USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Blinkenin “müharibə ssenarisi”ndə erməni izi

Xarici media ABŞ Dövlət katibinin adından Azərbaycanın Ermənistana hərbi təcavüzü versiyasını üfürür


https://img.baki-baku.az/news/2023/10/photo_9002.jpg

“Azərbaycan yaxın həftələrdə Ermənistana hərbi müdaxilə edə bilər”. “Politiko”nun bu başlıqla dərc elədiyi informasiya ətrafında Qərbin, Rusiyanın, eləcə də Ermənistanın çap və elekron mediasında əməlli-başlı diskussiya aparılır. Haylara yaxınlığı ilə tanınan siyasi analitiklər, beynəlxalq ekspertlər, az qala, Azərbaycanın Ermənistana gözlənilən təcavüzünün qarşısının alınması variantları üzərində baş sındırır, çeşidli mülahizələr irəli sürürlər. 

Məlum informasiyanın mənbəyi kimi, ABŞ Dövlət katibi Antoni Blinkenin konqresmenlərlə söhbətində, guya, irəli sürdüyü hipotezinə və xəbərdarlığına istinadlar edilir. Dünyanın supergücünün baş diplomatı, doğrudanmı, belə bir fərziyəni dilinə gətirib? @bagramyan26-nın Birləşmiş Ştatların Ağ evə yaxın dairələrindən öyrəndiyi səhih məlumata görə, belə bir diskussiya, həqiqətən də, olub, amma Blinken Bakının müharibəyə hazırlaşması “ssenarisi” ilə bağlı proqnoz–xəbərdarlıq etməyib. “Politiko” mötəbərliyi şübhə doğuran xəbərinə bunları da əlavə etməyi “unutmayıb”: “Xüsusilə  Ermənistanın Sünik cənub bölgəsi ilə bağlı narahatlıq yaşanır. Bu bölgəni Azərbaycan Zəngəzur dəhlizi, Prezident İlham Əliyev isə “Qərbi Azərbaycan” adlandırır”.

* * *

Konqresmenlərlə telefon söhbətinin gedişində Antoni Blinken, sadəcə, Qarabağdakı mövcud vəziyyət, erməni sakinlərin bölgədən köçməsi, eləcə də hadisələrin bundan sonrakı inkişafının bir neçə mümkün variantı ətrafında fikirlərini konqresmenlərlə bölüşüb. “Politiko” isə guya, baxılan həmin variantlardan biri kimi, Azərbaycanın Qarabağ problemini həll etdikdən sonra yenidən gərginlik yaradacağı və Ermənistanın cənub bölgəsinə hərbi təcavüz edəcəyi barədə xəbər yayıb. Amma nəşr bir qədər də irəli gedərək, diskussiya iştirakçılarının bu ssenarinin ABŞ üçün qəbuledilməz olduğunu və hadisələrin məhz bu məcrada inkişafının qarşısını almaq üçün konkret addımların atılacağını, hətta bu halda Vaşinqtonun Azərbaycan tərəfini məsuliyyətə cəlb etmək barədə düşünəcəyini söylədiklərini qeyd edib. Dövlət katibi ilə telefon “sual-cavabı”nda kimlərin iştirak etdiyini nəzərdən keçirsək, “Politiko”nun bu dezinformasiyanı yaymaqda hansı dairələrə və məqsədlərə xidmət göstərdiyi aydın olar. Deməli, telefon debatında iştirak edən “demokrat” konqresmenlər Nensi Pelosi, Anna Eşu və Frenk Pallonedir. Onların hər üçü qatı ermənipərəst mövqeləri ilə tanınırlar. Son illər Ermənistana çoxsaylı səfərlər edən və daşnak–revanşistlərin işğalçılıq siyasətinə açıq dəstək verən bu konqresmenlərin “Azərbaycanın Zəngəzura hərbi müdaxilə edəcəyi barədə” Antoni Blinkenə sual ünvanlaması və bununla əlaqədar onu Bakıya təzyiq göstərməyə çağırmaları qətiyyən təəccüblü deyil.

Beləliklə, qısa araşdırmadan sonra məlum olub ki, ABŞ Dövlət Departamentinin rəhbəri A.Blinken Azərbaycanın yaxın həftələrdə Ermənistana hərbi müdaxiləsi barədə heç bir xəbərdarlıq–filan etməyib, nəzərdən keçirilən humanitar xarakterli ssenarilərdən danışıb.   

* * *

Əlbəttə, “Politiko” nəşrinin bilərəkdən və ya təsadüfən yaydığı yanlış informasiya ətrafında qurulan “qızğın siyasi diskussiyalar, müzakirələr” heç də təsadüfi deyildir. Burada söhbət Azərbaycana qarşı media məkanında təşkil edilmiş qara piar kampaniyasının getdiyi şübhəsizdir. Təşkilatçıların məqsədlərindən biri də ABŞ Dövlət Departamenti tərəfindən hər il Azərbaycana hərbi yardımın ayrılmasını nəzərdə tutan razılaşmanın müddətinin uzadılmasına maneçilk törətmək ola bilər. 2002-ci ildən etibarən həmin müqavilə qüvvədə saxlanılır, amma onun müddəti bu ilin iyun aylnda başa çatıb.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq Fərid Şəfiyev bu olayın ermənilərin növbəti təxribatı olduğunu istisna etmədi: “Bu, ermənilərin Azərbaycana qarşı apardıqları kampaniyanın tərkib hissəsir. Onlar Qərbə sübut etməyə çalışırlar ki, Azərbaycan Ermənistana hücum barədə düşünür. Bu səbəbdən, guya, dünya onları dəstəkləməlidir, yardım göstərməlidir və sairə. O ki qaldı, 907-ci düzəlişin qüvvədə saxlanılması ilə bağlı məsələyə, artıq iyirmi ildən çoxdur öz qüvvəsində qalırdı. Düzdür, 1992-ci ildə Senatın qəbul etdiyi “Azadlığa dəstək Aktı”na həmin düzəliş hələ də ləğv edilməyib. Bəzi məlumatlara görə, ABŞ Dövlət Departamenti bu il bunu etməyəcək. Buna səbəb kimi də Azərbaycanın guya “Dağlıq Qarabağ”a qarşı həyata keçirdiyi hərbi əməliyyatı” göstərirlər”.   

Baş verən olayların fonunda ABŞ-dakı erməni lobbiçilərin həm də özlərinin mövcudluğunu göstərməyə çalışdıqlarını bildirən F.Şəfiyev onların Qarabağ məsələsi bitəndən sonra özlərinə məşğuliyyət axtardıqlarını dilə gətirir: “Ermənipərəst bir konqresmeni tutublar, ardınca Frenk Pallone gəlir. Həmin məqalədə onun da adı çəkilir. Əgər nəticə etibarı ilə Vaşinqton göstərilən yolu seçərsə, bu, o deməkdir ki, Cənubi Qafqazda Birləşmiş Ştatların rolu daha da zəifləyəcək. Çünki Azərbaycan nə sülh danışıqları platformasında, nə də, ümumiyyətlə, ABŞ-la hər hansı əməkdaşlığa meyil göstərməyəcək. Hərbi əməkdaşlığa gəldikdə isə, əslində, bu müstəvidə tərəfdaşlığa Vaşinqton Bakıdan daha çox maraq göstərməlidir. Azərbaycan özünün hərbi-sənaye potensialını hansı yolla gücləndirməyi bilir. Silah-sursat da, texnika da alırıq, hərbi qüdrətimizi də artırırıq. İndiki şəraitdə Ağ ev bu məsələdə kimin udacağı, kimin isə uduzacağı sualını özünə ünvanlasın. “Politiko”nun məqaləsi birbaşa təxribat xarakteri daşıyır. Orada dezinformasiyanın olması şübhə doğurmur”.   

* * *                      

Verilən son məlumata əsasən, ABŞ Dövlət Departamenti “Politiko”nun A.Blinkenin çıxışına istinadla Azərbaycanın yaxın vaxtlarda Ermənistana hücum etmək ehtimalı barədə yaydığı informasiyanı şərh edib. Departamentin şərhində deyilir: “Birləşmiş Ştatlar bölgədə dayanıqlı və sabit, hamının hüquqlarına hörmət edildiyi sülhün əldə olunması üçün Azərbaycan və Ermənistan liderləri ilə ən yüksək səviyyədə işləməkdə davam edir. Güc tətbiqi yolverilməzdir və uzun sürən münaqişənin nizamlanması üçün birbaşa dialoq zəruridir”. Departament Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəyini ifadə etməklə yanaşı, bu yöndə verilən sualı cavablandırıb, amma hər hansı açıqlamadan imtina edib. Sadəcə onu bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqlar gedir və proses ümidvericidir.

“Politiko” isə Dövlət Departamentindəki “anonim” mənbəyə istinadla verdiyi məlumatında “Azərbaycanın özünün silahlı qüvvələri tərəfindən beynəlxalq hüquqa riayət edilməsinə, hərbi əməliyyatların aparılmasını, mülki əhalinin müdafiəsini tənzimləyən humanitar hüquqa təminat verməsi, əks–təqdirdə buna görə də məsuliyyət daşıdığını” qeyd edir.                                                                            Əgər dövriyyəyə buraxılan məlumatın hətta bir qismi özünün rəsmi təsdiqini taparsa, bu, Vaşinqtonun İrəvan və Bakı arasında sülh danışıqlarında vasitəçilik missiyasına kölgə salması anlamına gələ bilər. Məhz ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin moderatorluğu ilə bu il Virciniyada baş tutan iki görüş sülh sazişinə aparan yolda Vaşinqtonun xoşməramlı jesti kimi qəbul olunur. İndiki mərhələdə Vaşinqtonun erməni lobbiçilərinin, diasporun təzyiqi ilə özünün bu missiyasından vaz keçməsi inandırıcı görünmür.

* * *

Yeri gəlmişkən, həmin Frenk Pallone oktyabrın 11-də özünün “X” sosial səhifə hesabında “İlham Əliyev Cənubi Ermənistanı ələ keçirmək məqsədi ilə irəliləyir” iddiasını paylaşmışdı. Onun bu açıqlaması feyk-müzakirənin təşəbbüskarının kimliyini ortaya qoyur. Bu faktın özü “hərbi təcavüz” versiyasının kimin ortaya atdığı və onu mediaya kimlərin “sızdırdığı” barədə aydın təsəvvürün  yaranmasına kömək edir. Bu qarayaxma kampaniyasına görə adlarını çəkdiyimiz konqresmenlərin erməni lobbisindən hansı miqdarda rüşvət alındığını isə yalnız ehtimal edə bilərik.

Bu məqamda onu da qeyd etməyi zəruri sayırıq ki, “telefon müzakirəsinin” mediaya “sızması” (sızdırılması) da çox maraqlıdır. Çox güman ki, “anonim mənbə” erməni lobbisinin sifarişinə uyğun olaraq, bu müzakirəni Dövlət Departamenti ilə aparan həmin ermənipərəst konqresmenlərdir. ABŞ Prezidentinə Azərbaycana hərbi yardımın dayandırılması barədə məktub ünvanlayan haypərəst konqresmenlər fəaliyyətlərini bir az da genişləndirərək, indi dünya ictimaiyyətində ölkəmiz barədə “işğalçı dövlət” təəssüratını formalaşdırmağa cəhdlər edirlər.

Azərbaycanın okeanın o tayındakı bədxahlarının niyyət və məramları bizə çoxdan bəllidir. Onlar bütün “qüvvələri” səfərbər edib, ölkəmizə qarşı total dezinformasiya, qarayaxma ilə müşayiət olunan siyasi şantaj yolunu seçiblər. Bəli, hər şeydən göründüyü kimi, Qərbdə Azərbaycana qarşı genişmiqyaslı və təhlükəli kampaniyaya start verilib və buraya korrupsiyaya uğramış qaraguruh media da cəlb olunub.

Son vaxtlar BMT, Aİ, BƏM, AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən qətnamə, qərar və bəyanatları da nəzərə alsaq, “hücumun” hərəkətverici qüvvələrinin xarakteri və mənzərəsi tam aydın olar.     

İ.HƏSƏNQALA




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI