USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Barmağımız tətikdə olmalıdır

Ermənistan yeni müharibə hazırlığındadır


https://img.baki-baku.az/news/2023/10/photo_8733.jpg

Hazırda Ermənistanda qəribə durum yaranıb. Azərbaycan suverenliyini bərpa edənə, Qarabağa tam sahiblənənədək müxalifət ölkəmizin bölgə ilə kifayətlənməyəcəyini, Ermənistanın ərazisinə də keçəcəyini bildirirdi. Bu deyim daha çox iqtidara əks cinahın ondan narazılığı müstəvisində meydana çıxırdı və məqsəd xalq kütlələrini hakimiyyətə qarşı qaldırmaq idi. İndiki situasiyanı şərtləndirən başlıca məqam isə odur ki, hazırda Ermənistanın hakim komandasının üzvləri də vaxtilə müxaliflərin söylədiklərini dilə gətirməyə başlayıblar.

Məsələn, ölkə parlamentinin sədri Alen Simonyan Finlandiyanın səfiri ilə görüşündə deyib ki, Azərbaycan Qarabağı ələ keçirdikdən sonra Ermənistan ərazisinə təcavüz gerçəkləşdirəcək. Xarici işlər naziri Ararat Mirzoyan da demək olar, Simonyanı təkrarlayıb. O, Kiprdən olan nümayəndə heyəti ilə təması zamanı elə tərzdə danışıb ki, sanki Azərbaycanın Qarabağdakı lokal xarakterli antiterror tədbirləri Ermənistana qarşı təcavüzdür. Mirzoyan, hətta, gileylənib də. Deyib ki, İrəvanın beynəlxalq ictimaiyyəti Bakının aqressiv davranacağı ilə bağlı dəfələrlə xəbərdar etməsinə baxmayaraq, məsələyə əhəmiyyətsiz yanaşılıb. Bu isə guya, Azərbaycanı yeni təcavüzlərə həvəsləndirəcək vəziyyət doğurub. Görüşdə mövcud kontekstdə Ermənistanın ərazi bütövlüyünün qorunması ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın İrana  zamanı İslam respublikasının Xarici işlər naziri Hüseyn Əmir Abdullaian ilə görüşündə də Cənubi Qafqazda sərhədlərin toxunulmazlığı məsələsi gündəmə gəlib. Əlbəttə, əvvəlki sərt ritorika olmasa da, Tehranın məsələyə mövqeyi bəllidir. Yəni, İran Cənubi Qafqaz ölkələrinin, xüsusən də Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyi üzərində dayanır. Ancaq Qriqoryanın mövcud məntiqi qabartması təxribatdır. Aşkar görünür ki, o, ölkəsi üçün Tehrandan dəstək umur...

Belə demək mümkünsə, ən böyük “bombanı” Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan partladıb. O, “Qarabağa təcavüzə görə” Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb və xəbərdarlıq edib ki, Qərb qəti addımlar atmasa, Bakı tezliklə Ermənistanın özünə hücumu gerçəkləşdirə bilər. Sanksiya tədbiri kimi, Azərbaycan nefti və qazının qiymətlərinin məhdudlaşdırılmasını və Aİ-nin Bakı ilə daha sıx münasibətlərə dair danışıqlarının dayandırılmasını irəli sürən T.Balayan “Reuters” Agentliyinə müsahibəsində, həmçinin Qərbi Ermənistana “möhkəm” təhlükəsizlik yardımı göstərməyə səsləyib. Onun sözlərinə görə, “təkcə Ermənistan hökuməti deyil, həm də bir çox ekspertlər, o cümlədən Aİ-nin bəzi üzv ölkələrindən olan siyasi müşahidəçilər Ermənistan ərazisinə hücumun, guya, qaçılmaz olduğuna inanırlar.

T.Balayan onu da bildirib ki, Aİ-nin yüksək vəzifəli rəsmiləri və bir çox üzv ölkələrin liderləri Azərbaycanın hərəkətlərini pisləyiblər. Lakin qurum böhrana cavab olaraq, ancaq humanitar yardım göstərib, başqa konkret tədbirlər baxımından çox az iş görüb. Balayanın fikrincə, diplomatlar Aİ üzvlərinin konsensus tapmaqda çətinlik çəkdiklərini deyirlər. “Bəzi ölkələr, tutalım, Fransa və Hollandiya ən azı sərt tədbirləri nəzərdən keçirməyə hazırdır, digərləri, məsələn, Macarıstan və Rumıniya bunu etməkdən çəkinirlər”, – deyən T.Balayanın erməni iddiaları naminə quruma üzv ölkələr arasında nifaq yaratmaq yolu tutduğu aşkardır.

Təxribatçı mövqe tutan erməni diplomat müsahibəsində, eyni zamanda, Azərbaycan və Ermənistan liderlərinin sabah Qranadada Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi, Fransa prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə keçiriləcək görüşünə də toxunub və bildirib ki, bu təmas Aİ-nin Bakı qarşısında konkret “qırmızı cizgilər” müəyyənləşdirəcəyi təqdirdə, faydalı ola bilər. Sən demə, Balayan üçün Qarabağ “qırmızı cizgi” imiş və lokal xarakterli antiterror tədbirləri həmin cizginin pozulması deməkdir. Bu da erməni diplomatın növbəti həyasızlığı. Hər halda, onun təlimatının İrəvandan gəldiyi aşkardır. 

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də ölkəmizin digər rəsmiləri çıxışlarında müasir Ermənistan Respublikasının Azərbaycanın əzəli torpaqları hesabına yaradıldığını dəfələrlə vurğulayıblar. Bu vurğulanma heç də elə-belədən ortaya çıxmayıb. Ermənistan illərlə Azərbaycan ərazilərini işğalda saxlayıb. İndi işğal bitib, amma erməni avantürizmi davam etməkdədir. Belə olan halda, heç şübhəsiz, beynəlxalq hüquqla yanaşı, tarixə də müraciət zərurəti yaranır. Tarix həqiqətlərin sərt yaddaşıdır. O yaddaş isə göstərir ki, Ermənistan adlı dövlət olmayıb və yalnız 1918-ci ildə Azərbaycan torpaqları hesabına formalaşdırılıb. Bunun bildirilməsi heç bir halda ərazi iddiası kimi qiymətləndirilə bilməz. Əgər, belə qiymətləndirilirsə, deməli, problem İrəvanın özündədir. Problem yaşayanlardan, daha doğrusu, başına çətinlik açanlardan biri də fikirlərini diqqətə çatdırdığımız T.Balayandır. O deyir ki, Azərbaycanın Ermənistan ərazisindən Naxçıvan anklavına quru dəhlizi yaratmaq üçün güc tətbiq edəcəyindən ehtiyatlanır. Balayanın bildirdiyinə görə, Azərbaycanın hərbi məqsədləri, hətta Naxçıvandan da kənara çıxa bilər. O, ağlaşma quraraq deyib ki, ənənəvi müttəfiqi Rusiya yüz milyonlarla dollarlıq silah sifarişlərini yerinə yetirmədiyindən, Ermənistan təhlükəsizlik baxımından müdafiəsiz vəziyyətdə qalıb.

 

***

İstər A.Simonyanın, istər A.Qriqoryanın, istər A.Mirzoyanın, istərsə də T.Balayanın fikirləri, haray-həşir qaldırmaq, ajiotaj yaratmaq, həyəcan təbili çalmaq niyyətləri fərqli məqsədlərdən xəbər verir. “Məqsədlərə” gəlincə, son günlər Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərindən açılmış snayper atəşi nəticəsində Azərbaycanın hərbi qulluqçusunun şəhid olduğunu bilirik. Bundan başqa, Ermənistanda müəyyən revanşist-şovinist qüvvələrin aktivləşdiyini müşahidə etməkdəyik. Paralel olaraq, Azərbaycana qarşı partizan müharibəsi aparılmasından dəm vuranlar meydana atılır. Bəzi ekstremist təşkilatların buna yönələn çağırışları gündəmə gəlir. Həm Ermənistan hakimiyyətinin yuxarıda qeyd etdiyimiz tərzdəki rotorikası, həm axırıncı sadaladıqlarımız, əslində, hansı tərəfin işğalçılıq niyyəti güddüyünün təsdiqidir. Bu ritorikanın isə yekunda Azərbaycan – Ermənistan sülh gündəliyini pozmağa yönəldiyi gün kimi aydındır.

Partizan müharibəsindən söz düşmüşkən, Qarabağın müxtəlif bölgələrində də atəş səsləri eşidilib. Xankəndi yaxınlığında Rusiya – Azərbaycan birgə patruluna snayper silahdan atəş açılıb. Belə nəticəyə gəlmək mümkündür ki, burada hər şey planlaşdırılıb və baş verənlərdən Ermənistan iqtidarı yaxşı xəbərdardır. Eyni zamanda, bu qənaətə gəlmək olar ki, ölkənin hakimiyyəti dörd bir yana Azərbaycanın, guya, Ermənistan ərazisinə hücumu ilə bağlı rəy formalaşdırmaqla, əslində, eyni “əməli” özü gerçəkləşdirməyi planlaşdırır. Sadəcə, beynəlxalq ictimaiyyəti yanıltmaq yolu tutur.

Göründüyü kimi, hazırkı situasiyada Ermənistan müxalifəti ilə iqtidarı arasında, prinsipcə, heç bir fərq yoxdur. Onların hər ikisi qatı anti-Azərbaycan yönümlüdür. İrəvanın bununla bağlı məntiqinin iki istiqaməti var. Birincisini qeyd etdik – Azərbaycanın Ermənistan ərazisinə hücumu. İkinci istiqamət isə Qarabağdan köç etmiş ermənilərdir. Mövcud xüsusda Bakının, guya onlara qarşı etnik təmizləmə siyasəti apardığı qabardılır. Bu məqsədlə müxtəlif beynəlxalq təşkilatlara müraciətlər ünvanlanır. Deməli, Ermənistan hakimiyyəti üçün Azərbaycana qarşı mübarizənin hər iki seqmenti önəm daşımaqdadır. Bütün bunlar isə onu bildirməyə əsas yaradır ki, İrəvan Cənubi Qafqazda çoxdandı gözlənilən sülh mühitinin formalaşmasını istəmir.

***

Qeyd edək ki, Ermənistan hakimiyyəti Azərbaycanın 2022-ci ilin sentyabr eskalasiyası zamanı ölkənin bəzi ərazilərini, guya, artıq işğal etdiyi iddiasını da gündəmə gətirməkdədir. Bu, son dərəcə vacib məqamdır və həmçinin ona söykənərək demək mümkündür ki, İrəvan sülh gündəliyindən yayınmaqdadır. Nəzərə alaq ki, yekun sülh müqaviləsi dildə deyilənlərin əməldə gerçəkləşməsidir. Yəni, Ermənistan baş naziri Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü il mayın 14-də Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edibsə, sülh müqaviləsinin imzalanması ilə bu məsələ ən yüksək səviyyədə rəsmi təsdiqini tapmalıdır. Müqavilə, eyni zamanda, tərəflər arasındakı münasibətlər baxımından da beynəlxalq öhdəlik formalaşdıracaq. Öhdəliyə əməl etmək isə şərtdir.

Öhdəliyə əməl etmək, ümumən münasibətlərdəki səmimi yanaşma sərhədlərin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsini tələb edir. Konkret sərhəd zolağının müəyyənləşdirilməsini də həmçinin. Nəzərə alaq ki, hazırda mövcud istiqamətdə qeyri-müəyyən durum var. Belə görünür, sülhdən yayınan Ermənistan rəhbərliyinin istəyi bu qeyri-müəyyənliyin qorunması, mövcud status-kvonun saxlanılmasıdır. Məqsəd, bir daha deyək ki, yeni işğalçılığın həyata keçirilməsidir. Sərhəd yoxdursa, kim güclüdürsə, sərhədi də o müəyyən edəcək. Ermənistan iqtidarı vaxt udaraq, ölkənin hərbi cəhətdən güclənməsinə sərmayə yatırmaq niyyətindədir. Deməli, İrəvan haqqında söz açdığımız sülh müqaviləsi öhdəliyini həm də buna görə götürmək istəmir və prosesdən yayınır. Vaxtilə Qarabağ ərazisindəki separatçı rejimin varlığını qorumaq istəyən Ermənistan hakimiyyəti eyni qaydada çalışırdı ki, danışıqlar prosesi uzansın.

Bəli, Azərbaycanın antiterror tədbirləri bu sayaq mənfur niyyətlərin qarşısını aldı. Ancaq bu tədbirlərin, eyni zamanda, yuxarıda göstərdiyimiz iki istiqamət üzrə “aktivlik” doğurduğunu vurğulamalıyıq. Bu “aktivlik” fazasında Ermənistan hakimiyyətinin təmsilçilərinin Azərbaycanın təcavüzü məntiqini qabartmaları, simonyanların, qriqoryanların və digərlərinin işə düşmələri, necə deyərlər, qabaqdangəlmişlikdir. Ona görə qabaqdangəlmişlikdir ki, Ermənistanın yeni müharibə hazırlığına başladığını söyləmək üçün, kifayət qədər, ciddi əsaslar mövcuddur.

Məsələn, İrəvana səfərə gəlmiş Fransanın Xarici işlər naziri Ketrin Kolonna bir neçə gün əvvəl vurğulamışdı ki, Ermənistanla bir sıra məsələləri, o cümlədən, müdafiə məsələlərini müzakirə edəcək. Səfərin gündəliyində başlıca olaraq bu məqamın dayandığı məlumdur. Yüksək səviyyəyə malik Paris – İrəvan əməkdaşlığına artıq hərbi sahədə yardımın və ya Ermənistanın müdafiəsinin təşkili məsələsinin əlavə olunduğu aydındır.

Fransanın müdafiə naziri Sebastyan Lekornu da ölkəsinin Ermənistanın müdafiə ehtiyaclarını öyrəndiyini bildirib. O, mövcud istiqamətdə Prezident Emmanuel Makronun qəti tapşırıqlar verdiyini vurğulayıb. Üstəlik, Fransa hərbi attaşelərinin İrəvanda danışıqlar apardıqları rəsmi təsdiqini tapıb.

Fransa – Ermənistan əməkdaşlığı müstəvisindəki iddialardan biri də budur ki, Paris Nigeri Ermənistanla mübadilə etmək niyyətindədir. Belə bir düşüncə hakimliyi varsa, deməli, Fransanın Nigerdən çıxardığı hərbi qüvvələri Ermənistanda yerləşdirməsi mümkündür. Hər halda belə fikirlər dolaşmaqdadır. Maraqlıdır, o da iddia olunur ki, Parisin hədəfi Zəngəzur dəhlizidir. Dünya siyasətindəki nüfuzunu itirmiş Fransanın bu dəhlizdə iştiraka, onun təhlükəsizliyinin təminatına qoşulmağa çalışdığı bildirilir. Qafan və Gorusda konsulluğun açılması da bu planın tərkib hissəsi olaraq qiymətləndirilir.

Qeyd edək ki, NATO ölkəsi Fransanın Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistana hərbi yardım göstərməsinin qeyri-mümkünlüyü əvvəllər də çox bildirilirdi. Bunu, hətta İrəvan tərəfi, müəyyən mənada, giley şəklində yada salırdı. Ermənistandakı siyasi dairələr isə deyirdilər ki, Paris sözdə dəstək məntiqi ilə İrəvanın illüziyaya qapılmasına şərait yaradır və bu, yekunda Azərbaycanın sərt davranmasına gətirib çıxarır, Ermənistan zərər görür. Ancaq indi vəziyyət nisbətən fərqlidir.

Əvvəla, Paşinyan administrasiyasının Rusiya ilə münasibətlər kontekstində, eyni zamanda, KTMT-yə qarşı çıxma əzmi xeyli güclənib. Erməni iqtidarı hazırda anti-Moskva xəttinə Gümrüdəki, yəni Türkiyə ilə sərhəddəki 102-ci rus hərbi bazasına qarşı çıxmağı əlavə edib. İrəvan Kremldən həmin bazaya görə illərlə ödənməmiş icarə haqqını tələb etməyə başlayıb. Deməli, Nikol 102-ci bazanın ölkədən uzaqlaşdırılmasına artıq start verib.

Bütün bunlar onu deməyə əsas verir ki, N.Paşinyanın bir müddət əvvəl bildirdiyi kimi, Ermənistan özünün təhlükəsizlik alətlərinə əl gəzdirməyə girişib. Mövcud istiqamətdəki fəaliyyətin isə birbaşa Azərbaycana qarşı yönəldiyi aşkardır. İndiki halda söhbət Fransadan düşürsə, bu NATO ölkəsinin İrəvana hərbi yardım baxımından alyans çərçivəsindəki silahlardan deyil, daxili istehsal məhsulu sayılan silah-sursat verməsi mümkündür. Bunlar əsasən atıcı silahlardan, qismən iri çaplı olmayan artilleriya qurğularından və zirehli transportyorlardan ibarət ola bilər. Ən böyük hədiyyə hava hücumundan müdafiə sistemləridir. Yeri gəlmişkən, erməni mediasında bununla əlaqədar, hələlik, səthi məlumatlar dolaşmaqdadır.

Sonda bir daha deyək ki, bəli, Ermənistan Azərbaycanla yeni müharibə hazırlığındadır. İndi tam aydın görünür ki, vaxtilə “Qarabağ xalqının” öz müqəddaratını təyin etməsi oyunu, antiterror tədbirlərinədək Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi yalnız bir bəhanə idi. Necə ki, Paşinyan 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” demişdi, indi də onun komandası realaşdırdığı kurs ilə eyni düşüncədədir. Erməni iqtidarı, heç bir halda, Azərbaycanın ərazi bütövlüyünü qəbul etmir və həmin ərazilərə qəsb barədə, o cümlədən, qəsb üçün zəmin yaratmaq barədə düşünür. Deməli, əsgərlərimizin, hərbi qulluqçularımızın barmaqları daim tətikdə olmalıdır.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV