USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rəsmi İrəvanın Qarabağdakı “erməni mədəni mirası” təəssübkeşliyi

Bu ölkənin anti-Azərbaycan fəaliyyətində avantürizm elementləri bitib-tükənmir


https://img.baki-baku.az/news/2023/10/photo_8892.jpg?v=MjAyMy0xMC0xMSAxMDoxMzozMA==

Başlandı. Məhşur Azərbaycan filmində deyildiyi kimi, eyni dalğa, eyni koordinat. Bəli, Ermənistan 44 günlük müharibədən sonrakı yolla getməkdə israrlıdır. Bu dəfə hədəf Qarabağ ərazisidir. Söhbət Qarabağdakı erməni mirası kimi təqdim edilən adidələrlə əlaqədar “iddiaların” irəli sürülməsindən gedir. Beləliklə, Ermənistanın xarici işlər nazirinin müavini Paruyur Ovannisyan İrəvanda səfərdə olan Almaniya Bundestaqının deputatı Robin Vagenerlə görüşdə bildirib ki, Azərbaycanın lokal xarakterli antiterror tədbirlərindən sonra ələ keçirdiyi ərazilərdə erməni mirasının məhv edilməsi təhlükəsi var. 

Qeyd edək ki, Ermənistan 44 günlük müharibədən son­ra beynəlxalq institutları, o cümlədən, məhkəmələri bunun­la bağlı əməlli başlı yorub desək, yanılmarıq. Təsəvvür edin ki, ölkə rəhbərliyi Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Ağdam ərazisindəki abidələrin ermənilərə məxsusluğunun təsdiqlənməsi ilə bağlı iddia qaldırmışdı. Sən demə, ərazi Azərbaycanın olmasına baxmayaraq, abidə Ermənistanın olmalı imiş. Belə bir şey mümkündürmü?! Görünür, erməni avantürizminin nəzərində mümkün olmayan heç nə yoxdur.

Sual olunur: Beynəlxalq hüquq ins­tansiyalarına belə müraciətlərin ünvan­lanması, iddiaların qaldırılması yalnız Azərbaycana olan qəzəb və hiddətinmi göstəricisidir? Əlbəttə, bu amil də öz sözünü deyir. Ancaq məsələ, kifayət qədər, düşünülmüş mahiyyətə malikdir. Əlbəttə, buna mahiyyət demək müm­kündürsə. Məsələ burasındadır ki, 44 günlük müharibədə acınacaqlı duruma düşmüş Ermənistan işğal etdiyi tor­paqlarımızı əlindən çıxardı. Sonradan həmin torpaqlardakı abidələrin erməni xalqına məxsusluğunun təsdiqlənməsi­ni ona görə lazımdır ki, gələcəkdə bu ərazilərlə bağlı yenidən iddia irəli sürülə bilsin. 

Əlbəttə, İrəvanın üz tutduğu Bey­nəlxalq Ədalət Məhkəməsi bu qəbil­dən olan iddiaları təmin etmədi. Amma təsəvvür edək ki, belə bir şey baş verib. Ortaya məntiq, daha doğrusu, məntiq­sizlik çıxır. Yəni, məsələ təqdimatdan asılı olacaq. Bir qayda olaraq, güclü tərəfin təqdimatı haqlı və keçərlidir. O zaman Ermənistan gələcəkdə deyə bilər ki, hətta BƏM belə hansısa abi­dənin erməni xalqına məxsusluğunu təsdiqləyibsə, deməli, həmin abidənin yerləşdiyi torpaq da Ermənistana məx­susdur. Əlbəttə, güclü olsa. İnanaq ki, heç vaxt bu baş verməyəcək. Ancaq göründüyü kimi, ortada son dərəcə məkrli işğalçılıq niyyəti var.

