USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan Qranada eyforiyasından hələ də ayılmayıb

İrəvanın yeni illüziyası – Brüssel gözləntisi


https://img.baki-baku.az/news/2023/10/photo_8907.jpg

Baş nazir Nikol Paşinyanın Ermənista­nın İctimai televiziyasına müsahibəsi bir neçə cəhətdən maraq doğurmaqdadır. Mü­sahibə ilk baxışdan Ermənistanın Azərbay­canla sülh sazişi bağlamağa hazır olması üzərində köklənsə də, vurğulanmalı bəzi məqamlar var ki, onlara nəzərən ümumən Cənubi Qafqazdakı barış mühitinin qərar­laşmasına doğru gedən yolun heç də asan olmayacağını söyləmək mümkündür. Biz deyək ki, Ermənistan, indiki halda baş na­zir Paşinyan səmimi deyil. Yazımızda həm də Nikolun, habelə onun kürəyini söykədiyi Qərbin qeyri-səmimiliyinə aydınlıq gətir­məyə çalışacağıq. 

Zəngəzur dəhlizi: Paşinyan gah “hə” deyir, gah da “yox”

N.Paşinyan yenə Zəngəzur dəhlizi məntiqinə qarşı çıxmaqdadır. O, mü­sahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinə münasi­bətdə əks mövqe ortaya qoyurmuş kimi səslənib. Nikol həm Türkiyənin, həm də Azərbaycanın işlətdiyi siyasi leksikonu bəyənmədiyini dilə gətirib. Yəni, Zən­gəzur dəhlizi ifadəsi ilə razılaşmadığını deyib ki, əslində, bu mövqeyini əvvəl­lər də bəyan etmişdi. Belə görünür ki, Nikol məsələni Ermənistana qarşı ərazi iddiası kontekstində dəyərləndirməkdə israrlıdır. Ona görə də bildirir ki, ölkəsi regional kommunikasiyaların açılması­na ancaq özünün suverenliyini və yu­risdiksiyasını, habelə bərabərlik və qar­şılıqlılıq prinsipini nəzərə alan şərtlərlə hazırdır. Ən əsas məqam isə erməni baş nazirin mövcud müstəvidə heç bir üçüncü tərəfin Ermənistan ərazisinə nəzarətinə yol verilməyəcəyini vurğula­masıdır. Bu deyim onun imza atdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəya­nata ziddir. 

Bəli, Paşinyan həmin bəyanatın 9-cu maddəsini qəbul etmir. Özü də bunu son dərəcə həyasız formada. Sanki üzə durur: “Bizə deyirlər üçtərəf­li Bəyanata görə təhlükəsizliyi Rusiya təmin etməlidir. Biz isə bunun doğru olmadığını deyirik. Bu, ictimai qaydada açıqlanmış sənəddir. Sənədi açıb oxu­yaq, orda elə bir maddə yoxdur”.

Ancaq üçtərəfli bəyanatın 9-cu bəndində göstərilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb ra­yonları və Naxçıvan Muxtar Respublikası arasın­da nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti­nin orqanları həyata keçirir”.

Haşiyə çıxaq ki, Paşinyan özünün anti-Ru­siya xəttini yalnız üçtərəfli bəyanatın haqqında söz açdığımız 9-cu bəndinin inkarı üzərində qur­mur. Məsələn, o, Ermənistan ərazisində – Güm­rüdə yerləşən 102-ci hərbi bazanın orada qalma məsələsindən söz açarkən, həmin bazanın çıxarıl­masının gündəlikdə dayanmadığını bildirir. Amma məsələnin İrəvan-Moskva əlaqələrinin qarşılıqlılıq səviyyəsindən asılılığını qabardır. Deməli, o, fakti­ki olaraq bildirir ki, əgər Rusiya Ermənistana qarşı hansısa yolverilməz addım atsa, 102-ci baza da qalmayacaq. Qarabağdakı Rusiya sülhməramlıla­rına gəlincə, məlumdur ki, indiki situasiyada on­ların bölgədə mövcudluğuna səbəb yoxdur. Çünki erməni sakinlər ərazini tərk ediblər. Nikol isə xüsu­si olaraq, vurğulayır ki, Rusiya sülhməramlı hərbi kontingentinin Ermənistan ərazisində də mövcud­luğuna ehtiyac duyulmur. Daha doğrusu, məsələ­nin hüquqi mexanizminin istisna təşkil etdiyini önə çəkir. Görünür, baş nazir Moskvaya münasibətdə hər cür psixoloji refleksləri diri saxlamağa çalışır. Çünki sonuncu məsələnin üzərində dayanmaya da bilərdi. Yəni, onsuz da Rusiya sülhməramlıları Ermənistanda qala bilməz.

Bəli, Zəngəzur dəhlizi məntiqinə qarşı demarş mövqeyi seçən və bu baxımdan Rusiyanın həmin yola nəzarətinin yolverilməzliyi üzərində dayanan N.Paşinyan dəhlizlər və yollar arasındakı məntiqi fərqlərə diqqət çəkərək vurğulayıb ki, regionda sülhün bərqərar olması üçün ərazi anlaşılmazlıq­larına yol verilməməlidir. Sırf Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yola – Rusiya­nın xarici işlər nazirinin müavini Mixail Qaluzi­nin təbirincə desək, “Meğri marşrutu”na gəlincə, Zəngəzur dəhlizi ideyasını “süngü ilə qarşılayan” Nikol buna etiraz etmədiyini deyib və məsələnin Ermənistanın blokadasının aradan qaldırılmasına töhfə verə biləcəyini önə çəkib. Yeri gəlmişkən, M.Qaluzinin bir neçə gün əvvəl dediyi də bu idi ki, Ermənistan gələcəkdə, “Meğri marşrutu”ndan faydalanaraq, loru dildə desək, gün görsün. ...Eyni zamanda, erməni baş nazir əmin edib ki, yolların açılması bütün region ölkələri üçün faydalıdır və bu, şübhə və qeyri-müəyyənliklərin olmaması şərti ilə, Cənubi Qafqazda sülh mühitinin qərarlaşması­na dəstəkdir.

Göründüyü kimi, Paşinyan ifadə tərzi kimi qə­bul etməsə də, Zəngəzur dəhlizinin əhəmiyyətini anlayır. Burada onun üçün iki məqam var. İlk növ­bədə söhbət dəhliz məntiqindən gedir. Nikol yaxşı anlayır ki, ölkəsindəki müxalif kəsim bu məntiqi Ermənistan ərazilərinin işğalı kontekstində görür və həmin kəsimi qıcıqlandırmaqdan, ona diskus­siya mövzusu verməkdən uzaq durur. İkinci məqa­mı isə vurğuladıq. Nikol istəmir ki, dəhliz üçtərəfli Bəyanatda əksini tapdığı kimi fəaliyyət göstərsin. Yəni, Rusiyanın onun üzərindəki jandarm missiya­sına qarşı çıxır. Ancaq onun unutduğu bir şey var. O məqam da bundan ibarətdir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük layihədir. Bu layihədə əsas məqam heç də təkcə Azərbaycanın digər ərazilə­rinin Naxçıvanla quru əlaqəsinin mövcudluğuna bağlı deyil. Başlıca motiv geosiyasi və geoiqtisadi anlama söykənir. Nə Azərbaycan, nə Türkiyə, nə də layihənin reallaşmasında maraqlı olan Rusiya­nın özü belə bir taleyüklü məsələdə Ermənistanın “təhlükəsizlik çətiri”nə bel bağlamayacaq. Digər tərəfdən, ortada Paşinyanın qarşı çıxdığı üçtərəf­li Bəyanat var. Bəyanatda Rusiya Prezidentinin imzasını heçə saymaq ən azından etik deyil. Çox güman, həm də buna görə Türkiyə Prezidenti Ər­doğan bildirir ki, Ermənistan üzərinə düşən öhdə­liyi yerinə yetirməsə, dəhliz üçün İran ərazisindən istifadə ediləcək. Bu ssenari isə Ermənistanın təc­rid vəziyyətində qalması deməkdir. Yəni, Paşinyan Türkiyə liderinin fikirlərinə münasibət bildirib əks mövqe ortaya qoyanda, ikincinin haqqında söz aç­dığımız alternativlik yüklü açıqlamasına diqqət ye­tirməli və nəticə çıxarmalıdır. Nəticə çıxaracaqmı? Bunu zaman göstərəcək. 

Baş nazirin çin olmayan yuxuları

N.Paşinyanın müsahibəsində üzərində da­yandığı növbəti məqam Avropa Siyasi Birliyinin oktyabrın 5-də keçirilmiş üçüncü Zirvə toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdür. Avro­pa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Fran­sa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun da iştirak etdiyi həmin gö­rüşdə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənəd imzalayıb. 

Məlum olduğu kimi, əvvəldə nəzərdə tutulsa da, son anda Prezident İlham Əliyev Qranada sammitində iştirakdan imtina etdi. Səbəb Fran­sanın Ermənistanın tərəfində durması və buna qarşılıq Bakının beştərəfli görüşə Türkiyənin də qatılması tələbi idi. Ankaranın iştirakçılığına ra­zılıq verilmədi. Nəticə etibarilə Nikol Qranadada Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suveren hüquqlarını tanısa da, Azərbaycan Ermə­nistanın ərazisinin 29,8 min kvadratkilometr göstə­rildiyi bəyannaməyə imza atmamış durumdadır və məsələ həm rəsmi İrəvanı, həm erməni siyasi da­irələrini, həm də xaricdəki ermənipərəstləri nara­hat etməkdədir. Görünür, Aİ Şurasının prezidenti də narahatdır və buna görə oktyabrda tərəfləri üç­tərəfli formatda Brüsseldə görüşdürmək niyyətini ortaya qoyub. 

N.Paşinyan isə Qranadadakı dörd-tərəfli görüşü şərh edərkən bildirib ki, toplantının əhəmiyyəti iki mühüm bəyanatla səciyyələndirilə bilər. Onun sözlərinə görə, ilk bəyanatı prezident Makron, Kansler Şolts, Ş.Mişel və onun özü im­zalayıb. Sənəd Aİ-nin Ermənistanla münasibətlə­rin dərinləşməsinə dair konsensusunu vurğulayır. Avropa Komissiyasının sədri Ursula von der Le­yen tərəfindən də imzalanmış ikinci bəyanat isə özündə regiondakı sülhün əsas sütunlarını ehtiva edir. Hər halda Ermənistan baş naziri belə deyir. Onun söylədiklərindən anlaşılır ki, bu sütunlara Ermənistanın və Azərbaycanın ərazi bütövlüyü­nün qarşılıqlı tanınması, 1991-ci il Alma-Ata sazişi əsasında sərhədlərin delimitasiyası, suverenliyə hörmətlə yanaşılmaqla, regional kommunikasi­yaların açılması daxildir. Əsas məsələlərdən biri də budur ki, ikinci sənəddə Qarabağa qarşı güc tətbiqi pislənilib, region əhalisinin məcburi köçü­rüldüyü vurğulanıb, həmçinin humanitar vəziyyə­tin idarə olunmasında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləməyə hazır olduğu bildirilib. Bəyanatda, eyni zamanda, Qarabağ ermənilərinin ilkin şərt olmadan geri qayıtmaq hüququ da diqqətə çatdı­rılıb. Paşinyanın sözlərinə görə, sənədin məxsusi­liyi onun dördtərəfliliyidir, lakin Azərbaycanın im­zasının olmaması ilin sonuna qədər sülh sazişinin imzalanması ehtimalı ilə bağlı suallar yaradır. Baş nazir bildirib ki, Bakı bu bəyanatı imzalasaydı, sülh sazişi ehtimalı 70 faizdən çox olardı.

Ermənistanın baş nazirinin bildirdiklərindən belə qənaətə gəlmək mümkündür ki, Qranadada Azərbaycana qarşı tam bir oyun qurulmuşdu. Sən demə, Nikol avropalılarla birləşib Qarabağ avan­türasının davamına imza atıb. Hər halda bölgə­nin erməni əhalisinin məcburən köçürüldüyünün vurğulanmasını, üstəlik, məsələnin imza ilə təs­diqlənməsini başqa cür qiymətləndirmək müm­künsüzdür. Əlbəttə, Azərbaycanın belə bir sənədə imza atması da həmçinin. Belə çıxır ki, ölkəmizin Qarabağ erməniləri ilə bağlı konstitusion əsasda verdiyi təminatlar nəzərə alınmır. 

Bəli, Qranadada imzalanmış sənəd ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə şübhələndirir. Birin­cisi, Bakı Qarabağ ermənilərinə zor tətbiq etməyib. İkincisi, bu əhali kateqoriyasının ərazidən çıxma­sını istəməyib, əksinə qalmasında maraqlı olduğu­nu dəfələrlə vurğulayıb. Belə bir məqamda erməni köçkünlərin geri qayıtmaq hüququnun hansısa sənəddə yer alması məcburi köçürülmə halının mövcudluğunun təsdiqlənməsi kimi interpretasiya oluna bilər ki, Azərbaycanın məsələnin qoyulu­şu ilə əsla razılaşmayacağı şübhəsizdir. Deməli, bu qənaətə gəlmək olar ki, erməni sakinlərin tez bir zamanda Qarabağdan çıxarılmaları məqsədli imiş və bölgə üzrə avantürist planların gündəm­də saxlanılmasına xidmət edirmiş. Onların əra­ziyə qayıtmaq hüquqlarına gəldikdə, son günlər BMT sülhməramlıları məsələsi üzərində dayanılır. Ş.Mişel də bildirib ki, əgər Azərbaycan məcburi köçürülmənin olmadığını sübuta yetirmək istəyir­sə, qurumun sülhməramlı missiyasının əraziyə gəlməsinə razılıq verməlidir. Yəni, yalnız bu şərtlə Qarabağ erməniləri geri qayıda, onların hüquq­ları təmin oluna bilər. Ortaya qəribə məntiq çıxır. Deməli, Qarabağın erməni sakinlərinin geri qa­yıtmaq hüququ var və bu hüququn reallaşmasına təminatçı BMT sülhməramlılarıdır. O zaman sual olunur: bəs, Azərbaycanın suverenliyi? Bəli, Nikol və avropalılar ölkəmizin ərazi bütövlüyünü tanıdıq­larını bildirsələr də, bu tanınmanı şübhələndirəcək məqamları də dövriyyəyə buraxırlar. Hələ, üstəlik, Paşinyan, bir növ, minnət qoyurmuş kimi deyir ki, bütün bunlar reallaşdıqdan sonra sülhə 70 faiz nail olunacaq. Görəsən, onun və qərbli tərəfdaşlarının danışmağa başqa yuxuları qaldımı?

Suala cavab vermək çətin olsa da, belə gö­rünür, Nikol yuxusunu reallıq kimi təqdim etməyə girişib. O deyir ki, Qranadada görüş keçirildi və Aİ-nin saytında prinsiplər açıqlandı. Brüsseldə düzənlənəcək növbəti görüş zamanı isə prinsiplə­rin artıq mövcudluğundan və onlarla Ermənistanın razılaşdığından çıxış edilməlidir. Ən acınacaqlısı budur ki, Paşinyan yuxusunu bir qədər də reallıq kimi göstərərək, yuxarıda sadaladığımız cəfəng məqamların özünü də prinsip olaraq təsdiqləyir. Deyəsən ona hansısa fövqəltəbii qüvvə həmin “prinsipləri” Azərbaycanın da qəbul etdiyini deyib. “Azərbaycan indi başqa platforma təklif edəndə biz başa düşməliyik ki, biz başqa dialoqların əleyhinə deyilik. Lakin başqa görüşlərdə artıq qəbul edilmiş prinsiplərin revizionizminin əleyhinəyik”, – deyən erməni baş nazirin Qranada görüşünü ehkamlaş­dırmasının faydasızlığı aşkardır. Ən azından ona görə ki, görüşdə Azərbaycan iştirak etməyib və ölkəmizin iştirakı olmadan imzalanmış hər hansı regional əhəmiyyətli sənəd prinsipial əhəmiyyət daşımır.

Anklavlar və sülhün imitasiyası

N.Paşinyanın haqqında söz açacağımız məsələyə dair fikirlərini şərh etməzdən əvvəl bil­dirək ki, Azərbaycan Prezidenti İlham Əliyev Aİ Şurasının prezidenti Ş.Mişellə sonuncu telefon da­nışığı zamanı Ermənistanın nəzarətində ölkəmizə məxsus kəndlərin qaldığını vurğulamışdı. Bu fikir onu deməyə əsas verir ki, dövlətimizin başçısı bü­tün məsələlərdə olduğu kimi, mövcud istiqamətdə də prinsipialdır. Nikol isə müsahibəsində bildirib ki, Ermənistan ərazi idarəçiliyinin vacibliyinə əsasla­naraq, anklavlar məsələsini qaçılmaz hesab edir. O, ölkəsinin 29,8 min kvadratkilometrlik ərazisində hazırda Azərbaycanın nəzarətində olan bölgələ­rin də yer aldığına diqqət çəkib. Ermənistanın heç bir orqanının və ya nümayəndəsinin suveren ərazidən imtina etmək hüququnun olmadığından söz açan baş nazir anklavlarla əlaqədar proble­min həllini sərhədlərin delimitasiyası, təhlükəsizlik məsələləri ilə əlaqələndirib. 

N.Paşinyanın mövcud xüsusda bildirdiklərin­dən belə nəticə hasil olur ki, Ermənistan anklavlar məsələsini Bakı–İrəvan sülh razılaşmasının mü­hüm komponenti kimi irəli sürməkdədir. Əslində, bunu komponent yox, daha çox şərt kimi də qiy­mətləndirmək mümkündür. Belə yanaşma isə əsla yolverilməzdir. Həm Nikol, həm də onun xaricdəki dostları anlamalıdırlar ki, Azərbaycanla şərt dili ilə danışmaq ən azından ziyanlıdır. Özü də bunu nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır.

Əlbəttə, Paşinyan o anlamda haqlıdır ki, həm anklavların, həm də daha geniş spektrli durumun əsaslı şəkildə müzakirəsi, sonradan vəziyyətin gərginləşməməsi baxımından vacibdir. Ancaq yuxarıda diqqətə çatdırdığımız xüsusları nəzərə alsaq, hazırda Ermənistanın Cənubi Qafqazla bağlı sülh gündəliyinin başlıca komponentlərindən yayındığını vurğulamaq yerinə düşər. Onun “təs­diq olunmuş xəritə” məntiqi də manipulyasiya və birtərəfli təqdimatdan başqa bir şey deyil. Söhbət hansı xəritədən gedir? 1975-ci ilin xəritəsindənmi? Nikol hansı səbəbdən məhz həmin xəritəni əsas götürür? Həmin xəritənin əsas götürülmə meyarı nədir? Nəhayət, Alma-Ata Bəyannaməsini əsas götürmək hara, xəritə söhbəti eləmək hara? Bütün bu kimi suallara cavab yoxdur. Daha doğrusu, Pa­şinyan yalnız öz ölkəsinin mənafeyini hesablayır. Elə sanır ki, əksini düşünən olmamalıdır. Baş na­zirin “kimin nə qədər qoşunlarını geri çəkməlidir” deyimi də buna hesablanıb. Aydındır ki, Azərbay­can Ordusunun birləşmələrinin geri çəkilməsini nəzərdə tutur. Diqqət yetirək, o deyir ki, Azərbay­can Ermənistan Respublikasının ərazi bütövlüyü­nü tanıdığını açıqlayanda, konkret hansı ərazidən söhbətin getdiyini başa düşməyə ehtiyac var. 

***

Sonda onu da deyək ki, Azərbaycan–Ermənis­tan sülh gündəliyi ilə bağlı məsələlər bir-biri ilə sıx sürətdə əlaqəlidir. Paşinyan və onun qərbli dost­ları Qarabağ üzərində manipulyasiya baxımın­dan, belə demək mümkünsə, əl yeri qoyurlarsa, deməli, bu, istər-istəməz sülhün digər məqamla­rına da mənfi təsirini göstərəcək. Paşinyanın Er­mənistanın İctimai televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər həmin təsirlərin qaçılmazlığını göstərməkdədir. Bütün bunlar isə qarşıda nəzərdə tutulan Brüssel görüşünün nikbinlik aurasına bəri başdan xələl gətirməkdədir. Ancaq dəqiq tarixi bi­linməyən Brüssel raunduna hələ var. O vaxtadək Paşinyan və komandası düşünməlidir ki, Qra­nada Sammitinin gətirdiyi mənasız eyforiyadan daşınmaq lazımdır. Orada imzalanmış hansısa sənədə əsasən illüziyalara qapılmaq yolverilməz­dir. İrəvanda nəzərə almalıdır ki, Qərbin lakmus kağızlarına güvənib hansısa prinsiplər uydurmağa ehtiyac yoxdur. İlk növbədə ona görə ki, Azərbay­canın öz hərəkət trayektoriyası var. Buna kimsə­nin şübhəsi olmamalıdır. 

Əvəz CAHANGİROĞLU




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV