USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lavrov bu dəfə haqlıdır

Rusiyanın baş diplomatı Qərbə Qarabağda hər şeyin bitdiyini deyir. Amma...


https://img.baki-baku.az/news/2023/10/photo_8891.jpg

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov son dövrlər heç bu qədər haqlı olmamışdı. Bu haqqa görə onun “BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” sərlövhəli məqaləsində Qərbə ittiham yağdırmasını başa düşmək olar. Amma üzərində xüsusi dayanmaq istədiyimiz məqam başqadır. Hərçənd, cənab Lavrovun sözügedən məqalədə qələmə aldıqları Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ilə bağlı olduğundan, əvvəlcə Rusiyanın XİN rəhbərinin ittihamının motivindən danışmaq istərdik. 

Bəli, motiv ənənəvidir. Kremlin baş diplomatı bildirir ki, Brüssel öz “vasitəçilik xidmətlərini” Azərbaycana və Ermənista­na sırımaqla, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur. Əlbəttə, nəzərə alaq ki, bu deyim, ümumən, Moskvanın anti-Qərb köklənişi­nin göstəricisidir. Lavrov eyni fikri əvvəl­lər də səsləndirib. Bəs, görəsən, indi onu haqlı edən nədir? Axı, bir vaxtlar o, belə düşünəndə bildirirdik ki, Rusiya Qərbin, habelə Vaşinqtonun Bakı–İrəvan müna­sibətlərinin tənzimləməsinə qarışmasına qısqanc münasibət bəsləyir, çalışır ki, mövcud istiqamətdəki təşəbbüs öz əlində qalsın. Hətta, onu da bildirirdik ki, Kreml Qərbin onu Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyətlərinə qarşı cəbhə açır və sair və ilaxır.

Məlum olduğu kimi, Azərbaycanın sentyabrın 19-da başladığı və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri Qara­bağdakı vəziyyəti tamamilə dəyişdirdi. Ölkəmiz bütün ərazilərində suveren­liyini bərpa etdi. Şübhəsiz, bu cəhət Azərbaycan–Ermənistan münasibət­lərinə də təsir göstərməkdədir. Prinsip etibarilə ortada bir yol var – sülh müqa­viləsinin imzalanması. İlk baxışdan, bu məsələdə də hər şey aydındır. Yəni, sülh müqaviləsi bağlanır, sərhədlərin delimitasiyası və demarkasiyası işlə­rinə başlanılır. 

Ancaq biz görürük ki, İrəvan hələ də Bakıya hansısa təkliflər təqdim etdiyini bildirir, destruktiv mövqe tutur. Əlbəttə, bu təkliflərin tam mənada nədən ibarət olduğu cəmiyyətə açıqlanmır. İstənilən halda sual yaranır: Ermənistan nə tək­lif verə bilər? Ümumiyyətlə, təklif verə bilərmi? Onun təklifləri nə dərəcədə keçərlidir? Yeri gəlmişkən, ortada bö­yük reallıq var – Ermənistan Azərbay­canın ərazi bütövlüyünü tanıyıb. O da məlumdur ki, oktyabrın 5-də Qrana­dada ölkə bunu bir daha təsdiqləyib. Azərbaycan rəhbərliyi də dəfələrlə Er­mənistanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edib. Belə olan hal­da, Lavrov, əlbəttə ki, haqlıdır. 

Bəli, Rusiya XİN rəhbəri məqaləsin­də bildirir ki, indi İrəvan və Bakı lider­ləri iki ölkənin suverenliyinin qarşılıqlı əsasda tanınması məsələsini həll et­dikdən sonra dinc həyat qurmağın və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb. Yəni, Lavrov demək istəyir ki, böyük hesabla müzakirəsi aparılacaq heç bir mətləb qalmayıb. Biz heç də onu bildirmək istəmirik ki, cənab Lav­rov bölgədə dinc həyat qurmağın və etimadın möhkəmləndirilməsinin vaxtı­nın çatdığını bildirərkən, onun prosesə Rusiya sühməramlı kontingentinin töhfə verməyə hazırlığını vurğulama­sında məntiq yoxdur. Həm də ona görə ki, Qarabağda erməni, demək olar, qalmayıb. Belə bir durumda nəyə görə sülhməramlılar töhfə verməlidir, yaxud nə üçün, hansı məqsədlə bunu etməli­dirlər? Kremlin baş diplomatının “Bizim olduğumuz yerdə sizin nə işiniz var?!” kimi məntiqinin də düzgünlüyünü mü­bahisələndirmək niyyətindən uzağıq. Onu da demək istəmirik ki, XİN başçısı Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu ay keçirilməsi planlaşdırılan, ancaq dəqiq tarixi bilin­məyən görüşünə xələl gətirmək niyyəti güdür. Yəni, belə məqamların üzərində dayanıb cənab Lavrovun haqqını yerə salmaq məqsədi güdmürük. 

Onu demək istəyirik ki, bəzi qüvvələr Cənubi Qafqazda geosiyasi ambisiyalarını gerçəkləşdirməyə giri­şiblər. Deməli, Rusiya XİN rəhbərinin bununla əlaqədar yazdıqlarına haqq veririk. Onun ambisiya məntiqində Av­ropa İttifaqının adı çəkilir. O qurumun ki, son dövrlər Fransanın diktəsi ilə hərəkət etməkdədir. Təəssüf ki, xoş imicə malik Ş.Mişel də indiki situasi­yada bu diktənin təsirindən uzaq kimi görünmür. Uzaq olsaydı, Qranadada beşli masaya Türkiyənin əyləşməsin­də prinsipiallıq göstərərdi. Yəni, heç olmasa, bunu edə, özünün ədalətli ya­naşmasını ortaya qoya bilərdi. Amma məlum olduğu kimi, bu, mümkün olma­dı və nəticə etibarilə Azərbaycanın gö­rüşə qatılmaması ilə beşli masa dördlü masaya çevrildi. Orada Fransanın er­mənipərəstliyinin yenidən isbatı üçün meydan olmadı. 

***

Bəli, cənab Lavrov ona görə haq­lıdır ki, artıq, necə deyərlər, iş işdən keçib. Buna baxmyaraq, Fransa Er­mənistanı dirəniş qalası kimi saxla­maqdadır. Bu dirəniş Rusiyaya qarşı­dır. Deməli, Azərbaycan–Ermənistan münasibətləri kontekstində anti-Ru­siya oyunu aktuallığını saxlayır. Bu məqam barədə söz açarkən, Ş.Mişelin bir müddət əvvəl söylədiklərinə diqqət yetirmək zəruridir. Məlum olduğu kimi, Aİ Şurasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə telefon da­nışığında “uzunmüddətli perspektivdə Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinin zə­ruriliyini” vurğulayıb. 

Yuxarıda da qeyd etdik ki, Qara­bağda ermənilərin sayı çox azdır. Say­ları cəmi min nəfərə yaxındır. Aydındır ki, cənab Mişel konkret bu sayın təh­lükəsizliyi və hüquqlarından danışmır. O, ilk növbədə, Azərbaycanın Qaraba­ğı məcburi etnik təmizləməyə məruz qoymadığı fikrinin üzərində dayanır. Nəinki Mişel, həmçinin Fransa başda olmaqla, ermənipərəstlər bu fikirdədir­lər ki, əgər Bakının niyyəti səmimidir­sə, sübuta yetirsin. Bunu necə etsin? Bəli, bax bu məqamda Lavrov əsəb­ləşməsin, bəs, nə etsin? Çünki hazırda beynəlxalq dairələrdə Qarabağa BMT sülhməramlılarını yeritmək məsələ­si müzakirə olunmaqdadır. Şübhəsiz, Rusiyanın baş diplomatı məsələdən xəbərdardır. Ona görə xatırladır ki, bölgədəki durumun, ümumən, Azər­baycan–Ermənistan münasibətlərinin tənzimlənməsi üçün ölkəsinin sülh­məramlıları var. Lavrov demək istəyir ki, rus sülhməramlılarının olduğu yerə BMT hərbçiləri gəlməməlidir. 

Aydındır ki, Lavrov öz dövlətinin mübarizəsini aparır və çalışır ki, Cə­nubi Qafqaza kənar “oyunçular” daxil olmasın. Hər halda, BMT sülhməramlı missiyasının hansı ampluada olduğu hər kəsə yaxşı məlumdur. Bu missiya­nın indiyədək hansısa faydalı təcrübə­sinin mövcudluğunu söyləyə bilmərik. Onu da demək mümkün deyil ki, BMT sülhməramlıları sonradan Qarabağda erməni separatizminin yenidən alov­lanmasına şərait yaratmayacaqlar...

Digər tərəfdən, hazırda Qarabağ­da Rusiya sülhməramlılarına ehtiya­cın olmadığı kimi, BMT-nin sülhmə­ramlılarına da ehtiyac yoxdur. Yəni, Azərbaycan etnik təmizləmə etmədi­yini sübuta yetirməyə lüzum duymur. Ölkəmiz bütün təminatlarını elan edib. Buna inanmaq var, bir də inanmamaq. İnanmayanları güclə inandırmağa, onlar üçün hansısa əlavə etimad təd­birləri görməyə ehtiyac yoxdur. Çünki Qarabağın erməni sakinləri Azərbay­can ərazisindəki bütün xalqlar kimi eyni hüquq və imtiyazlara malikdirlər. Yəni, Qərbin planlaşdırdığı kimi, köç edənlərin yenidən qayıdışı üçün han­sısa əlahiddə təminat vasitələri gərək­sizdir. Məhz buna görə də Lavrov Qərbin Cənubi Qafqazdakı pozuculuq niyyətinə dair fikrini ifadə edərkən, de­yir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, vəssalam! Yeri gəlmişkən, mövcud məqamı Rusiya Prezidenti Vladimir Putin də “Valday” Diskussiya Klubunun bir müddət əvvəl keçirilmiş iclasındakı çıxışında ətraflı vurğulamışdı. Özü də bir yox, bir neçə dəfə. Yəni, hər şey bitib. 

Hər şey bitibsə, köhnə havalara qayıtmaq lüzumsuzdur. Köhnə hava­lardan söz düşmüşkən, lokal xarakterli antiterror tədbirlərinədək Ermənistan Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi baxımından beynəlxalq təminatlar məsələsini gündəmə gə­tirmişdi. O zaman da Rusiya sülhmə­ramlılarının fəaliyyətinin bu baxımdan yetərsizliyi vurğulanmışdı. Bakı bu id­diaları rədd etmişdi. Ölkəmiz indi də eyni mövqedədir. Qarabağ ermənilərini hansısa formada fərqli imtiyazlı təbəqə görmək cəhdləri rədd olunmağa məh­kumdur. O cümlədən, BMT sülhmə­ramlılarının Qarabağda yerləşdirilməsi məqsədləri də keçərsizdir. Yəni, cənab Lavrov rahat ola bilər. 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV