USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın Azərbaycana “ișğalçı” deməsi gülüș doğurur

Dövlət öz ərazisini necə işğal edə bilər?


https://img.baki-baku.az/news/2023/10/photo_8864.jpg

Ermənistan və ümumilikdə erməni dünyası hazırda çox aktiv şəkildə bir məsələni beynəlxalq ictimaiyyətin diqqətinə sırımaqdadır. Guya, Azərbaycan Ermənistanın suveren ərazisinə hücum edəcək.

Qeyd edək ki, əvvəllər bununla əlaqədar fikirlər daha çox müxalifət nümayəndələri tərəfindən dövriyyəyə buraxılırdısa və məqsəd baş nazir Nikol Paşinyan iqtidarını gözdən salmaq idisə, hazırda Ermənistanın hakim komandası da belə bir ritorikanı geniş şəkildə tirajlamaqdadır. Görünür, “məsələnin” ən aktiv təbliğatçısı Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayandır (Bədnam Zori Balayanın tör-töküntülərindən də ola bilər– red.). Balayan son iki həftədə verdiyi artıq ikinci müsahibədə haqqında söz açdığımız fikri gündəmə gətirməkdədir. Əvvəl “Reuters”ə, indi isə “Brüssel Signal”a müsahibəsində səfir ölkəmizi işğalçı kimi qələmə verib.

Əslində, istər Balayanın, istərsə də digər balayanların, eləcə də onların xaricdəki dəstəkçilərinin, belə demək mümkünsə, isterik demarşına, bəlkə də, əhəmiyyətsiz yanaşmaq mümkündür. Ancaq hesab edirik ki, Azərbaycan-Ermənistan sülh gündəliyinin aktivləşməyə doğru getdiyi hazırkı məqamda məsələyə diqqət yetirmək şərtdir. Çünki belə yolverilməz ritorika İrəvanın sonrakı davranışlarının anonsudur. Bunu keçmişin təcrübəsində çox görmüşük.

İlk proqnozumuz budur ki, Ermənistan Azərbaycan ərazisinə hücuma hazırlaşır, sadəcə olaraq, niyyətini pərdələmək istəyir. Balayanlar isə mümkün intervensiyaya görə Bakını günahkar çıxarmaq yolunu  tuturlar. Təxminən belə: Azərbaycan hücum etdi, biz müdafiə olunduq. “Ən yaxşı müdafiə hücumdur” deyiminin ortaya çıxması proqnozlaşdırılandır. Yəni, “hücum Azərbaycan ərazisindəki təhlükə nöqtələrini susdurmaq məqsədilə gerçəkləşdirilib” deyilə bilər.

Əlbəttə, sonuncu vurğuladığımız məqam, daha doğrusu, Azərbaycana hücum Ermənistan və dünya erməniliyi üçün yalnız yuxudur. Ancaq tipik erməni xəstəliyi bu barədəki düşüncələri ikinci plana çıxarmayıb. Axı, erməni avantürizmi canını tapşırmayıb. Həm də ona görə ki, Balayandan başqa da cəfəng fikirləri gündəmə gətirənlər var. Məsələn, Ermənistan parlamentinin spikeri Alen Simonyan da Azərbaycanın Ermənistan ərazisinə hücuma keçəcəyi barədə sərsəm fikirlər irəli sürməkdədir. Söhbət İrəvan üçün təhlükə mənbələrinin susdurulması məntiqindən gedirsə, otuz ilə yaxın müddətdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan rayonların işğalda saxlanılmasından söz açmaq mümkündür. Erməni siyasi dairələri bildirirdilər ki, ətraf rayonların tutulması “Dağlıq Qarabağ Respublikası”nın təhlükəsizliyinin təminatı məqsədi daşıyır. Əlbəttə, bu, ərazi iddiasına haqq qazandırmaq yönümlü cəfəngiyyat idi.

Bəli, indi T.Balayanın söylədikləri də cəfəngiyyatdan başqa bir şey deyil. Ancaq həm də ona görə üzərində dayanılmalı məsələdir ki, Ermənistanın xaricdən külli miqdarda silah-sursat, hərbi texnika aldığına dair məlumatlar təsdiqlənməkdədir. Fransanın Ermənistanı ciddi şəkildə silahlandırdığı da aşkardır. Bu gün Ermənistanın Aİ-dəki səfiri Azərbaycanı işğalçı kimi təqdim edirsə, məlumdur ki, həmin qurumda başlıca söz sahibi olan rəsmi Paris də eyni mövqedədir. Fransanın Xxarici işlər naziri Ketrin Kolonna açıq şəkildə bildirib ki, ölkəsi Ermənistanın müdafiə qabiliyyətinin artırılması məqsədilə ona silah-sursat verəcək. Kimdən müdafiə üçün? Təbii ki, Azərbaycandan. Deməli, hücum obyekti kimi nəzərdən keçirilən ölkəmizdir.

T.Balayana gəldikdə isə onun isteriyası daha güclüdür. Diplomat “Brussel Signal”a müsahibəsində “münəccim fəhmi”ni işə salaraq onu da bildirib ki, Azərbaycanın Ermənistanı işğalı yaxın həftələrdə gerçəkləşəcək. Onun sözlərinə görə, “Qarabağın təslim olmasından sonra” növbə Ermənistanındır. Deməli, yaxın həftələrdə İrəvanın Bakıya qarşı təxribat reallaşdırması mümkündür. Hər halda Balayanın ancaq münəccim fəhmi ilə davrandığını düşünmürük. Bildiyi şeylər var və onlar üçün “zəmin” hazırlayır.

Balayanın məntiqini əsaslandırmaq üçün üzərində ilk növbədə dayanılmalı məqam onun “Qarabağın təslim olmasından sonra” deyimidir. Bu ifadə baş nazir N.Paşinyanın Qranadada imzaladığı sənədə oxşar bir şeyi tam şəkildə puça çıxarır. Təsəvvür edin, həmin sənəddə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Yəni, Qarabağın da ölkəmizin suveren ərazisi olması ilə razılaşır. Amma Paşinyanın Aİ-dəki bir nömrəli şəxsinin məntiqindən elə anlaşılır ki, bu tanıma boş şeydir. Belə çıxır, Azərbaycanın konstitusion quruluşunun bərpası işğalçılıq imiş və Balayanın düşüncəsinə görə, guya, Ermənistan ərazisi işğalçılığın ikinci dalğası ilə üzləşəcəkmiş…

Bəli, “indi biz Ermənistanın qaçılmaz işğalı təhlükəsi altındayıq”, -– deyən T.Balayan vurğulayır ki, Azərbaycanın beynəlxalq hüquqa hörmətlə bağlı vədləri boşdur. Sən demə, ayının min oyunu bir armudun başında imiş. Səfirin bildirdiyinə görə, əsas problem ondan ibarət idi ki, Azərbaycan rəhbərliyi hələ də öz ekspansionist planlarının konkret nəticələri ilə üzləşməmişdi. Bu nə deməkdir? O deməkdir ki, rəsmi İrəvan ölkəmizə qarşı beynəlxalq miqyasda sanksiyaların tətbiqinə çalışır, ancaq buna müvəffəq ola bilmir. Yeri gəlmişkən, Balayan “Reuters”ə müsahibəsində də oxşar məqamı qabartmışdı və Aİ-ni Azərbaycana sanksiya tətbiqinə çağırmışdı. Hətta, öz aləmində yol da göstərmiş və demişdi ki, qurum Azərbaycandan neft və qaz alışını məhdudlaşdırmalı, Bakı ilə əməkdaşlıq istiqamətlərinə yenidən baxmalıdır.

Ancaq məlumdur ki, Fransa prezidenti Emmanuel Makron Qranadada Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısı çərçivəsində keçirdiyi mətbuat konfransında dedi ki, Azərbaycana qarşı sanksiyalar səmərə verməyəcək. Bu, bir tərəfdən onu göstərdi ki, Paris belə bir addımı atmağın ziyanlı tərəflərini görür, digər yandan isə sanksiya məsələsini özünün ermənipərəst siyasətinə daxil etmir. Deməli, onun üçün əsas olan Ermənistanı Azərbaycana qarşı silahlandırmaq və müharibəyə təhrik etməkdir. Əlbəttə, demək olmaz ki, Balayan və digərləri bunun nə dərəcədə təhlükəli olduğunu anlamış durumdadırlar. Çox güman anlasaydılar, belə yaramaz tona üstünlük verməzdilər.

***

T.Balayan, deyəsən, ya özü gicdir, ya da qarşısındakıları gic yerinə qoyur. “Brussel Signal”a müsahibəsində yenidən saksiya məntiqi üzərində gələn səfir son dərəcə absurd fikrə baş vurur. Bildirir ki, Aİ Azərbaycana ordusunu Ermənistanın sərhədyanı regionundan çıxarmaq üçün vaxt verməli və buna əməl edilməyəcəyi təqdirdə, qurum Bakı ilə vizasız rejim sazişini dayandırmalıdır. Onun fikrincə, Azərbaycana qarşı fərdi sanksiyalarla da aydın mesaj verilə bilər. Sual olunur: Ölkəmizin öz ərazisində, öz sərhədləri daxilində nə qədər ordu cəmləşdirməsinin Aİ-yə nə aidiyyatı var? Diplomat olan şəxs belə cəfəng məsələni gündəmə gətirirsə, bu cür məsuliyyətsiz fikir səsləndirirsə, Ermənistan dövləti və dövlətçiliyi, doğrudan da, ciddi beyin qanaması keçirməkdədir. Nəzərə alaq ki, Balayan tipik erməni məntiqi ilə danışır. Deməli, Azərbaycan qoşununu çəkəcək, Ermənistan da hücum edib əraziləri ələ keçirəcək, eləmi?! Başqa cür düşünməyə əsas yoxdur. Çünki 1992-ci ildə eyni “ssenari” gerçəkləşmişdi. İndi də şərti sərhədin Ermənistan tərəfində çox sayda hərbi birləşmələr var. Azacıq zəiflik bəs edir ki, onlar hücuma keçsinlər.

Başqa məqama da diqqət yetirək. Məlum olduğu kimi, Ermənistan rəhbərliyi, eləcə də, bir sıra ermənipərəst dairələr Qarabağda etnik təmizlələmə məntiqini irəli sürürlər. Mövcud xüsusda 100 mindən çox erməni sakinin bölgədən köçünü qabardırlar. Bu, Ermənistanın anti-Azərbaycan xəttində başlıca məqamlardan biri olaraq meydana çıxır. Hər halda, Azərbaycan həmin erməni sakinlərə vətəndaşlıq təklif etmişdi. Eyni zamanda, onların hüquq və təhlükəsizliyinə təminat da vermişdi. O zaman sual yaranır: Köç dalğası nə üçün idi?

Məlum olduğu kimi, Azərbaycanın Qarabağda lokal xarakterli antiterror tədbirlərinədək Ermənistan hakimiyyəti imzalanacaq sülh müqaviləsinə Qarabağ erməniləri ilə bağlı ayrıca müddəanın salınmasını təklif etdirdi. Onu da bildirirdi ki, onların hüquq və təhlükəsizliyi üçün beynəlxalq təminat nəzərdə tutulmalıdır. Lakin Azərbaycan bununla razılaşmadı və yekunda məlum antiterror tədbirlərini gerçəkləşdirərək suverenliyini təmin etdi. İndi belə görünür, Qarabağdan gedən köç dalğası bölgə ermənilərini ayrıca təbəqə kimi göstərməyə hesablanıb. Bu, həm Ermənistana maliyyə axınını şərtləndirir, həm də ölkənin anti-Azərbaycan siyasətinə yeni motiv qazandırır. Artıq erməni siyasi kluarlarında Qarabağ ermənilərinin bölgəyə BMT-nin egidası altında qayıtmağa razılıqları ilə bağlı düşüncələr dolaşmaqdadır. Demək, antiterror tədbirlərinədək rəhbər tutulan Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminat məsələsi yenə aktuallığını saxlamaqdadır.

Bu yerdə Qarabağdan gedənlərin tərkibinə diqqət yetirmək zərurəti meydana çıxır. Əlbəttə, 120 min say şişirdilmiş rəqəmdir. Bölgənin yerli əhalisi o qədər deyil. Ermənistan isə həm işğal müdətində əraziyə köçürülmüşləri, həm oradakı kiçik kaliberli separatçı dəstə üzvlərini, həm də yerləşdirdiyi silahlı qüvvələrin şəxsi heyətini hesaba daxil edir. Belə çıxır, BMT egidası altında da yenidən separatçıları bölgəyə qaytarmaq kimi mənfur planın dövriyyəyə girməsinə ümid bəslənilir. Mövcud mənzərədə isə Fransadan və digər ölkələrdən alınmış silahlarla Azərbaycana hücum, bir növ, tamamlayıcı faktor rolunda çıxış etməkdədir. Nəzərə alaq ki, artıq indidən keçmiş separatçı rejim təşkilatlanmağa başlayıb. Rejimin özünü buraxdığını elan edən sabiq rəhbəri Samvel Şahramanyan İrəvanda “mübarizələrinin” davamlı olacağının anonsunu verib. Əslində, T.Balayanın və digərlərinin məntiqi də buna hesablanıb. Yəni, bir daha deyək ki, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı imzaladığı sənədlər lakmus kağızı kimi bir şeydir…

Nəzərə alaq ki, BMT-nin və digər beynəlxalq müşahidəçilərin, yaxud sülhməramlıların bölgədə yerləşdirilməsi oranın erməni varlığı üçün əlavə imtiyaz qazandıran faktordur. Elə bir imtiyaz ki, yekunda Azərbaycana qarşı ərazi iddiası üçün əsas yaradır. Bəli, indiki durumda beynəlxalq müşahidəçilər Qarabağın erməni əhalisinin Azərbaycanın yurisdiksiyasını şübhələndirmək alətindən başqa bir şey deyil. Belə bir niyyət olmasaydı, bölgədə qalar, oranı tərk etməzdilər.

***

Nəhayət, T.Balayanının anti-Azərbaycan ritorikasındakı və Azərbaycanın Ermənistan ərazisinə hücum məntiqindəki sonuncu məqamın üzərində dayanaq. Bu məqam Zəngəzur dəhlizi ilə bağlıdır. Bəli, həmin dəhlizin ölkəmiz üçün önəmini yenidən sübuta yetirməyə ehtiyac yoxdur və önəm saxlanılmaqdadır. Birincisi, Azərbaycanın digər rayonlarını Naxçıvanla birləşdirən quru yolu olmalıdır, digər tərəfdən isə ölkəmizin qardaş Türkiyə ilə, deməli, həm də dünya ilə əlaqəsində yeni dönəmin başlanması, eyni zamanda, geosiyasi şərtdir.

Bu günlərdə aparılmış danışıqlar göstərir ki, dəhliz İran ərazisindən də keçə bilər. Bu isə o deməkdir ki, Ermənistan müstəsna önəm daşıyan beynəlxalq layihədən kənarda qalacaqdır. Məsələnin başqa bir tərəfi isə odur ki, Zəngəruz dəhlizi məntiqi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatından sonra siyasi leksikona daxil olub. Sənəddə bu, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol kimi göstərilirdi və daha çox Laçın dəhlizi məntiqinə alternativ idi.

Ancaq ötən müddətdə gördük ki, Laçın dəhlizi məntiqinə köklənmiş Ermənistan nəinki Naxçıvana gedən yol ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, eyni zamanda, Laçın dəhlizi məntiqini Qarabağdakı separatçılığın qorunması, Azərbaycana qarşı ərazi iddiası kontekstində görür. Bölgəyə silah-sursat, hərbi texnika, partlayıcı maddələrin daşınması bunun təsdiqidir. Belə olan təqdirdə Azərbaycan Laçın dəhlizi məntiqini sarsıtmalı idi və sarsıtdı da. Artıq belə bir şey yoxdur. Laçın yolunda Azərbaycanın qurduğu sərhəd buraxılış məntəqəsi var. Naxçıvana yola gəldikdə isə yuxarıda da vurğuladığımız kimi, İran ərazisi var və daha təhlükəsizdir. Bir halda ki, Ermənistan Zəngəzur dəhlizi məntiqində Azərbaycanın, Ermənistanın iştirakı olmayan, təhlükəsizlik meyarları ilə razılaşmırsa, deməli, fərqli yol seçilməlidir. Axı, anti-Azərbaycan mövqeli, səmimiyyətdən uzaq İrəvanın təhlükəsizlik zəmanəti ölkəmiz üçün qəbuledilməzdir. Ortada vaxtilə Naxçıvana gedən qatarların erməni millətçiləri tərəfindən daşa basıldığını görən nəsil var…

Ermənistan Zəngəzur dəhlizindən boyun qaçırırsa, həm də üçtərəfli bəyanatla üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmirsə, deməli, onun təcridi davam edəcəkdir. T.Balayan isə həmin dəhlizlə əlaqədar məsələyə də köklənərək deyir ki, Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi ilə bağlı planlarının olmadığı barədə bəyanatı blefdir. Çünki Azərbaycan rəhbərliyi deyib ki, “erməniləri it qovan kimi qovacağıq”. Həm də Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə Zəngəzurun “tarixi Azərbaycan torpağı” olduğunu vurğulaması var. Hər halda, T.Balayan bu kimi məqamları işğalçılıq əlamətləri saydığını deyərək çərənləyir.

***

Göründüyü kimi, T.Balayan, ümumən, Ermənistan diplomatiyası var gücü ilə Azərbaycanla bağlı mənfi rəy yaratmaq yolu tutmaqdadır. Yazımızda bunun nəyə hesablandığını diqqətə çatdırmağa çalışdıq. Əlbəttə, mövcud anlamda T.Balayanın daha “fantaziyalı” olduğunu söyləyə bilərik. Deyirlər ki, məqsəd vasitəyə bəraət qazandırır, Çox güman, İrəvanın Aİ-dəki səfiri də bu düşüncədədir və hədyanlarını sıralamaqda davam edir. Ancaq nəinki T.Balayanın, eləcə də digər erməni rəsmilərin unutduqları bir məqam var. O məqam da ondan ibarətdir ki, Azərbaycan öz məqsədinə doğru balayanların və başqa yanların oxuya, proqnozlaşdıra, ehtimal edə biləcəkləri tərzdə irəliləmir. Əslində, müəyyən mənada, bunu onların özləri də dərk edirlər. Sadəcə çaş-baş durumda qaldıqlarından, ağızlarına gələni danışırlar. Necə deyərlər, tutar qatıq, tutmaz ayran.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV