USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​İrəvan minalanmış ərazilərin xəritəsini Bakıya təqdim etməlidir

Bu, sülh müqaviləsi üzrə danışıqlara müsbət impuls verə bilər


https://img.baki-baku.az/news/2023/10/photo_8736.jpg

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq torpaqlarını işğaldan azad etdi. Bundan sonra ölkəmiz üçün məsələnin siyasi yolla tənzimlənməsi mərhələsi başladı. Üç ilə yaxın səbr və təmkinlə gözləsək də, İrəvan və onun dəstəklədiyi separatçı rejim öz xislətindən əl çəkmək istəmədi. Ermənistan baş naziri Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etsə də, sülh danışıqlarında orada yaşayan erməni əhalisinin təhlükəsizliyinin təminatı üçün hansısa beynəlxalq mexanizmlərin yaradılmasında israr etdi. Nəticədə Azərbaycan özünün Qarabağ iqtisadi rayonundakı separatçı rejimin tör-töküntülərinə qarşı lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində qaldı. Həmin tədbirlərin nəticəsi məlumdur; separatçılar bir sutka keçməmiş ağ bayraq qaldıraraq, təslim oldular.

Qeyd olunmalıdır ki, haylar Azərbaycanla müharibə vəziyyətində olduqları 30 ildən artıq dövrdə ölkəmizə qarşı hər zaman alçaq mübarizə metodlarından istifadə ediblər. Onlar azərbaycanlılara qarşı çoxsaylı terror aktları, soyqırımları törədiblər. Çaylarımıza zavod və fabriklərin ağır metal tullantılarını axıdaraq onları həddindən artıq çirkləndiriblər. Aran Qarabağda yerləşən 6 rayonun (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edən Sərsəng və Suqovuşan su anbarlarının qarşısını yayda kəsməklə, qışda isə həddən artıq su açıb buraxmaqla külli miqdarda ziyan vurublar. Ətraf mühitə və biomüxtəlifliyə zərər vurmaqdan (ekosid cinayəti) əlavə, Ermənistan və qondarma rejim tərəfindən Azərbaycan dövlətinə və xalqına məxus mülki infrastruktur məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılıb, mədəni irsimiz məhv edilib, saxtalaşdırılıb və talan olunub, mülki əhalimizə, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə vəhşiliklər törədilib.

Ancaq hayların xəbis əməlləri arasında əsas yerlərdən birini, sözsüz ki, mina terroru tutur. Sonuncu dəfə sentyabrın 19-da bir ədəd nəqliyyat vasitəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Bu təxribat nəticəsində iki mülki şəxs həlak olub.

Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək şəhədətə qovuşub. Bununla da 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma rejimin bu ərazilərdə əlavə minalar basdırdığı üzə çıxıb. 480 kilometrdən artıq təmas xətti boyunca yerləşdirilən yarım milyondan artıq mina heç də təsadüfi partlayıcı və ya partlamamış hərbi sursat deyil.

Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı hesabında paylaşım edib. H.Hacıyev yazıb: “2020-ci ildə baş verən 44 günlük müharibədən dərhal sonra Azərbaycan əvvəllər işğal olunmuş ərazilərdə – 1200 kilometrdən artıq təmas xətti boyunca Ermənistanın yerləşdirdiyi minaların gözlənilən təhlükəsi ilə üz-üzə qaldı. 10 noyabr 2020-ci il imzalanmış üçtərəfli Bəyanatdan sonra 310-dan çox mina partlayışı qurbanımız var. Humanitar minatəmizləmə böyük insan və maliyyə resursları tələb edir və yenidənqurma prosesinə mane olur. Yollar boyunca, tarlalarda və hətta qəbiristanlıqlarda yerin səthindən bir neçə santimetr aşağıda yerləşdirilmiş minalar dəhşət saçır. Əlavə edilmiş xəritədən göründüyü kimi, 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində biz aşkar etdik ki, artıq tarixin arxivinə getmiş qeyri-qanuni rejim, təqribi hesablamalara görə, 480 kilometrlik təmas xətti boyunca əlavə yarım milyon mina basdırıb”.

Prezidentin köməkçisi qeyd edib ki, əvvəllər yerləşdirilən minalar az imiş kimi, Ermənistan və qanunsuz rejim ərazimizə əlavə “gizli qatillər və ölüm toxumları” yerləşdiriblər ki, onların təmizlənməsi çox böyük səy tələb edir: “2023-cü il aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılana qədər İrəvan Ermənistan Respublikasında yenicə istehsal olunmuş minaları Qarabağa çatdırmaq üçün Laçın yolundan istifadə edirdi.

H.Hacıyev bildirib ki, insanların həyatını xilas etmək üçün Ermənistan humanitar məsələlərdə ayrı-seçkiliyə yol verilməməsi prinsipinə uyğun olaraq, yeni minalanmış ərazilərin xəritələrini təqdim etməli, humanitar minatəmizləmə məsələlərində Azərbaycana kömək etməlidir.

O əlavə edib ki, minalar “müharibə silahı” kimi istehsal edilsə də, əslində, mina qurbanlarının yalnız 10 faizi hərbçilərdir. Qurbanların 90 faizi gündəlik həyatlarını davam etdirən, su gətirən, məktəbə gedən və ya tarlalarından məhsul toplayan günahsız insanlar, o cümldən qadınlar və uşaqlardır.

Qeyd edək ki, baş prokuror Kamran Əliyev də oktyabrın 1-də verdiyi açıqlamada Ermənistanın hələ də mina xəritələrini vermədiyini, təqdim olunan xəritələrin isə həqiqəti əks etdirmədiyini bildirib. Ən son məlumata görə, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlayıb. İnzibati binalara baxış keçirilən zaman bunların qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırıldığı üzə çıxıb. Statistikaya əsasən, 2020-ci il noyabrından bu ilin sentyabrın 1-dək 95318 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 93410 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Onu da bildirək ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər həyata keçirilir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən cari ilin sentyabrın 21-dən oktyabrın 2-dək bölgədə 18 ədəd piyada əleyhinə mina, 105 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. “Mühəndis təminatı üzrə görülən tədbirlərdə əsas səylər ərazilərin minalardan təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldilir. Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir”, – deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Lokal xarakterli antiterror tədbirləri, qeyd etdiyimiz kimi, qanunsuz rejimin ağ bayraq qaldırması, separatçıların təslim olması ilə nəticələndi. Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü nəzərdə tutulub. Prezident İlham Əliyev və Nikol Paşinyanın görüşü Almaniya Kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutacaq. Dövlət başçımız sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd edib. Zənnimizcə, Ermənistan rəhbərliyi etimad mühitinin daha da yaxşılaşması üçün konstruktivlik göstərməli, ən azı son vaxtlarda minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir. Bu addımın atılması sülh müqaviləsi üzrə danışıqlara da əlavə müsbət impuls verə bilər.

Səxavət HƏMİD,

XQ

 

Ekspert rəyi

Şair RAMALDANOV, ehtiyatda olan polkovnik

– Ermənilər tərəfindən mina terroru bu yaxınlaradək davam edirdi. Biz Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin minalaradan təmizlənməsi üçün minalanmış ərazilərin xəritəsinin verməklə bağlı Ermənistana dəfələrlə müraciət etmişik. Ancaq onlar nəinki minalanmış ərazilərin xəritəsini vermir, əksinə, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki qanunsuz silahlılar yeni müdafiə mövqeləri hazırlayır və onun ətrafını minalayırdılar. Bununla bağlı dəfələrlə çağırışlar etsək də, buna lazımi diqqət yetirilməmişdi. Düşünürəm ki, yeni minaların basdırılması Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti altında olan ərazilərdə baş verdiyi üçün onlar da məsuliyyət daşıyırlar.

Digər tərəfdən, burada təəccüblü heç nə yoxdur. Antiterror tədbirləri qanunsuz silahlılara qarşı keçirilib. Qanunsuz silahlıların olduğu yerdə minaların yerləşdirilməsi mümkün idi. Oxşar hadisələr Kəlbəcər və Laçının azad olunması zamanı yaşanmışdı. Biz ermənilərə bu rayonları boşaltmaq üçün vaxt vermişdik. Onlar isə bu müddətdən istifadə edərək ərazilərimizi minalamışdılar.

Erməni terrorizmi beynəlxalq səviyyədə tanınır. Onlar Qarabağdan çıxarkən daha çox ərazini minalayıblar. Artıq bununla bağlı məlumatlar da var. Onu da qeyd etmək lazımdır ki, bütün bu hadisələrin məsuliyyəti Ermənistan dövlətinin üzərindədir. Minalar Ermənistandan gətirilib, onu yerləşdirənlər ermənilərdir. Elə bir beynəlxalq konvensiya yoxdur ki, Ermənistan onu pozmasın.

Artıq ərazilərimizdə separatizmin kökü kəsilib. Qarabağ iqtisadi rayonunun bütün ərazisində suverenliyimiz tam bərpa olunur. Ermənilərin reinteqrasiya prosesi başlayıb. Amma hələ də silahlar tam yığılmayıb. Terrorçuluq fəaliyyəti tam bitməyib. Düşünürəm ki, hələ bir müddət də xoşagəlməz hallarla rastlaşa bilərik. Əlbəttə, təhlükənin minimuma endirilməsində Rusiya sülhməramlı qüvvələri yetərincə aktiv olmalıdırlar. Onların iştirakı nəticəsində biz bu təhlükəni müəyyən bir şəkildə azalda bilərik. Digər tərəfdən, dövlət qurumlarının bütün təlimatlarına, tövsiyə və qadağalarına riayət etmək lazımdır. Əks-təqdirdə heç kim bədbəxt hadisələrdən sığortalanmayıb.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səxavət HƏMİD