USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünya ikinci Nürnberqi gözləyir

Bakıda müttəhimlər kürsüsünə əyləşəcək hərbi canilərin siyahısında adlar çoxalır


https://img.baki-baku.az/news/2023/10/photo_8767.jpg

Azərbaycan xalqı tarixi günlərini yaşayır. Hazırda üçrəngli bayrağımız Qarabağın hər bucağında dalğalanır. Qondarma “dqr”ın keçmiş separatçı rəhbərləri isə Bakıda dindirilir. Bunun ardı gələcək. Hələlik səkkiz separatçı-terrorçu Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Bunlar Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020), Araik Arutyunyan (2020-2023), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, habelə kifayət qədər cinayət törətmiş Ruben Vardanyan, Davit Babayan, Lyova Mnatsakanyan və Vaqif Xaçaturyandır.

Onlar törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası DTX tərəfindən saxlanılaraq Bakıya gətirilib. Bəziləri barədə həbs qətimkan tədbiri seçilib, digərlərinin isə sorğusu davam etdirilir. İndi müstəntiqlərimizin suallarına cavab verən cinayətkarlar bu yaxınlara qədər Azərbaycanın ünvanına hədyanlar yağdırır, təhqiramiz ifadələr işlədirdilər. Bu, azmış kimi, bəzi separatçılar iştirakçısı və icraçısı olduqları cinayət səhnələrinin video-görüntülərini “qəhrəmanlıq dosyeləri” kimi sosial şəbəkələrdə paylaşıblar.

Araik Arutyunyanın Gəncənin raket atəşinə tutulması barədə “əmr”i şəxsən verməsi barədə açıqlaması xunta rejimi “rəhbərlərinin” uşaq qatili olduğunu bir daha təsdiqləyir. Yəqin hərbi tribunal həmin materialları əşyayi-dəlil kimi cinayət işinə əlavə edib. Terrora açıq çağırışların yer aldığı həmin videogörüntülər kifayətdir ki, istintaq onların cinayətini sübuta yetirsin.

* * *

Bu şəxslər on illər boyu Qarabağda şəxsən törətdikləri, yaxud təşkil və rəhbərlik etdikləri hərbi cinayətərə görə Femida qarşısında cavab verməlidirlər. Bu, dünyanın maraqla izləyəcəyi bir məhkəmə prosesi olacaq. Bəzi ekspertlər qarşıdakı məhkəmə dinləmələrini nasist cəlladlarının mühakimə olunduğu yetmiş yeddi il əvvəlki Nürnberq prosesi ilə müqayisə edirlər. Gözlərimizn qarşısında baş verən tarixi hadisələri məhz İkinci dünya müharibəsindən sonra İsrailin (MOSSAD-ın – red.) yəhudi xalqına qarşı hərbi cinayətlər, etnik soyqırımı törətmiş faşist canilərini dünyanın müxtəlif qitələrində axtarıb tapması və layiq olduqları cəzanı verməsi ilə müqayisə etmək olar. XXI əsrin əvvəllərində Azərbaycan da separatçıları, terrorçuları özü cəzalandırmalı oldu. İndi ermənilər və ermənipərəst qüvvələr, insan haqları “müdafiəçiləri” onların müdafiəsinə qalxıb, müxtəlif bəyanatlar səsləndirirlər. Ermənistan mediası isə öz yalanlarını yenə tirajlamaqdadır.   

* * *

Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etdiyi kimi, buna qarşı çıxanları da cinayət məsuliyyətinə cəlb edərək cəzalandırmaqda israrlıdır. Son proseslər Ermənistanda və ondan kənarda hələ də revanşist düşüncədə olanlara, onların havadarlarına ibrət dərsi olmalıdır. Rəsmi Bakının nümayiş etdirdiyi siyasi iradə, atdığı qətiyyətli addımlar Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağa, daha sonra “Böyük Ermənistan” xülyasını gerçəkləşdirməyə ümid edənlərə açıq mesaj və konkret siqnaldır. Aparılan məlum həbslər Azərbaycanı kiçik dövlət kimi görmək istəyənlərə də tərsinə vurulmuş şapalaq effektini verdi. Torpağımıza və dövlətimizə xəyanət edənlərin zərərsizləşdirilməsi Azərbaycanda hakimiyyətlə cəmiyyətinin vəhdətinin bariz nümunəsidir. Şübhə etmirik ki, kənardan separatçılara havadarlıq edənlər, onları dəstəkləyənlər də baş verənlərdən öz paylarını götürəcəklər. Son üç ildə şahidi və iştirakçısı olduğumuz hadisələr bir aksiomu ortaya qoydu: Azərbaycan hər müstəvidə Cənubi Qafqazın aparıcı dövləti, Orta Şərqin siyasi səhnəsində əsas oyunçulardan biridir.                                                    

Həbs edilən “titullu” hərbi cinayətkarlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb. Onları ömürlük həbs cəzası gözləyir.    Femida qarşısına çıxarılacaq müharibə canilərinin dairəsi qapanmayıb. Azərbaycana qarşı dövlət cinayəti işlədən daha üç separatçı-terrorçu hələ azadlıqdadır: Robert Koçaryan, Serj Sarqsyan və Seyran Ohanyan. Qarabağ kökənli bu hərbi cinayətkarların əli təkcə soydaşlarımızın deyil, həm də Ermənistanda yerli sakinlərin qanına batıb. “Müharibə qəhrəmanları”na  qarşı Hayastanda da cinayət işi açılıb. Onların da qolları qandallı Bakıya gətiriləcəyinə inanırıq. Əslində, Qarabağda münaqişə ocağını daim körükləyən, əlləri minlərlə dinc soydaşımızın qanına bulaşmış baş hərbi cinayətkarların – “üçlüy”ün mühakiməsi daha yaddaqalan, cəzaları isə daha ağır olacaq. İnşallah, önlara da növbə çatar. Yoxsa, dünyaya nümayiş etdirəcəyimiz məhkəmə prosesi yarımçıq olar.

İmran BƏDİRXANLI

      

Ekspert rəyləri

Çingiz QƏNİZADƏ, Milli Məclisin deputatı, hüquqşünas

Qarabağ separatçılarının həbs olunaraq Bakıya gətirilməsi hər şeydən əvvəl, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının səyi nəticəsində reallaşıb. Müharibə canilərinin hər biri sülh və bəşəriyyət əleyhinə törətdikləri cinayətlərə görə ittiham olunacaqlar. Onlar üzərində məhkəmə prosesini necə görmək istərdim? Tarixdə alman faşistlərinin insanlıq əleyhinə və müharibə cinayətləri törətdiklərinə görə Nürnberq prosesi keçirilib. Həbs olunanlar ən ağır cəzaya məhkum ediliblər. Erməni separatçı-cinayətkarların da bir məhkəmə prosesində itiham olunmalarını təklif edərdim. Çünki bu adamlar həm 44 günlük müharibədə dinc şəhər və kəndlərimizi raket atəşinə tutduqlarına, həm də soyqırımı əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Onlar məhz Azərbaycan türklərinin yaşadığı məntəqələrə raket atmaqla etnik soyqırımı törədiblər.

Belə əməlləri beynəlxalq hüquq da pisləyir. Təkcə Gəncə terroruna görə, BMT, Avropa İttifaqı, eləcə də digər beynəlxalq təşkilatlar bəyanatlar vermişdilər. Yəni, beynəlxalq hüququn qadağan etdiyi əməli törədən bu şəxslərin qısa zaman kəsiyində ardıcıl həbsi eyni məhkəmə prosesinin qurulmasına zəmin yaradır. Bir zalda, eyni məhkəmə heyətinin iştirakı ilə onların hərbi cinayətlərinə baxıla bilər. Prosesə həm ölkənin, həm də xarici ölkələrin jurnalistləri cəlb olunsun. O cümlədən, Ermənistanı və separatizmi dəstəkləyən ölkələrin diplomatları da dinləmələrdə iştirak etsinlər. Burada təkcə Azərbaycan qanunvericiliyinin deyil, beynəlxalq hüququn da pozulmasına dəlalət edən cinayətlərin bir prosesdə və geniş miqyasda işıqlandırılması vacibdir. Qoy həmin hərbi cinayətkarların etirafları lentə alınsın və dünyaya nümayiş etdirilsin. Çünki bunlar nasistlərdən də betərdir və insanlıq, bəşəriyyət əleyhinə cinayətlərinə görə ömürlük həbs cəzası alacaqlarına inanıram.                

 

Fərid ŞƏFİYEV, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri

Bundan sonra erməni separatizmi ilə mübarizə media və hüquq müstəvisində aparılacaq. Görünən odur ki, ermənilər dezinformasiya və pozuculuq fəaliyyətlərindən əl çəkməyəcəklər. Artıq həbs olunanlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsi qarşısında iddia qaldırıblar. Hüquqi baxımdan Azərbaycanın mövqeyi çox güclüdür. Bizim suveren ərazimizdə ciddi müharibə cinayətləri törədilib. Ortada konkret cinayət əməlləri və dəqiq sübutlar var. Fikrimizcə, məhkəmə prosesi şəffaf, açıq aparılmalı, beynəlxalq müşahidəçilər, jurnalistlər üçün heç bir məhdudiyyət qoyulmamalıdır. Çox güman ki, bununla bağlı kənardan təzyiqlər də olacaq.

Beynəlxalq hüquqa görə, bizi kimsə, nədəsə ittiham edə bilməz. Ərazimizdə törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək bizim hüququmuzdur. Bunu etməməkdən ötrü heç bir sənəd də imzalamamışıq. Üçtərəfli bəyanatda “Dağlıq Qarabağ” ifadəsi var. Beynəlxalq Məhkəmə buna istinad edə bilər. Bəli, may ayında cənab Prezidentin amnistiya ilə bağlı müraciəti var. Amma orada bütün cinayətkarlara qarşı amnistiyanın tətbiqindən söhbət getmir. Azərbaycan hakimiyyəti ilə işləyən, silahı yerə qoyan ermənilərə artıq amnistiya vermişik. Belələri artıq Laçın postumuzdan keçərək Azərbaycanı tərk ediblər. Yəni, hüquqi baxımdan mövqeyimizdə zəif məqam görmürəm. Amma Beynəlxalq Ədalət Məkməsinin fəaliyyətində siyasi qərar vetmək təcrübəsi də var. Kosovo barədə qərarı nəzərdə tuturam. Fransa və ABŞ tərəfindən müəyyən təzyiqlərin olması gözləniləndir.

Ümumiyyətlə, bu prosesin gedişində ölkəmizə qarşı iki cinahdan təzyiq ola bilər. Birincisi Beynəlxalq Ədalət Məhkəməsi, ikincisi Avropa İnsan Haqları Məhkəməsi tərəfindən. Amma ermənilər nə qədər çalışsalar da, hüquq və ədalət bizim tərəfimizdə olacaq.                           

 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI