USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Anklavlarsız sülh mümkün deyil

İşğal altındakı 8 kəndimiz də azad olunmasını gözləyir


https://img.baki-baku.az/news/2023/10/photo_8865.jpg

Ermənistanla Azərbaycan arasında həllini gözləyən məsələlərdən biri də anklavlar məsələsidir. Üç il öncə – 2020-ci ilin payızında Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, cari ilin sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində isə bütün ölkə üzrə suverenliyini bərpa edib.

Hazırda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar aparılır. Hələ 2022-ci ilin əvvəlində Azərbaycanın iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipi əks olunub. Bu prinsiplərdən ikisi bilavasitə ərazi bütövlüyünün tanınması ilə bağlıdır. Bunlar dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, digəri isə dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmadığının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Buna baxmayaraq, Ermənistan son vaxtlar öz ərazisindəki Azərbaycan anklavları barədə müzakirələri arxa plana keçirmiş kimi görünür.

Qeyd edək ki, anklav beynəlxalq hüquqda bir dövlətə məxsus, amma hər tərəfdən digər dövlətin ərazisi ilə əhatə olunmuş yerə deyilir. Sovet İttifaqının mövcud olduğu dövrdə Azərbaycanın Ermənistanda 8 kənddən ibarət anklavları olub. Bunlar Qazax rayonunun Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara, Qızıl Hacılı və həmçinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndləridir. Bir müddət əvvəl Ermənistan mediasında əvvəllər Azərbaycan kəndlərinin olduğu yerdə indi heç kimin yaşamadığı, heç bir tikilinin salamat qalmadığı barədə məlumat yayılmışdı. Bu məlumat bizim üçün təəccüblü olmadı. Çünki haylar işğal dövründə Azərbaycanın digər şəhər və rayonlarında da evləri yağmalayıb, onları tikinti materialı kimi ya özlərinin, ya da qonşu ölkələrin tikinti bazarlarında satıblar. Amma hazırda əsas məsələ anklavların qaytarılmasıdır. Ermənilər Qarabağ və Şərqi Zəngəzurda da daşı daş üstdə qoymamışdılar. Amma işğalın başa çatmasından dərhal sonra ölkəmiz viran edilmiş yurd yerlərini yenidən dirçəltməyə başladı. Nəticə göz önündədir. Bu gün Qarabağ və Şərqi Zəngəzur abad, inkişaf edən diyara çevrilib, burada yaradılan “ağıllı kəndlər” dünyanın diqqətini cəlb edir. Bu mənada vaxtilə işğal edilmiş ərazilərimizlə eyni aqibəti yaşayan anklavların da geri qaytarılmasından sonra dirçəliş dövrü yaşayacağı şübhə doğurmur.

Onu da bildirək ki, Ermənistanın Azərbaycan ərazisində yalnız bir anklavı olub. Hayların Artsvaşen adlandırdıqları və inzibati-ərazi bölgüsü baxımdan Gexarkunik vilayətinə (əsl adı Göyçə mahalı) daxil olduğunu iddia etdikləri bu kənd Gədəbəy rayonunun inzibati-ərazi vahidindəki Başkənd kəndidir. Kənd 1992-ci il 6-8 avqust tarixlərində həyata keçirilən “Başkənd əməliyyatı” nəticəsində Azərbaycanın nəzarəti altına keçib.

Ermənistan bu mövzunu hər nə qədər arxa plana keçirməyə çalışsa da, Azərbaycan üçün anklavlar məsələsi hər zaman aktual olub. Sonuncu dəfə oktyabrın 7-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə etdiyi zəng zamanı dövlət başçımız anklavlar barədə danışıb. Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.

***

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bu il mayın 22-də keçirdiyi geniş mətbuat konfransında (Paşinyan həmin mətbuat konfransında Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisinə Qarabağın da daxil olduğunu ilk dəfə etiraf etmişdi–S.H.) bildirmişdi ki, anklavlar Azərbaycanın ərazi bütövlüyünün bir hissəsidir. “29,8 min kvadratkilometrlik Ermənistanın ərazi bütövlüyünə isə Artsvaşen daxildir. Anklavlar məsələsinin həlli üçün bir neçə variant var. Onlardan biri bu ola bilər: xəttin hər iki tərəfindəki anklav ərazilər yerləşdikləri tərəfin nəzarəti altında qalır. Digər variant isə odur ki, sülh müqaviləsi imzalandıqdan sonra Artsvaşen Ermənistanın, qalan ərazilər isə Azərbaycanın suverenliyi altına qayıdacaq. Bu, siyasi nöqteyi-nəzərdən olan mövqedir, lakin hüquqi aspekt hələ də öyrənilməlidir”, – deyə Paşinyan bildirmişdi.

Həmin vaxt Paşinyanın bu mövqeyi ermənilər arasında böyük etirazla qarşılanmışdı. 1998–2008-ci illərdə ölkənin xarici işlər naziri olmuş Vardan Oskanyan “Mediamaks” saytı üçün məqaləsində yazırdı: “Nikol Paşinyanın mətbuat konfransında, nəhayət, aydın oldu ki, o, Qarabağı Azərbaycana verir (?). O da bəlli oldu ki, “anklavlar” adı altında əlavə əraziləri də verir ki, bu da iki dost ölkə – İran və Gürcüstanla strateji kommunikasiyalarımıza mütləq ziyan vuracaq. Təbii olaraq ciddi təhlükəsizlik problemləri yaradacaq. Şübhə etmirəm ki, tezliklə biz Azərbaycana “qeyri-dəhliz məntiqi” ilə dəhliz veriləcəyini də eşidəcəyik”.

Revanşist kəsimin nümayəndəsi olan V.Oskanyan iki gün öncə yenə anklavlardan bəhs edib. “Facebook”da yaydığı videomüraciətində sabiq nazir bildirib ki, N.Paşinyanın səhvləri davam edir, son nümunə onun Qranadada imzaladığı bəyanatdır: “Bu bəyanatın mahiyyəti nədir? Qarabağ məsələsi, ümumiyyətlə, gündəmdə deyil. Söhbət Ermənistan Respublikasının ərazi bütövlüyündən gedir. Siz isə bizim Qarabağ məsələsindən qurtulmaqla Ermənistanın ərazi bütövlüyünə nail olduğumuzu bildirirsiniz. Bunu qəhrəmanlıq kimi təqdim edirsiniz, sanki siz nəsə etmisiniz, uğur qazanmısınız, dünya ərazi bütövlüyümüzü tanıyır. Siz ciddisinizmi? Paşinyanın dediyi ərazi bütövlüyü bizim üçün qeyri-müəyyəndir, orada qeyd olunan rəqəmlər (29,8 min kvadratkilometri nəzərdə tutur – S.H.) bu gün xalqımız üçün heç bir əhəmiyyət kəsb etmir. Ən azından bu vəziyyətdə Paşinyan xalqın qarşısında dayanmalı, xalqın gözünə baxmalı və həqiqətən deməlidir ki, bu rəqəmlərə nə daxildir. Biz başa düşürük, Qarabağı siz verdiniz, Qarabağ Azərbaycanın ərazi bütövlüyünə daxildir. Bəs bu saya qondarma anklavlar da daxildirmi? Sizin ətrafınızdakılar deyir ki, belə bir şey yoxdur, amma siz mətbuat konfransınızda dediniz ki, anklavlar da bu rəqəmə daxildir, anklavları da verirsiniz. Həqiqətən də onları verirsiniz? Siz ərazi bütövlüyünü belə başa düşürsünüz ki, Ermənistan Respublikası vətəndaşı İrana və ya Gürcüstana getməzdən əvvəl Azərbaycandan keçməlidir? Bu, bizim ərazi bütövlüyümüz olacaqmı?”

Oskanyan qeyd edib ki, Qarabağı təslim edən (?) Paşinyan anklavları da təslim edirsə (?), deməli, onun bir dəqiqə belə vəzifəsində qalmağa haqqı yoxdur.

***

Onu da bildirək ki, Paşinyan bundan əvvəl də dəfələrlə xəttin hər iki tərəfindəki anklav ərazilərin yerləşdikləri tərəfin nəzarəti altında qala biləcəyini bildirmişdi. Amma onun ortaya qoyduğu mövqenin qəbul olunacağı inandırıcı deyil. Məsələ ondadır ki, Azərbaycandakı Ermənistan anklavının, yəni, Başkəndin ərazisi cəmi 40 kvadratkilometrdir. Ermənistandakı Azərbaycan anklavlarının, yəni faktiki işğal olunmuş 8 kəndin ümumi ərazisi isə 120 kvadratkilometrdən çoxdur. Belə ki, Yuxarı Əskipara kəndi 8,6, Aşağı Əskipara 9,1, Bağanis Ayrım 40, Bərxudarlı 10,1, Sofulu 22, Qızıl Hacılı 11, Xeyrimli 4,1, Kərki kəndi isə 19,2 kvadratkilometr əraziyə malikdir. Ümumilikdə, Qazax rayonunun 7 kəndinin və Naxçıvan MR-in bir kəndinin ümumi sahəsi 124,1 kvadratkilometrdir ki, bu da Başkənd yaşayış məntəqəsinin ərazisindən üç dəfə böyükdür. Bu baxımdan Paşinyanın yanaşması qüsurludur və həyata keçirilməsi problemlidir.

Anklav ərazilərlə bağlı məsələni Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu ilin martında “Report”a müsahibəsində də qaldırmışdı. “Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır. Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 noyabr bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbaycanın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib”, – deyə H.Hacıyev qeyd etmişdi.

Bütün hallarda Ermənistandakı Azərbaycan anklavlarının qaytarılması günün tələbidir. İki ölkə arasında, bütövlükdə bölgədə davamlı sülhün əldə olunmasının yolu işğal altındakı 8 kəndin geri qaytarılmasından keçir. Anklavlar olmadan sülh müqaviləsinin imzalanması qeyri-mümkündür. Bu, birmənalıdır.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Tofiq ZÜLFÜQAROV, politoloq

Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinin birdəfəlik yekunlaşması üçün anklav və eksklavların qaytarılması zəruridir. Qazax rayonunun yeddi və Sədərək rayonunun bir kəndi proses çərçivəsində Azərbaycana qaytarılmalıdır. Sərhəd komissiyasının ilk birgə iclasında bu məsələ gündəmə gəlməsə də ümid edirəm ki, sonrakı görüşlərdə müzakirə predmeti olacaq. Azərbaycanın anklavlardan imtina etməsi heç bir halda mümkün deyil.

Ermənistanın anklav və eksklav tələbinin doğru olduğunu da düşünmürəm. Ümumiyyətlə, delimitasiya və demarkasiya prosesi hazırda tərəflər arasında həllini gözləyən əsas problemlərdəndir. Digər vacib məsələ delimitasiya prosesində hansı xəritələrin əsas götürülməsidir. Azərbaycan tərəfi açıq şəkildə bildirib ki, Ermənistan iddialarından əl çəkməlidir. Əks-təqdirdə Azərbaycan da Zəngəzura iddia edə, delimitasiya prosesinin 1918-ci ilin xəritəsi əsasında aparılmasını istəyə bilər. Hesab edirəm ki, indiki məqamda əsas məsələ budur.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Səxavət HƏMİD