USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvan Tbilisidən sülh çağırışını eşidəcəkmi?

Yaxın qonşu uzaq qohumdan yaxşıdır


https://img.baki-baku.az/news/2023/10/photo_8861.jpg

Əsrlər boyu səyyahları, salnaməçiləri, şair və yazıçıları, daha kimləri özünə cəlb edən Qafqaz həm də iki qitənin qovuşduğu bir məkandır. Amma burada “külək” təkcə Şərqdən və Qərbdən deyil, hərdən Şimaldan və Cənubdan da əsir. Məhz bu zaman bölgənin siyasi ab-havası dəyişir. İqlim qurşaqları ilə yanaşı, siyasi cərəyanların da toqquşduğu ərazilərdə “tufan və qasırğaların, burulğanların” əmələ gəlməsi də təbiidir.

Qafqazın havası həm də bu səbəbdən düzəlmir. XXI əsrdə başları üzərindən qara buludların çəkilməsini, davaların qurtarmasını gözləyən 3 Qafqaz dövləti (Azərbaycan, Gürcüstan və Ermənistan) 32 ildir müstəqildir. Amma, təəssüf ki, öz sərhədi, bayrağı, milli pulları olan bu dövlətlərin vətəndaşları hər gün kənar və uzaq dövlətlərin adlarını təkrarlayır: Rusiya, İran, ABŞ, Fransa... Demək olar ki, hər gün bu böyük güclərin baş kəndlərindən Bakıya, Tbilisiyə və İrəvana tövsiyə, dəvət kimi, təzyiq zəngləri də gəlir. Yəni, bu üç dövlətin kiçik Qafqazda necə yaşamasını, hansı qərarlar qəbul etməsini həmin “böyüklər” müəyyən etməyə çalışırlar. Elə bil Cənubi Qafqaz onlar üçün seleksiya zonası, eksperiment laboratoriyası, yarışların keçirildiyi tatami döşəyi olub...

* * *

SSRİ dağıldı, Cənubi Qafqazın üç respublikası da müstəqil oldu. Fəqət Rusiya hələ bölgədən getməyib. O, Azərbaycanda (Qarabağ), Ermənistanda (Gümrü) və Gürcüstanda (Abxaziya və Cənubi Osetiya) qalmaqdadır. Bu, azmış kimi, son vaxtlar ABŞ, Fransa və Avropa İttifaqının da Qafqaza əl-ayağı uzanıb. İran da regiona soxulmaq üçün məqam gözləyir. Uzun sözün qısası, hazırda Cənubi Qafqazda gəlmələrin, yadellilərin tıxacı yaranıb. Böyük və Kiçik Qafqaz dağlarının həm zirvələrindən, həm də ətəklərindən pay uman kənar güclərin hərəsinin öz marağı var. Yüz il, iki yüz bundan əvvəl olduğu kimi, bu maraqlar yenə kəllə-kəlləyə gəlib.

Azərbaycanın müzəffər ordusu 44 günlük müharibədə şanlı Zəfərə imza ataraq əzəli və tarixi torpaqlarımızın böyük hissəsini işğaldan azad etdikdən sonra ölkə Prezidenti İlham Əliyev Cənubi Qafqazda yeni əməkdaşlıq və regional təhlükəsizlik mühitinin yaradılması ideyasını irəli sürdü.  O, bölgədə üçtərəfli əlaqələrin inkişafı üçün bütün addımları atmağa hazır olduğunu bəyan etdi. Dövlətimizin başçısı dəfələrlə deyib ki, sülh vasitəçiliyində Moskvanın, Vaşinqtonun, Brüsselin səylərini təqdir edir. Amma İlham Əliyevin çıxışlarını diqqətlə izləyənlər onu da bilir ki, Prezidentin heç vaxt bu ölkələrin vasitəçiliyinə ayrılıqda etibarı olmayıb. Bu prizmadan yanaşanda Tbilisi sülh sazişinin imzalanacağı şəhər kimi daha optimal variant hesab oluna bilər.   

Aydındır ki, Cənubi Qafqaz respublikaları arasında münasibətlərin yeni müstəviyə daşınmasının təməl şərti qarşılıqlı olaraq ərazi bütövlüyü prinsipinə hörmət edilməsi, Ermənistanın regionda əmin-amanlığın bərpası naminə Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətlərini qəbul etməsidir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da son müsahibələrindən birində dedi, əlaqələrin normallaşması üçün rəsmi İrəvana daha bir fürsət verildiyini bildirdi. Ermənilər anti-türk siyasətindən əl çəkərək Qafqazdan Anadoluya qədər əsrlər boyu Türk dövlətlərinin hakimiyyəti altında olan ərazilərdə rahat yaşadıqlarını, ticarətdən siyasətə yüksək mövqelərə çatdıqlarını, hər dəfə Türk yüksəlişinin Avrasiyanın bütün xalqlarının həyatında uzlaşma, harmoniya və rifah mühütü yaratdığını unutmadan, ağıllı bir siyasət yolunu tutarlarsa, bütün Qafqaz xalqları ilə bərabər yenə fayda görəcək. Bundan başqa, region müxtəlif kənar güclərin mübarizə poliqonu olmaqdan çıxacaq və tərəqqi yoluna qədəm qoyacaq.

* * *

Hansı bucaqdan baxsaq da, Tbilisinin Bakı və İrəvan arasında sülhə nailma yolunda vasitəçiliyi, ilk növbədə, Ermənistan üçün faydalıdır.  Azərbaycan Prezidenti İlham Əliyev İrəvanla sülh danışıqlarında Gürcüstanın vasitəçiliyinə müsbət yanaşır. Cənab Prezident bu barədə fikirlərini bir neçə dəfə bildirib.

“Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər, bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilər”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib. Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlətimizin başçısı əlavə edib: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.

Yeri gəlmişkən, Ermənistan baş naziri Nikol Paşinyan da Gürcüstana mütəmadi səfərlər edir, qonşu dövlətlə strateji tərəfdaşlıqdan danışır, ancaq Tbilisinin vasitəçiliyi ilə bağlı fikir bildirməkdən yayınır. İkitərəfli sülh sazişinin imzalanması üçün Tbilisi ən münasib məkandır. Buna Brüssel, Vaşinqton, Ankara, hətta Moskva da etiraz etməz.

         * * *

“Bizim Azərbaycanla çox gözəl ikitərəfli münasibətlərimiz var. Ölkələrimiz böyük layihələrdə birgə iştirak edir. Bakı və Tbilisi regional əhəmiyyətli infrastrukturun qlobal əhəmiyyət qazanmasına çalışırıq və buna nail olmuşuq”. Bu sözləri Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili bir il bundan əvvəl IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirədə deyib. Xanım Tkeşelaşvilinin sözlərinə görə, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması onu göstərir ki, sülhə doğru addım atıla bilər: “Gürcüstan hökuməti bu sülh danışıqlarına yardım etməyə, təmsil olunmağa hazırdır. Azərbaycan və Gürcüstan bu prosesdə maraqlıdır”. Baş nazirin sabiq müavini deyib ki, Gürcüstan iki xalqı yaxınlaşdırmaq istəyir: “Bu, sülhün bərqərar olmasına töhfə verəcək. Gürcüstan Azərbaycan və Ermənistandan olan nümayəndələrin görüşlərinin keçirilməsinə evsahibliyi edə bilər”. O, həmçinin xatırladıb ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsi hələ də dünya ictimaiyyətinin gündəmindədir.

Sabiq nazir müavini Eka Tkeşelaşvilinin ardınca Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili erməni həmkarı Alen Simonyanla keçirdiyi brifinqdə deyib: “Gürcüstan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq nümunəsinə çevrilməsi üçün Ermənistan və Azərbaycan arasında vasitəçi kimi davam etməyə hazırdır”. O, ümidvar olduğunu bildirib ki, Qafqaz xalqları ən çətin anlarda belə öz müdrikliyi və əməkdaşlığı ilə sülhsevər gələcək qura biləcəklərini ilk növbədə gənc nəsilə göstərə biləcəklər. Baş nazir İrakli Qaribaşvili keçən həftə Ermənistana səfəri zamanı müəyyən məsələlərlə yanaşı, vasitəçilik missiyasını da gündəmə gətirmişdi.

Bəli, İkinci Qarabağ müharibəsində hava məkanını İrəvanın üzünə bağlamaqla Ermənistana silah daşınmasının qarşısını alan Tbilisi indi ikitərəli danışıqlar meydanı kimi öz vasitəçiliyini təklif edir. Bölgədə sülhə və sabitliyə nail olmağın ən doğru yolu kimi görünən bu qonşuluq platforması, yuxarıda qeyd etdiyimiz kimi, həm də yadellilərin Qafqazdan ayağı yığışardı. Təbii ki, burada son sözü qalib tərəfin nümayəndəsi – Prezident İlham Əliyev deyəcək.

İmran BƏDİRXANLI

 

Ekspert rəyi

Fikrət SADIXOV, politoloq:

Tbilisinin Bakı və İrəvan arasında vasitəçiliyi Cənubi Qafqazın hər üç ölkəsinin maraqlarına cavab verən variantdır. Azərbaycan bununla bağlı əvvəllər də müəyyən təkliflərini səsləndirmişdi. Bu variantın üstünlüyü ondan ibarətdir ki, burada hansısa üçüncü qüvvənin, dövlətin müdaxiləsi olmadan öz aramızda regionun problemlərini həll edirik. Daha doğrusu, müzakirələrin gedişində həll etməyə çalışırıq. Təbii ki, bu danışıqlarda Gürcüstan da maraqlı olmalıdır. Çünki Tbilisi Bakı ilə normal münasibətlərin və əməkdaşlığın inkişafında maraqlıdır. Eyni zamanda, rəsmi Tbilisi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Hazırda Gürcüstanın özü də mürəkkəb geosiyasi durumdadır. Abxaziya və Cənubi Osetiya bölgələrinin işğal altında olması ilə bağlı ciddi qayğıları var.

Bu formatda gedəcək danışıqlarda bir çox məsələlər Ermənistandan asılıdır. Yəni, İrəvan süni maneələr, problemlər yaratmamalıdır. Gündəliyə salınacaq məsələlərin önündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, əlbəttə ki, ilk növbədə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi gəlir. Şübhə etmirəm ki, sülh danışıqlarının məhz bu kontekstdə aparılması hər üç dövlətin maraqlarına cavab verir. Tbilisi görüşü həm də bölgənin gələcək inkişaf perspektivi üçün əhəmiyyət daşıyacaq.  

         

Tofiq ABBASOV, siyasi şərhçi:

Gürcüstan hakimiyyətində bu ideya çoxdan var. Hələ iki il əvvəl Prezidenti Salome Zurabişvili Tbilisinin Azərbaycan və Ermənistan arasında vasitəçi ola biləcəyini demişdi. Faktiki olaraq, Ermənistan odu söndürüb, külü ilə oynayır. Bütün proseslərin konturları bəllidir. Ermənistan müharibəni uduzub, qalib məlumdur. İndi gərək öz məğlubiyyətini tanısın və bunun ardınca ondan tələb olunanlar bəllidir. Sərhədlərin demarkasiya və delmitasiyası keçirilsin, sonra da sülh müqaviləsinə imza atılsın.

Düzünü desək, Gürcüstan Qərb tərəfindən Cənubi Qafqazda Ermənistandan və Azərbaycandan yaxın qəbul edilən ölkədir. Amma Gürcüstan ərazi bütövlüyünü təmin etməyib. İndi rəsmi Tbilisi bu məsələdə irəliləmək və Azərbaycan –Ermənistan münasibətlərinin tənzimlənməsində özünü beynəlxalq aləmə arbitr kimi göstərmək istəyir. Bunu yeni imicdə, yeni formada etməyə çalışır. Amma indi artıq arbitrə ehtiyac qalmayıb. Ona görə ki, “Dağlıq Qarabağ” problem daha yoxdur. 2023-cü il sentyabrın 19-dək Rusiya, ABŞ, Fransa, Avropa İttifaqı Azərbaycanı sonsuz və səmərəsiz danışıqlar prosesinə cəlb etmək istəyirdilər. Bakı bir sutkaya belə cəhdlərin üstündən qalın bir xətt çəkdi. İndi Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu qalmayıb. Güc, söz və nəzarət Azərbaycandadır. Ermənilər reallıqla barışmalıdırlar.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

İmran BƏDİRXANLI