USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

3+3 formatı gündəmdədir

Bu format Cənubi Qafqazda əməkdaşlığın inkişafı üçün yeni üfüqlər açır


https://img.baki-baku.az/news/2023/10/photo_8838.jpg

Vətən müharibəsinin başa çatmasından az sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri arasında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutan “3+3” formatı təkcə yerli ekspertlərin deyil, beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edib. Söhbət Cənubi Qafqazda 6 ölkənin iştirakını nəzərdə tutan yeni əməkdaşlıq formatından gedir. Həmin əməkdaşlıq formatının bir tərəfi Türkiyə, Rusiya və İran, digər tərəfi isə Azərbaycan, Gürcüstan və Ermənistandır.

Hər bir məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirən qardaş Türkiyə ölkəmizin bu təşəbbüsünə də tam dəstək ifadə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk günlərdən bildirmişdi ki, “3+3 formatının fəaliyyətə başlaması regionda sülh və sabitliyə böyük töhfə verəcək.

Gürcüstan istisna olmaqla bölgənin digər ölkələri də təşəbbüsə razılıq vermişdilər. Hətta, bu format çərçivəsində bir neçə dəfə görüş keçirilmişdi. Rəsmi Tbilisinin formatda iştirakdan imtinasına səbəb isə Rusiya ilə münasibətlərdə yaranmış soyuqluq idi. Ölkənin sabiq Xarici işlər naziri David Zalkaliani bildirmişdi ki, Gürcüstan ərazilərini öz nəzarəti altında saxladığı müddət ərzində Rusiya ilə əməkdaşlıq formatında iştirak etməyəcək. D.Zalkaliani qeyd etmişdi ki, bu formatda əməkdaşlıq, iştirakçı ölkələrin beynəlxalq hüququn təməl prinsiplərinə, o cümlədən ölkələrin suverenliyi və ərazi bütövlüyünün tanınmasına hörmət göstərmələrini tələb edir. O bildirmişdi ki, Gürcüstan üçtərəfli formatda (Gürcüstan, Azərbaycan və Türkiyə) əməkdaşlığı uğurlu sayır. “Bu format artıq Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP, Bakı–Tbilisi–Qars kimi layihələrdə öz əksini tapmaqla cəlbediciliyini sübut edib”, – deyə sabiq nazir qeyd etmişdi.

Onu da deyək ki, Gürcüstanın bu mövqeyi Bakı və Ankarada anlayışla qarşılanır. Vaxtilə Türkiyənin sabiq Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara Gürcüstanın bu məsələyə ehtiyatlı yanaşmasına hörmət edir və onu başa düşür. “Mürəkkəb şərait olduğu halda – Abxaziya və Cənubi Osetiyanı nəzərdə tuturam – Rusiya ilə ikitərəfli danışıqlara başlamaq çətindir, lakin çoxtərəfli formatda müzakirələr daha asan olardı”, – deyə M.Çavuşoğlu bildirmişdi.

Bundan əlavə, ötən ilin sonu, bu ilin əvvəllərində Azərbaycan–İran münasibətlərində yaranan soyuqluq da 3+3 formatında əməkdaşlığın baş tutmasına imkan verməmişdi. O vaxt iki ölkənin münasibətləri Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən ötən dövr ərzində ən gərgin dövrünü yaşayırdı. Cari ilin ikinci yarısından etibarən Azərbaycan–İran münasibətlərində yumşalma meyilləri hiss olunmağa başladı.

Azərbaycan–İran əlaqələrinin inkişaf kursu götürməsinin bariz nümunəsi İran İslam Respublikasının Yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşın bugünlərdə ölkəmizə səfər etməsi oldu. Nazir oktyabrın 6-da Prezident İlham Əliyev tərəfindən qəbul edildi. Dövlətimizin başçısı qəbul zamanı Azərbaycan–İran dostluğunun və əməkdaşlığının bütün bölgə üçün önəmli amil olduğunu vurğuladı. Prezident İlham Əliyev regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirərək, bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd etdi və tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirdi.

Qeyd edək ki, M.Bəzrpaş Azərbaycana səfəri ilə bağlı açıqlamasında ölkəmizin İrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyini açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan səfirliyinin fəaliyyətinin tez bir zamanda bərpası üçün İran tərəfi xahiş edib. Azərbaycan tərəfi isə bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib.

Bugünlərdə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, rəsmi Tehran Qafqaz regionunda sülh və sabitliyin hökm sürməsində maraqlıdır: “Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiyaların inkişafının tərəfdarıyıq. İran region dövlətləri arasındakı məsələlərin 3+3 formatında həll olunmasını istəyir və bölgəyə kənar qüvvələrin cəlb edilməsinin əleyhinədir”. Beləliklə, aydın olur ki, 3+3 formatında əməkdaşlığın baş tutması yolunda maneə olan daha bir səbəb aradan qalxmaq üzrədir.

Qeyd olunan formatda əməkdaşlığın inkişafına daha bir maneə Ermənistanın mövqeyidir. Düzdür, İrəvan formata qarşı çıxmır. Hətta, 2021-ci il dekabrın 10-da bu formatda Moskvada keçirilən görüşdə də xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunub. Buna baxmayaraq, Ermənistanla Azərbaycan arasında bir sıra problemlərin hələ də həllini tapmaması, o cümlədən iki ölkənin sərhədlərinin delimitasiya və demarkasiya olunmaması, sülh müqaviləsinin imzalanmaması, İrəvanın regional kommunikasiyaların açılmasına imkan verməməsi iki ölkənin əməkdaşlıq imkanlarına mənfi təsir göstərir.

Azərbaycan sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonunda suverenliyini tam bərpa etdi. Ermənistan rəhbərliyi də Azərbaycanın bu ərazilər üzərindəki suverenliyini tanıdığını hələ may ayında ən yüksək səviyyədə bəyan edib. Baş nazir Nikol Paşinyan həmin mövqeyini Avropa Siyasi Birliyinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən III Zirvə görüşündə bir daha vurğulayıb. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, bundan sonra geniş əməkdaşlıq platformasının yaranması üçün imkanlar yaranır. Zənnimizcə, İrəvan yaranmış bu şansı dəyərləndirməli, açılan fürsət pəncərəsini bağlamamalıdır.

***

Burada diqqət yetirilməli məqamlardan biri də Qərbin Ermənistanı bu platformada iştirakdan yayındıra biləcəyi ehtimalıdır. Sirr deyil ki, son vaxtlar Ermənistan–Rusiya münasibətlərində soyuqluq yaşanır. Buna paralel olaraq, İrəvanın Qərb ölkələri ilə onsuz da yaxşı olan münasibətlərinin daha da istiləşməsi müşahidə olunur. Ehtimal etmək olar ki, Qərb Rusiya–Ermənistan münasibətlərindəki çatları dərinləşdirmək üçün Hayastanı 3+3 platformasında iştirakdan yayındıracaq. Amma İrəvanda onu da bilməlidirlər ki, bu, onların düşdükləri dalan vəziyyətində hələ uzun müddət qalacaqları deməkdir. Ermənistanın Zəngəzur dəhlizinin açılmasına yersiz müqavimət göstərməsi artıq yolun İrandan keçəcəyi ideyasını gündəmə gətirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Naxçıvana səfəri zamanı qeyd etdiyi kimi, son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılıb. O, bildirmişdi ki, bu fürsətin dəyərləndirilməsinə inanır. “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Biz bu borcu yerinə yetirməkdə qətiyyətli və səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”, – deyən Türkiyə dövlətinin başçısı vurğulamışdı ki, bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur.

Onu da qeyd edək ki, 3+3 formatı təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Hesablamalara görə 3+3 formatına daxil olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatı deməkdir. Bu format 331 milyon nəfər əhalisi ilə dünyada üçüncü, ərazisinə görə isə birincidir. Formata daxil olan ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları çox genişdir. 3+3 formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər. Cənubi Qafqaz ölkələri üçün böyük satış bazarı olacaq Rusiya, Türkiyə və İranla ticarət əlaqələrinin möhkəmlənməsi və inkişafı, sözsüz ki, 3+3 formatının yaratdığı ən əlverişli imkanlardan biridir.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Rizvan HÜSEYNOV, siyasi şərhçi

Azərbaycanın təşəbbüsü olan 3+3 formatında əməkdaşlıq hər zaman diqqət mərkəzindədir. Bu əməkdaşlıq modeli uzun müddətdir ki, müzakirə olunur. Hətta, bununla əlaqədar müəyyən görüşlər də keçirilib. Platforma çərçivəsində üç Cənubi Qafqaz ölkəsi və onlara qonşu olan Rusiya, İran və Türkiyə arasında iqtisadi, kommunikasiya əlaqələrinin qurulması nəzərdə tutulur ki, bu da, bütövlükdə, regionun geosiyasi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Gürcüstan istisna olmaqla, digər dövlətlər ötən dövr ərzində 3+3 formatında əməkdaşlıq platformasını dəstəklədiklərini bəyan ediblər. Təşəbbüsün reallığa çevrilməsi üçün praktiki addımlar atılıb.

Verilən son açıqlamalar təşəbbüsün aktual olduğunu, əməkdaşlıq imkanlarının müzakirə ediləcəyini göstərir. Çünki 3+3 formatında əməkdaşlıq platforması bütün tərəflər üçün siyasi və iqtisadi mənfəət vəd edir. Bu platforma siyasi-diplomatik və təhlükəsizlik baxımından əhəmiyyətli olmaqla yanaşı, mühüm iqtisadi-ticari önəmə də malikdir. Bölgəmizdə yaranmış yeni reallıqlar fonunda 3+3 formatında əməkdaşlıq mexanizmi real və perspektivlidir. İndiyədək Benilüks və Skandinaviya, bir sıra Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrinin regional platformalar çərçivəsində əməkdaşlıq nümunələri yaratması reallıqdır. Bu mənada 3+3 formatı da real siyasi-iqtisadi platformaya çevrilə bilər. Təbii ki, əsas məsələ tərəflərin siyasi iradə nümayiş etdirməsidir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Səxavət HƏMİD