USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Gizli müharibə” həm can alır, həm də yurda qayıdışı ləngidir

“Minadan azad dünya üçün qlobal təşəbbüs”Azərbaycanın üzləşdiyi bu problemi beynəlxalq aləmin diqqətinə çatdırır


https://img.baki-baku.az/news/2023/10/photo_8973.jpg

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq, torpaqlarını işğaldan azad etdi. Ordumuzun bu ilin sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Qarabağ iqtisadi rayonunun bütün ərazisində suverenliyimiz təmin olundu. Antiterror tədbirlərinin digər mühüm nəticəsi Ermənistan ordusunun Qarabağdakı qanunsuz silahlı birləşmələrinin tərk-silah edilmələri oldu. Təcavüzkarın atıcı silahları, döyüş sursatları, o cümlədən ağır artilleriyası, tankları, zirehli döyüş maşınları müsadirə edildi.

19-20 sentyabr tədbirlərinin digər mühüm nəticəsi ərazilərimizin minalarla çirkləndirilməsi prosesinə son qoyulması oldu. Ermənistan ordusu tərəfindən işğal müddətində ərazilərimizə piyada və tank əleyhinə saysız-hesabsız minalar basdırılıb. Bu yaxınlarda – oktyabrın 11-də ATƏT-in ənənəvi “İnsan ölçüsü” üzrə Varşava konfransında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə mina təcavüzünün insan haqlarına təsiri mövzusunda tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin ondabirinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırıb.

Gözlənilirdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra bu mənfur əmələ son qoyulacaq. Amma Qarabağda özünü qondarma “müdafiə ordusu” adlandıran, əslində isə Ermənistan ordusunun bir parçası olan qanunsuz silahlı birləşmələr yenə də mina terrorunu davam etdirdilər. Azərbaycanın bu məsələni keçirilən üçtərəfli görüşlərdə, beynəlxalq səviyyəli tədbirlərdə dəfələrlə qaldırmasına, çağırışlar etməsinə baxmayaraq, durum dəyişmədi. Qondarma rejim ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalarla çirkləndirməyə davam etdi. Bununla bağlı ölkəmizin müvafiq qurumları peykdən çəkilən görüntülər də daxil olmaqla, digər təkzibedilməz sübutlara malik idilər. Lokal xarakterli antiterror tədbirləri nəticəsində isə qeyri-qanuni rejimin 480 kilometrlik təmas xətti boyunca təqribi hesablamalara görə, əlavə yarım milyon mina basdırdığı aşkara edilib.

Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlərdə qaldırdığı əsas məsələlərdən biri də mina xəritələrinin verilməsi ilə bağlı idi. Nəhayət, İrəvan bir neçə belə xəritə verdi. Azərbaycan isə xoş məram nümayiş etdirərək Vətən müharibəsindən sonra – 2020-ci ilin dekabrında Xocavənd rayonunda diversiya əməllərinə görə saxlanılmış erməni yaraqlılarının bir neçəsini qarşı tərəfə təhvil verdi. Ancaq İrəvanın verdiyi xəritələrin doğruluq, dəqiqlik faizi çox aşağı idi. Belə ki, Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları üzrə verilmiş minalanmış ərazilərinin xəritəsinin dəqiqliyinin 25 faiz təşkil etdiyi məlum olmuşdur.

Aprelin 23-də “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması təkcə dövlətimizin öz sərhədlərinə sahib çıxması deyildi. Bununla həm də minaların daşınmasına son qoyuldu. Düzdür, xunta rejimi daha bir neçə ay – süquta uğrayanadək torpaq yollardan istifadə etməklə işi davam etdirdi.

Ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi uzun, yorucu, ağır zəhmət, vaxt və böyük vəsait tələb edən işdir. Müharibənin başa çatmasından bir neçə sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il vaxt lazım olduğunu bildirmişdilər. İkinci Dünya müharibəsinin başa çatmasından 80 ilə yaxın vaxt keçir. Amma Avropanın müxtəlif ölkələrindənin şəhər və kəndlərində, o cümlədən Berlində hələ də partlamamış hərbi sursatlar tapılır və zərərsizləşdirilir.

Onu da qeyd edək ki, minalar “müharibə silahı” kimi istehsal edilsə də, əslində, onun qurbanlarının yalnız 10 faizi hərbçilərdir. Qurbanların 90 faizi gündəlik həyatlarını davam etdirən, su gətirən, məktəbə gedən və ya tarlalardan məhsul toplayan günahsız insanlar, o cümlədən, qadınlar və uşaqlardır.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün Azərbaycan xalqı, o cümlədən keçmiş qaçqın və məcburi köçkünlər 30 illik yurd həsrətinin də tezliklə başa çatacağını düşünürdülər. Amma mina təhlükəsi hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı ləngidən əsas amilə çevrilib.

***

Qeyd etdiyimiz kimi, ərazilərimizin Ermənistan tərəfindən minalarla çirkləndirilməsi və minatəmizləmə məsələsi Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanılır. Dövlətimizin başçısı bu məsələyə dair vaxtaşırı öz mövqeyini açıqlayır. Sonuncu dəfə oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən etdiyi çıxışında Prezident İlham Əliyev deyib: “Məsələnin qısa tarixçəsi budur. Belə bir sual yarana bilər: bəs, üç həftə əvvəl nə baş verib? Belə ki, barəsində danışdığım Bəyannamənin imzalanmasına baxmayaraq, Ermənistan onun bəndlərini yerinə yetirmirdi, halbuki ən vacib bəndlərdən birində deyilirdi ki, bütün erməni silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalıdır. Buna əməl edilmədi, həm də nümayişkaranə şəkildə edilmədi. Hətta iki il ərzində – 2020-ci ildən 2023-cü ilin əvvəlinədək, Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda, oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatları daşınıb, bu isə tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb. Minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxarıb ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanmışlar. Təəssüf ki, onların sayı hər həftə artır”.

Bəli, onların sayı hər həftə artır. Elə bu yazı çapa hazırlanarkən işğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxsin minaya düşdüyü barədə məlumat yayıldı. Daxili İşlər Nazirliyinin və ANAMA-nın mətbuat xidmətinin yaydığı birgə məlumatda bildirilib ki, oktyabrın 13-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib. Belə ki, tank əleyhinə mina partlayışı nəticəsində “QAZel” markalı maşının sürücüsü, 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, “KamAZ” tipli yük maşınının sürücüsü, 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın yaydığı məlumatda isə bildirilib: “Təəssüf ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçib və onların arasında mülki şəxslər üstünlük təşkil edir.

Mina terrorunu davam etdirən Ermənistanın iştirakçısı olduğu beynəlxalq sənədlərə əsasən, üzərinə düşən öhdəliklərə və bununla bağlı edilən davamlı çağırışlara laqeyd münasibət göstərməsi, dəqiq mina koordinatlarını ölkəmizə təqdim etməməsi insanların həyatına qəsd xarakteri daşıyır. Məhz bu səbəbdən minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsinə daha çox resurs və uzun zaman sərf olunur, yenidənqurma və qayıdış prosesi ləngiyir, eyni zamanda, işarələnməmiş minalar çoxsaylı insanların həyatını itirməsinə səbəb olur. Bütün bunları nəzərə alaraq, insanların həyat və sağlamlığının müdafiəsi naminə aidiyyəti beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ölkəmizin məruz qaldığı bu ciddi problemlə bağlı qəti mövqe nümayiş etdirməyə çağırıram”.

Məsələyə Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin “X” platformasındakı paylaşımında deyilir: “Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər isə yaralanıb və qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina basdırılan ərazilərin dəqiq xəritələrini verməyə çağırmalıdır”.

***

Onu da bildirək ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının basdırdıqları minaların yaratdığı mənzərəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və Azərbaycanda bu sahədəki problemlərin həllinə diqqəti yönəltmək məqsədilə bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalı “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb. Petisiya “Jotform” platformasında “Dünya Qafqazda sülh üçün” adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub. Petisiyada iştirak etməklə və onu imzalamaqla həmin təşkilatlar Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı məlumatlı olduqlarını bir daha nümayiş etdirirlər.

Petisiyada mina və partlamamış hərbi sursatların mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığı, münaqişələr başa çatdıqdan sonra da minaların insanları öldürməsi və şikəst etməsi vurğulanır. Diqqətə çatdırılıb ki, minalar ömürlük əlilliyə səbəb olur, ailələrin faciəsinə çevrilir.

Kampaniya BMT-yə üz tutaraq bəyan edib ki, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır. Azərbaycan da dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindəndir. Müraciətdə müxtəlif ölkələrlə yanaşı, Azərbaycana da geniş yer ayrılıb. Bildirilir ki, Azərbaycan mina problemindən xeyli əziyyət çəkir. Son 30 ildə Azərbaycanda 3400-dən çox insan mina qurbanı olub. Kampaniya müəllifləri bəyan edirlər ki, Ermənistan Azərbaycan ərazilərini minalayıb, bu proses 44 günlük müharibədən sonra da dayanmayıb. Azərbaycan yalnız “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsi qurduqdan sonra vəziyyət nəzarətə götürülüb.

Müəlliflər Ermənistanın yeni basdırılmış minaların da xəritələrini dərhal Azərbaycan dövlətinə təhvil verməsini tələb edirlər. Xarici QHT, vətəndaş cəmiyyəti fəalları Prezident İlham Əliyevin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “Minasız dünya” məqsədinin elan edilməsi təşəbbüsünü alqışlayıblar. Onlar BMT-yə qlobal mina probleminə diqqəti artırmağı çağırış ediblər.

Yeni elan edilməsinə baxmayaraq, müraciət ciddi rezonans doğurub. Artıq 10-dək ölkədən 100-dən çox vətəndaş cəmiyyəti fəalı minalara qarşı qlobal səfərbərlik kampaniyasına qoşulub və bu problemin həllinə dəstək göstəriblər.

Göründüyü kimi, Azərbaycanın üzləşdiyi mina təhlükəsi artıq beynəlxalq aləmin də diqqətini cəlb edir. Ümid edək ki, bu cür təşəbbüslər ərazilərimizin minalardan təmizlənməsi prosesinə əlavə impuls verəcək. Eyni zamanda Ermənistan, nəhayət, beynəlxalq qınaqlardan nəticə çıxararaq minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim edəcək.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Hafiz SƏFİXANOV, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri

– Sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri təxminən yarım milyona qədər əlavə minanın Vətən müharibəsindən sonra 480 kilometrlik məsafədə basdırıldığını göstərir. Azərbaycandakı mina və partlamamış hərbi sursatların yaratdığı problemləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiya başladılıb. Rəhbərlik etdiyim təşkilat da kampaniyada iştirak edir. Biz də həmin petisiyanı əməkdaşlıq etdiyimiz xarici ölkələrdəki QHT-lərə və beynəlxalq təşkilatların rəhbərlərinə göndərmişik. Hazırda əsasən bu məsələ ilə məşğuluq. Əlavə suallar cavablandırılır, başqa məlumatlar istəniləndə, onları həmin bilgilərlə təmin edir və artıq müsbət cavablar da alırıq.

Bir neçə təşkilat petisiyaya qoşulduğunu bəyan edib. Eyni zamanda, bildiriblər ki, özləri yaşadıqları ölkələrdə və digər sosial şəbəkələrdə həmin məlumatları başqa əcnəbi QHT-lərin də kampaniyaya qoşula bilməsi üçün yayacaqlar. Başqa ölkələrdəki tanıdığımız təşkilatlara həmin bu kampaniyaya qoşulma ilə bağlı müraciəti göndərmişik. Zənnimcə, bu petisiya Azərbaycandakı mina problemlərinin həll olunması üçün çox vacibdir.

Nil VATSON, Böyük britaniyalı jurnalist və vətəndaş cəmiyyəti fəalı

– Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə bağlı mühüm təşəbbüsünü dəstəkləmək lazımdır. Minalar bəşəriyyət üçün əsas təhlükələrdən biridir. Otuz ildən sonra ərazisini işğaldan azad edən Azərbaycanda bu məsələ ilə bağlı vəziyyət xüsusilə ağırdır. Burada yüz minlərlə mina yerləşdirilib. Bərpa prosesinə başlamazdan və insanlar evlərinə qayıtmazdan əvvəl torpaqlar minalardan təmizlənməlidir. Ona görə də mən hamını bu mühüm təşəbbüsü dəstəkləməyə çağırıram və Azərbaycana böyük uğurlar arzulayıram.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səxavət HƏMİD