- Daxili siyasət
- 09:43 19.09.2024
İdmanda olduğu kimi, diplomatiyada da yazılmış və yazılmamış qaydalar var. Birinci arenada dürüstlüklə “lipa”, saxtakarlıq üz-üzə gəlirsə, ikinci müstəvidə obyektivliklə yalan və riyakarlıq qarşılaşır. Hətta bu qarşıdurmaların özündə belə riayət olunası əxlaq normaları, diplomatik etiketlər mövcuddur. Təəssüf ki, Azərbaycana qarşı beynəlxalq mediada, siyasi platformalarda ermənipərəst güclərin apardığı dezinformasiya və qara piar kampaniyalarında həmin əxlaq normaları, diplomatik etiket asanlıqla ayaqlar altına atılır.
“Adımı sənə qoyum, səni də yana-yana” zərbi-məsəlimizin çeşidli imrpovizə versiyalarını təsəvvürünüzə gətirə bilərsiniz. Amma, üç il bundan əvvəl ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Vivek Ramasvami adlı birisinin özünün təbliğat-təşviqat kampaniyasında Gəncənin daşnak faşistləri tərəfindən bombalanması kadrlarını Azərbaycanın erməni şəhərinə raket zərbəsi kimi təqdim etməsi variantı yəqin heç birinizin ağlına gəlməzdi.
Əslində, bu, Birləşmiş Ştatlardakı erməni diasporunun, daşnak lobbisinin təşkil etdiyi böhtan kampaniyasını aparanların bütün hədləri keçdiyini, Azərbaycana qarşı qurulmuş misli görünməmiş informasiya savaşının miqyasını göstərirdi. Həm də bu savaşın bəşəri dəyərlərin, siyasi əxlaqın ayaqlar altına atılaraq aparıldığına dəlalət edirdi. Bu çirkab üsul yalnız hayların beynindən keçə bilərdi. Onun icraçısı rolunda çıxış edən Hindistan mənşəli amerikalı Ramasvaminin Cənubi Qafqaz barədə elementar təsəvvürünün olmadığı göz önündə idi.
* * *
İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının iclasının iştirakçıları ilə görüşündə üç il əvvəlki həmin epizodu xatırladaraq belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmağın qeyri-mümkünlüyünü qeyd edib. Cənab Prezident İkinci Qarabağ müharibəsinin gedişində Ermənistanın münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli ballistik raketlərdən atəşə tutmasını qonaqların nəzərinə çatdırdı: “Bunun nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz haqqında danışdığım həmin namizəd Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirirdi. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar?”.
Adətən, vizual görüntülərdən mənası bəlli olan süjetləri “Şərhsiz” deyə, təqdim edirlər. Həmin süjeti tamaşaçı elektoratın gözünə dürtən, bununla “əzabkeş” ermənilərə canıyananlığını nümayiş etdirən ABŞ prezidentliyinə uğursuz namizədin də bu piar kampaniyasını şərh etmək ağrılı olduğu qədər də acınacaqlıdır. Çünki komandanı “ənamla” bir yerdən almış siyasi korafəhimlərə ədaləti çatdırmaq, həqiqəti izah eləmək boş məşğuliyyətdir.
Onların özlərinə deyil, sifarişçilərinə dövlətimizin başçısının cavabı olduqca ibrətamisdir: “Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər. Ona görə də biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Ancaq başa düşmək lazımdır ki, güclər qeyri-bərabərdir. Çoxillik müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə media resursları bizdəkindən qat-qat çoxdur. Lakin bununla belə, biz müxtəlif platformalardan və beynəlxalq təşkilatlardan, habelə digər formalardan istifadə edərək, baş verənlər barədə həqiqətləri çatdırırıq və bundan sonra da çatdıracağıq”.
Bəli, haqq səsimiz dünyanın hər yerində, bütün tribunalarından eşidilənə qədər çalışacağıq. Ədalət zəfər çalana qədər çalışacağıq.
İ.HƏSƏNQALA