USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Roma Statutu – Ermənistanın anti-Rusiya dirənişi


https://img.baki-baku.az/news/2023/10/photo_8794.jpg

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna bir neçə gün əvvəl Ermənistanda səfərdə olarkən, Roma Statutunu ratifikasiya etdiyi üçün təbriklərini çatdırmağı da yaddan çıxarmayıb. Heç şübhəsiz, bu sənəd də İrəvanın anti-Rusiya fəaliyyətinin vacib elementlərindən biridir. Eyni zamanda, Ermənistan iqtidarının belə demək mümkünsə, başlıca illüziya mənbəyidir. Kolonna başda olmaqla Prezident Emmanuel Makron Fransası isə İrəvanın bütün illüziyalarını körüklədiyi kimi, Roma Statu ilə, necə deyərlər, boyundan yuxarı hoppanmasını da alqışlamalıdır və alqışlayır da. Çox güman, avantüristlərin xislətlərinə bələddir. Onları ruhlandırmağın və dağın başına qaldırmağın vacibliyini yaxşı anlayır. Əlbəttə, Ermənistanın dağdan aşağı yuvarlanmasına nə Kolonna mane olacaq, nə də Makron.

 

***

Başlayaq ondan ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi (Rome Statute of the International Criminal Court) 15 iyun–17 iyul 1998-ci il tarixləri arasında İtaliyanın paytaxtında keçirilmiş BMT Konfransının qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin qurulması haqqında statutdur. 2016-cı ilin mart ayından etibarən 139 dövlət sənədi imzalamışdı ki, onlardan 124-ü onu təsdiqləmişdi. Yəni, Ermənistan sözügedən əsasnaməni imzaladıqdan sonra sənədi təsdiqləyən ölkələr sırasında sayca 125-cidir.

Rusiyaya gəldikdə isə, ölkə Roma Statutunu 2000-ci ilin sentyabrında imzalasa da, 2016-cı ilədək təsdiqlənməmiş saxlamışdı. 2016-cı ildə Prezident Vladimir Putin sənədin qəbuledilməzliyinə dair sərəncam imzalamışdı. Bu qərar ölkənin milli maraqları baxımından izah edilmişdi. Bir çox siyasi müşahidəçilər isə məsələni Rusiyanın Ukraynanın Krım Muxtar Vilayətini ələ keçirməsi ilə əsaslandırmış və bildirmişdilər ki, Moskvanın sənədin ratifikasiyasından daşınması onun müddəalarının Kremlə qarşı tətbiqi ehtimalına görədir.

***

Yeri gəlmişkən, Ermənistan baş naziri Nikol Paşinyan da bir müddət əvvəl “Politoco Europe” nəşrinə müsahibəsində Roma Əsasnaməsinin ölkəsinin təhlükəsizlik maraqları baxımından uyğunluğunu vurğulamışdı. Nikol fikrini belə əsaslandırmışdı ki, İrəvanın hazırkı təhlükəsizlik alətləri tələbatlara cavab vermir və onların yeniləri ilə əvəzlənməsi şərtdir.

Əlbəttə, erməni baş nazirin bu fikirləri söyləyərkən, Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyün Ermənistana heç bir fayda gətirmədiyini söyləməsi diqqətçəkəndir. Digər tərəfdən, Paşinyan Roma Əsasnaməsinin vacibliyinə dair izahına Qarabağ məsələsini də əlavə etməyi yaddan çıxarmamış və bildirmişdi ki, bölgədəki Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyi bacarmırlar. Əlbəttə, Nikol layihənin öz aləmindəki ən böyük hədəfini də açıqlayıb. Hədəf Azərbaycandır. Paşinyan sənədin köməyi ilə ölkəmizi məsuliyyətə cəlb edəcəyi düşüncəsindədir. Əlbəttə, onun belə fikir bildirməsi diqqəti əsas məsələdən yayındıra bilməz. Çünki indiki halda başlıca hədəfin Rusiya olduğu aşkardır. Çünki ortada Putin amili var. Buna aydınlıq gətirəcəyik.

***

Hələlik isə bildirək ki, Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır. Bunlar soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə və təcavüz cinayətləridir. Bunlara heç bir məhdudiyyət tətbiq olunmur. Roma Statutuna əsasən BCM, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdikləri və müdaxilə etmək istəmədikləri vəziyyətlərdə, yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər.

Nəhayət, onu da bildirək ki, BCM Rusiya Prezidenti V.Putinin həbsinə order verib. Qərar Ukraynadakı müharibə kontekstində çıxarılıb və Kreml lideri, faktiki olaraq, müharibə cinayəti törətməkdə ittiham olunub. Konkret desək, V.Putinin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyasını və Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıdığı bildirilir. İndi Ermənistan BCM-nin Roma Statutu üzrə bütün öhdəliklərini tanıyırsa, deməli, Putin bu ölkəyə ayaq basdığı anda həbs edilməlidir.

***

Qeyd edək ki, Ermənistanın Konstitusiya Məhkəməsi Roma Statutunda nəzərdə tutulmuş öhdəliklərin konstitusiya uyğunluğunu hələ 2022-ci ildə təsdiqləmişdi. Təsdiqləmiş və ratifikasiya üçün təqdim etmişdi. Lakin o vaxtdan hökumət bu məsələni ləngidirdi. Paşinyan, sanki əlverişli məqam gözləyirdi. İrəvan anti-Moskva ritorikasını gücləndirdikcə, proseslərin Roma Statutunun ratifikasiyasına doğru getdiyi aşkar görünürdü. Nəhayət, həmin an yetişdi.

Rusiyadan söz düşmüşkən isə Ermənistanın Rusiya meyilli sabiq prezidentləri Robert Koçaryanın “Ermənistan” və Serj Sarkisyanın “Şərəfim var” parlament fraksiyasının deputatları Putinin həbsi üçün meydan tanıyan sənədin əleyhinə çıxıblar. "Ermənistan" fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl deyib ki, məsələnin gündəliyə salınması Ermənistan Konstitusiyasına ziddir. “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan da eyni fikri ifadə edib. Müxaliflər onu da vurğulayıblar ki, BCM Ermənistana heç bir fayda verə bilməz. Çünki BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü – Rusiya, Çin və ABŞ bu məhkəməyə qoşulmayıb.

Əlbəttə, Roma Əsasnaməsinin ratifikasiyasının Ermənistan – Rusiya münasibətlərinə heç bir mənfi təsir göstərməyəcəyini bildirənlər də var. Hərçənd, bu kateqoriyaya aid şəxslərin əsasən iqtidar təmsilçilərindən ibarət olduğunu söyləməliyik. Onlardan biri kimi, baş nazir N.Paşinyanın fikirlərini diqqətə çatdırdıq. Əlavə olaraq onu da bildirək ki, Ermənistanın hakim partiya təmsilçiləri qərarın qəbulunun vacibliyi ilə əlaqədar Rusiya tərəfini məlumatlandırdıqlarını, izahat işləri apardıqlarını vurğulayıblar. Ancaq məlumdur ki, söhbət Putinin Ermənistan ərazisinə ayaq basmasının yolverilməzliyindən gedirsə, heç bir izahat işi Moskvanı qane edə bilməz. Yəni, Paşinyanın komandasının nəyi hansı formada əsaslandırmasından asılı olmayaraq, məsələyə prinsipial baxış var.

Həm də ona görə prinsipial baxış var ki, Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanın BCM-nin Roma Statutunu ratifikasiyasını qəbuledilməz adlandırıb və bəyan edib ki, belə bir addım ikitərəfli münasibətlər üçün mənfi nəticələr doğuracaq. Addım isə atıldı. Yəni, İrəvan növbəti dəfə nəinki Moskvanın mövqeyinə qarşı çıxdı, eyni zamanda, bilavasitə Rusiyaya qarşı, ölkənin ziyanına olan məsələyə, özü də başından böyük məsələyə qol qoydu. Bundan sonra nələr yaşanacaq, onu əlahəzrət zaman göstərəcək.

 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV