USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AŞPA-nın “qətnamə” məntiqi və ya ermənipərəstlik sindromu

Qurumun Azərbaycana qarşı qərəzi sivil dəyərləri aşağılamaq üzərində qurulub


https://img.baki-baku.az/news/2023/10/photo_8970.jpg?v=MjAyMy0xMC0xNCAxMjoyODozNA==

“Avropa Şurasının Parlament Assambleyası Azərbaycan ərazisinin xeyli hissəsinin hələ də Ermənistan silahlı qüvvələri ilə mübarizə altında olduğunu və Dağlıq Qarabağa hələ də separatçı qüvvələrin nəzarət etdiyini bildirir. Qurum, eyni zamanda, hərbi əməliyyatların, bundan əvvəl başlamış və kütləvi xarakter almış etnik zərərçiliyin qorxunc etnik məhsul məfhumunu xatırladır, bir dövlətin ərazisindən regional ərazinin ayrılmasını və onun başqa dövlətə de-fakto birləşdirilməsi halının yaşandığını qeyd edir. AŞPA azlıqların yaşadıqları regional ərazilərin ayrılmaq hüququna malik olan iddiaları rədd edir”.

Ola bilər, 2005-ci il yanvarın 25-də AŞPA-nın qəbul etdiyi “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı 1416 saylı qətnamədəki bu hissələr dəyərli oxucularımızı təəccübləndirdi. Əminik ki, daha böyük təəccüb hissini yazımızı oxuduqca yaşayacaqsınız. Məqalə AŞPA-nın “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 12 oktyabr 2023-cü il tarixli qətnaməsi və eyni adlı tövsiyəsi barədədir. O qətnamə ki, onun ilk cümləsi 2005-ci ilin analoji sənədini təkzib edir və Azərbaycanın sentyabrın 19-da başladığı və cəmi 23 saat 43 dəqiqə çəkmiş lokal xarakterli antiterror tədbirlərini pisləyir. Nəinki pisləyir, habelə, orada “Dağlıq Qarabağa qarşı hərbi əməliyyatlar” ifadəsi işlədilməklə, bölgəni ayrıca subyekt kimi göstərir. Beləliklə, separatçılığın leqallaşdırılması yolunu tutur. Halbuki, 2005-ci ilin qətnaməsində Qarabağın separatçıların nəzarətində olduğu vurğulanırdı. Hər halda, özünütəkzibin bundan böyük nümunəsi ola bilməz.

AŞPA, eyni zamanda bildirir ki, Qarabağın, demək olar, bütün əhalisi fiziki məhv təhlükəsi və Azərbaycanın anti-erməni siyasəti səbəbindən öz vətənlərini tərk edib və burada etnik təmizləməyə əsaslı şübhə var. Birincisi, “Vətən” anlayışının hansı əraziyə şamil edildiyi maraqlıdır. Hər halda, qurumun Azərbaycanı nəzərdə tutmadığını söyləmək üçün əsaslar kifayət qədərdir. Digər yandan, sırf bu deyimdə də 2005-ci ilin qətnaməsi ilə ziddiyyət təşkil edən məqamların olduğu aşkardır. Məsələnin üzərində geniş dayanmadan AŞPA-nın etnik təmizləmə şübhəsinin nədən qaynaqlandığına aydınlıq gətirək. Hər halda, nəyisə xüsusi sübuta yetirməyə ehtiyac yoxdur. Ermənistan rəhbərliyi və ermənipərəst dairələrin gündəlik leksikonunun AŞPA-ya transformasiya olunduğu göz önündədir.

***

Başa düşmək olmur, Azərbaycanın öz öhdəliyini yerinə yetirə bilməməsi nə deməkdir? Yəni, AŞPA öhdəlik dedikdə nəyi nəzərdə tutur ki, qətnamədə bunun baş verməməsinə görə ölkəmizin qurumun 2024-cü ildə keçiriləcək ilk sessiyasında iştirakının ən azı müvəqqəti olaraq dayandırılmasına səs verməkdən başqa yolun qalmayacağı bildirilir? Əslində, suala cavab yoxdur. Sanki, sənəddə seçilmiş bütün sözlər Azərbaycanı hansısa formada mənfi yöndə təqdim etməyə yönəlib. Baxın, orada bildirilir ki, assambleya Avropa Şurasının Nazirlər Komitəsini, AŞ dövlətlərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 1994-cü il bəyannaməsi əsasında, Azərbaycan üçün monitorinq aparmağa çağırır. Hələ bilinmir ki, bu çağırış dəyərləndiriləcək ya yox, amma ölkəmizin nümayəndə heyətinin AŞPA-dakı iştirakının müvəqqəti dayandırılması məntiqi işə salınır. Yəni, ortada belə bir qeyri-korrekt davranış, yaramaz məntiq var. Bu məntiq isə şübhəsiz ki, Azərbaycanı cəzalandırmaq ritorikası üzərində qurulub. Həqiqətən, seçilmiş ton da anormaldır. Ortada Ermənistan rəhbərliyinin yağdırdığı hədyanı eyni ilə qətnaməyə köçürmək kimi rəzil durum var.

***

Yenə də öhdəlik. Asssambleyanın qətnaməsində bildirilir ki, qurum Azərbaycanın sentyabrın 19-da başladığı hərbi əməliyyatlar və Laçın dəhlizinin blokadası nəticəsində yaranmış böhran səbəbindən son iki həftə ərzində 100600-dən çox erməninin Qarabağı tərk etməsindən narahatdır. AŞPA vurğulayır ki, faciəli mühacirət yeni reallıq kimi qəbul edilməməlidir və Azərbaycan Avropa Şurasının əsas dəyərlərinə sadiq qalmalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməlidir.

Bəli, Azərbaycanın AŞ-yə daxil olarkən üzərinə götürdüyü öhdəliklər var. Bunlara başlıca olaraq, insan hüquqlarının təminatı, sərbəst toplaşmaq, söz və ifadə azadlığı daxildir. Yəni, sadalanan dəyərlər bir ölkənin suveren hüquqları daxilinə aiddir. AŞPA özünün 2005-ci il qətnaməsində Qarabağa separatçıların nəzarət etdiyini bildirib. Bəli, həqiqətən də, durum belə idi. O zaman düşünməyə əsas var ki, ən azı 2005-ci ildən indiyədək həmin ərazidə Azərbaycanın yurisdiksiyası bərqərar olmamışdır. Lokal xarakterli antiterror tədbirləri ölkəmizə suverenliyini qazandırdığı kimi, AŞPA-nın 18 il əvvəl çıxardığı qətnamənin də icrasını təmin edib. Bu proses əsnasında bölgənin erməni əhalisi Qarabağı tərk edibsə, Azərbaycan nə etməlidir? Axı, əvvəlcədən həmin əhaliyə müraciət ünvanlandı, dəfələrlə reinteqrasiya çağırışları irəli sürüldü. Məsələyə əhəmiyyətsiz yanaşılırsa, bunun günahı ölkəmizdədirmi?

AŞPA qətnamə çıxarıb pisləmək yox, Qarabağın erməni əhalisinin bölgədə qalacağı təqdirdə, Azərbaycana çağırış edə bilərdi ki, həmin əhalinin təməl hüquq və azadlıqlarına hörmətlə yanaşılsın və s. Yəni, bunu müəyyən qədər anlayışla qarşılamaq olardı. Bölgədə erməni qalmayıbsa, yuxarıda barəsində söz açdığımız monitorinq məntiqi də mənasızdır. Nəyin monitorinqi aparılacaq? Xankəndinin, Ağdərənin və başqa yerlərin boş görüntülərinin? Əlbəttə, belə qərəz varsa, monitorinqçilər gedib küçələrdə insan ruhlarını gördüklərini və onlara qarşı etinasız yanaşıldığı iddiasını da irəli sürə bilərlər...

***

AŞPA-nın qətnaməsində Azərbaycanı Qarabağın erməni əhalisinin geri qaytarılması və onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlər görməyə çağırır. Sual olunur: niyə getmişdilər, nə üçün qayıdırlar? Olmazdımı ki, getməsinlər? Görünür, olmazmış. Məsələ burasındadır ki, Qarabağın tez bir zamanda ermənisizləşdirilməsi planı bölgə ilə bağlı avantürizmin davamı idi. “Plan” Fransa başda olmaqla, dünya erməniliyi tərəfindən çox incə şəkildə hazırlanıb. Təxminən belə: Qarabağ boşalacaq, sonra Azərbaycana təzyiqlər ediləcək ki, ölkəmiz onların geri qayıtmaları üçün beynəlxalq təminata razılıq versin. Beynəlxalq təminat qismində isə BMT-nin sülhməramlıları götürülür. Yəni, faktiki olaraq, Qarabağ ermənilərinin ayrıca imtiyazlı təbəqə kimi nəzərdə tutulması məntiqi üzərində dayanılır. Yəni, Ermənistan rəhbərliyinin lokal xarakterli antiterror tədbirlərinədək irəli sürdüyü ideya dəstəklənir. Haqqında söz açdığımız avantürizmin davamı da elə budur. Deməli, rəsmi İrəvanın, Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıması məsələsi ikinci plana keçir. AŞPA isə Fransanın və digərlərinin ermənipərəstlik ssenarisində alətə çevrilir. Əlbəttə, söhbət bölgəyə BMT sülhməramlılarının yeridilməsi və onların Qarabağ ermənilərinin həyat təminatına nəzarəti həyata keçirmələrindən gedirsə, deməli, “erməni təəssübkeşliyinin” bir məqsədi də bölgədə Rusiyaya qarşı alternativlikdir.

***

Bəli, bir daha AŞPA-nın 2005-ci il qətnaməsində Qarabağın separatçıların nəzarəti altında olduğunun bildirildiyini xatırlatmağa ehtiyac duyuruq. Niyə? Ona görə ki, qurumun hazırkı qətnaməsində assambleya Azərbaycanı Qarabağın bütün həbs olunmuş nümayəndələrini azad etməyə çağırır. Başa düşmək olmur, ölkəmiz nəinki 2005-ci ildən, ondan 15 il əvvəldən bölgədə lövbər salmış separatçıları və onların ardıcıllarınımı azad etməlidir? Bəlkə müharibə canilərini, insanlıq əleyhinə cinayətlər, soyqırımıları törətmiş şəxsləri azad buraxmağımız AŞPA-dakılara həzz yaşadacaq? Əgər belə bir durum varsa, qurumdakıların psixi vəziyyətlərini yoxlamağa ehtiyac duyulmaqdadır. Təsəvvür edin, Qarabağdakı sabiq separatçı rejimin rəhbərlərindən olan Araik Arutyunyan özü efirə çıxıb Azərbaycanın Gəncə şəhərinə raket hücumuna əmr verdiyini deyir və bununla da onun onlarla dinc sakinin ölümündıki təqsiri sübuta yetirilmiş olur, AŞPA-dakı “ağıl dəryaları” deyirlər ki, Azərbaycan hökuməti onu azad etməlidir? Bu nə yanaşmadır, nə təəssübkeşlikdir? Hələ qurumun erməni təəssübü bununla bitmir. Sən demə, ölkəmiz digər erməni hərbi əsirlərini də azad etməli, erməni mədəni mirasını qorumalı imiş. Hər halda, AŞPA-nın qətnaməsinə bunlar da daxil edilib. Görəsən, hansı erməni mirasından söhbət gedir? Qurum Bakının mərkəzində erməni kilsəsinin hələ də qorunduğunu niyə nəzərə almır? Bu, bir yana, AŞPA Azərbaycanın illərlə işğal altında qalmış bölgələrindəki abidələrə qarşı barbar münasibətə hansı səbəbdən reaksiya vermir?

AŞPA əmindir ki, münaqişə yalnız sülh yolu ilə, orada yaşayan hər bir insanın hüquqlarına tam hörmətlə həll oluna bilər. Mövcud xüsusda assambleya Azərbaycanı Ermənistanla sülh şəraitində yaşamağa hazır olduğunu nümayiş etdirməyə çağırır. Başa düşmək olmur ki, hansı səbəbdən çağırış Azərbaycana ünvanlanmalıdır? Məgər, Bakı İrəvana sülh çağırışı etməyib? Dəfələrlə edib və bunun qarşılığında Azərbaycan torpaqlarında separatçı rejimin fəaliyyət göstərdiyini, özünü ayrıca dövlət kimi təsəvvürə gətirdiyini, hər cür təxribat əməllərinə əl atdığını, mina terrroru gerçəkləşdirdiyini görüb. AŞPA bunu nəzərə alırmı? Təəssüf ki, yox!

Digər tərəfdən, assambleyanın öz qətnaməsində ölkələrin suverenliyinə, ərazi bütövlüyünə əsaslanan və milli yurisdiksiya çərçivəsində regional kanalların açılmasına dair çağırış səsləndirməsi ilə yuxarıda sadalananlar bir-birinə ziddir. Hər halda, qurum Qarabağda hər iki ölkənin milli yurisdiksiyasının işlənməsini nəzərdə tutmur. Hərçənd, bunu şübhə ilə bildiririk. Qətnaməsində “Qarabağa hücum” ritorikasını qabardan AŞPA-nın ermənipərəstlik naminə hər şeyi edə biləcəyi aşkardır. Qurum bildirdiyi kimi, həm Ermənistandan, həm də Azərbaycandan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünə və suverenliyinə, habelə sərhədlərin toxunulmazlığına hörmətlə yanaşma gözləyirsə, o zaman, gərək, Qarabağ erməniləri ilə bağlı məsələdən ümumiyyətlə söz açmasın. Deməli, İrəvan sözügedən Alma-Ata Bəyannaməsi ilə necə manipulyasiya edirsə, eyni yolu AŞPA da tutmaqdadır.

Qətnamədəki daha bir maraqlı məqama diqqət yetirək. Bəri başdan deyək ki, məhz bu məqam sənədin ermənipərəst mahiyyətini vurğulamaq baxımından son dərəcə vacibdir. Təsəvvür edin, Ermənistan baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza ataraq, Azərbaycanın digər rayonları ilə Naxçıvanı birləşdirən yolun açılmasını, həmçinin bu yola nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən gerçəkləşdirilməsini təsdiqləyir, AŞPA isə vurğulayır ki, Ermənistanın iradəsinə zidd və ölkənin milli maraqlarına xələl gətirməklə, Naxçıvanla mümkün əlaqə yaratmaq olmaz.

Göründüyü kimi, bu müddəa İrəvanın üzərinə götürdüyü öhdəliklərdən yayınmasına beynəlxalq platformalarda haqq qazandırmaq niyyətindən başqa bir şey deyil. Ancaq yaxın tariximiz öz imzasından yayınanların uşaq davranışlarının, qeyri-ciddiliklərinin hansı acınacaqlı aqibəti doğurduğunun canlı şahididir. Bu fikri ona görə deyirik ki, AŞPA-nın heç bir hüquqi gücü olmayan qətnamələri məsuliyyətin sərt sifəti ilə üzləşməkdən sığortalamır.

Əlbəttə, Ermənistan hakimiyyəti AŞPA-nın qətnaməsinə bənzər sənədləri uğur kimi qiymətləndirə bilər. Onun belə sənədlərin təsiri ilə eyforiyaya qapılması da mümkündür. Yəni, kimlərisə ələ alıb Azərbaycan əleyhinə iş çevirmək hələ nəsə demək deyil. Çünki məsuliyyət sərt sifətli olduğu kimi, həqiqət və reallıq da eyni təbiətə malikdir. Hazırda Ermənistan hakimiyyəti, dünya erməniliyi və Fransa başda olmaqla, xaricdəki ermənipərəstlər mənasız, lakmus kağızına bənzər qətnamələrlə, guya ölkəmizə qarşı cəbhə açdıqlarını, beləliklə reallıqlara meydan oxuduqlarını düşünürlər. Heç şübhəsiz, beynəlxalq müstəvidəki son güllələrini atmaqla məşğuldurlar. Necə ki, AŞPA-nın haqqında lap əvvəldən söz açdığımız 2005-ci il qətnaməsi heç nəyə kömək eləmədi, yəni Azərbaycanın torpaqları daha 15 il də işğalda qaldı, qurumun həmin sənədi təkzib edən 12 oktyabr tarixli qətnaməsi də nəyisə dəyişən deyil.

***

Sonda AŞPA-nın məlum qətnaməsini əhəmiyyətsiz sənəd kimi vurğulayan ritorikanı ifadə tərzi baxımından bir qədər də “zənginləşdirmək” istərdik. Hesab edirik ki, bu nöqteyi-nəzərdən ən ideal qiyməti biz yox, erməni siyasiləri versələr, daha yaxşıdır. Məsələn, Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyanı söylədiklərinə nəzər salaq: “AŞPA-nın qətnamələri, Avropa Parlamentinin qətnamələri kimi, hüquqi qüvvəyə malik deyil. Azərbaycana qarşı konkret sanksiyalar təklif ediblərmi? Bir neçə gün əvvəl Avropa Parlamenti daha irəli gedərək, Avropa Birliyinə Azərbaycana sanksiyalar tətbiq etməyi tövsiyə etdi. AB Azərbaycana qarşı sanksiyalar tətbiq etdimi? Təbii ki, yox! Üstəlik, AB liderləri bəyanat verməkdə davam edirlər. Onların Azərbaycana sanksiyalar tətbiq etmək planları yoxdur”. N. Zöhrabyan onu əlavə edib ki, belə qətnamələr adi kağız tullantılarıdır, zibildir. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV