- Daxili siyasət
- 09:43 19.09.2024
Qardaşım İlham Əliyevin uzaqgörən liderliyi və müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik. Şuşaya gələrkən bu işləri gördük... Fasiləsiz iş görülür, infrastruktur sahəsində intensiv iş aparılır. Bir tərəfdən yollar salınır, bir tərəfdən enerji stansiyaları açılır, bir tərəfdən yüksəkgərginlikli xətlər çəkilir… Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik.
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Cümhuriyyətinin Prezidenti
Şuşa, 15 iyun 2021-ci il
Bir neçə gündən sonra müasir türk dünyasının ən ünlü simalarından biri, gənc müstəqil Azərbaycan dövlətini beynəlxalq aləmin nüfuzlu aktorlarından birinə çevirmiş İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti postuna seçilməsinin 20 ili tamam olacaq. Cənab İlham Əliyev bu mühüm dövlət vəzifəsinə seçiləndə biz hamımız düşünürdük ki, onun əsas vəzifəsi Azərbaycan xalqının problemlərini həll etmək – yəni ölkəmizin ərazi bütövlüyünün bərpası və respublikamızın hər yerində suverenliyimizin təmin edilməsi olacaq. Təbii ki, bizim gözlədiklərimizin hamısını reallaşdırdı.
Ancaq sonra məlum oldu ki, o, bizim güman etdiyimiz kimi lokal məkanda deyil, daha geniş sferada siyasi fəaliyyət göstərir. Yəni o, türkdilli dövlətlərin iş birliyinin, əməkdaşlığının, Turan ideyası ətrafında daha mütəşəkkil birləşməsinin əsas stimulverənlərindən biri kimi ortaya çıxmağı bacardı və bütün dünyada istədiklərinə nail olan lider nüfuzu qazandı. Nəticədə, Azərbaycan Prezidenti təkcə regional müstəvidə deyil, ümumiyyətlə, bütün Avrasiyada söz sahibinə, bir çox siyasətçilərin səmimi şəkildə məsləhət aldığı dünya miqyaslı siyasətçi statusuna nail oldu.
Bir məqamı da xatırladım ki, Azərbaycanla eyni dövrdə dövlət müstəqilliyinə nail olmuş ölkələrin əksəriyyətində bizə həsədlə baxırlar. Çünki müasir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının sessiyalarına, AŞPA Nazirlər Kabinetinin iclasılarına sədrlik etmiş, sıralarında 120 dövlətin olduğu Qoşulmama Hərəkatına sədrliyi davam etdirən, BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edən və ona nail olan, xəyanətkar qonşularımızın iki əsrlik fitnə-fəsad torunu darmadağın edərək ölkənin ərazi bütövlüyünün bərpasına nail olan Lideri var. İlham Əliyev bütün bu keyfiyyətləri ilə son 20 ilin istənilən günündə xalqımıza üzağlığı gətirmişdir.
Bu gün hamı bilir ki, İlham Əliyev Azərbaycanı beynəlxalq kosmik ailənin üzvünə, Bakını dünyanın əksər problemlərinin həlinə çalışan beynəlxalq təşkilatların fəaliyyət mərkəzinə çevirmişdir. Onun sözübütövlüyü, tərəf-müqabillərinə sədaqəti, beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərin təməl prinsiplərinə dərindən bələd olması heç kəsin nəzərindən yayınmadığına görə müasir dünyanın müxtəlif siyasi qütbləri öz aralarındakı problemləri məhz Bakıda müzakirə etməyi məqsədəuyğun hesab edirlər. Mən NATO – Rusiya və ABŞ – Rusiya hərbçilərinin Bakıda keçirilmiş yüksək səviyyəli görüşlərini də nəzərdə tuturam.
Ancaq cənab Prezidentin siyasi fəaliyyətinin başqa bir istiqaməti də var ki, o barədə hər gün yazsaq, yenə də azdır. Həmin istiqamət Türkdilli ölkələrlə əməkdaşlığın qardaşlıq səviyyəsinə qaldırılması üçün atılan addımlardır. Qətiyyətlə deyə bilərəm ki, türk dövlətlərinin hamısında Prezident İlham Əliyevi türk dünyasını Turana doğru aparan lokomotivlərdən biri kimi qəbul edirlər.
Bəri başdan qeyd edim ki, İlham Əliyev təkcə Prezident seçiləndən sonra deyil, hətta Azərbaycan Milli Məclisinin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri olarkən də həmin qurumdakı Azərbaycan və Türkiyə deputatlarının əlbir işləməsinə nail olmuşdu. Bu da AŞPA tarixində ilk dəfə olaraq Ermənistanın işğalçı dövlət kimi tanınmasını sübut edən sənədin qəbul olunması ilə nəticələnmişdi. Onun Azərbaycan Prezidenti seçilməsindən sonra bu istiqamətdə həyata keçirdiyi layihələr və atdığı addımlar isə Türkiyə mətbuatında “türk tarixinin şərəfli səhifələri” olaraq, yaddaşlara yazılmışdır.
Həmin şərəfli səhifələrə bugünkü Türk Dövlətləri Təşkilatının təməli qoyulmuş TDƏŞ-in Naxçıvan Sammitindən Şuşa Bəyannaməsinə qədər olan yoldakı qətiyyət və prinsipiallıqdır. Məmnuniyyətlə xatırladırıq ki, TDT dövlət başçımızın həmin fəaliyyətini həmişə yüksək qiymətləndirmişdir. Elə 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Prezidentinə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi də həmin qiymətləndirmənin nəticələrindən biri idi.
Orada qeyd olunmuşdu ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir.
Ordeni dövlət başçımıza təqdim edən Türkiyə Prezidenti demişdi: “Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən erməni işğalına 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır… Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir”.
Ancaq İlham Əliyevin Türk dünyası qarşısındakı titanik xidmətlərinə verilən qiymət bununla bitmir. Belə ki, ötən il avqustun 24-də Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçımızı öz ölkəsinin ən ali mükafatlarından olan “Qızıl qartal” (“Altın Kran”) ordeni ilə təltif etmişdir. Bu yüksək qiymətə münasibət bildirən Azərbaycan Prezidenti demişdir: “İlk növbədə, artıq nümayəndə heyətlərinin iştirakı ilə məni Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeni ilə təltif etdiyinizə görə bir daha təşəkkürümü bildirmək istərdim. Bu mükafata layiq görülməyim mənim üçün böyük şərəfdir və mən bunu xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycanın münasibətlərimizin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət hesab edirəm”.
Bəli, Prezident İlham Əliyev Azərbaycanı ucaltdıqca özü də ucalır, Türk dünyasının daha da qüdrətlənməsinə çalışdıqca özü daha da qüdrətlənir, bizi Turana yaxınlaşdırdıqca, özü o böyük səltənətin – Turanın qapılarını döyür. O, Azərbaycan tarixinə uğurlarla dolu onilliklər yazdıqca, biz əmin oluruq ki, qarşıdakı onilliklərimiz daha böyük uğurlarla zəngin olacaq. İnşallah!
İttifaq MİRZƏBƏYLİ