USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paris zamanı və məkanı səhv salıb

Fransanın Cənubi Qafqazda “Afrika ssenarisi” baş tutmayacaq


https://img.baki-baku.az/news/2023/10/photo_8796.jpg

Cənubi Qafqaz bölgəsindən min kilometrlərlə uzaqda yerləşən dövlətlərin Ermənistan–Azərbaycan münasibətlərinə müdaxiləsi davam edir. Görünür, onlar özlərini dünyanın ağası hesab edərək, hər məsələyə burun soxmağı özlərinə rəva görürlər. Belə dövlətlərdən biri də Fransadır. Rəsmi Parisin ermənipərəstliyi lap əndazəni aşıb. Fransa xarici işlər naziri Katrin Kolonnanın bugünlərdə İrəvana səfəri zamanı verdiyi bəyanatlar bunun daha bir təsdiqidir.

Yeri gəlmişkən qeyd edək ki, bu, onun cari ildə Ermənistana ikinci səfəridir. Bundan öncə xanım Kolonna aprelin 28-də İrəvanda olmuşdu. Fransız nazirin səfərindən 5 gün əvvəl – aprelin 23-də isə Azərbaycan Ermənistanla şərti sərhəddə “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini yaradaraq özünün sərhədlərinə sahib çıxmışdı. Prezident İlham Əliyev avqustun 26-da Laçın şəhərində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxış edərkən bu barədə demişdi: “Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Bizə nə qədər təzyiqlər, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.

Gözlənildiyi kimi, K.Kolonna İrəvanda ermənilərin maraqlarına cavab verən bir sıra bəyanatlar verdi. Bu bəyanatlar arasında Fransanın Ermənistanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə çox diqqətli olacağını, İrəvanla hərbi texnika və fransız silahlarının tədarükünə imkan verən müqavilə imzalanacağını deməsi diqqəti cəlb edir.

Fransa 30 ilə yaxın Ermənistan–Azərbaycan münaqişəsinin həlli məqsədilə yaradılmış və artıq tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupunun üzvü olub. Paris həmin dövrdə də məsələlərə ermənilərin maraqlarından yanaşırdı. Bununla belə əvvəlki prezidentlər formal da olsa, öz bitərəfliklərini qorumağa çalışırdılar. 2017-ci ildə Emmanuel Makron prezident seçildikdən sonra Fransanın simasındakı maska tamamilə düşdü. 2020-ci ilin Vətən müharibəsi günlərində Paris mövqeyini açıq şəkildə ortaya qoydu. Əməlləri ilə dünyaya bəyan etdi ki, Ermənistan–Azərbaycan qarşıdurmasında öz tərəfini seçib. Amma müdrik atalarımız da “hər işdə bir xeyir var”, – deyiblər. Bu mənada Parisin öz mövqeyini açıq şəkildə bəyan etməsi dost-düşmənimizi tanımağımız baxımından yaxşı oldu.

Müharibədən sonrakı dövrdə Paris yenə də nala-mıxa vurmağa başladı, Minsk qrupunu “diriltməyə” cəhdlər etdi. Amma daha iş işdən keçmişdi. Hamıya, o cümlədən Yelisey sarayına da aydın idi ki, Paris etimadını itirib. Bu mənada Prezident İlham Əliyevin 2020-ci il dekabrın 12-də Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən dediyi sözlər diqqəti cəlb edir: “Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin bəyanatları olub. Məncə, bu, təxminən on il əvvəl baş verib. Biz həmin bəyanata dəstək verdik, çünki o, müəyyən ümidlər yaratdı. Onlar birgə bəyannamə ilə çıxış etdilər və bildirdilər ki, status-kvo qəbuledilməzdir. Biz dedik: “Bəli. Yaxşı bəyanatdır. Gəlin onun üzərində işləyək”. İndi isə bunu Ermənistana deyin. Mən sizə və sələflərinizə nə qədər deyirdim ki, gedin, deyin ermənilərə çıxsınlar. Onlara təzyiq göstərin. Mən ölkələrinizin yüksək rütbəli rəsmilərinə bunu dəfələrlə deyirdim: “Gedin, deyin onlara, təzyiq göstərin, hələ ki, gec deyil!” Lakin nə baş verdi? Müəyyən vaxt keçdi, ölkələrinizin liderləri bu sözləri dəyişməyə başladılar. Onlar artıq status-kvonun qəbuledilməzliyi barədə danışmadılar. Onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo onlar üçün qəbul ediləndir. Bunu hansı başqa formada izah edə bilərik. Onlar Akvildə, Muskokada söylədilər ki, status-kvo qəbuledilməzdir. Sonra da onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir. Bir çox siyasətçilər hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun qalmasından keçir. Biz isə bunu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik”.

Dövlət başçımızın görüşün sonunda söylədiyi fikirlər isə yəqin ki, heç vaxt yaddaşlardan silinməyəcək. Həmin fikirlər Fransanın da təmsil olunduğu bu səmərəsiz quruma Azərbaycanın daha ehtiyacının olmadığının isbatı idi: “Bununla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.

Beləliklə, Fransanın yürütdüyü siyasət üzündən Azərbaycanla münasibətlər indiki həddə gəlib çıxdı. Vəziyyətin bu şəkil almasında təkcə Vətən müharibəsi dövründə məsələyə yox, ondan sonra da Parisin Ermənistan–Azərbaycan münasibətlərində oynadığı destruktiv yanaşmanın böyük rolu oldu. Ümumiyyətlə, Fransa təkcə Cənubi Qafqazda deyil, dünyanın bir sıra digər bölgələrində də analoji siyasət yürütməsi ilə tanınır. Bu siyasət isə uğursuzluğa düçar olub. Elə dünən – oktyabrın 5-də “Frans-Press” agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən Nigerdə yerləşdirilən 1500 nəfərə yaxın fransız hərbçisinin bir həftə ərzində ölkəni tərk edəcəyi barədə məlumat yayıb. Qeyd edək ki, fransız qoşununun çıxarılmasını hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Nigerin yeni hökuməti tələb edirdi. Yeni hökumətin tələbi ilə Fransa səfiri Silvena İtte də ölkədən çıxarılıb.

Fransanın müstəmləkəçilik siyasəti tarixən sülh və əmin-amanlığın təmin olunması yox, müharibə və münaqişələr üzərində qurulub. Bu gün Afrika qitəsində Parisin təhriki və birbaşa iştirakı ilə davam edən münaqişələr, hərbi çevrilişlər və digər xoşagəlməz hallar bunun göstəricisidir. “Beşinci Respublika” bu gün bölgəmizdə də, necə deyərlər, Afrikadakı siyasətini yürütməyə çalışır, burada sülhün bərqərar olması Parisin maraqlarına cavab vermir. Görünən odur ki, Fransa neoimperialist təfəkkürdən çıxış edərək “parçala, hökm sür!” prinsipi ilə fəaliyyət göstərməyə üstünlük verir. Parisdən ucalan “Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir” fikri isə Fransanın siyasətindəki xristian təəssübkeşliyinin daha bir mənzərəsidir.

***

Heç kimə sirr deyil ki, Ermənistan dövlət müstəqilliyini bərpa etdiyi gündən müstəqil siyasət yürütməyib və xarici himayədarlar üçün dayaq, istinad məntəqəsi (forpost) olmağa üstünlük verib. Ermənistanı 20 il idarə edən Qarabağ klanı bütün strateji obyektləri, nəqliyyat-kommunikasiya qovşaqlarını forpostu olduğu dövlətin ixtiyarına vermişdi. İndi isə İrəvan, deyəsən, Fransanı özünə əsas himayədar seçib və onun forpostuna çevrilib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması, İrəvandakı səfirlikdə silah satışını kurasiya etmək üçün məxsusi hərbi attaşenin təyin olunması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir. Ancaq Ermənistan uğradığı hərbi-siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Yeni himayədar tapmaq və bu dəfə Fransanın forpostu olaraq Azərbaycana, necə deyərlər, diş qıcamaq Ermənistana baha başa gələ bilər. İrəvan unutmamalıdır ki, yenidən odla oynayarsa, onu Azərbaycanın əlindən heç bir qüvvə ala bilməz.

Səxavət HƏMİD

 

Ekspert rəyi

İlyas HÜSEYNOV, politoloq

– Fransa Cənubi Qafqazda proseslərə ciddi şəkildə müdaxilə edir və burada möhkəmlənmək istəyir. Möhkəmlənmək prosesini də Ermənistanın maraqları hesabına həyata keçirmək niyyətindədir. Ermənistan da çox rahatlıqla Fransanın geosiyasi oyunlarına alət olur. İrəvanı silahlandırmağa dair səslənən fikirlər, atılan addımlar Hayastanı xeyli ruhlandırıb.

Bu gün Ermənistanın siyasi rəhbərliyi revanşizm fikirlərindən də əl çəkmir. Lakin heç bir dövlət Ermənistana hərbi və hərbi-texniki yardım edərək geosiyasi konfiqurasiyanı dəyişməyə cəhd etməməlidir. Fransa bununla Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesinə də destruktiv təsir göstərir. Paris separatizm dalğasının güclənməsi üçün çalışır və revanşist ideologiyaya təkan verir. Bütün bunlar aradan qaldırılmalı və nəhayət, Ermənistan da müstəqil dövlət olmalıdır. Çünki son vaxtlar güclənən fikir bundan ibarətdir ki, Ermənistan regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesində yer almaya bilər. Bu, çox ciddi və tutarlı tezisdir. Belə görünür ki, Ermənistan geosiyasi dalanda qalmaqda davam edəcək. İrəvan əlverişli şərtlər imkanını itirmək üzrədir. Əlverişli təkliflərdən boyun qaçırır, nəticə isə çox acınacaqlı olur.

Bu gün Rusiyadan üz döndərməklə Fransa hesabına güclənmək məqsədi güdən rəsmi İrəvan həm də öz dövlətçiliyini sual altında qoyur. Fransa isə Ermənistanın şirin vədlərə inanmasından sui-istifadə edir. Belə görünür ki, Ermənistan da forpost, əlaltı dövlət olmaqdan məmnundur. Halbuki, onun müstəqil dövlət olaraq, qonşularla yaxşı münasibət yaratmaq, ərazi iddialarından geri çəkilmək, sülh müqaviləsi imzalamaq şansı var. Hələ ki, bu limit bitməyib. Lakin mənə elə gəlir ki, bu, Ermənistan üçün son şansdır.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Səxavət HƏMİD