USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

USAİD üçün “qara gün”: saxta demokratlardan “No-War”çularadək

Yaxud ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “rənqli inqilab” planlarına sözardı


https://img.baki-baku.az/news/2023/10/photo_8765.jpg

Qərbin, o cümlədən ABŞ-ın dünyanın müxtəlif bölgələrində inqilablar gerçəkləşdirməsi təcrübəsi çağdaş dünyamızın acı reallığıdır. Bu reallıq insan hüquqlarının, söz və ifadə azadlığının müdafiəsi qiyafəsinə bürünərək, müstəqil dövlətlərin daxili işlərinə qarışmaq niyyətinin gerçəkləşdirilməsini rəhbər tutur. Hazırda Gürcüstanda baş verən proseslər isə mövzu barədə söz açmaq üçün ciddi əsas yaradır. Elə isə qonşu ölkədə nələrin yaşandığına diqqət yetirməklə mövzumuza keçid alaq.

Sual olunur: Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin “qara gün” məntiqi nədən irəli gəlib? Hər halda, cənab Papuaşvilinin söylədikləri, kifayət qədər, incə məqamların vurğulanmasıdır. Məsələn, o deyir ki, USAID, yəni ABŞ Beynəlxalq İnkişaf Agentliyi nəyə görə Amerika xalqının pullarının başqa ölkədə iğtişaşları yaratmaq, zorakı qruplar hazırlamaq üçün getdiyinə izahat gətirməlidir. Yəni, spiker izahatın olmamasını “qara gün” adlandırır. Ancaq məsələ ondadır ki, Amerikada belə günlərə öyrəncəlidirlər. Ola bilər, Şalva Papuaşvilinin söylədiklərinə heç əhəmiyyət də vermirlər.

Göründüyü kimi, Gürcüstan parlamenti sədrinin iddiası ciddidir. Daha ciddi olan onun bu fikirlərindən sonra ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətə keçməsidir. Xidmət bəyan edib ki, USAID proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə Serbiyanın CANVAS (Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) qeyri-hökumət təşkilatının nümayəndələri Gürcüstana gələrək, hökumətin devrilməsi prosesində həlledici rol oynayacaq mülki fəallar üçün təlim keçiblər. Dövlət qurumu konkret sübutlar da təqdim edib ki, həmin sübutların, eləcə də ayrı-ayrı detalların üzərində dayanmağa ehtiyac duymuruq. Başlıca məqam Gürcüstana təlim keçmək üçün gələn şəxslərin 2003-cü ildə ölkədə baş vermiş inqilabi hadisələrlə əlaqəli olmalarının vurğulanmasıdır. Daha vacibi isə onların müxtəlif illərdə Serbiyada, Ukraynada və digər ölkələrdə analoji proseslərlə bağlılıqlarıdır. Deməli, indiki durumda CANVAS təşkilatı Serbiyadakı inqilabçı “Otpor”un, Gürcüstandakı “Kmara”nın oxşarıdır. Yeri gəlmişkən, bildirək ki, Gürcüstan DTX iki həftə əvvəl də bildirmişdi ki,  ölkədə qarşıdakı müddətdə, konkret olaraq oktyabr-dekabr aylarında hakimiyyət dəyişikliyi planlaşdırılır və nəzərdə tutulanların, eyni zamanda zorakı üsullarla həyata keçirilməsinə hazırlıq gedir.

***

Əlbəttə, Gürcüstanda yaşananlar aysberqin görünən tərəfidir. Əvvəldə də vurğuladığımız kimi, Birləşmiş Ştatların müxtəlif təşkilatlar vasitəsilə müstəqil ölkələrin daxili işlərinə qarışmasına, eləcə də siyasi proseslərə müdaxiləsinə dair nümunələr az deyil. Ancaq indi Gürcüstan müstəvisində yaşananlar onu göstərir ki, ABŞ özünün keçmişdəki ampluasına sadiqdir.

Bəli, USAİD-in adı həmişə siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və sair bu sayaq məsələlərdə hallanıb. Təşkilatın 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 10  milyard dollara yaxın vəsait ayırdığı məlumdur. Bu yerdə onun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin alt qolu kimi yaradıldığını da vurğulamaq yerinə düşər.

***

Azərbaycana gəldikdə, bildirək ki, ümumən USAİD, NED, həmçinin Fridrix Nauman, Marşall fondları, İREX və digər bu kimi qurumlar ölkəmizdə siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə məqsədilə öz şəbəkələrini formalaşdırmağa çalışıblar. Yəni, bu gün Gürcüstanın üzləşdiyi problemlər bizə yad deyil. Ancaq onların ölkəmizdəki “işləri” heç də rəvan getməyib. Qətiyyətlə söyləmək mümkündür ki, Azərbaycan Qərbin bir çox destruktiv institutlarının “planlarının” boşa çıxdığı ölkədir və bunun səbəbi həm xalq – hakimiyyət vəhdətinin mövcudluğunda, həm də idarəçilik sisteminin çevikliyindədir. Təbii ki, ilk növbədə, birinci amili vurğulamaq lazımdır.

Bəli, bir qayda olaraq, rəngli inqilablar ssenarisi xalq – iqtidar vəhdətinin zəif, xüsusən sosial təminatların aşağı olduğu yerlərdə gerçəkləşməkdədir. Əlbəttə, Liviyada Qəzzafi hakimiyyətinin devrilməsi ilə müşayiət edilən hadisələrə nəzərən, bunun əksinin yaşandığı halların mövcudluğunu da deyə bilərik. Hesab edirik ki, bu zaman vurğuladığımız ikinci amilin aktuallığı meydana çıxır. Yəni, idarəçilikdə səriştənin çatışmazlığı, monolitliyin olmaması, istər-istəməz, boşluqlar yaradır...

***

USAİD-dən danışırıqsa, bu qurum Azərbaycanda 1991-ci ildən fəaliyyətdədir və demək olmaz ki, qarşıdurma və gərginlik yaratmağa cəhd göstərməyib. Onun gerçəkləşdirdiyi layihələr pafoslu təqdimatlarında göstərildiyi kimi, heç də vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyib. Yəni, qurumun faydalı məramı istisnadır. Əksinə, müxtəlif təşəbbüslərini təhlil edərkən belə qənaət formalaşıb ki, USAİD-in layihələrinin leytmotivini siyasi proseslərə müdaxilə, qarışıqlıq yaratmaq, manipulyasiya etmək təşkil edib.

Manipulyasiyadan söz düşmüşkən, Qərb institutlarının bu baxımdan daha çox üstünlük verdikləri sahə mediadır. Onların məhz media müstəvisində hərəkətə keçərək, söz və ifadə azadlıqlarından sui-istifadə yolu tutduqları aşkardır. Nəticə etibarilə müxtəlif dövrlərdə sahəyə aidiyyatı olmayan şəxslərin cəmiyyətə peşəkar jurnalist adı ilə sırındığı məlumdur. Halbuki, həmin şəxslərin qələmə aldıqları, fakt adı ilə çəkib göstərdikləri, böyük ölçüdə, şər və böhtandan, şəxsi həyata müdaxilə hallarından başqa heç nə olmayıb.

...Belələrinin jurnalist araşdırması şəklində ortaya qoyduqları məhsulların, əslində, lokal mənafelərin icrasına hesablandığı aşkar həqiqətdir. Hər halda, onlar özlərinə yatırılan sərmayəni doğrultmağa çalışıblar. Sərmayəyə gəldikdə, deyək ki, 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün 2,4 milyon dollar məbləğində vəsait ayırmışdı. Onu da bildirək ki, bu vəsait qrant şəklində idi. Qrant müsabiqəsi isə qısa zamanda, qeyri-şəffaf formada keçirilmiş, müsabiqəyə qurumun ölkəmizdəki “rezidentlərinin” münasib bildiyi media orqanları buraxılmışdı. Əlbəttə, USAİD-in elə tələbləri var ki, onları yerinə yetirmək üçün gərək “inanılmış” şəxslər müəyyənləşsin. Hər adama maliyyəni etibar etmək mümkün deyil. Amerikalılar belə düşünürlər və bu zaman qrant monopoliyasına ehtiyac duyulur. Deməli, media və QHT şəbəkəsi formalaşdırmaq zərurəti meydana çıxıb.

Şəbəkəni isə USAİD-lə yanaşı, ABŞ Milli Demokratiya İstitutu (NDİ) adlandırılan qurum da reallaşdırıb. Yeri gəlmişkən, adını sonuncu çəkdiyimiz təşkilatın Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevsinin öz bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə, konkret şəxslərə paylaması faktdır. Axı, şəbəkə üzvlərinin “yemlənməsi” mütləqdir. 

Söhbət ki, “yemlənmədən” düşdü, bir məqamı xüsusi  vurğulamağa ehtiyac var. USAİD vaxtilə Azərbaycanda işlədiyi təşkilat və hərəkatlara maliyyəni məhz Gürcüstan üzərindən ötürüb. Deməli, gərək bu ölkənin hökuməti belə yarıtmaz halları zamanında diqqətdə saxlayaydı. İndi çanax onun öz başında çatlamaqdadır.

***

Qeyd etdiyimiz kimi,

Azərbaycanda xalq – hakimiyyət vəhdəti USAİD və onun kimi təşkilatların qol-qanad açmalarına imkan tanımır. Nəzərə alaq ki, 44 günlük müharibədən sonra bu vəhdət daha da güclüdür. Deməli, belə qurumların cəmiyyətə təsir imkanları, ayrı-ayrı təbəqələri ələ almaq, kimlərisə vasitəyə çevirmək şansları azdır. Ancaq onlar “fəaliyyətlərinə” ara vermirlər. Maraqlı cəhət isə odur ki, bu dirəniş əzmi getdikcə primitiv xarakter almaqdadır. Məsələn, indi USAİD-çilər “No-War”çular deyilən lokal qrupu dövriyyəyə salaraq, Azərbaycan cəmiyyətində müharibə əleyhinə çağırışlar səsləndirirlər. Əlbəttə, heç bir xalq, o cümlədən Azərbaycan xalqı müharibə arzulamır. Ancaq, bu, heç də o demək deyil ki, ölkəmiz öz haqları uğrunda mübarizə aparmamalıdır. USAİD-in “No-War”çularına qalsa, gərək Vətən müharibəsi ilə ərazi bütövlüyümüzü, antiterror tədbirləri ilə suverenliyimizi bərpa etməməli idik. Yəni, onların təbliğatları buna söykənib. Bunun isə həm də erməni dəyirmanına su tökmək olduğunu hər birimiz çox yaxşı dərk edirik.

Ümumən, cəmiyyətimiz USAİD və digər təşkilatların Azərbaycana hansı təlimatlarla gəldiklərini gözəl bilirik. Bu bilgi isə kifayət qədər, ciddi immunitet və əminlikdir. Əminik ki, Azərbaycanda heç bir anti-milli resursların işə düşməsi, mövcud sahədə möhtəkərlik istəkləri reallıqla səsləşməyəcəkdir.

R.ƏVƏZ
 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV