- Daxili siyasət
- 09:43 19.09.2024
Ermənistan siyasiləri baş nazirin Qırğızıstana getməməsini necə dəyərləndirirlər?
Baş nazir Nikol Paşinyanın MDB Dövlət Başçıları Şurasının Bişkekdəki növbəti iclasına qatılmaqdan imtina etməsi Ermənistanda müzakirə predmetinə çevrilməkdədir. Müzakirənin motivləri barədə söz açmazdan əvvəl bildirək ki, Rusiya tərəfi Qırğızıstanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyevlə Paşinyanın görüşünün təşkilini planlaşdırırdı. Görüşün həm ikitərəfli, həm də Prezident Vladimir Putinin iştirakı ilə keçirilməsi nəzərdə tutulurdu.
Heç şübhəsiz, MDB Dövlət Başçıları Şurasının iclası narazılıqların və ziddiyyətli məqamların nəzərdən keçirilməsi baxımından yaxşı platformadır. O anlamda ki, ümumən tərəflərin bir-biri ilə danışıq aparması, bir sıra məsələlərdə ortaq baxışları müəyənləşdirməsi müsbət haldır. Lakin dediyimiz kimi, N.Paşinyan Bişkekə getmədi. Ermənistan toplantıda heç xarici işlər naziri səviyyəsində də təmsil olunmadı. Orada yalnız nazirliyin departament rəhbərinin müavini iştirak etdi ki, bu da MDB dövlətlərinə münasibətdə böyük sayğısızlıq kimi qiymətləndirilməlidir. Hərçənd, niyyətimiz heç də sırf belə halları diqqətə çatdırmaq deyil. Çünki İrəvanın bu qurumu, xüsusən Rusiyanı “görməzdən gəlməsi” son illərin, belə demək mümkünsə, siyasi trendinə çevrilib.
Bəli, dediyimiz kimi, Ermənistanın siyasi dairələri Paşinyanın Bişkekə getməməsini geniş müzakirə edirlər. Mövcud xüsusda irəli çəkilən ilk məqam oktyabrın 5-də keçirilmiş Qranada Sammitidir. Məlum olduğu kimi, Prezident İlham Əliyev həmin toplantıya qatılmaqdan imtina etdi. Nikolun bir neçə gün əvvəl ölkənin İctimai televiziyasına müsahibəsində səsləndirdikləri fikirlər isə onu deməyə əsas verir ki, həmin sammitdə Azərbaycan üçün, bir növ, tələ hazırlanıbmış. Digər tərəfdən, dövlətimizin başçısının Qranadaya getməməsinin konkret səbəbi var – Fransanın erməni tərəfkeşliyinə qarşı Türkiyənin beşli masaya (Prezident İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan – red.) əyləşməsi. Bu tələb yerinə yetirilmədiyindən, beşli, amma altılı olması gözlənilən masa dördlü masaya çevrildi. Əslində, erməni siyasilər də mövcud məqama diqqət çəkirlər. Ancaq Nikolun Bişkekə yollanmamasının məntiqini anlaya bilmirlər.
Ermənistan siyasi müşahidəçilərinin və politoloq-ekspert cameəsinin diqqət yetirdiyi bir nüans var. Məlum olduğu kimi, Paşinyanın komandası Qaranada Sammitini, az qala, böyük diplomatik qələbə kimi qiymətləndirməkdədir. Nikolun tərəfdarları hesab edirlər ki, İspaniyada qazanılan uğur Azərbaycan hakimiyyətinin, guya, Qarabağda etinik təmizləməyə görə cavab verməli olduğunun təsdiqlənməsinə əsaslanır. Başqa bir yandan, nəzərə alaq ki, erməni iqtidarı Prezident İlham Əliyevin Qranadaya yollanmamasını Azərbaycanın sülhdən yayınması kimi dəyərləndirir. Halbuki, belə deyil. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki paylaşımında da bildirdi. O, ölkəmizin sülhə sadiqliyini ifadə etməklə yanaşı, dövlət başçısının Qranadaya getməməsinin səbəblərinə dolğun şəkildə aydınlıq gətirdi...
İndi isə Ermənistanın siyasi dairələri hesab edirlər ki, Paşinyan Bişkekə yollanmamaqla sülhdən yayınır. Qeyd edək ki, bunu Prezident İlham Əliyev də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasındakı çıxışında vurğulayıb. Yeri gəlmişkən, Ermənistan mediası bu məqama diqqət yetirib və dövlətimizin başçısının söylədiklərini Paşinyanın addımına layiqli cavab olaraq qiymətləndirib. Əlbəttə, erməni mediası və ekspertləri Prezident İlham Əliyevin Paşinyana rişxəndlə yanaşdığı, onu ələ salmağı xoşladığı qənaətindədir və belə görünür, buna haqq verirlər. Elə isə dövlətimizin başçısının münasibətinə diqqət yetirək: “İndi isə sual yaranır: Ermənistan sülh istəyirmi? Düşünürəm ki, xeyr. Əgər o, sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, Bişkekə isə 2-3 saatlıq uça bilmir, vacib işləri var. Bax bütün bunları biz açıq şəkildə deməliyik. Hamı bunu görür, lakin bunu demək və buna əsaslanmaq lazımdır”.
Erməni siyasilər, eyni zamanda, belə hesab edirlər ki, Paşinyan Bişkekdəki görüşdən imtina etməklə, Prezident Əliyevə ən azı Moskva qarşısında əlavə xal toplamaq üçün əla səbəb verir. Onlar Nikolun nə üçün belə davrandığına izah tapa bilmədiklərini vurğulayırlar. Onlar, həmçinin dövlətimizin başçısının Qranadaya yollanmaqdan imtinasını başa düşdüklərini bildirirlər. Əlbəttə, səbəbi öz prizmalarından izah edirlər. Deyirlər ki, Azərbaycan Prezidentinin Qarabağdakı etnik təmizləməyə görə Avropa liderləri qarşısında özünü doğrultmaq arzusu yoxdur. Əslində isə Qarabağda heç bir etnik təmizləmə olmayıb, bölgənin erməni əhalisi öz xoşu ilə ərazini tərk edib və bu halı etnik təmizləmə kimi sırımağa çalışan istənilən platforma ölkəmiz üçün qeyri-məqbuldur. Qranada da belə oldu.
“Bəs, Paşinyan niyə Bişkekə getmir?”, – deyə erməni siyasilər sual verirlər? Onlar bildirirlər ki, əgər, həqiqətən, Qranadada uğur qazanılmışdısa, onu Bişkekdə möhkəmləndirmək olardı və Nikol bu şansı qaçırdı. Əlbəttə, mövcud xüsusda İspaniyada heç bir uğurun qazanılmadığını söyləmək yerinə düşər. Elə Prezident İlham Əliyevin dördlü masanı “anlaşılmaz görüş” adlandırması da bunun təsdiqidir. Digər tərəfdən, erməni ekspert cameəsinin üzərində dayandığı daha bir məqam var – Bişkekdə Moskvanı qıcıqlandıran Ermənistanın ratifikasiya etdiyi Roma statutu barədə bir daha izahat vermək imkanı var idi. Axı, Paşinyan özü deyir ki, bu məsələdə Moskva ilə anlaşılmazlıq mövcuddur. Yəni, yaxşı olardı ki, gedib anlaşılmazlığı aradan qaldırsın.
O da məlumdur ki, Paşinyan Bişkekə getməməklə, öz aləmində, dünyaya mesaj verdiyini düşünür. Təxminən belə: görürsünüz, mən Bişkekə, yəni Rusiyanın hakim rol oynadığı təşkilatın toplantısına getmirəm, amma İlham Əliyev gedir. Yaxud, İlham Əliyev Qranadaya getmədiyi üçün, mən də Bişkekə getmirəm. Hər halda, erməni siyasilər bunu ucuz gediş adlandırırlar. Onlar, eyni zamanda, Nikolun Bişkekə yollanmaqdan sadəcə qorxduğunu önə çəkirlər. Onu sözünü, danışığını bilməyən, Qərbdən asılı aciz siyasətçi kimi qələmə verirlər. Əlbəttə, erməni ekspertlər Paşinyanın oktyabrın sonlarına doğru Brüsseldə Prezident İlham Əliyevlə onsuz da görüşəcəyini vurğulayırlar. Yəni, qorxunun əcələ faydası yoxdur.
Söhbət qorxudan düşmüşkən, erməni mediası hesab edir ki, Nikolun Bişkekə getməkdən boyun qaçırması, həm də onun Rusiya Prezidenti ilə üzləşməkdən qorxması ilə bağlıdır. “Nikol ona cavab verməkdən qorxur? Nə üçün?”, – deyə siyasi icmalçı Ruben Marqaryan da sual edir. R.Marqaryan Paşinyanın Putindən hansı səbəbə qorxmasına və buna görə onunla üz-üzə gəlmək istəməməsinə özünün ritorik sualları ilə aydınlıq gətirir: “Bəlkə Rusiya sülhməramlı kontingetinin Qarabağdakı fəaliyyətini gözdən saldığına və ümumiyyətlə, hakim komandanın anti-Rusiya təbliğatına görə? Roma statutunun ratifikasiyası üçün? Bəlkə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda qeyd olunan və Azərbaycanın qərbini Naxçıvanla, Ermənistan ərazisindən keçməklə, birləşdirməli olan yol boyu tranzit təhlükəsizliyinə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təminatını istəmədiyinə görə? Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına baxmayaraq, Moskvanı Qarabağ faciəsinə görə məsuliyyət daşımaqda günahlandırdığı üçün? Yoxsa Paşinyanın Qarabağ sakinlərinin bölgəyə qayıtmaları və orada təhlükəsiz yaşamaları imkanlarını müzakirə etmək niyyəti yoxdur?”
Əlbəttə, Nikolu Bişkekə yollanmamaqda ittiham edən başqa deyimlər və habelə çoxsaylı ritorik suallar da var. Onların hamısının üzərində dayanmaq istəmirik. Ümumən, bu ittihamlarda iki xətt nəzərə çarpır. Birincisi, Prezident İlham Əliyevlə görüşdən çəkinmək. Çünki məlumdur ki, Paşinyan ona Qranada eyforiyası ruhunda nələrdənsə söz aça bilməyəcək. Nəticədə hazırda erməni cəmiyyətinə sırınan Qranada qələbəsi mifi alt-üst olacaq. İkincisi isə Putindən qorxu. Əlbəttə, Nikolu aşağılayan bir deyim də var: Qranadadan fərqli olaraq, Bişkekdə elə bir əyləncə proqramı planlaşdırılmayıb ki, Paşinyan ailə üzvlərindən birini özü ilə aparmaq istəsin.
Ə.RÜSTƏMOV