USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kolonna təsdiqlədi: Fransa bölgədə pozuculuqdan əl çəkməyəcək

Unudurlar ki, bu siyasət, ilk növbədə, Ermənistana ziyandır


https://img.baki-baku.az/news/2023/10/photo_8764.jpg

Cənubi Qafqaz bölgəsindən min kilometrlərlə uzaqda yerləşən dövlətlərin Ermənistan–Azərbaycan münasibətlərinə müdaxiləsi davam edir. Görünür, onlar özlərini dünyanın ağası hesab edərək, hər məsələyə münasibət bildirməyi özlərinin borcu sanırlar. Belə dövlətlərlərdən biri də Fransadır. Rəsmi Parisin ermənipərəstliyi xeyli müddətdir ki, əndazəni aşıb. Oktyabrın 3-də Fransa xarici işlər naziri Katrin Kolonnanın İrəvana səfəri zamanı verdiyi bəyanatlar bunun daha bir göstəricisidir.

Yeri gəlmişkən qeyd edək ki, bu, onun cari ildə Ermənistana ikinci səfəridir. Bundan öncə xanım Kolonna aprelin 28-də İrəvanda olmuşdu. Fransız nazirin səfərindən 5 gün əvvəl – aprelin 23-də isə Azərbaycan Ermənistanla şərti sərhəddə “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini yaradaraq özünün sərhədlərinə sahib çıxmışdı. Prezident İlham Əliyev avqustun 26-da Laçın şəhərində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxış edərkən bu barədə demişdi: “Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Bizə nə qədər təzyiqlər, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.

Belə təzyiq edənlərdən, hədə-qorxu gələnlərdən, müxtəlif beynəlxalq təşkilatlarda çeşidli fitnələr ortaya atanlardan biri də məhz Fransa və onun XİN başçısı idi. Kolonna aprelin 28-də İrəvanda “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasını nəzərdə tutaraq, Azərbaycanın atdığı birtərəfli addımların (?) qəbuledilməz olduğunu bildirmişdi: “Ərazi bütövlüyünə hörmət hər hansı güc tədbirindən imtina etmək deməkdir. Mən bunu Bakıda da dedim. Biz Azərbaycan qüvvələrinin bir ölkənin ərazi bütövlüyünə hörmətsizlik edərək irəliləməsini qınamaqla işimizi bitmiş hesab edə bilmərik. Beynəlxalq hüquqa hörmət edilməlidir və bu, hər iki tərəfin irəli getməsinin yeganə yoludur”.

K.Kolonna onu da qeyd etmişdi ki, Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Bakı ilə İrəvan arasında razılaşmalara ziddir. Onun hansı razılaşmaları nəzərdə tutduğu və ziddiyyətin nədən ibarət olduğu isə müəmmalı qalmışdı.

Ermənistan–Azərbaycan münasibətlərinə belə bir yanaşma sərgiləyən həmin şəxs qeyd etdiyimiz kimi yenidən İrəvana gəlib. Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini tam bərpa etməsi, Qarabağdan erməni əhalinin könüllü şəkildə çıxıb getməsi, qondarma rejimə rəhbərlik edənlərin, hərbi cinayətlər işlətməkdə ittiham olunanların həbsi fonunda Kolonnanın ermənipərəst açıqlamalarının, necə deyərlər, dozasının daha çox olacağı gözlənilən idi. Belə də olub. O, bu dəfə öz bəyanatlarında bir qədər də irəli gedib. K.Kolonna Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib: “Ermənistana səfərimlə göstərmək istəyirəm ki, Fransa dost ölkəmizin ərazi bütövlüyünə və digər istənilən təhdidlərə qarşı çox diqqətli olacaq. Fransa rəsmi İrəvanla gələcəkdə Ermənistana müdafiə ehtiyaclarını təmin etmək üçün hərbi texnika tədarük etməyə imkan verəcək müqavilə imzalamağa razılıq verib. Mən Avropa İttifaqının buradakı müşahidə missiyasının genişləndirilməsi, onun mandatının artırılması və Ermənistanın Moldovaya bənzər “Avropa sülh mexanizmi”nə daxil edilməsi xahişi ilə Cozep Borrelə (Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi) rəsmi müraciət etdim. Məqsədimiz odur ki, Aİ-yə üzv dövlətlər Ermənistanın ərazi bütövlüyü ilə bağlı aydın siqnallar göstərsinlər. Bu da Ermənistanın ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətin çox sərt cavab alacağı fonunda təzahür etməlidir”.

Bundan başqa, K.Kolonna deyib ki, Fransa Ermənistana fransız silahlarının tədarükünə başlamaq imkanı verəcək hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalamağa da rəsmi razılıq verib.

Fransız nazir qeyd edib ki, Qarabağ sakinlərinin öz evlərini könüllü tərk etdiyi iddia edilir, amma bu yalandır, köç məcburiyyətdən olub. “Bu, güc təhdidi altında edilən seçim idi”, – deyə Kolonna özü yalan danışıb.

Bütün bunlarla yanaşı, diplomat Ermənistan–Rusiya münasibətlərinin gərginləşməsi fonunda İrəvandan Moskvanın, necə deyərlər, bostanına daş atmağı da yaddan çıxarmayıb. Deyib ki, Rusiya üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyib: “Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında münasibətlərin siyasi tənzimlənməsi üçün alətlər təqdim etməli idi. Bu onun öhdəliyi idi, yerinə yetirmədi”.

Həmçinin, nazir Ermənistan parlamentinin ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsini alqışlayıb. Deyib ki, bu addım Ermənistanı qətiyyətlə demokratiya və sülhə doğru aparır. “Fransa Ermənistanın dostu olmaqdan, eləcə də Ermənistana və ermənilərə uzunmüddətli dəstək göstərməkdən qürur duyur”, – deyə Kolonna qeyd edib.

Fransa baş diplomatının İrəvana Kiyevdən gəlməsi də diqqətdən yayınmır. İrəvanda olarkən K.Kolonna ABŞ Prezidenti Co Baydenlə Ukraynanı dəstəkləyən ölkə və təşkilatların liderlərinin telekonfransında da iştirak edib. “Frans-Press” agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb ki, Kolonna telekonfransda Amerika liderindən Ermənistanın gücləndirilməsi zərurətinə də diqqət yetirməyi xahiş edib. O, rəsmi İrəvanın Rusiyanın təzyiqi, Ermənistanın ərazi bütövlüyünün isə mübahisəli və ya təhdid altında olduğunu iddia edib. Mənbə agentliyə bildirib ki, Kolonna Ukraynada yaşananlarla yanaşı, Qafqazda baş verənləri də nəzərə almağa çağırıb.

Onu da bildirək ki, telekonfransda ABŞ dövlət başçısı ilə yanaşı Avropa Komissiyasının sədri, Aİ Şurasının prezidenti, NATO-nun Baş katibi, Kanada, Yaponiya, İtaliya, Böyük Britaniyanın baş nazirləri, Almaniya Kansleri, Polşa və Rumıniya prezidentləri də iştirak ediblər.

***

Fransalı nazirin İrəvanda səsləndirdiyi iddiaları Azərbaycan Xarici İşlər Nazirliyi də şərh edib. XİN K.Kolonnanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyib və rədd edib. XİN-in şərhində deyilib: “30 ilə yaxın müddətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri və kütləvi qırğınlar törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın, indi heç bir əsas olmadan və BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatların səsləndirdiyi mövqeyə tamamilə zidd olaraq bölgədən könüllü əsasda getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.

Bu xüsusda, Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərinin 20 faizə yaxın hissəsini işğal altında saxlamasına, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycan tərəfindən həyata keçirilmiş anti-terror tədbirlərinə qədər ərazilərimizdən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə maneə və bölgədə əsl təhdid olmasına diqqət çəkmək istərdik. Fransanın hər zaman Ermənistana dəstək verdiyinin, BMT Təhlükəsizlik Şurasının iclaslarının təşəbbüskarının Parisin olduğunun bildirilməsi bu ölkənin son 30 ilə yaxın dönəmdə səsləndirdiyi bitərəf və neytral vasitəçi iddialarının tamamilə əsassız olduğunu növbəti dəfə sübut edib”.

Onu da qeyd edək ki, əgər Paris Ermənistanın silahlandırılmasını indiyədək gah üstüörtülü formada (məsələn, humanitar yardım adı altında), gah da üçüncü tərəfin (məsələn, Hindistanın) vasitəsilə həyata keçirirdisə, artıq bu proses rəsmi şəkil alacaq. K.Kolonnanın mətbuat konfransındakı açıqlamaları bunu deməyə əsas verir. Fransalı nazirin İrəvandakı sözlərindən o da aydın olur ki, “Beşinci Respublika” regionda pozuculuq siyasətindən əl çəkmək niyyətində deyil. Ancaq Parisdə unudurlar ki, bu siyasət ilk növbədə Ermənistana ziyandır. Çünki Azərbaycanla Ermənistanın münasibətlərinin yaxşılaşmasından, sülh müqaviləsinin imzalanmasından, komunikasiyaların açılmasından daha çox faydalanan məhz İrəvan olacaq.

Bundan əlavə, Azərbaycan da necə deyərlər, yerində saymır. Ordumuzun maddi-texniki bazası, modern silahlarla təchiz olunması, şəxsi heyətinin hazırlıq səviyyəsi durmadan artırılır. Prezident İlham Əliyev iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimdəki çıxışında siyasi uzaqgörənliklə sanki bu gün baş verən prosesləri müşahidə edərək deyib: “Biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna, əlbəttə ki, ehtiyac var”.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Zaur MƏMMƏDOV, Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq

– Fransa xarici işlər nazirinin İrəvanda səsləndirdiyi fikirlər tamamilə qəbuledilməzdir. Onun dediyi sözlər, eyni zamanda, anlaşılmazdır. Məsələn, o qeyd edib ki, Fransa Ermənistanın ərazi bütövlüyünü sonadək müdafiə edəcək. Azərbaycanın, guya, ermənilərə münasibətdə apardığı diskriminasiya və etnik təmizləmə siyasətini qəbul etməyəcək. Məgər Azərbaycan Ermənistanın ərazi bütövlüyünə təhdid yaradır? Azərbaycanın diskriminasiya və etnik təmizləmə siyasəti aparmadığını BMT missiyası da təsdiqləyib.

Fransa artıq öz tərəfini seçib. Fransız rəsmilər Qarabağdakı separatçıların başçılarını da belə müdafiə edirdilər. Bu gün isə onlar Bakıda həbsdədirlər. Azərbaycan Parisin etirazına baxmayaraq, 44 günlük müharibə apararaq, öz məqsədinə çatdı, antiterror tədbirlərini həyata keçirərək suverenliyini bərpa etdi. Bu mənada fransız rəsmilərin verdikləri bəyanatlar, əslində, onların nüfuzdan düşməsinə gətirib çıxarır. Eyni zamanda, biz burada Fransanın Rusiya ilə qarşıdurma əsnasında Paşinyanla birgə Cənubi Qafqazda aranı qarışdırdığını da görmüş oluruq.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səxavət HƏMİD