- Daxili siyasət
- 09:37 20.09.2024
Türk dünyasında Yeni əsrin liderlərindən olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il keçir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, cənab İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Həqiqətən, ötən illərə və hazırda dayandığımız nöqtəyə nəzər salsaq, görərik ki, İlham Əliyevin liderliyi ilə Azərbaycan möhtəşəm uğurlar qazanmış, Yaxın və Orta Şərqin, bütün postsovet məkanının ən nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.
1993-cü ilin ortalarında – Heydər Əliyev siyasi rəhbərliyə qayıtdığı dövrdə dövlət müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üzbəüz olan müstəqil Azərbaycan Respublikası Ulu öndərin zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində yeni inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə rəhbər seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Əsrə bərabər 20 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsindəki qəti qələbəmiz və son anti-terror tədbirləri nəticəsində erməni separatçılarının tam tərk-silah edilməsi, onların nəzarətində olan Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd şəhərlərinin azad edilməsi və əli Azərbaycan xalqının qanına batmış terrorçu liderlərin həbs olunaraq Bakıya gətirilməsi dayanır. Mübaliğəsiz demək olar ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni geostrateji reallıqlar yarandı.
Tarixə nəzər salsaq görərik ki, ötən son 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində nə qədər ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan təslimolma sənədinə imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi.
Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici media vasitələrinə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də, dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir.
Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən 20 il ərzində ölkə rəhbəri xalqa verdiyi bütün vədləri yerinə yetirib.
Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına müşahidə edilib, insanların sosial-rifah halı daha da yaxşılaşıb, siyasi və hərbi reytinqimiz bütün dünyada nəzərəçarpacaq dərəcədə artıb. Təkcə iqtisadi və sosial sahədə qazanılmış bir neçə göstəricini diqqətə çatdırmaqla ötən 20 ildə ölkə iqtisadiyyatının nə qədər artdığını qeyd etmək olar. Belə ki, yoxsulluğun minimuma endirilməsini, 2 milyondan çox yeni iş yerlərinin açılması, əməkhaqları və pensiyaların dəfələrlə artırılması, hər şeydən öncə, azad edilən Qarabağ və Şərqi Zəngəzur torpaqlarında abadlıq-quruculuq işlərinin fövqəladə sürətlə aparıldığını bildirmək kifayətdir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli aeroportu artıq təyyarələri qəbul etməyə hazırdır, Şuşaya gedən Zəfər yolunun tikintisi tamamlanmaq üzrədir. Ağdam və Cəbrayıl şəhərlərinin bərpasının təməli qoyulub. Dövlət başçımız haqlı olaraq vurğulayır ki, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar. İndi bu proses sürətlə aparılır.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir sıra transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, həmçinin, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri... ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.
Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. "Azerspace-1", "Azersky" və "Azerspace-2" peykləri orbitdə uğurla fəaliyyət göstərir.
Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində layihələrin, inqilabi islahatların müəllifidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini – “ASAN xidmət” mərkəzlərini buna misal göstərmək olar.
Son 20 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı "Eurovision" mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, "Formula 1" yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa evsahibliyi edib.
Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.
Beləliklə, ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə qeyd edir ki, ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı etimadın nəticəsidir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının ürəyini fəth etməyi, özünə əbədi hörmət qazanmağı və verdiyi qərarlar, atdığı misligörünməmiş addımları ilə Vətənini dünyanın sayılıb-seçilən məmləkətlərindən birinə çevirməyi bacarmışdır. Tam əminliklə demək olar ki, dövlət başçısı kimi cənab İlham Əliyevin qərarlarının ölkəmizi bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacağı heç kəsdə şübhə doğurmur.
Adil ƏLİYEV,
Milli Məclis Sədrinin müavini