rəqəmlərinə baxdıqda, DQMV-də iqtisadi göstəricilərin həqiqətən də yüksək olduğunu görmək mümkündür. Təəssüf ki, vilayətdə situasiya kəskinləşəndən sonra münaqişənin səbəbinin Qarabağın sosial-iqtisadi sferada geri qalması və hətta, keçmiş DQMV-nin problemlərinə, onun əhalisinə, guya, respublika rəhbərliyi tərəfindən qeyri-düzgün münasibət bəslənməsi barədə fikirlər peyda oldu. Halbuki, sosial-iqtisadi inkişaf baxımından DQMV Azərbaycan və Ermənistanın orta respublika göstəricilərini keçmişdi. Vilayətin iqtisadiyyatı tam olaraq məhz ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Vilayətin mərkəzinədək dəmir yolu çəkilib, Xankəndidə vağzal inşa olunub, yeni hava limanı tikilib. Böyük müəssisələr yaradılıb: ayaqqabı fabriki, elektrotexnik zavodu, elektron sənaye üçün kondensatorlar zavodu, kənd təsərrüfatı üçün maşınlar istehsalı və digərləri. Kənd təsərrüfatı sahəsində də əhəmiyyətli tədbirlər görülüb.

İki böyük su anbarı (Sərsəng və Suqovuşan) və su elektrik stansiyası, suvarma kanalları inşa edilib. Bu da Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının su təchizatını xeyli yaxşılaşdırıb.

Üzüm istehsalı 1970-ci illərin əvvəllərindəki 50-60 min tondan 1980-ci ildə 120-130 min tona yüksəlib. Heyvandarlıq istehsalı, demək olar ki, iki dəfə artıb. 170 min nəfər əhalisi olan kiçik vilayət üçün bu, az deyildi. Sosial-mədəni sahədə də çox işlər görülüb. Xankəndidə Pedaqoji İnstitut yaradılıb. Yaşayış evləri, məktəblər, poliklinikalar tikilib. Dram Teatrı yenidən qurulub və yeni avadanlıqlarla təchiz edilib. Böyük bir Siyasi Maarif evi tikilib, yeni abidələr açılıb... Əlbəttə, görülən işlər bununla yekunlaşmır. Siyahını daha da uzatmaq olar. Ancaq erməni xalqının A.Aqanbekyan, Zori Balayan, Silva Kaputikyan kimi “ziyalı”ları bunları görmək istəmədilər. Onlar iki xalq arasında nifaq toxumu səpdilər. Erməni xalqı da onların xəstə təxəyyülünün məhsulu olan “böyük Ermənistan” mifinin əsirinə çevrildi. Nəticədə, separatçılar Azərbaycanda mərkəzi hakimiyyətin zəifliyindən, səriştəsizliyindən və acizliyindən istifadə edərək keçmiş DQMV-ni və ona bitişik 7 rayonumuzu işğal etdilər.

Ancaq Azərbaycan xalqı işğalla barışmadı. Gücləndi və 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq torpaqlarını azad etdi. 2020-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində isə separatçıların nəzarət etdikləri digər ərazilər də təmizləndi. Nəhayət, oktyabrın 15-də həmin ərazilərdə, o cümlədən Xankəndi şəhərində Azərbaycan Bayrağı ucaldıldı.

İndi Ermənistandakı revanşistlər yenə vurnuxurlar. Xarici havadarlarının, əsasən Fransanın yardımı ilə nəsə etməyə çalışırlar. Bu yaxınlarda Ermənistanın “Demokratik konsolidasiya” partiyasının sədri Suren Petrosyan “Artsaxın qorunması komitəsi” yaradıb. Deyib ki, məqsəd “Artsaxın və qurumları”nın qorunmasıdır. Onların bu hərəkəti yalnız acı gülüş doğurur.

Oktyabrın 16-da isə Ermənistan baş naziri Nikol Paşinyan Fransanın Strasburq şəhərinə işgüzar səfərə gedib. Oktyabrın 17-də onun Avropa Parlamentində çıxışı olacaq. Bu, həmin Avropa Parlamentidir ki, oktyabrın 5-də ölkəmizlə bağlı bədnam qətnamə qəbul edib. Eyni zamanda, bu, həmin Abel Aqanbekyan, bu, həmin Fransa, bu, həmin fransız mediasıdır. Uğursuzluğa düçar olmalarına baxmayaraq, yenə də öz əməllərindən qalmırlar. Ancaq Ermənistanda və ondan uzaqda revanş haqqında düşünən qüvvələr Prezident İlham Əliyevin təbirincə desək, Vətən müharibəsini, antiterror tədbirlərini unutmamalıdırlar. Onlar, nəhayət, son hadisələrdən dərs götürməlidirlər.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Rizvan HÜSEYNOV, Qafqaz Tarixi Mərkəzinin direktoru

– Erməni layihəsinin arxasında dayanan qüvvələrdən biri də elə Fransa və bəzi katolik mərkəzlərdir. Fransa həmişə erməni dini icmalarının vasitəsilə istər Osmanlı, istər Səfəvilər, sonra Qacarlar dövləti ərazisində, yaxud Qafqazda öz maraqlarını təmin etməyə çalışırdı. Fitnə-fəsadı da həmin erməni icmalarının əli ilə törədirdi. “Böyük Ermənistan” nağılının arxasında da bəzi Fransa ideoloji mərkəzləri dayanır. Həmin ideogiyanın formalaşması XVIII-XIX əsrlərə təsadüf edir. Burada Fransanın müstəsna rolu var. Fransızlar orta əsrlərdə “səlib yürüşləri” zamanı öz maraqları üçün Yaxın Şərqdəki erməni icmalarından istifadə ediblər. Erməni icmaları onlara “səlib yürüşləri” zamanı böyük dəstək veriblər. Ona görə də fransızlarla ermənilər arasında ənənəvi çoxəsrlik isti münasibətlər var.

Fransa SSRİ-nin dağılması ərəfəsində “erməni kartı”ndan istifadə etdi. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqanbekyanın Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə verilməsinin iqtisadi cəhətdən düzgün olmasına dair fikirləri isə acı gülüş doğurur. İiqtisadçı olan Aqanbekyan ağ yalan danışırdı. O, illər sonra jurnalistə səhv fikirdə olduğunu bildirmişdi. Qarabağ ermənilərinin düşdükləri rəzil vəziyyətdə Aqanbekyan kimiləri birbaşa məsuliyyət daşıyırlar. Həmin bu şəxslər Fransanın və digərlərinin dəstəyi ilə hər şeyi etdilər ki, Qarabağ erməniləri və ümumən erməniləri indiki rəzaləti yaşasınlar.

Qarabağa ən böyük və qanlı terror dəstəsini gətirən də Fransada həbsdən azad edilən Monte Melkonyandır. Bu beynəlxalq terrorçu 1980-ci illərdə Orli aeroportunda terror aktları törədərək elə fransızları qətlə yetirmişdi. Həmin terror aktında məqsəd türk diplomatlarını öldürmək idi, ancaq nəticədə fransızlar da həlak oldular. O, cəza çəkməsinə baxmayaraq, Qarabağda münaqişəsinin qanlı fazası başlayan kimi Fransa rəhbərliyi onu həbsdən buraxdı. O, Yaxın Şərqdən olan bir qrup qanlı terrorçu dəstə ilə sovet vaxtı Ermənistana, oradan da Qarabağa gəldi. Ona görə də Fransa Azərbaycan xalqının başına gələn bu fəlakətlərdə müstəsna rol oynayıb. Bu gün də Paris bu murdar siyasətindən əl çəkmir. Şübhə yoxdur ki, onların Qarabağda, Ermənistanda olan əlaltıları cəzalarını aldıqları kimi, özləri də cəzalarına çatacaqlar.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səxavət HƏMİD