- Daxili siyasət
- 09:37 20.09.2024
Hazırda Ermənistan rəhbərliyinin, eləcə də xaricdəki ermənipərəst dairələrin Azərbaycana qarşı total antitəbliğata başladıqlarını müşahidə etməkdəyik. Necə deyərlər, birinin ağzı yumulur, o birininki açılır. İstər beynəlxalq təşkilatlarda olsun, istərsə də hüquq instansiyalarında, fərqi yoxdur, mənzərə eynidir. Hətta, ölkəmizlə bağlı mənfi yönümlü mətnlər və tezisləri səsləndirənlər, o cümlədən, politoloq və ekspertlər də sıraya düzülüblər. Hər kəs bilir ki, hansı sözü, hansı cəfəngiyyatı hansı məqamda dilə gətirmək lazımdır. Sanki, hər şey əvvəlcədən hazırlanmış “ssenari” üzrə gedir.
Mümkün deyil ki, bu sayaq hallar əvvəlcədən planlaşdırılmış olmasın. Elə Qarabağ ermənilərinin köç dalğası da, həmçinin. Yeri gəlmişkən, cəmi üç-dörd gün ərzində Qarabağın, demək olar, tam boşaldılması Ermənistana qarşı müəyyən əks fikirlərin formalaşmasına səbəb olub. Hər halda, ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışında məsələyə heç də təsadüfən toxunmadı. Görünür, bəzi siyasi kluarlarda ona bununla bağlı suallar ünvanlayanlar var. Nikol suallara cavab olaraq bildirir ki, guya, Qarabağın erməni əhalisinin ərazidən çıxarılmasına dair heç bir planları olmayıb. Daha doğrusu, o, fikrini Azərbaycanın bölgənin sakinlərini qovmasına dair gözləntilərinin istisna təşkil etməsi kontekstində izah edib: “Deməliyəm ki, bu vəziyyətlə bağlı bütün beynəlxalq tərəfdaşlarımızda ilk təəssürat ondan ibarətdir ki, onlar bunun necə baş verə biləcəyinə təəccübləndiklərini, üç gün ərzində ölkəyə 100 min məcburi köçkünün daxil olduğunu və hökumətin onların qısa və uzun müddətli ehtiyaclarını necə qarşıladığını, razı sala bildiyini deyirlər. Bizim əvvəldən belə bir planımız yox idi. Böhranın idarə olunması məntiqini nəzərə alsaq belə, Qarabağ ermənilərinin köçürülməsi heç vaxt planlarımıza və siyasi istəklərimizə daxil olmayıb. Hər şey, demək olar, bir neçə gün ərzində baş verdi”.
Heç şübhəsiz, Paşinyan ağ yalan deyir. Çünki “ermənilərsiz Qarabağ” formulu əvvəlcədən hazırlanıb. Xeyli vaxtdır, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, eləcə də mövcud istiqamətdə beynəlxalq təminatlar məntiqini irəli sürən İrəvan Bakının bütün bunlarla razılaşmayacağını gözəl bilirdi. Lakin müxtəlif xarici təşkilatları, o cümlədən, ermənipərəst hüquq müdafiəçilərini və digər şəxsləri ortaya atmışdı ki, fərqli nəticə əldə etsin. Mövcud xüsusda okampoların, menendeslərin, kardaşyanların və digər “yan”ların meydana atıldıqlarını da görürdük. Bu şəxslər beynəlxalq ictimaiyyəti Azərbaycan tərəfindən Qarabağda “soyqırımı və etnik təmizləmə” siyasətinə başlanıldığına inandırmaq istəyirdilər. Hesab edirdilər ki, mövcud ritorika ölkəmizin geri addım atmasını şərtləndirəcək, Bakı təzyiqlər qarşısında duruş gətirməyərək, özünün prinsipial mövqeyindən geri çəkiləcək. Lakin gözləntilər özünü doğrultmadı.
Bəli, nəyin bahasına olursa-olsun ölkəmizin Qarabağ üzərindəki yurisdiksiyasının bərpasına yol verməmək xətti əsas götürülmüşdü. Ermənistan rəhbərliyi və ermənipərəstlər Azərbaycanın səbrinin tükənə biləcəyini, onun güc vasitələrinə əl atacağını da hesablamışdılar. Hesablamaya bilməzdilər, çünki necə azğınlıq və həyasızlığa baş vurduqları özlərinə yaxşı agah idi.
Göründüyü kimi, Qarabağın müxtəlif yerlərində, müdafiə qurğuları, istehkamlar da qurmuşdular. Əlbəttə, silah-sursat, hərbi texnika da kifayət qədər çox idi. Lakin hesablaya bilmədikləri bir nüans var idi. O da Azərbaycan Ordusunun yüksək peşəkarlığı. Lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı rejimin iflası cəmi 23 saat 43 dəqiqə müddətində başa gəldi. Beləcə ağ bayraq qaldırıb, necə deyərlər, “B” planına keçid alındı. Əvvəldə diqqətə çatdırdıqlarımız məhz bu “planın” tərkib hissəsidir.
Bəli, “qəhrəman, əzmkar Artsax xalqı” planı kara gəlmədiyindən, hazırda Ermənistanın “B” planı var gücü ilə işləməkdədir. Sözügedən plan isə haqqında söz açdığımız “ermənilərsiz Qarabağ” formuluna əsaslanır. Bu “formul” üçün Qarabağ məsələsinə ideoloji məzmun qazandırmaq, onun əyninə, belə demək mümkünsə, miskin libas geyindirmək xarakterikdir. Deməli, planlaşdırılmış ildırımsürətli köçün məqsədi də bəllidir. Ermənistan heç bir halda reallıqları qəbul etmək istəmir. Qarabağın Azərbaycana məxsusluğunu vurğulamaq ölkə, Paşinyan iqtidarı üçün boş sözdən o tərəfə keçməyən bir şeydir. Çünki hazırda İrəvanın, eləcə də onun xaricdəki dəstəkçilərinin bütün var-gəlləri buna qarşıdır. Onlar elə rəy yaradırlar ki, sanki, Qarabağ işğal olunub…
Əlbəttə, erməni avantürizmi hər cür “oyunbazlıq metodları”ndan bəhrələnməkdə mahirdir. Ona görə də Paşinyan Qarabağdan köçənləri Ermənistanda qəbul etməkdə heç bir çətinliklə üzləşmədi. Burada mühüm əhəmiyyət kəsb edən məsələ dünyanın erməni avantürizminin musiqisinə qol qaldırıb oynamasıdır. Hazırda bu avantürizm özünün çürük mahiyyəti naminə bütün beynəlxalq hüquq və ədalət prinsiplərinə tüpürməklə, dünyanın aparıcı təşkilatları, qurum və ölkələri isə bu mənzərəni susqunluqla seyr etməklə məşğuldurlar. Təəssüf doğuran məqam məhz budur. İnsan faktoruna söykəniriksə, minlərin öz yurd-yuvasını tərk etməsi, yaşadıqları evlərdən çıxıb getmələri heç kəsin vecinə deyil. Ortada bu qədər qəddar və manqurt durum var – minlərlə erməninin həyatını heçə sayan durum.
Əvəz RÜSTƏMOV