USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​“Heç kəs zərər çəkməyib, heç nə dağıdılmayıb...”

​​​​​​​BMT missiyası bölgəyə ziyarətdən bu qənaətlə ayrılıb


https://img.baki-baku.az/news/2023/10/photo_8734.jpg

Bundan sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunda başlayan prosesin adı erməni sakinlərin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası və bütün mülki infrastrukturun bərpası və işə salınmasıdır.

Hazırda bölgədən gedən və qalmağı qərarlaşdıran ermənilərin statistikası aparılır. Artıq beynəlxalq ekspertlər də birmənalı şəkildə bildirirlər ki, nə lokal antiterror tədbirləri zamanı, nə də  ermənilərin köçü prosesində rəsmi Bakının onlara qarşı hər hansı formada təzyiq və təşviqindən söhbət gedə bilməz. Bunu Qarabağdan köçməkdə davam edən ermənilərin özləri həm Azərbaycanın, həm də Ermənistanın media mənsubları ilə söhbətlərində təsdiqləyirlər. Onlar Azərbaycanı könüllü şəkildə tərk etdiklərini deyirlər. Köçənlərin bir qismi Ermənistan tərəfindən son otuz ildə müxtəlif ölkələrdən qanunsuz formada Qarabağa köçürülənlər, digər qismi isə daşnakların nifrət və düşmənçilik təbliğatının əsirinə çevrilən, Azərbaycan Bayrağı altında yaşamaq istəməyən ermənilərdir. Az bir qisim isə İrəvanın avantürist–revanşist hakimiyyətinin və Xankəndidəki separatçı rejimin ssenarisinə uyğun təzyiqlər altında bölgəni tərk edənlərdir.

İndi Hayastanda müxalif qüvvələr Qarabağdan köçənlərdən Paşinyan iqtidarına qarşı istifadə edilə biləcək, hökumət isə Azərbaycana “etnik təmizləmə” ittihamı irəli sürmək üçün potensial alət kimi baxır. Bakı isə bölgədə çoxdan gözlənilən sülhün bərqərar olmasını arzulayır.

                                              * * *   

Oxuculara xatırladaq ki, iki gün əvvəl BMT missiyası Qarabağ bölgəsinə səfərindən sonra təşkilat müvafiq bəyanat yayıb. Bəyanatda deyilir ki, missiya burada yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olub. Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. Missiya, həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. BMT təmsilçiləri fəaliyyət göstərən heç bir mağaza görməyib. Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb.  BMT-nin Azərbaycandakı Nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır.

Yəni rəsmi İrəvanın və onun Fransa kimi havadarlarının car çəkdiklərinin əksinə olaraq, bölgədə hansısa etnik təmizləmədən, dinc erməni sakinlərinə zor tətbiq etməkdən danışmaq yersizdir. BMT-nin Azərbaycandakı Nümayəndəliyinin saytında yerləşdirilən məlumatda o da qeyd olunur ki, qurumun Bakıdakı rezident-əlaqələndiricisi Vladanka Andreyevanın başçılıq etdiyi mülki missiyaya BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə idarəsinin əlaqələndirmə şöbəsinin direktoru Rameş Racasinqhem, təşkilatın ərzaq və kənd təsərrüfatı üzrə nümayəndələri, BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNİCEF və digər strukturların təmçilçiləri daxil olublar.   

İrəvana səfər edən BMT Baş katibinin təmsilçisi Stefan Dücarrik media üçün təşkil edilən brifinqdə bildirib ki, bölgəyə birgünlük ziyarəti zamanı beynəlxalq missiyanın üzvləri Xankəndidəki mülki infrastrukturun, o cümlədən məktəb və xəstəxanaların dağıdılmasına dair heç bir fakt aşkar etməyiblər”.   Bununla yanaşı, Almaniya Federal Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın BMT missiyasının ölkənin Qarabağ bölgəsinə səfərinə razılıq verməsini müsbət addım hesab edib. Bu açıqlamanı Almaniya XİN “X” sosial şəbəkəsində paylaşıb: “Yalnız şəffaflıq Azərbaycanın bu bölgədəki bütün sakinlərin və buraya qayıdanların hüquqlarını qorumaq vədinə inamı gücləndirə bilər”.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunmasında Azərbaycan tərəfinin böyük məsuliyyət daşıdığını deyib. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasından danışan Aİ lideri sülhün hər iki tərəfin öhdəliklərini müəyyən edə biləcək danışıqları tələb etdiyini vurğulayıb.

                                              * * *

“Biz regiondakı vəziyyəti öyrənmək üçün mütəmadi əlaqə saxlayırıq. Əgər hər hansı qanunsuzluq törədilərsə və bununla bağlı sübutlar olarsa, ona uyğun addımlar atmaqdan və bunu törədənləri məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik”.         Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən keçirdiyi brifinq zamanı Qarabağda baş verənlərlə bağlı çıxışında deyib. O, həmçinin bildirib ki, etnik təmizləmə və ya soyqırımı kimi iddilar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil.

“Bölgədən gedənlərin neçə faizinin daimi olaraq Ermənistanda qalacağını blmirik. Onların neçə faizi şərtlər imkan verəcəyi təqdirdə geri qayıtmaq istəyəcək? Biz bir daha müstəqil beynəlxalq missiyanın cəlb edilməsi ilə bağlı çağırışımızı təkrar edirik. Bu missiya Qarabağdakı ermənilərin haqlarının və təhlükəsizliyinin təmin olunmasına nəzarət edir. Azərbaycan tərəfi onların hüquq və təhlükəsizliyinin təmin olunacağını bildirib. Biz bunu müşahidə etmək üçün missiyanın da orada olmasını istəyirik”, - deyə Miller qeyd edib. Güman edirik ki, cənab Miller bu arzusunu dilə gətirərkən missiyasının bölgədə daimi əsaslarla fəaliyyətini nəzərdə tutmayıb. 

Dövlət Departamentinin sözçüsü Vaşinqtonun müttəfiqləri və tərəfdaşları ilə uzunmüddətli missiya və bunun fəaliyyət mexanizmini müzakirə etdiyini nəzərə çatdırıb. “Ümid edirik ki, Ermənistana getmiş Qarabağ ermənilərinin geri qayıdarkən hüquqlarına hörmət ediləcək. Biz, həmçinin Azərbaycan ilə Ermənistanı sülh danışıqlarına qayıtmağa təşviq edirik”, – deyə Miller bildirib.

Metyu Miller, həmçinin diqqətə çatdırıb ki, Vaşinqton BMT missiyasının regiona səfər etməsini təqdirəlayiq hesab edir. Eyni zamanda, sözçü ABŞ xarici siyasət idarəsinin Bakı və İrəvanı sülh danışıqlarına qayıtmağa təşviq etdiyini vurğulayıb.

                                            * * *

Aydin məsələdir ki, hadisələrin düşündüyü ssenari üzrə getmədiyindən narazı qalan İrəvan və əlaltıları indi də fərqli beynəlxalq layihələrlə gündəmə gəlməyə çalışırlar. Beynəlxalq missiyanın Qarabağa səfərindən və onun nəticələrindən narazı qalanlardan biri də Ermənistanın xüsusi tapşırıqlar üzrə nümayəndəsi Edmon Marukyandır. O, BMT-nin mülki missiyasının Qarabağdakı işini tənqid atəşinə tutub. Özünün X sosial şəbəkəsində yazdığına görə, guya beynəlxalq ekspertlər Azərbaycanın həyata keçirdiyi “müxtəlif xarakterli cinayətləri leqallaşdırıb: “Mən səbirsizliklə bu “mülki missiyanın” fəaliyyətinin BMT rəhbərliyi tərəfindən araşdırılmasını gözləyirəm”.

Nə deyə bilərik. Gözləyin. Amma bu dəfə sonsuzluğu qədər gözləməli olacaqsınız. Çünki otuz il boyunca çaldığınız saxta notlu havadan hamı bezib. Həm də bu havaya oynamaqdan yorulublar. İndi təbii və bəşəri musiqi sədaları eşidilir...         

Sabah İspaniyanın Qranada şəhərində keçiriləcək beştərəfli görüş sülhə və tərəflərə münasibətdə ABŞ-ın və Aİ-nin hansı yolu tutacağını göstərəcək. Əslində, ötən Sammitdən sonrakı müddətdə bölgədə tamamilə yeni reallıq yaratmış Bakı tərəflərə daha konstruktiv olmaq şansını verir. Bakı əvvəlcədən xəbərdarlıq etdiyi məqama yaxınlaşıb: Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərqərar etdi və buna sülh müqaviləsi imzalanmadan nail oldu! Münaqişə de-fakto özünün yekun mərhələsini yaşamaqdadır. Qalıb onu imza ilə qanuniləşdirmək.    

İmran BƏDİRXANLI

 

Ekspert rəyləri

Rasim MUSABƏYOV, Milli Məclisin deputatı, politoloq:

Bəli, BMT-nin missiyası bölgədə olan real vəziyyəti qeydə alıb. Gördülər ki, Qarabağ ermənilərinə heç kim təzyiq göstərməyib, onların əmlakına toxunulmayıb. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov ikinci dəfə elan etdi ki, bölgədə doğulmuş ermənilər və onların ailə üzvləri istədikləri zaman Qarabağa qayıda bilərlər. Və ermənilərdən fərqli olaraq, biz onların evlərini yandırmamışıq, malını talan etməmişik. Dediyimiz reallığı təkcə BMT missiyası deyil, həm də ABŞ Dövlət Departamentinin sözçüsü də təsdiqləyib. O, Qarabağda etnik təmizləmə ilə bağlı suala etiraz edib və bununla bağlı heç bir sübutun olmadığını bildirib. Əlbəttə, BMT-nin mülki missiyası yalnız gördüyünü, şahidi olduğu həqiqəti söyləyir.

Belə baxanda ermənipərəst qüvvələrin də şıltaqlığının bir sərhədi olmalıdır. Yalançı statistika, uydurma faktlarla nə qədər çək-çevir etsələr də, heç nə əldə edə bilməyəcəklər. Azərbaycana qara yaxmağa çalışan o qüvvələr otuz beş il əvvəl Ermənistandan soydaşlarımızın hansı vəziyyətdə qovulduqlarını yadlarına salsınlar. Bir gecədə 613 nəfərin qətlə yetirildiyi Xocalını xatırlasınlar. Amma Azərbaycan beynəlxalq hüquq çərçivəsində davranır. Dəridın-qabıqdan çıxsalar belə, boynumuza “etnik təmizləmə” yükünü qoymağı bacarmayacaqlar.                  

 

Elşən MUSTAFAYEV, beynəlxalq münasibətlər üzrə ekspert:

Ermənilər fərqli ssenarinin hazırlığını görmüşdülər. Onların fikrincə, Azərbaycan Ordusu dərhal Xankəndiyə girməli, qondarma rejimin idarəetmə strukturu dağıdılmalı, kütləvi həbslər aparılmalı, nəhayət, erməni əhalisinə zor tətbiq edilməli, işgəncə, ölüm faktları olmalı idi. Amma bunların heç biri olmadı. BMT missiyasının bölgəyə səfəri, Azərbaycan tərəfinin onları müşayiət etməsi həqiqətin ortaya çıxması üçün şans oldu. Gözə girən reallığın, həqiqətin qarşısında doğrunu deməkdən başqa yol qalmır.

Sabah Qranadada Azərbaycan –Ermənistan–Avropa İttifaqı–Makron–Şolts formatında beştərəfli görüş keçiriləcək. Bu görüşə qədər Avropa Parlamentinin Azərbaycan əleyhinə sənəd qəbul etdirmək üçün layihə hazırlaması və onu məhz Qranada danışıqları zamanı səsverməyə çıxaracağı münaqişənin həllinə, sülh müqaviləsinin imzalanması perspektivinə qarşı təxribatdan başqa bir şey deyil. Bu səbəbdən Azərbaycanın müvafiq strukturlarının Qarabağda qalan erməni əhali ilə reinteqrasiya ilə bağlı maarifləndirmə işlərini gücləndirməsi, bu istiqamətdə digər işlərin görülməsi çox vacibdir. Həmin işlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlı da intensiv çalışmaq lazımdır. Hazırda əleyhimizə aparılan təbliğatlardan biri Laçın dəhlizi vasitəsilə 100 mindən artıq erməninin zorla çıxarılması – etnik təmizləmə ittihamıdır. Aydındır ki, köçənlərin bir hissəsi könüllü, bir hissəsi də separatçıların təhriki ilə gedib. Amma əminəm ki, bunlar deyilən rəqəmin heç yarısı qədər deyil. O səbəbdən əlimizdə olan real rəqəmlərin açıqlanması vacibdir.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI