USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xankəndi manifesti – 20 ilin qürur və fəxarət salnaməsi

Tarix yaratmanın və yaşatmanın möhtəşəm örnəyi


https://img.baki-baku.az/news/2023/10/photo_9039.jpg

“Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı – canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldarkən etdiyi çıxışında səsləndirib. Dövlətimizin başçısının çıxışında söylədiyi hər fikir böyük və şanlı tariximizin təntənə anının yaşantısı olmaqla yanaşı, eyni zamanda, özlüyündə bir tarix dərsidir. Hesab edirik ki, dərsdən düşmənlərimiz kimi, biz özümüz də nəticə çıxarmalıyıq. Əlbəttə, bu dərsin möhtəşəmliyini tam mənada anlamaq, dərk etmək üçün zamana ehtiyacımız var. Heç şübhəsiz, əlahəzrət zaman Prezident İlham Əliyevin Azərbaycan tarixindəki müstəsna yeri və rolunu daha dolğun şəkildə qiymətləndirəcək. Elə 15 oktyabr tarixinin yeri və rolunu da şübhəsiz. Daha doğrusu, zamanın 2003-cü ilin 15 oktyabrından 2023-cü ilin 15 oktyabrına gedən yolun hər anına, hazırda xalqımızın bu mərhələni qiymətləndirdiyi alilik mərtəbəsinə özünün, belə demək mümkünsə, daha şəffaf boyaları ilə rəng qatmasına ehtiyac var.

Bəli, ötən 20 il Azərbaycana özü olmaq şansını qazandırdı. 2023-cü ilin 15 oktyabr tarixində Xankəndi şəhəri bu qazancın ən təsirli səhnəsinə şahidlik etdi.  Xankəndi, Ağdərə, Əsgəran, qan yaddaşımız Xocalı, Xocavənd, ümumən Qarabağ son yüz ildə heç vaxt indiki qədər Azərbaycan olmamışdı. Qarabağın Azərbaycan olmasına imkan verilmədiyini də xatırlamaqla, hadisələrin xoşagəlməz şəkil almasına maneçilik törətmək üçün böyük səylərin göstərildiyini də mütləq qaydada yada salmalıyıq. Elə ona görə də Prezident İlham Əliyev böyük qədirbilənliklə yada salır: “Bu gün Ulu öndərin, bizim bu günümüzü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olublar”.

Bəli, ulu öndər Heydər Əliyev Qarabağın Azərbaycan olması üçün çox çalışmışdı. Özü də respublikamıza rəhbərliyinin hər iki mərhələsində. Əgər ikinci mərhələdə Prezident kimi Qarabağ həqiqətlərini usanmadan, Azərbaycanın haqlı və ədalətli mövqeyini yorulmadan dünya birliyinin diqqətinə çatdırmış, Qarabağ davasının siyasi-diplomatik və ideoloji istiqamətlərini hazırlamışdısa, birinci mərhələdə bölgəmizin erməniləşdirilməsinin qarşısında sipər çəkmişdi. İstəmişdi ki, Qarabağın hər yanında Azərbaycan izi olsun. Əlbəttə, Ümummilli liderin hakimiyyətinin ilk dövründə bölgə ilə bağlı gerçəkləşdirdiyi tədbirlər həm də ona hesablanmışdı ki, orada yaşayan ermənilər Azərbaycanın həssaslığını duysunlar, azərbaycanlılarla birlikdə yaşamağın faydalarını hiss etsinlər və nəticə etibarilə Qarabağda separatçılıq meyilləri üçün meydan yaranmasın. Axı, həmin meyillər o zaman da olmuşdu. Sadəcə, Heydər Əliyev şəxsiyyəti onları yüksək məharətlə neytrallaşdırmağı bacarmışdı. İnsana nə lazımdır? Təminatlı yaşam. Ulu öndər o zaman məhz bunu gerçəkləşdirmişdi. Buna görə də Prezident İlham Əliyev Xankəndidəki çıxışında həmin dövrü təsvir edir. Onun təsviri həm də tarixi dəyərdir. 

Vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışlar. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdilər. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi. Mən xatırlayıram, atamla birlikdə burada olmuşam. O ab-havanı mən xatırlayıram. Burada, sözün əsl mənasında, səmimi bir ab-hava şəraitində təmaslar var idi, birgə işlər görülürdü”, – deyən Azərbaycanın dövlət başçısı Sərsəng və Suqovuşan su anbarlarının Heydər Əliyevin təşəbbüsü ilə kənd təsərrüfatının inkişafı üçün inşa edildiyini, Azərbaycanın böyük investisiyaları hesabına Ağdamdan Xankəndiyə dəmir yolunun çəkildiyini, Xankəndidə ali məktəb yaradıldığını, ümumən bu qədim diyarımızın şəhərləşdirildiyini, çoxsaylı binaların tikildiyini xatırladır.

Prezident İlham Əliyevin vaxtilə də bölgənin erməni əhalisinə qarşı heç bir ayrı-seçkiliyin olmadığını bildirməsi, bunun təsdiqi üçün gətirdiyi misallar kifayət qədər dolğundur. Əslində, ölkəmizin liderinin söylədiklərinə Ermənistan rəhbərliyi, dünya ermənipərəstləri də diqqət yetirməlidir. Nəinki diqqət yetirməli, eyni zamanda, nəticə çıxarmalıdırlar. Azərbaycana qarşı əks mövqe tutmaqla, düşmənçiliklə nəyi, hansı yaşam üstünlüyünü əldən verdiklərinin fərqinə varmalıdırlar: “Bu sözlərimi təsdiq etmək üçün bir misal gətirə bilərəm, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Yaxşı, əgər ayrı-seçkilik var idisə, onda bax, gətirdiyim misal nəyi göstərir? Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ayrı-seçkilik yox idi. Azərbaycanda erməni dilində qəzet dərc edilirdi, yəni, o illərdə olub və bilirsiniz biz o illəri də kənara qoya bilmərik. Əksinə, o illəri xatırlayanlar o xatirələri gənc nəsillə bölüşsünlər. Çünki o olub, ancaq sonra nə olub?” 

Ulu öndərin 1987-ci ildə SSRİ-də tutduğu mühüm dövlət postundan uzaqlaşdırılmasından sonra baş verənlər də hər kəsin yaxşı xatirindədir. Heydər Əliyevin gedişindən heç iki həftə keçməmiş Qarabağda erməni avantürizmi baş qaldırdı. Məlum olduğu kimi, SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan 1980-ci illərin sonunda Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri idi. O, erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başlatdıqları "Miatsum" hərəkatının təşəbbüskarı kimi ad çıxarmışdı.

Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə Fransa erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə demişdi ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana. O, bölgənin Ermənistana verilməli olduğu fikrini Fransanın “Humanite” (L'Humanité) qəzetinə müsahibəsində bəyan etmişdi. Prezident İlham Əliyev də çıxışında mövcud məqama diqqət yetirdi: “Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişdilər, bax, bu meydanda nə qədər anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilmişdir və bütün bunlar millətçiləri daha da ruhlandırırdı. Ermənistandan buraya durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdı. Bax, o illərdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC – Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini, guya, donduraraq kənara çəkildilər”.

Bəli, Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı başımıza gələcək bəlaların qarşısını aldı. Ölkəmiz müstəqilliyini itirməkdən xilas oldu. Eyni zamanda, işğaldan qurtuldu da deyə bilərik. Nəzərə alaq ki, erməni millətçiliyinin planları yalnız həmin vaxtadək işğal edilmiş ərazilərlə məhdudlaşmırdı. Prezident İlham Əliyev də çıxışında bu məqama toxundu. Dövlətimizin başçısı həmin millətçilərin Bakı küçələrində tank sürmək, çay içmək niyyətlərini xatırlatdı.

Bütün bunları həyata keçirmək “istəkləri” aktual idi. Yəni, Ermənistanın əli ilə Azərbaycan dövlətçiliyi üçün böyük qəsd planı hazırlanmışdı. Heydər Əliyev məhz belə məkrin qarşısını alması ilə də tarixə düşəcək şəxsiyyətdir. Ulu öndər Azərbaycanı təkcə bəlalardan sığortalamadı, eyni zamanda, sürətli, dönməz inkişaf yoluna çıxartdı. Elə bir yola ki, o yolda əvvəldə bildirdiyimiz kimi, həm Qarabağ ideoloji məfkurə halına gəldi, həm də bu məfkurə naminə mübarizə əzmi möhkəmləndi.

Nəhayət, 2003-cü il oktyabrın 15-də Heydər Əliyevin Qarabağ ideyalarının gerçəkləşməsinə yeni start verildi . İyirmi illik yol başlandı. İlham Əliyevin Qarabağ yolu: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.

Bəli, Prezident İlham Əliyevin iyirmi illik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunub.  Əlbəttə, buna əminlik və inam hissi heç də elə-belədən yaranmadı. Ölkəmiz ötən iyirmi ildə görünməmiş iqtisadi nailiyyətlərə imza atdı. Dövlətimizin başçısının həyata keçirdiyi bütün tədbirlərin bir hədəfi var idi – Qarabağ. Nəticə etibarilə Prezident İlham Əliyevin təbirincə desək, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır”. 

Xalqın İlham Əliyev şəxsiyyətinə inamının nəticəsi idi ki, cəmi 44 gün ərzində düşmənə diz çökdürdük, onu ağ bayraq qaldırmağa məcbur etdik. Ümumən, 44 günlük müharibə dövrü və ondan sonrakı mərhələ Prezident İlham Əliyevi xalqa tam fərqli obrazda təqdim etdi. Həmin müddətdə dövlətimizin başçısı Ali Baş Komandan, mahir sərkərdə keyfiyyətləri ilə seçilməklə yanaşı, həm də hər bir azərbaycanlının doğması – atası, əmisi, dayısı halına gəldi. Müharibə İlham Əliyevin xalqla ünsiyyət ritorikasına zərb-məsələ çevrilmiş leksikon daxil etdi. Bu leksikon əsl Azərbaycan kişisinin obrazını canlandırırdı. Bu obrazın isə özlüyündə çox böyük məziyyətləri var. Ancaq biz ən başlıca xüsusiyyəti fərqləndirməliyik – SÖZÜBÜTÖVLÜYÜ.

İlham Əliyev liderliyinin ən başlıca xüsusiyyəti onun sözünün ağası olması da.  Dövlətimizin başçısının hər bir fikri reallıqla fiksasiya əhəmiyyətinə malikdir. Yəni, o, nəyi dilə gətirirsə, dediyini mütləq həyata keçirir. Məhz planlılıq, strateji yanaşma İlham Əliyevin mahir siyasətçi obrazını tamamlayır. Bu gün bu obraz, eyni zamanda, güclü, qüdrətli Azərbaycanın obrazıdır. Bu, elə bir obrazdır ki, ölkəmizi dünyaya tanıdır. Ancaq biz onu da gördük ki, işğalçı Ermənistan və havadarları 17 il ərzində qeyd etdiyimizi məqamı dərk etmədilər, xəbərdarlıqlardan nəticə çıxarmadılar: “Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın”.

Bəli, istər 44 günlük müharibə, istərsə də 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına nəinki imkan verməyəcək, əksinə, bu xülyaya düşənlərə qarşı barışmaz olacaq. Bəli, bu gün Xocalı qatilləri, Qarabağdakı separatçı rejimdə təmsil olunanlar Bakıda mühakimə olunurlar. Haqq və ədalət öz yerini tapır. Elə tapır ki, hər kəsə, erməni avantürizminin hər bir nümayəndəsinə görk olur. Bu böyük görk olayının müəllifi İlham Əliyevdir. Onun Prezident kimi fəaliyyətinin 20 illiyinin sayəsində xalqımız ötən müddətdə çəkdiyi məhrumiyyətlərin mükafatını görməkdədir.

Sonda onu da deyək ki, Prezident İlham Əliyevin Xankəndi şəhərindəki çıxışına ən müxtəlif prizmadan yanaşmaq, çoxsaylı örnək nəticələr çıxarmaq mümkündür. Tarixi çıxışın xarakteri belədir. Ən böyük nəticə isə qürurdur. Bəli, əminliklə söyləyə bilərik ki, dövlətimizin başçısının bu qədim şəhərimizdəki çıxışı əsl qürur və fəxarət manifesti idi.

 

Əvəz CAHANGİROĞLU




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV