USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Özü yıxılan ağlamaz...

Ermənistan bundan sonra özünü ərköyün uşaq kimi aparmamalıdır


https://img.baki-baku.az/news/2023/10/photo_8732.jpg

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Ermənistana rəhbərlik etmiş şəxslərin apardığı daxili və xarici siyasət, o cümlədən respublikamıza qarşı əsassız ərazi iddiaları, işğalçılıq müharibələri, sərsəm “miatsum” çağırışları, bunun nəticəsində Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlanması Hayastanı çıxılmaz vəziyyətə salıb. Beş il öncə erməni xalqı onları belə acınacaqlı duruma salanlara “yox!” dedi, necə deyərlər, siyasi səhnədən süpürüb atdı.

Hayların “Qarabağ klanı” adlandırdıqları Koçaryan-Sarkisyan cütlüyünün 20 illik rejimini devirmiş Nikol Paşinyan iqtidara gəlişinin ilk aylarında sülh istiqamətində müəyyən müsbət mesajlar verdi. Qarabağ məsələsinin həm erməni, həm də Azərbaycan xalqının maraqlarına uyğun, ədalətli şəkildə çalışacağını bəyan etdi. Ancaq çox keçməmiş onun ritorikası dəyişdi. Paşinyan tədricən sülhdən uzaqlaşmağa başladı.

2019-cu ilin avqustunda qanunsuz olaraq, Xankəndi şəhərinə gələn Nikol mərkəzi meydanda keçirilən mitinqdə çıxışı zamanı bədnam “Qarabağ Ermənistandır və nöqtə” fikrini səsləndirdi. Həmin fikri bir ay sonra ermənilərin Vanadzor dediyi Qarakilsə şəhərində keçirdiyi mətbuat konfransında da təkrarladı. Bununla da Paşinyan azacıq ümidlər verən, formal da olsa aparılan danışıqlar prosesini üzərindən xətt çəkdi. Onun səsləndirdiyi fikir faktiki olaraq, İrəvanın danışıqlardan çıxmasının və Azərbaycanla yeni müharibənin başlanacağının elanı idi. Beləliklə, erməni baş nazirin təhriki və avantürizmi üzündən İkinci Qarabağ müharibəsi başlandı.

Yeri gəlmişkən, qeyd edək ki, Vətən müharibəsindən öncə – 2020-ci ilin iyulunda Tovuz döyüşləri baş vermişdi. Rəsmi İrəvanın Ermənistan–Azərbaycan qoşunlarının üz-üzə, göz-gözə dayandığı təmas xəttindən yüz kilometrdən uzaq olan yerdə hərbi təxribat törətməkdə məqsədi xarici havadarlarını, ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanan hərbi-siyasi qurumu özünün avantürasına cəlb etmək idi. Düşünürdülər ki, KTMT-də Azərbaycanın Ermənistanın suveren ərazisinə zərbə endirməsi görüntüsünü yaratmaqla, təşkilatın ölkəmizə qarşı hansısa cəza tədbiri görməsinə nail olacaqlar. Amma onların hesablamaları yanlış çıxdı. Azərbaycan yüksək dəqiqlikli silahlarla yalnız legitim hərbi hədəflərə zərbə endirdi, düşmənin atəş nöqtələri susduruldu. Beləliklə, Azərbaycan KTMT-nin işə qarışması üçün təşkilata hər hansı bir əsas vermədi. Bundan əlavə, Azərbaycan hərbi-siyasi blokun üzvü olan Belarus, Qazaxıstan, Qırğızıstan kimi ölkələrlə ikitərəfli iş apararaq, təşkilatdan gələ biləcək mümkün təhlükələri bir növ neytrallaşdırmışdı.

Bu hadisə İrəvana dərs olmadı. 2020-ci ilin yay fəsli boyunca təmas xəttində gərginlik yüksələn xətt üzrə getdi. Payızda isə bunun məntiqi nəticəsi olaraq, iki ölkə arasında gözlənilən müharibə başlandı. Müharibə Ermənistanın tam məğlubiyyəti ilə başa çatdı. Noyabrın 9-dan 10-na keçən gecə İrəvan təslimolma aktına imza atdı və üçtərəfli Bəyanatla üzərinə öhdəliklər götürdü.

Gözlənilirdi ki, Paşinyan iqtidarı bundan sonra məsələlərə rasional yanaşma sərgiləyəcək. Qarabağdakı erməni yaraqlıları tərk-silah ediləcək, hərbi texnika ərazimizdən çıxarılacaq, suverenliyimiz bölgədə tam bərqərar olunacaq, Azərbaycanın cənub-qərb rayonları ilə Naxçıvan MR arasında quru yolla əlaqənin bərpası həyata keçiriləcək. Amma sən saydığını say, görək hay nə sayır...

Müharibənin vurduğu yaralar xarici havadarların yardımı ilə tədricən sağaldıqca, haylar “dəmir yumruğ”un zərbəsinin təsirindən ayıldıqca yenə öz xislətlərinə uyğun hərəkət eməyə başladılar. Qanunsuz silahlı dəstələr Qarabağdan çıxarılmadı. Nəinki çıxarılmadı, qondarma “müdafiə ordusu” adlanan hərbi birləşmənin toparlanması həyata keçirildi. Ərazilərimiz atəşə məruz qaldı. “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsi qurulmayana qədər Ermənistandan Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilərək müxtəlif yerlərdə basdırıldı. Məlum oldu ki, ərazimizə 2021-ci ildə Ermənistanda istehsal olunmuş saysız-hesabsız mina “əkilib”. Separatçılar Azərbaycanın mərkəzi hakimiyyətinin Laçın yolu ilə yanaşı, Ağdam-Əsgəran-Xankəndi yolunun da açılmasına dair təşəbbüsünə müsbət qarşılıq vermədilər.

Sentyabrın 9-da isə separatçılar ölkəmizi qıcıqlandıran daha bir bəd əmələ imza atdılar. Həmin gün Xankəndidə saxta “prezident seçkiləri” keçirildi. Yeni saxta “prezident” seçildi. Həmin şəxs dərhal bəyan etdi ki, onlar status üçün mübarizə aparacaqlar. Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində dediyi kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra əldə edilmiş üçtərəfli şifahi razılaşmalara rəğmən bu addım atıldı. Dövlət başçımız müraciətində bildirdi: “Yəqin ki, mənim sözlərim onların yadından çıxıb. İkinci Qarabağ müharibəsi başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə, kapitulyasiya aktına imza atanda mən demişdim ki, status cəhənnəmə getdi. Müharibədən bir müddət sonra biz status haqqında cəfəng ifadələri eşitmirdik. Amma görünür ki, bu qorxu onların canından yavaş-yavaş çıxdıqca yenidən revanşist qüvvələr baş qaldırır. Ona görə bütün bu amillər bir daha onu göstərir ki, qanunsuz kriminal xunta rejimi azğınlaşıb, harınlaşıb və qudurub. Unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk. Yenə də deyirəm, antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi”.

Beləliklə, Ermənistanın və separatçı rejimin atdığı addımlar sentyabrın 19-20-də Azərbaycanın lokal xarakterli antiterror tədbirləri görməsinə gətirib çıxardı ki, bunun nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa edildi.

***

Bu gün isə yazımızın əvvəlində qeyd etdiyimiz kimi, Ermənistan rəhbərliyinin apardığı siyasət üzündən ölkə çıxılmaz duruma düşüb. İndi onlar hamını ittiham edirlər, hamıdan narazıdırlar. Ermənistanın problemlərinin heç kim üçün maraqlı olmadığını bildirirlər. Narazılıq ilk növbədə Rusiya sülhməramlılarındandır. Onlar sülhməramlıların Azərbaycanın antiterror tədbirlərinə heç bir reaksiya vermədiyini (?), bunun nəticəsində ermənilərin Qarabağdan köçüb getdiyini bildirirlər. Hazırda Ermənistanda güclü rusofobiya əhval-ruhiyyəsi hökm sürür. Ermənistan parlamentinin oktyabrın 3-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsi də bunun bir elementi kimi qiymətləndirilir.

Qərbdəki bəzi dairələr də Ermənistanda anti-Rusiya isterikasının qızışdırılmasında özünəməxsus rol oynayırlar. Məsələn, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiyanın Qarabağda sülh və təhlükəsizliyi təmin etməməsinin “erməni xalqına xəyanət” (?) olduğunu bəyan edib. Mişel “Euronews” kanalının “Qlobal söhbət” proqramına müsahibəsində deyib: “Rusiyanın erməni xalqına xəyanət etdiyi hamıya aydındır. Moskva sülh və təhlükəsizliyi təmin etmək üçün bölgədə hərbçilərinin olmasını istəyirdi. Lakin biz hərbi əməliyyatın Rusiya sülhməramlı qüvvələrinin zərrə qədər reaksiyası olmadan başladığını gördük. Avropa İttifaqının yerdə hərbi mövcudluğu yox idi”.

Fransa Xarici İşlər Nazirliyinə bağlı olan “Fransa diplomatiyası” saytı isə nazir Ketrin Kolonnanın İrəvana dünəndən başlayan səfəri ilə bağlı yazıb: “Xanım Kolonnanı baş nazir Nikol Paşinyan qəbul edəcək. Daha sonra o, erməni həmkarı Ararat Mirzoyanla birlikdə Azərbaycanın sentyabrın 19-da başlatdığı hərbi hücumdan və Rusiyanın seyrçi baxışları altında doqquz aylıq qeyri-qanuni blokadadan (?) sonra Qarabağı tərk etmiş erməni qaçqınları ilə görüşəcək”.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan sentyabrın 28-də Dublində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pieve ilə görüşdə bildirmişdi ki, Fransa erməni xalqının və Ermənistanın əsl müttəfiqidir.

Bundan əlavə, Ermənistan rəsmiləri ABŞ-dan da narazıdırlar. Onlar Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin “ABŞ Dövlət Departamenti ermənilərin Qarabağdan kütləvi şəkildə getməsini dəlil olana qədər etnik təmizləmə adlandırmır” deməsindən rəncidə olublar. M.Miller erməni jurnalistin sualına cavab olaraq onu da bildirib ki, Azərbaycan ermənilərin ora qayıdıb yaşaması üçün kifayət qədər təminat verib.

Rəsmi İrəvan BMT-nin Qarabağa səfər edən missiyasından da narazıdır. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan “X” platformasındakı hesabında yazıb: “BMT-nin Qarabağdakı qondarma missiyası Azərbaycanın törətdiyi etnik təmizləmə, özbaşına həbslər, mülki infrastrukturun dağıdılması və digər cinayətlərin (?) qanuniləşdirilməsi üçün əlindən gələni edib. Bu adamlar BMT-ni bir təşkilat kimi nüfuzdan salırlar. Mən BMT-nin bu “nümayəndələrin” fəaliyyəti ilə bağlı araşdırma aparmasını səbirsizliklə gözləyirəm”.

Buna baxmayaraq, İrəvanın ittihamları da cavabsız qalmır. Məsələn, Rusiyanın ünvanına yönələn ittihamlara Xarici işlər naziri Sergey Lavrov oktyabrın 2-də cavab verib. O qeyd edib ki, Qarabağın Azərbaycanın bir hissəsinə çevrilməsi ilə bağlı qərar Ermənistan baş nazirinin birbaşa iştirakı ilə qəbul edilib: “İrəvandakı ictimai-siyasi xadimlərin 2020-ci ilin noyabrında müharibəyə son qoymaqla bağlı bəyanat imzalamaqla Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib fikri yalandır. Həmin sənəddə yazılıb ki, Qarabağ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasıdır və bölgənin yekun statusu ilə bağlı dialoqun davam etdiriləcəyi ilə bağlı ümumi anlaşma var idi. Amma il yarım sonra baş nazir Paşinyan Praqada keçirilən hansısa növbəti Avropa sammitində Alma-Ata Bəyannaməsinə uyğun olaraq Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü 1991-ci il sərhədləri daxilində tanıması barədə sənəd imzaladı. Bununla da məsələ bağlandı. Sonra o, bu termindən Brüsseldə də istifadə etdi”.

Beləliklə, ümumiləşdirmə apardıqda aydın olur ki, 44 günlük müharibənin başlanmasının, 19-20 sentyabrdakı antiterror tədbirlərinin, Qarabağdan erməni əhalinin köçünün məsuliyyəti bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ölkə rəsmiləri başqalarını ittiham etməzdən qabaq özünə tənqidi yanaşmalı, heç olmasa bundan sonra rasional qərarlar verməlidirlər. Həmin rasional qərarlar isə Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanması, üçtərəfli Bəyanatın qalan müddəalarının yerinə yetirilməsi, Azərbaycanla bağlı müxtəlif instansiyalarda təxribat xarakterli addımlar atmaqdan əl çəkməsindən ibarət ola bilər.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Yücel KARAUZ, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general-mayor

– Ermənistan Vətən müharibəsindən və 24 saatlıq antiterror tədbirlədindən sonra işğal etdiyi Azərbaycan torpaqlarından tamamilə çəkilmək məcburiyyətində qaldı. Bu ölkənin dövlət rəsmiləri son yüz ildə xarici güclərin, diasporun dəstəyi ilə siyasət yürüdüblər. Onun müstəqil qərar qəbul etmək bacarığı yoxdur. İrəvan gah Rusiya, gah ABŞ, gah İran, gah da Avropa İttifaqı ilə əməkdaşlıq edərək onların mənafeyinə uyğun addımlar atıb.

Normalda Ermənistanın bundan sonra qonşuları – Türkiyə, Azərbaycan, Gürcüstan və İranla sülhpərvər, koordinasiyalı fəaliyyət göstərməsi lazımdır. Ermənistanın quru sərhədlərinin uzunluğunun 70-75 faizi Azərbaycan və Türkiyə ilədir. Güclü Azərbaycan və Türkiyənin mövcudluğu şəraitində Ermənistanın sülh, sabitlik, dinclik istəməkdən başqa şansı yoxdur.

Antiterror tədbirlərindən sonra Ermənistan strateji müttəfiqini dəyişdirmək durumunda qalıb. Strateji müttəfiqi Rusiyanın yerini ABŞ və Fransa başda olmaqla Avropa ilə doldurmağa çalışmaqdadır. Qarşıdakı dövrdə Ermənistandakı Rusiya hərbi mövcudluğunun başa çatması gözləniləndir. Ermənistan İranla əməkdaşlığı davam etdirəcək. Ancaq əvvəlkitək təcavüzkar siyasətin aparılması mümkün deyil. Türkiyə və Azərbaycanla razılaşmadan yoluna davam etməsi, keçmiş adətlərinə davam etməsi, özünü ərköyün uşaq kimi apararaq, hər istədiyini ağlamaqla-sızlamaqla əldə etməyə çalışması qeyri-mümkündür. Bölgədə sülh olacaqsa, Zəngəzur dəhlizi açılacaqsa, Azərbaycanla sərhədlər müəyyənləşdiriləcəksə, problemlər sıfırlanacaqsa, bundan ən çox faydalanan yenə Ermənistan olacaq. Ermənistanın düşüncələrinin dəyişməsi, ağlını başına yığması gərəkdir.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səxavət HƏMİD