- Daxili siyasət
- 09:43 19.09.2024
“Biz yada salmalıyıq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri necə oldu? Mən çox yaxşı bunu bilirəm. Çünki atam mənə danışmışdı. O vaxt Fransa Prezidenti Jak Şirak buna çox israr edirdi. Heydər Əliyev isə buna etiraz edirdi.
Dəfələrlə etiraz eləyirdi və ondan sonra Jak Şirak mənə, hətta, dəfələrlə bu əhvalatı danışırdı və atama da böyük hörmətlə yanaşırdı. Deyirdi, o, mənə deyirdi ki, mən şəxsən sizə qarşı yox, Fransanın orada həmsədr olmasına qarşıyam. Çünki, bilirsiz də ermənilər çox böyük təsirə malikdirlər və sizin siyasətinizə təsir edəcəklər. Mən isə onu inandırırdım ki, biz həmişə neytral olacağıq. Ancaq bundan sonra Heydər Əliyev ona razılıq verdi. Doğrudan da, elə idi. İndi onların neyrtal olması, doğrudan da, təbii idi. Yoxsa ki, ona görə neytral idilər ki, məsələ öz həllini tapmırdı, onu mən deyə bilmərəm. Amma onu deməliyəm ki, həmişə Fransa, indiki hökumətə qədər, balansı saxlamağa çalışırdı”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlətimizin başçısının söylədiklərində bir məqam diqqət çəkməkdədir. O, illərlə Azərbaycan və Ermənistan münasibətlərinin həllini tapmadığını bildirir və Fransanın vaxtilə nümayiş etdirdiyi neytrallığın mövcud xüsusda olduğuna eyham vurur. Ancaq o da məlumdur ki, 44 günlük müharibə zamanı və ondan sonrakı mərhələdə Parisin zahiri tərəfsizliyi yoxa, aşkar ermənipərəstliyi üzə çıxdı. Azərbaycanın Vətən müharibəsindəki zəfəri bir çox maskaları yırtdığı kimi, Fransanın da maskasını söküb atdı.
Diqqət yetirək, bu gün Parisin İrəvanı açıq şəkildə silahlandırması artıq danılmaz reallığa çevrilib. İş o yerə çatıb ki, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə oktyabrın 7-də baş tutmuş telefon danışığı zamanı deyib: “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”.
Göründüyü kimi, dövtləmizin başçısı, kifayət qədər, konkret tərzdə Fransanın Cənubi Qafqazdakı pozuculuq niyyətini ifşa edir və bu niyyətin hansı nəticələr doğura biləcəyinin anonsunu verir. Şübhəsiz, nəticələr İrəvan üçün fəlakət yaradacaq. Ancaq bunu nə Ermənistan, nə də Fransa dərk edir, yaxud dərk etmək istəmir.
Bəli, Fransa Ermənistanı illüziya bataqlığına sürükləməkdə davam edir. Daha doğrusu, İrəvan bataqlıqdadır, sadəcə, ona ötürülən mesajlar olduğu yerin möhtəşəmliyi görüntüsünü formalaşdırır. Baş nazir Nikol Paşinyan administrasiyası buna inanır. İnanır və öz aləmində demarş yolunu tutur. Məsələn, Nikol Fransanın patronajlığı ilə keçirilmiş Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısında iştirak üçün Qranadaya həvəslə yollandığı halda, Bişkekə – MDB Dövlət Başçıları Şurasının iclasına qatılmaqdan imtina yolu tutur. Bu onu göstərir ki, Ermənistan özünü Fransanın forpostu kimi aparır və onun icazəsi olmadan heç bir toplantıya qatılmır. Necə deyərlər, “bacılığa” sədaqət nümayiş etdirir.
Əlbəttə, Parisin İrəvanı özünün Cənubi Qafqaz avantürasına alət etməsini təsdiqləyən ən müxtəlif məsələlərin üzərində dayanmaq mümkündür. 2022-ci ilin sonlarına doğru Avropa İttifaqının mülki müşahidə missiyasının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində yerləşdirilməsi ilə başlanmış bu aktiv kurs hazırda hərbi əməkdaşlıq motivlərinə köklənməkdədir. Bu günlərdə İrəvanda səfərdə olmuş Fransanın xarici işlər naziri Ketrin Kolonna da dedi ki, ölkəsi Ermənistanı silah-sursatla təmin edəcək. Fransanın İrəvandakı səfiri Olivye Dekotinyi isə bildirib ki, fransız hərbçilər Ermənistanda keçiriləcək "HOPE FSX2023" hərbi təlimlərinə qatılacaqlar. Deməli, ABŞ-ın ardınca, Fransa da bu Cənubi Qafqaz ölkəsində hərbi təlimdə iştirakçılıq niyyətini ortaya qoyur. Nəinki ortaya qoyur, eyni zamanda, təlimlərə “Dash” tipli iki təyyarə, 8 ton avadanlıq da göndərib. Necə olur ki, hərbi heyət mülki təhlükəsizlik təlimlərinə qatılır? Deməli...
Bəli, rəsmi Parisin bu addımı İrəvanla hərbi əməkdaşlıq fonunda diqqət çəkməkdədir. Kolonna da Ermənistanın təhlükəsizliyinin gücləndirilməsinə ehtiyacın duyulduğunu dilə gətirmişdi. Yəqin elə buna görədir ki, Fransadan gələn hərbi heyətin Ermənistanda yerləşdirilməsinə dair məlumatlar gündəmə çevrilib. Deməli, Paris bölgədə sistemli hərbi mövcudluğa can atır. Bu isə onun, keçmiş müstəmləkələrindən biabırçılıqla qovulmasından sonra, Cənubi Qafqazda nüfuz sahibi olmağa girişməsidir. Yeri gəlmişkən, Nigerdən çıxarılmış fransız hərbçilərin Ermənistanda yerləşdirilməsinə dair fikirlər dolaşmaqdadır.
Bütün bunlar isə yaşadığımız coğrafiyada sülh prosesinə ciddi əngəl törətməkdədir. Əvvəldə haqqında söz açdığımız illüziya məntiqi işə düşür və İrəvan sülhdən yayınmaq yolunu tutur. Əlbəttə, Fransanın kağız üzərindəki dəstəkləri də bu gedişatda az rol oynamır. Mövcud anlamda Parisin təşəbbüsü ilə Qranadada keçirilmiş görüşü və görüşün nəticəsi olaraq imzalanmış sənədləri vurğulamaq mümkündür.
Təsəvvür edin, Qranadada Azərbaycan – Ermənistan münasibətləri kontekstində sənəd ərsəyə gətirilir, ona Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Paşinyan imza atırlar. Üstəlik, ölkəmizin imzasının yer almadığı sənəd, az qala, Cənubi Qafqaza dair yol xəritəsi kimi təqdim edilir. Sadə məntiq bunun yolverilməzliyindən xəbər verir. Ancaq Paşinyanın komandası məsələni böyük diplomatik uğur kimi səciyyələndirir. Görəsən, məqsəd nədir?
Məqsəd çox sadədir. Fransa Cənubi Qafqazla bağlı dünya gündəmi yaratmağa girişib. Ona görə də lazımsız və mənasız sənədlər imzalatdırır. Yeri gəlmişkən, oktyabrın 11-də Parisin dəstəyi ilə BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat da qəbul edilib. Sənəddə ermənilərin Azərbaycanın Qarabağ bölgəsindən köçməsinin səbəblərinə dair əsassız və böhtan xarakterli iddialar yer alıb. Cəfəngiyyata baxın, orada Qarabağdan Ermənistana köçənlərə “qaçqın statusu”nun verilməsi məsələsi yer alır ki, bunun hüquq baxımından yolverilməzliyi şübhəsizdir.
O da şübhə doğurmur ki, Fransa sonrakı mərhələdə bu sayaq sənədlərə istinadın vacibliyini təbliğ edəcək. Habelə Azərbaycanı onlara əhəmiyyətsiz yanaşmaqda günahlandıracaq. Nəticə etibarilə münasibətlərin həllində güc yolunun qaçılmazlığına dair görüntü formalaşdırmaq əsas götürüləcək. Yəni, Parisin çalışdığı budur. Gücə gəldikdə isə onu yaratmaqla bağlı “təlim ritorikasını” diqqətə çatdırdıq. Ancaq məsələ yalnız bunda deyil. Söhbət Ermənistanın silahlandırılmasından gedir və prosesə Fransa ilə yanaşı, Hindistanın da qoşulduğunu söyləmək mümkündür. Hindistan İrəvana modernləşdirilmiş PİNAKA raket sistemi və ən müxtəlif növ silahlar verib. Əminliklə demək mümkündür ki, hazırda Cənubi Qafqaz siyasi akvatoriyasında Fransa – Hindistan – Ermənistan adlı şər üçbucağı formalaşıb və bu qruplaşmada başlıca rolu Parisin oynadığı gün kimi aydındır.
Görünür, elə buna görə də Prezident İlham Əliyev Ş.Mişellə telefon danışığında Fransanın hərəkətlərinin bölgədə yeni müharibə riski yaratdığını bildirib. Məlumdur ki, bu tendensiya Ş.Mişelin egidası altında keçirilən sülh tənzimlənməsinə də ziddir. O egidaya ki, onun çərçivəsindəki növbəti görüşün bu ayın sonunda Brüsseldə təşkili planlaşdırılmaqdadır. Lakin indidən böyük ehtimal var ki, Aİ Şurası prezidentinin vasitəçilik istəkləri gözlənilən real faydanı verməyəcək.
Ə.CAHANGİROĞLU