Bəli, torpaqlarımızdakı abidələri­mizə qarşı, belə demək mümkünsə, cəbhə açmaq, onları özününküləşdir­məyə cəhd göstərmək erməni avantü­rizminin çoxdankı şakəridir. Məsələnin bir qədər dərin qatlarına varacağıq. Hələlik isə onu deyək ki, Ermənista­nın XİN rəhbərinin müavininin sırf Qa­rabağ ərazisinə köklənməsi sıradan məsələ sayıla bilməz. Hesab edirik ki, P.Ovannisyan özlüyündə çox doğru zamanı seçib. Nəzərə alaq ki, hazırda Ermənistan dövləti, o cümlədən dün­ya erməniliyi Qarabağdakı lokal xa­rakterli antiterror tədbirlərindən sonra bölgəni tərk edib Ermənistana gedən ermənilərlə bağlı məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdadır. Mövcud xüsusda etnik təmizləmə kimi sərsəm gündəlik də müəyyənləşdirilib. Çox təəssüf ki, beynəlxalq aləmin bəzi qütbləri, o cümlədən, hakim dairələri bu sərsəmliyin sentimental zəngulələ­rini vurmaqla məşğuldurlar. Sanki, kimlərsə hesab edir ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi Cənubi Qafqazdakı balansı pozub. Daha doğ­rusu, balansı Azərbaycanın xeyrinə dəyişib. Ona görə də bu qüvvələr var gücləri ilə çalışırlar ki, Ermənistana yönəlik hansısa jestlər etsinlər. Əlbəttə, bu jestlər həm də dünya erməniliyinin, erməni lobbi və diaspor təşkilatlarının ağzını müəyyən qədər də olsa, yum­mağa hesablanıb. 

Onu da nəzərə alaq ki, hazırkı dün­yamızda beynəlxalq hüquq siyasi avan­türaların arxasınca sürünməkdə, alətə çevrilməkdədir. Mövcud xüsusu ətraflı düşünsək, tam mümkündür ki, həmin o balans yaratmaq istəyən dairələr beynəlxalq hüququ da erməni maraq­ları naminə qurban verməyə qalxsınlar. Təxminən, belə: ermənilər incik düşüb­lər, onların xeyrinə nəsə etmək lazım­dır. Həmin “nəsə” isə erməni mədəni mirası deyilən məsələdir. Bu səbəbdən də Azərbaycanın müvafiq qurumları­nın ehtiyatlı davranmaları şərtdir. Heç bir halda bu sahəni diqqətdən kənarda qoymaq olmaz. 

Azərbaycan Ermənistanın BMT-nin ali ədliyyə orqanı sayılan Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı hər iddiaya qarşılıq iddia irəli sürür. Yəni, İrəvanın ölkəmizlə davanı beynəlxalq hüquq müstəvisinə daşımaq cəhdinin qarşılığı kifayət qədər verilir. Bunun nə­ticəsidir ki, BƏM-də çaş-baş vəziyyətdə qalıblar. Məsələn, qurum hələ 2021-ci ildə Azərbaycan və Ermənistandan irqi zəmində nifrətin qızışdırılmasına son qoymağı tələb etmişdi. Məhkəmənin sədri Joan E.Donoghue bildirmişdi ki, hər iki tərəf ziddiyyətləri dərinləşdirə və ya mürrəkkəbləşdirə, mübahisənin həl­lini çətinləşdirə biləcək hərəkətlərdən çəkinməlidir. 

Göründüyü kimi, xanım məhkəmə sədri heç də hüquq prizmasından çıxış etmirdi. Çünki o, yaxşı anlayırdı ki, Bakı–İrəvan ziddiyyətləri dərin siyasi motivlidir və ümumən tərəflərdən han­sınınsa qaldırdığı iddianı təmin etmək fərqli yozulacaq. Hesab etsək ki, bir qayda olaraq, iddia qaldıran tərəf Er­mənistandır, o zaman ölkənin BƏM-i bezdirdiyini də söyləyə bilərik. Elə Joan E.Donoghuenin söylədikləri də bunun təsdiqidir. Yəni, məhkəmə səd­ri prinsip etibarilə boş-boş işlərə vaxt sərf etdiyinin fərqindədir. Ancaq ona da diqqət yetirək ki, xanım sədr də fikirləri ilə hansısa mənada balans yaratmaq istəyir. Halbuki, hüququn buna ixtiyarı olmamalıdır. 

İndi isə gələk P.Ovannisyanın “Azərbaycan Qarabağda erməni mə­dəni irsini məhv edəcək” tipli təhlükə saçmasına. El dilində deyildiyi kimi, “aşıq gördüyünü çağırır”. Qarabağda beş-altı, özü də sonradan tikilmiş kil­sədən başqa erməni abidəsi yoxdur. Oradakı qədim abidələri ermənilər özü­nünküləşdiriblər. Kəlbəcərdə albanlara məxsus məhşur Xudavəng monastrı­nın necə erməniləşdirildiyi, onun divar­larına erməni xaçlarının həkk edilməsi tarixi faktdır. Bunu Ovannisyan da bilir və çalışır ki, eyni əməli Azərbaycanın üzərinə, belə demək mümkünsə, trans­formasiya eləsin. 

Ümumən, erməni avantürizmini, etnik millətçiliyini şərtləndirən ən mü­hüm xüsusiyyətlərdən biri bu sayaq vandalizm aktları olub. Bu avantürizm qədim Azərbaycan torpaqlarında türk, azərbaycanlı izini həmişə silməklə məşğul olub. Fikrimizin təsdiqi üçün hazırkı Ermənistan Respublikasının ərazisində vaxtilə baş verənlərə diqqət yetirək. Götürək, İrəvanı. 1918-ci ildə ermənilərə dövlət yaratmaq üçün veril­miş bu qədim şəhərimiz haqqında söz açdığımız vandalizmin təsirinə bəlkə də ən çox məruz qalmış qədim diyarla­rımızdandır. Məsələn, Şah Abbas məs­cidi. Ona Abbas Mirzə məscidi, Sərdar məscidi və ya Xan məscidi də deyilib. 1606-cı ildə inşa edilmiş bu məbəd ta­mamilə dağıdılıb. Dərələyəzdəki Əxi Təvəkkül zaviyəsi, Ərgəz məscidi də eyni aqibəti yaşayıb. İrəvan şəhərinin Dəmirbulaq məhəlləsindəki XVII-XVIII əsrlərə aid Dəmirbulaq məscidi və ya Hacı İmamverdi məscidi də həm­çinin. İrəvan şəhərinin tarixi hissəsi olan Şəhər bölməsində mövcud olmuş 1766-cı ilə aid Novruzəli bəy məscidi də tamamilə dağıdılmış mədəni irs nü­munələrimizdəndir. 1725-ci ildə Rəcəb paşa tərəfindən İrəvan qalasında inşa edilmiş Rəcəb paşa məscidini, So­vet Ermənistanı dövründə hissə-hissə sökülərək yerində yaşayış evlərinin tikildiyi Sərdar məscidini də bu sıraya daxil etmək mümkündür. 1827-ci ilədək məscid kimi fəaliyyət göstərən İrəvan­dakı Şükürbəyli məscidi hazırda rus pravoslav kilsəsidir. Şəhərin Təpəbaşı məhəlləsindəki Təpəbaşı məscidinin həyətinin ətrafında gecəqondular inşa edilib. 1766-cı ilə aid İrəvandakı məş­hur Göy məscid isə hazırda fars məsci­di kimi təqdim olunmaqdadır. 

Bir sözlə, tarixə, mədəni irs nü­munələrinə vandal münasibət ermə­nilərin qədim peşəsidir. Ermənistanda­kı istər sovet döründə olan, istərsə də müstəqillik illərindəki hakimiyyət də eyni “kursu” davam etdirməkdədir. Təsəvvür edin, işğal altındakı torpaqlarımızın hər daşını, hər qayasını viranə qoymuş bu hakimiyyət indi erməni XİN rəhbərinin müavini P.Ovannisyanın şəxsində Qa­rabağdakı erməni mədəni mirasının təəssübünü çəkməyə girişib. Əvvəldə də vurğuladığımız kimi, bu da rəsmi İrəvanın növbəti anti-Azərbaycan yö­nümlü siyasi gedişidir. 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV