USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qaluzinin “Meğri marşrutu” və Zəngəzur dəhlizi ideyası

Rusiyanın Ermənistanı inandırması mümkündürmü?


https://img.baki-baku.az/news/2023/10/photo_8863.jpg

“Meğri marşrutunun yaradılması Zaqafqaziyada ümumi sabitləşmə üçün çox mühüm amil olacaq”. Bu fikri Rusiyanın Xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK telekanalına müsahibəsində deyib. Məlumdur ki, Qaluzin Azərbaycanın Zəngəzur dəhlizi layihəsindən söz açır. O layihədən ki, hazırda Ermənistan onun əleyhinə çıxır. Ancaq İrəvan həm də bütün platformalarda Rusiyaya qarşı zidd mövqe də ortaya qoyur. Bu anlamda Rusiya XİN başçısının müavininin fikirlərini, müəyyən mənada, İrəvana qarşı qlobal miqyaslı demarş kimi dəyərləndirmək mümkündür. Ancaq məsələ yalnız demarşda deyil. Çünki bu metodun faydasının olmadığı aşkardır. Rusiyanın Ermənistanı düz yola gətirməsi üçün başqa hansısa metod varmı, bu barədə yazının sonunda söz açacağıq.

Hələlik isə M.Qaluzin xatırladıb ki, bu il iyunun 2-də Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun sonuncu görüşü baş tutanda, tərəflər nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması istiqamətində irəliləyişin olduğunu qeyd ediblər. Yəqin mövcud səbəbdəndir ki, nazir müavini Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılacağına ümid bəslədiyini deyib. O, Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək “Meğri marşrutu”nun yaradılması üzərində dayanıb. Bu məqamda müxbirin diplomatın Zəngəzur dəhlizini nəzərdə tutub-tutmadığına aydınlıq gətirmək üçün ünvanladığı dəqiqləşdirici sual maraq kəsb etməkdədir. Qaluzin deyib ki, onsuz da söhbət Ermənistan ərazisindən keçən dəmir yolundan gedir. Ona görə “Meğri marşrutu” ifadəsindən istifadəni məqbul sayır.

“Bəli, Azərbaycanda buna Zəngəzur dəhlizi deyirlər” şəklində cavab verən M.Qaluzin əlavə edib ki, bu formul hər kəsə uyğundur və Rusiya Azərbaycanın və Ermənistanın mövcud istiqamətdə razılıq əldə etməsinə kömək göstərir. Çünki “biz inanırıq ki, bu saziş Cənubi Qafqazda ümumi sabitləşmə üçün çox mühüm amil olacaq. Bu, bütün Zaqafqaziya dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək”.

Rusiya XİN başçısının müavini əlavə edib ki, “Meğri marşrutu”nun (Zəngəzur dəhlizinin – red.) reallaşması Ermənistanı nəqliyyat-logistika mərkəzinə çevirəcək, ona Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı qazandıracaq. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz ritmik nəqliyyat rabitəsinə malik olacaq. Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək: “Beləliklə, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirməkdə israrlıyıq”.

Göründüyü kimi, M.Qaluzinin bildirdikləri Zəngəzur dəhlizinin Rusiya üçün də önəmini vurğulamaqdadır. Onun “Meğri marşrutu” ifadəsinə üstünlük verməsi isə anlaşılandır. Çox güman ki, diplomat Zəngəzur dəhlizi deyiminin Ermənistanda doğurduğu mənfi assosiasiyanı nəzərə alır və İrəvanı qıcıqlandırmaqdan uzaq durur ki, məsələyə soyuq başla yanaşma meydana çıxsın. Amma məlumdur ki, rəsmi İrəvanda bu yanaşma yoxdur. Ermənistan Azərbaycanın irəli sürdüyü, Türkiyənin və indi daha yaxşı göründüyü qədərilə Rusiyanın dəstəklədiyi layihənin reallaşmasına qarşı çıxır, məsələni ərazilərinin işğalı kontekstində dəyərləndirir. Hər halda, ölkənin hakim siyasi dairələrinin söylədiklərindən bu qənaət hasil olmaqdadır. Nəticədə iş o yerə çatır ki, Azərbaycanın digər bölgələrini Naxçıvanla birləşdirən yolun İran ərazisindən keçməsi planından söz açılır. Bu gedişat kimə sərf eləsə də, Rusiyanı qətiyyən qane etmir. Diqqət edək, nə üçün?

Fikrimizin təsdiqi üçün Azərbaycan, Rusiya və Ermənistan lidelərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının 9-cu bəndini xatırladaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Birincisi, bu bəyanatda Rusiya liderinin imzası var və demək olar ki, yerinə yetirilməsi ölkə üçün vacibdir. Həm də ona görə ki, imza Moskva qarşısında öhdəlik yaradır. Təbii ki, bəyanatda Ermənistan baş nazirinin də imzası yer alır. Yəni, onun da öhdəliyi var. Amma, bir qayda olaraq, Nikol Paşinyan öhdəlikdən yayınmaq da, belə demək mümkünsə, püxtələşib. İkincisi, Ermənistanın Qarabağ avantürası tarixə qovuşduqdan sonra bölgədəki Rusiya sülhməramlılarının orada qalmaları mənasızlaşacaq. Yəni, onların ərazidə mövcudluqlarının heç bir anlamı olmayacaq. Belədə üçtərəfli Bəyanatdakı “nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər” ifadəsi son dərəcə ciddi tutacaq yerdir. Yəni, Moskva Cənubi Qafqazda varlığını məhz mövcud kontekstdə sürdürə bilər. Həm də nəzərə alaq ki, sözügedən marşrut İranla sərhədin qorunması anlamı daşıyır ki, bu da Rusiya üçün son dərəcə mühüm məsələdir. Üçüncü bir məqam da aktualdır. İndiki durumda Rusiyanın özü də bu loqistik əlaqənin qurulmasında maraqlıdır. Çünki Ukrayna müharibəsi səbəbində ölkə beynəlxalq aləmdən təcrid durumdadır və Zəngəzur dəhlizi təcridin ağır şərtlərini xeyli minimallaşdırmaq nöqteyi-nəzərindən vacibdir.

İndi isə gələk, Rusiyanın Ermənistanı inandırması metoduna. Onu deməliyik ki, Ermənistanın hazırkı anti-Rusiya ovqatının Zəngəzur dəhlizi məntiqinə qarşı çıxma göstəricisi də aktuallığını qorumaqdadır. Əlbəttə, nəzərə almalıyıq ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək quru yol İran ərazisindən keçsə, bundan Ermənistan heç nə udmayacaq. Ancaq İrəvan öz gəlirini düşünüb müstəqil qərar vermək potensialından uzaqdır. Ölkə daha çox Qərbin “sifarişlərini” yerinə yetirməklə məşğuldur. “Sifariş” isə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasıdır. Bu səbəbdən Moskvanın İrəvanı hansı yolla Zəngəzur dəhlizinə, M.Qaluzinin təbirincə desək, “Meğri marşrutu”nun vacibliyinə inandırması maraqlıdır. Hər halda Rusiya XİN başçısının müavininin haqqında söz açdığı üçtərəfli işçi qrupu platformasının bunun üçün o qədər də təkmil müstəvi sayılmadığı ortadadır.  

 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV