USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İyirmi ilin iki yüz illik hikməti

İlham Əliyev dövrünün qürur və fəxarət salnaməsi ilə bağlı düşüncələr


https://img.baki-baku.az/news/2023/10/photo_9000.jpg

Klassik fransız ictimai fikrinin nümayəndələrindən və tanınmış dövlət xadimlərindən olan Maksimilian Robespyer deyirdi ki, liderin iki vacib xüsusiyyəti var: birincisi, o, özü irəliyə gedir, ikincisi, getdiyi yerə xalqını da aparır. Böyük Britaniyanın qırxıncı baş naziri Benjamin Dizrayeli isə belə fikirdə idi ki, insanlıq ətrafa nəzər salınmasını zəruriləşdirən dövrə çatıb və bu dövrdə liderlər xalqın arxasınca gedirlər.

Əlbəttə, həm Robespyerin, həm də Dizrayelinin yaşadığı mühitin özəlliklərinə diqqət yetirsək, deyə bilərik ki, liderin irəliyə gedərkən, xalqını da öz arxasınca aparması ilə, xalqa qoşulub hərəkət etməsi mahiyyətcə ikincinin böyüklüyünün, eyni zamanda böyüklüyün formalaşdırdığı cəmiyyətin maraq və mənafelərinin nəzərə alınmasıdır. Yəni, hər bir halda, lider-xalq, xalq-lider birliyi önəmlidir. Hər lider öz xalqına, xalq isə liderinə layiqdir. Çünki lideri yetişdirən xalqın təpəri, xalqı formalaşdıran isə liderin həmin təpərdən irəli gələn keyfiyyətləridir. Bu yerdə istər-istəməz musiqisi Kamala, sözləri Baba Vəziroğluya məxsus “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı və Ağadadaş Ağayevin ifası yada düşür. Bəli, qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycana Prezident seçilməsinin iyirmi illiyi tamam olan cənab İlham Əliyev Heydər Əliyevin əzəmət dünyasının davamçısıdır. Bu varisliyin nəticəsidir ki, artıq düşüncələrimizdə Xalq-İlham, İlham-Xalq formulu var.

Bəli, Prezident İlham Əliyev xalqı öz arxasınca aparmanın örnəyidir. O, eyni zamanda, xalqın iç dünyasına, onun duyğu və yaşantılarına dərindən bələdçiliyin nümunəsidir. İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlardır. Bu anlayışlar onun fəaliyyət sferasının əhatə dairəsini, real mahiyyətini və əsas istiqamətlərini müəyyənləşdirir. Mövcud anlamda İlham Əliyevin liderliyi həm də xalqın arxasınca getmək, insanların tələb və ehtiyaclarını düzgün dəyərləndirmək, arzularını gerçəyə çevirmək bacarığı ilə ölçülən faktordur. Ötən iyirmi il bu bacarıq səhnələri ilə zəngin tarixi mərhələdir. Elə bir mərhələ ki, özündə dövlətin inkişafını, qüdrətini və hədəflərinə doğru dönmədən, usanmadan irəliləmənin salnaməsini birləşdirir. Xalq-İlham, İlham-Xalq fomulu da elə budur.

İlham Əliyev liderliyi cəmiyyətin sosial rifah hadisəsidir. Bu rifahda Azərbaycan insanının yeni gün uğrunda mübarizə əzmi, daha yaxşı yaşamaq istəyi var. Bu rifah üçün ailə dəyərləri ilə dövlətçilik dəyərləri, bir növ, çulğalaşmış durumdadır. Birinci dəyər ikinci üçün səfərbər olmuş vəziyyətdədir. Mövcud ictimai ab-havada daha yaxşı yaşamaq və yaşayaraq cəmiyyətə fayda vermək əzmi, bir növ, ehkamlaşmış struktura malikdir. Bu strukturda ehkamçılıq ənənələrə sadiqlik ruhu ilə mühafizəkarlıq mahiyyətini də qoruyur, yeni ənənələr də formalaşdırır. Söhbət yeni yaşam ənənələrindən gedir. O ənənələrdən ki, Azərbaycan insanını dünyada tanıdır, ona hörmət və ehtiram qazandırır. İlham Əliyev şəxsiyyəti bu qazancın yaradıcısıdır, xalqla həmahəngdir. O, dünyada söz sahibi olduqca, Azərbaycan insanı da eyni təbiət özəlliyini və xarakterini əxz edir. Ötən iyirmi il bu əxzetmənin çoxsaylı nümunələri ilə zənginlik tarixidir.

İlham Əliyev liderliyi böyük siyasi şəxsiyyətlərin politoloji ədəbiyyatlardakı təsvir düzəninə uyğun, eyni zamanda, uyğun gəlməyən məxsusi obrazdır. Uyğundur, ona görə ki, həmin təsvirlərdəki kimi davranır, hərəkət edir, rasionaldır, praqmatikdir və sair. Uyğun deyil, ona görə ki, yuxarıda sadalanan prinsiplər heç də hər topluma və xalqa bütövlükdə şamil edilə bilməz. İlham Əliyev liderliyi üçün toplumu duyan hərəkət özəlliyi var. Bu duyumda prinsipləri formalaşdıran səmimiyyətdir. Axı, əksər siyasi ədəbiyyatlar səmimiyyət faktoruna o qədər də önəm vermir. İlham Əliyevin gücü bu faktora məxsusi ahəngdarlıq və dinamizm qazandırmasındadır. Əlbəttə, bu xarakter səmimiyyətə zor tətbiqini, ondan sui-istifadəni heç cür qəbul etmir. Müvafiq olaraq, meydana çıxan kompromissizlik xalqın da daxili dünyasının, taleyüklü məsələlərə münasibət tərzinin formalaşmasına təsirini göstərir.

Qətiyyətlə söyləyə bilərik ki, yola saldığımız iyirmi il xalqımızın dünyaya səmimiyyət axınını gücləndirdiyi mərhələdir. Dünya İlham Əliyev liderliyindəki səmimiyyətə nəzərən xalqımızı da eyni keyfiyyətdə gördü və tanıdı. Xalq imkan tapdı ki, səmimiyyəti ilə cilalanmış mədəniyyətini, incəsənətini, söz-sənət, musiqi xəzinəsini dünyanın ayrılmaz parçası etsin. Bu baxımdan tariximizin heç bir dönəmində beynəlxalq aləmə indiki qədər yaxın olmamışdıq. Yaxınlığımız ötən iyirmi ilin müstəsna olayı, misilsiz yaşantısıdır.

Əlbəttə, səmimiyyət, dediyimiz kimi, güzəştsiz təbiətə malikdir. Həm güzəştsiz, həm də barışmaz təbiətə. İlham Əliyevin Prezidentliyinin 20 ili xalqımızın barışmazlıq mübarizəsinin və əzmkarlığının tarixidir. Biz əzmkarlıq olduqca səmimiyyətimizdən sui-istifadə edənlərin də meydana atıldıqlarını gördük. Bəzən üzərimizdə üstünlük qazanmış kimi oldular. Məhz belə anlarda xalqın gözünü dikdiyi liderdir İlham Əliyev. Bəlkə heç kəs bilmədi ki, o, vəziyyətdən çıxmaq üçün nə edəcək, amma hamı əmin oldu ki, o, mütləq nə isə edəcək. Etdi də. Ötən 20 il İlham Əliyev şəxsiyyətinin xalqı üçün etdiklərinin, ölçüyə, müqayisəyə gəlməz xidmətlərinin tarixidir.

İlham Əliyev şəxsiyyəti Azərbaycan dövlətinin qlobal çətinliklərə sinə gərmək, ciddi müqavimət immunitetidir. Azərbaycan dövlətçiliyi tarixin heç bir dönəmində bu qədər çətinliklə üzləşməmişdi və bu qədər çətinlik qarşısında duruş gətirmək əzminə malik olmamışdı. Bütün bunlar isə heç şübhəsiz, dövtlətçiliyimizin əbədilik formulu üçün müstəsna təminatdır. Necə deyərlər, çəkişməsən bərkişməzsən. Tam əminliklə vurğulaya bilərik ki, İlham Əliyevin prezidentliyinin ötən iyirmi ili dövlətçiliyimizin əbədiyyət təminatıdır.

İlham Əliyevin Prezidentliyi bənzərsiz və təkrarsız varislik xəttidir. Dövlət idarəçiliyində varisliyin ən böyük nümunəsidir İlham Əliyev. Onun varisliyi ənənəvi klişelərdən tam uzaqdır. Çünki, o, varisliyə qanunauyğunluq obrazı biçmiş liderdir. Cənab İlham Əliyev əməli fəaliyyəti ilə sübut etdi ki, Heydər Əliyev dühasının dövlət idarəçiliyi baxımından irəli sürdüyü harmonik düzən məhz varislik prinsipi əsasında böyük uğurlar əldə etmək iqtidarındadır. Bu, müasir dünyamızda analoqu olmayan siyasi baxış trayektoriyasıdır. Geridə buraxdığımız iyirmi il mövcud baxışın təntənə səhnələri ilə zəngin mərhələdir.

İlham Əliyev fenomenal şəxsiyyətdir. Hərtərəfli hazırlığı, müstəqil siyasət yürütməsi onu dünya liderlərinin ön cərgəsinə çıxarıb. Məhz Prezident İlham Əliyevin sayəsində həm ümumən beynəlxalq münasibətlərdə, həm də regional siyasətdə ölkəmiz əsas söz sahiblərindəndir. İlham Əliyevin fenomenallığı ümummilli mənafeləri digər xalqlar üçün də faydalı ola biləcək ümumi maraqlarla uzlaşdırmaq bacarığındadır. Ötən iyirmi ildə onun liderliyi sayəsində uzlaşmış maraqların, baxışların, aradan qalxmış ziddiyyətlərin sayı-hesabı yoxdur. Ona görə də geridə qoyduğumuz müddət həm də Vətənimizi dünyada barış ünvanı kimi xarakterizə etmək üçün əsaslar verməkdə, bəşəri ünvan kimi səciyyələndirməkdədir. İlham Əliyevin ən böyük uğurlarından biri də elə budur.

Əlbəttə, yuxarıda sadaladığımız xüsusiyyətlər və şəxsi keyfiyyətlər məcmusu, habelə ondan irəli gələn nailiyyətlərdə bir hədəf, müqəddəs amal olub – QARABAĞ. Xalqımız üçün Füzuli, Ağdam, Kəlbəcər, Xocalı, Zəngilan, Qubadlı, Laçın, Əsgəran, Ağdərə, Xankəndi, Xocavənd və nəhayət Şuşa da Qarabağ idi. Biz bu yurdlarımızın işğalda, düşmən tapdağı altında qalmasının acısını Qarabağ dərdi kimi otuz ilə yaxın müddətdə içimizdə daşıdıq. İlham Əliyev hər birimizdən daha çox daşıdı bu dərdi. İlham Əliyev hər bir azərbaycanlıdan daha artıq düşündü Qarabağın qurtuluşunu. İlham Əliyev Qarabağ davasını sürdürmənin də müstəsna varislik örnəyidir. Ona görə də 2020-ci ilin noyabrın 8-də – Şuşanın düşmən tapdağından qurtulduğu gündə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi. Bu ziyarət ziyarətlərin bəşərisi və ülvisi idi. Bir övladın ata vəsiyyətinə əməl etməsinin ən böyük təntənə anı idi bu ziyarət. İlham Əliyevin prezidentlik fəaliyyətinə möhür vuran ən böyük an idi.

Bəli, o ziyarət üzərimizdəki ləkədən qurtulduğumuzun müjdəsi idi. Hər cür irəliləyişlərə, inkişafa və tərəqqiyə rəğmən, üzərimizdəki torpaq itirmək utancından xilasın qürur və fəxarət anı yaşandı 2020-ci ilin noyabrın 8-də. Əminik ki, yalnız Heydər Əliyevin deyil, Fəxri xiyabanda uyuyan, torpağı Vətən, toplumu Xalq edən, bu yolda xidmətləri olan bütün şəxsiyyətlərimizin ruhları şad idi həmin gün. Heç şübhəsiz, onların hər biri üçün Şuşa yalnız bir şəhər deyildi. Şuşa, eyni zamanda, böyük dünya, əzəmət və varlıq simvolu, məbədi idi. Noyabrın 8-də varlığımız, ləyaqətimiz özümüzə qayıtdı. Bu qayıdışın müzəffərlik simvoludur İlham Əliyev.

İlham Əliyev Qarabağ uğrunda müqəddəs mübarizəni hərtərfli diri tutan, bu mübarizənin Zəfər nöqtəsinə yetişəcəyinə inamı ölməyə qoymayan mübarizlik rəmzidir. Hazırda Ermənistanın, dünya ermənipərəstliyinin, eləcə də xaricdəki anti-Azərbaycan qüvvələrin həyata keçirdikləri mənfur fəaliyyətlərin, çeşidli manipulyasiyaların ayrı-ayrı detallarına diqqət yetirəndə görürsən ki, İlham Əliyev prezidentliyinin ötən iyirmi ilində hansı çətinliklərə, hansı məhrumiyyətlərə qatlaşıb. Həqiqətən, təsvir etmək və təsəvvürə gətirmək olduqca çətindir. Onun ölkəmizə qarşı hansı məkrli oyunları pozduğunu, necə bir dirəniş göstərdiyini da hiss etmək çətin, çətin olduğu qədər də ağırdır. İlham Əliyev ağırlıqları çiyinlərində daşımış liderdir.

Bəli, 44 günlük müharibə bizi özümüzə qaytardı. Bu qayıdış yaxın iki yüz illik tariximizdə olmayan bir hadisədir. Biz artıq “torpaqdan pay olmaz” deyimini əməli fəaliyyəti ilə sübuta yetirmiş xalqıq. Kim nə deyirsə desin, hansı formada qələmə alırsa-alsın, yaşadığımız dünya güc amili ilə hesablaşır. İlham Əliyev gücdən səriştəli, səmərəli bəhrələnmənin, gücü ilə hesablaşılması məcburi xarakter daşıyan siyasət amilinə çevirmənin misilsiz örnəyidir.

44 günlük müharibədə əldə etdiyimiz müqəddəs Zəfər sayəsində ərazi bütövlüyümüzün, bu il sentyabrın 19-da başladığımız və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli uğurlu anti-terror tədbirləri ilə dövlət suverenliyimizin bərpası, heç şübhəsiz, Prezident İlham Əliyev şəxsiyyətinin dünya siyasəti meydanındakı nəhənglik göstəricisidir. Bu, elə bir nəhənglikdir ki, ona tapınmaq, ona sığınmaq Azərbaycan üçün yeni üfiqlər, yeni daha böyük başlanğıclar açır. Xalqımız əmindir ki, müstəqil, azad, suveren Azərbaycanımız İlham Əliyev müdrikliyinin sayəsində bundan sonra da yeni başlanğıcların gətirəcəyi müvəffəqiyyətlərə qovuşacaqdır. Ulu öndər Heydər Əliyevin təbirincə desək, dünyaya doğmuş Azərbaycan Günəşi Prezident İlham Əliyevin rəhbərliyi, kamil sərkərdəlik bacarığı ilə daha parlaq işıq saçacaqdır.

“Xalq qəzeti”nin kollektivi olaraq Prezident İlham Əliyevi prezidentlik fəaliyyətinin iyirmi illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona Uca Tanrıdan möhkəm cansağlığı, Vətənimiz Azərbaycanın maraq və mənafelərinin qorunması yolundakı dönməz fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.

 

Əflatun AMAŞOV,

baş redaktor

 




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Əflatun Amaşov