USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Biz evsizə sığınacaq, aca çörək veririk

AȘPA-da bədnam qətnamə qəbul edənlər bu fotoșəklə diqqətlə baxsınlar...


https://img.baki-baku.az/news/2023/10/photo_8972.jpg

Məgər 2023-cü il sentyabrın 19-da Azərbaycan “Dağlıq Qarabağa qarşı hərbi əməliyyat” həyata keçirib? Doğrudanmı, “100.600 erməni “öz vətənini” fiziki məhvolma təhdidi və Azərbaycan hökumətinin anti-erməni siyasəti” ucbatından tərk edib? AŞPA “Qarabağda etnik təmizləmədə əsaslandırılmış şübhələrin mövcudluğunu” təsdiqləyə biləcək hansı sübut və faktları ortaya qoya bilər? Assambleya “Azərbaycanı Dağlıq Qarabağın erməni əhalisinin geri qayıtmasını və onların hüquqlarının qorunmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməyə” çağırarkən, görəsən, hansı siyasi, yaxud demoqrafik məntiqdən çıxış edib? AŞPA-nın məlum qətnaməsinə səs verən ölkələrin nümayəndələrinin gözləri kor, dilləri lal, qulaqları kardırm? Yox, əgər bu qabiliyyətlərini hələ itirməyiblərsə, bu fotoşəkilə diqqətlə baxmalarını məsləhət görərdik.        

* * *     

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda antoterror tədbirini pisləyən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. AŞPA-nın tövsiyəsi bu ad altındadır. Qətnamədə, guya, Qarabağın erməni əhalisinin fiziki “məhv olmaq” təhlükəsi və Azərbaycanın hakimiyyətinin “ermənifobiya siyasəti” səbəbindən öz vətənini tərk etdiyi göstərilir. “Etnik təmizləmə”, “artsax xalqının fiziki məhv edilmə təhlükəsi”, Azərbaycanın “hərbi təcavüzü” və bu kimi bitib-tükənməyən saxta terminologiya ilə müşayiət olunan uydurma ittihamlar.

İndi avropalı parlamentarilərə əziyyət verməməkdən ötrü onlara ritorik suallar ünvanlayırıq: Kim suveren dövlətin ərazisini işğal etmişdi? Həmin ərazilərdə etnik təmizləməni kim aparmışdı? Bəs girovlara və əsirlərə olmazın əzabları verən, onları işgəncə ilə öldürən kim idi? Xocalı soyqırımını törədənlərin adlarını təkrar sadalayaqmı? Bunlar öz yerində. Bəs Qarabağda qanunsuz silahlı birləşmələr yaradan, dinc əhaliyə qarşı silsilə cinayətlər törədən, 2020-ci ilin noyabrından sonra isə mina terroru ilə məşğul olan Azərbaycandır, yoxsa Ermənistan?

Necədir, suallarımız xoşunuza gəldimi? Sadaladığımız və hələ neçə-neçə əlavə suallarımızı təsdiqləyəcək faktlar, sübutlar, foto-video çəkilişlər öz yerində, üstəlik, müharibə canilərinin Qarabağda törətdikləri vəhşilikərin sağ qalmış şahidlərini də dinləyə bilərsiniz.

* * *

Mətnindən “səlib həmrəyliyi”nin qoxusu gələn qətnamənin, lazımsız kağız parçasına çevriləcək “sənədin” müəllifləri antiterror tədbiri ilə ermənilərin Qarabağdan köçü arasındakı əlaqəni bilməlidirlər. Qarabağdan ermənilərin köçü məhz sentyabrın 19-20-də Azərbaycan Ordusunun əvvəlcədən elan etdiyi lokal antiterror tədbirlərindən sonra başlayıb. Fəqət bu kütləvi köçün səbəbkarı özünün suveren ərazisi üzərində Konstitusiya hüququnu bərpa edən Azərbaycan yox, Qarabağın sıravi erməni sakinlərini əvvəlcə girova, sonra da siyasi alətə çevirmək istəyən İrəvan və onun tərəfdarlarıdır. Bəli, köç əmri məhz Hayastan hakimiyyəti, Xankəndidəki separatçı-daşnak rejimin “rəhbərliyi” tərəfindən verilib. Millətinin qanına susamış hay başçıları əhalinin Azərbaycan qanunları ilə yaşamaq, Azərbaycan vətəndaşı olmaq istəmədiklərini bəyan etdilər. Qarabağdan mülki əhalinin kütləvi köçürülməsinə onlar “xeyir-dua” verdilər.

Siyasi altməqsədlər güdən bu prosesin məhz erməni liderlər tərəfindən təşkili barədə biz deyil, şərti sərhədin həm bu, həm də o üzündə jurnalistlərə açıqlama verən sıravi ermənilər danışırdılar. Belə video-süjetlər yootube-da kifayət qədərdir.             

Antiterror tədbiri ilə bağlı bizə qarşı istifadə edə biləcəkləri bircə “kompramat” belə yoxdur. Əksinə, Ermənistanın və onun hərtərəfli dəstəyi ilə qurulan xunta rejiminin cinayətləri göz qabağındadır. AŞPA-çıların diqqətinə çatdıraq ki, bir sutkalıq lokal tədbir zamanı Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri, yəni qanunsuz silahlı birləşmələrin mövqelərini, silah anbarlarını, bunkerlərini sıradan çıxardı. Yaşayış məntəqələri, mülki obyektlər heç bir halda nişangah olmadı. Əgər rəsmi Bakının elə bir fikri olsaydı, əsgərlərimizin ovcunun içindəki Xankəndidə bunu etmək asan idi. İndi zəhmət çəkib bu şəhərə gəlsinlər və bizə burnu qanamış bir ermənini, pəncərəsinin aynası qırılmış bir evi göstərsinlər. Bu həqiqət bölgəyə göndərilmiş BMT-nin mülki missiyasının hesabatında da yer alıb.

* * *

Üç gün bundan əvvəl BMT-nin İnsan Hüquqları Şurasında rəsmi Parisin təşəbbüsü ilə Azərbaycanın əleyhinə qəbul edilmiş birgə bəyanat eyni məzmuna malik olmaqla eyni məqsədə xidmət edir. Siyasi şantajın elementləri sezilən həmin bəyanat da AŞPA-nın qətnaməsi kimi Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyinin təminatı”, eləcə də “humanitar fəlakət”, “zorən qaçqınlar” xarakterli köhnə iftiralardan, uydurma ittihamlardan, Bakıya ünvanlanan əsassız iddialar yığınından ibarətdir. Azərbaycanı suçlamağa əllərində heç bir arqumenti, sübutu olmayan İrəvan Parisin hərtərəfli dəstəyi ilə ictimai rəylə manipulyasiya etməklə məşğuldur. Ermənilərin Qarabağdan köçməsini beynəlxalq hüquqla “etnik təmizləmə”, “soyqırımı aktı” kimi təsnifatlandırmağa, bununla bağlı BMT-dən müvafiq siyasi qiymət qoparmağa çalışırlar. Amma nəyin əsasında? - sualı tam açıq qalmaqdadır.

Hazırda Xankəndidə minə yaxın mülki erməni yaşayır. Onların hamısı Azərbaycan dövlətinin himayəsi altındadır. Əhali işıq, qaz, zəruri tibbi ləvazimatla və ərzaq məhsulları ilə təmin edilir. İmkansızlar üçün sığınacaqlar quraşdırılıb, onlara  pulsuz yemək verilir. “Türkün unundan bişirilən çörəyi yemərik” – deyən, yardım maşınlarımızın qarşısına “Çin səddi” çəkən parabeyin daşnak tör-töküntüləri ərazidən təmizlənəndən sonra ən çox rahat nəfəs alan da məhz mülki ermənilərdir. 

İndi Parisin fitvası ilə erməni hay-küyünə aldanan, hansısa “hədiyyənin” müqabilində, yaxud “səlibçilik damarı”na görə ədalətsizliyə imza atan Avropa ölkələrinin AŞPA-dakı təmsilçiləri bunu “insan haqları”, “demokratiya” şirmaları ilə pərdələməyə çalışırlar. Amma faydası olmayacaq. Həqiqət gec də olsa, daş üzərindəki çiçək kimi, betonun bağrını dəlib gün işığına çıxacaqdır.   

AŞPA Ermənistanın və onun qərbli züytutanlarının “təqdimatları” ilə heç bir hüquqi qüvvəsi olmayan belə qətnamələrdən çox qəbul edib. Hamısının da son ünvanı Strasburqun mərkəzi küçəsindəki zibil qutuları olub. Bu dəfə də istisna təşkil etməyəcək.

İmran BƏDİRXANLI

 

 

Ekspert rəyi

 

Fikrət SADIXOV, siyasi analitik

Azərbaycan etnik erməniləri Qarabağdan qovmayıb. Bölgədə keçirilən anti-terror tədbirində bizim hədəfimiz hərbi obyektlər və torpağımızdakı qeyri-qanuni erməni silahlı birləşmələri olub. Yəni, yerli erməni sakinlərə qarşı heç bir təzyiq göstərilməyib. Bunu AŞPA-nın deputatları da yaxşı başa düşür, hər şeyi bilirlər. Sadəcə olaraq, avantürist erməni dairələrini dəstəkləyən müəyyən qüvvələr var. Bəli, Avropadakı ermənilərin geniş diaspor təşkilatlarının anti-Azərbaycan təbliğatı nəticəsində nümayiş etdirilən ikili yanaşmanın şahidiyik. Artıq otuz il ərzində buna görmüşük və öyrəşmişik. Təbii ki, Azərbaycandan nəyisə tələb etmək, bizi nəyəsə məcbur eləmək beynəlxalq hüquqa tamamilə zidd təşəbbüslər, çağırışlar və addımlardır.

Bakı Qarabağ ermənilərini qəbul etməyə hər zaman hazırdır. Onları Azərbaycan vətəndaşları kimi qəbul edəcəyik. Bütün zəruri şəraiti yaradacağıq ki, gəlsinlər, yaşasınlar. Bunu dəfələrlə bəyan etmişik. AŞPA-nın qəbul etdiyi qətnamə isə Azərbaycan üçün növbəti kağız parçasıdır.

    

Rasim MUSABƏYOV, Milli Məclisin deputatı, politoloq

Əvvala, yüz min say ciddi şübhələr yaradır. Qarabağdan köçən ermənilərin arasında bölgəyə heç bir aidiyyatı olmayan, Ermənistandan göndərilən hərbçilər, Suriyadan, Livandan, digər yerlərdən gələn iyirmi, otuz minə yaxın erməni var. Otuz beş il əvvəl iki yüz min soydaşımızı Ermənistandan qovdular. Onun ardınca keçmiş Dağlıq Qarabağdakı bütün azərbaycanlıları ata-baba yurdlarından çıxardılar. İşğal etdikləri yeddi rayonumuzda etnik təmizləmə apardılar.

Son vaxtlar Xankəndidəki mitinqlərdə özləri bəyan edirdilər ki, biz Azərbaycan türkləri ilə bir yerdə yaşaya bilmərik. Bu cür təbliğatla erməni sakinlərin Qarabağdan köçməsini də özləri təşkil etdilər. İndi bunun günahını Bakının boynuna yıxmağa çalışırlar. Onların əlində Azərbaycanın Qarabağda “etnik təmizləmə” aparması ilə bağlı heç bir subut yoxdur. Ermənistanın özündən milyon yarım erməni dünyanın müxtəlif yerlərinə qaçıb gedib. Bəlkə bunu da bizim üstümüzə atsınlar?                          

İndi AŞPA-da qurulan oyunun arxasında həm də Fransa durur. Bakı Makron iqtidarının ermənipərəst, ədalətsiz, ikiüzlü siyasətinin Qarabağda əl-qol açmasına imkan verməyəcək.           

 

Fərhad MƏMƏDOV, politoloq

Azərbaycanlılar özləri etnik təmizləməyə məruz qaldıqları halda, AŞPA-nın timsalında Qərb siyasətçiləri bizi bunda ittiham edirlər. Rəsmi Bakı heç vaxt Qarabağ ermənilərinin bölgədən getmələrini istəməyib. İyirmi beş il sürən danışıqlarda bu məsələ gündəlikdə olmayıb. Azərbaycanın məqsədi ərazi bütövlüyünü və soydaşlarımızın doğma yurdlarına qayıtmasını təmin etmək idi. Biz 44 günlük müharibəyə qədərki dövrdən danışırıq. Vətən müharibəsində  əsas hədəfimiz Ermənistan silahlı qüvvələrini torpaqlarımızdan çıxarmaq idi. Cənab Prezidentin irəli sürdüyü, ermənilərin işğal etdikləri rayonlarımızı cədvəl üzrə boşaltmaları planı vardı. Həmin şərt bəyan edilən kimi müharibə dayandı.

Hətta Zəfərimizlə bitən müharibən sonra da Azərbaycan bölgədən getmiş erməni sakinlərin Qarabağa qayıtması üçün şərait yaratdı. Son üç il ərzində isə onlara təklif edilən reinteqrasiya planının reallaşmamasında Ermənistan günahkardır. Çünki Xankəndidəki hərbi xunta yerli erməniləri girov saxlayırdı. Nəhayət, o qanunsuz silahlı dəstələr zərərsizləşdiriləndən sonra Bakı sürətlə reinteqrasiya prosesinə başladı. Ermənilərin Qarabağdan çıxarılması qərarını Ermənistan hakimiyyəti və Xankəndidəki separatçı rejim verib. Bu halda Azərbaycanı “etnik təmizləmə”də itiham etmək ədalətsizlikdir. 

             

Fikrət YUSİFOV, iqtisad elmləri doktoru, professor

Qərb həqiqətin nədən ibarət, haqqın kimin tərəfində olduğunu bizim qədər aydın bilir. Amma onun mənəviyyatdan və siyasi əxlaqdan kənar öz oyun qaydaları var. AŞPA-nın Qarabağı öz xoşları ilə tərk etmiş ermənilərin geri qaytarılması tələbinə qarşı 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində etnik təmizləmə nəticəsində Ermənistandan qovulmuş 200 min soydaşımızın Ermənistana qaytarılması və ora qayıdanların təhlükəsizliyinə Ermənistan hökuməti tərəfindən təminat verilməsi tələbi ilə Beynəlxalq Məhkəmə qarşısında iddia qaldırmalıyıq.

Əgər Ermənistan Qarabağdan köçmüş 100 min erməninin geri qaytarılmasına və onların təhlükəsizliyinin təmin olunmasına dair Azərbaycan hökumətindən zəmanət istəyirsə, Azərbaycan da eyni qaydada vaxtilə Ermənistandan qovulmuş soydaşlarımızın ora qaytarılmasını və erməni hökumətindən onların təhlükəsizliyinə təminat verilməsini tələb etməlidir. Biz burada Laçın dəhlizi və Zəngəzur dəhlizi kartlarından istifadə etməliyik. Zəngəzur dəhlizi açılmırsa, deməli, Laçın dəhlizi də bağlanır. Yaranmış durumda ermənilərin qaldırdıqları bütün məsələlərin qarşısına bu prinsiplə çıxmalıyıq.

         




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI