USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Qətnamələr icra olunub, separatizmin kökü kəsilib

30 ildən sonra BMT-nin Qarabağa gələn ekspertlərinin üzləşdiyi real mənzərə bundan ibarətdir


https://img.baki-baku.az/news/2023/10/photo_8708.png

Əvvəlcədən xəbərdarlığı edilmiş lokal antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağa səfərə dəvət etdi. Rəsmi Bakı BMT missiyasının Qarabağa səfər etməsindən qətiyyən narahat deyil. Əslində, şəffaflığını təmin etdiyimiz bu səfər indiki şəraitdə ölkəmiz üçün əlavə dividend deməkdir. Bu səfərin hüquqi bazası BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədidir (2021-2025). Səfər beynəlxalq qurumun Azərbaycandakı rezident-əlaqələndiricisinin himayəsi altında həyata keçirilir. Bu ərəfədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən ölkəmizdə akkreditə olunmuş BMT-nin rezident-əlaqələndirici ofisinin yaxın günlərdə Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazır olduğunu demişdi.

Ədalətin bərpası üçün otuz il

Otuz ildən sonra BMT missiyasının Qarabağa səfəri tamamilə yeni reallıqlar fonunda baş verir. Ən azı onu qeyd etməliyik ki, bu, münaqişənin dinc yolla həllinə dair dörd qətnaməsi və çoxsaylı tövsiyəsi İrəvan tərəfindən icrası qulaqardına vurulan nüfuzlu qurumun üzləşəcəyi geosiyasi və humanitar mənzərədir. Prezident İlham Əliyev dünən Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında məhz bu amili xüsusi olaraq vurğuladı: “BMT-nin dörd qətnaməsi Ermənistan qoşunlarının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Amma bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik. Üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq. Biz 3 il bundan əvvəl ərazilərimizi işğaldan azad etdik, işğala son qoyduq. Ötən ay isə bütün ölkə ərazisində suverenliyimizi tam bərpa etdik”.

 Bir qədər əvvəl Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC Nyus”a müsahibəsində Azərbaycanın bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış imkanı ilə əraziyə buraxmaq niyyətində olduğunu açıqlamışdı. Beynəlxalq ekspertlərin səfəri Azərbaycanın hazırda regionda həyata keçirdiyi humanitar fəaliyyətlə tanış olmaq imkanını yaratmaqla yanaşı, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdirilir. Səfərin Bakıya qazandıracağı dividendlərdən biri də Ermənistanın “etnik təmizləmə”, ərazinin demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsi kimi iddialarının əsassız olduğunun sübuta yetirilməsi olacaq.                                       Ermənistan ordusunun ərazimizdə qalan tör-töküntüsü bölgədən çıxarılandan, separatçı rejim rəsmi olaraq özünü buraxandan, Xankəndidə separatçı rejimin əski parçası yığışdırılandan, Azərbaycan polisi şəhərdə fəaliyyətə başlayandan, təcili tibbi xidmətin işi təşkil olunandan sonra BMT ekspertlərinin Qarabağda humanitar vəziyyət barədə hazırlayacaqları hesabatda nə yazacaqları çox maraqlıdır.

BMT missiyasının heç də nəzarət xarakteri daşımalı olmadığını bildirən tanınmış politoloq Fikrət Sadıxov onların real vəziyyətlə bağlı rəy verəcəkləri qənaətindədir: “Həmin rəylər obyektiv və ədalətli olmalıdır. Reallıq ondan ibarətdir ki, Azərbaycan erməni sakinlərin Xankəndidən könüllü şəkildə və dinc şəraitdə tərk etmələrinə maksimum şərait yaratdı. Onlara heç kəs təzyiq etməyib. Təbii ki, onların bəziləri xaricdə ölkəmizə qarşı şüarlar səsləndirəcək, bizi günahlandıracaqlar. Amma, o, süni ajiotajdır. BMT isə öz hesabatında reallığı əks etdirməlidir. Qarabağda nələr baş verib, biz nə etmişik və Bakı bundan sonra orada yaşayan ermənilərə necə və hansı qanunlar əsasında kömək göstərəcək. Bütün bunlar barədə beynəlxalq missiyada səhih və dolğun məlumat olacaq”.

Bölgəyə göndərilən eksperlər qrupunun arxasında anti-Azərbaycan qüvvələrin dayanması ehtimalını istisna etməyən F.Sadıxov bu halda onların missiyasının həmin dairələrin mənafeyinə uyğun rəyin hazırlanması ilə nəticələnəcəyini dedi.   

Bakı dinc sakinlərlə sivil davranır

Azərbaycan hökumətinin hüquq və təhlükəsizliklərinə təminat vermələrinə rəğmən, Qarabağı tərk edən ermənilərin sayı ilə bağlı manipulyasiyada İrəvanın hansı məqsədi güddüyünü anlamaq çətin deyil. Beynəlxalq qurumların qarşısında “departasiya”, “etnik təmizləmə” şouları düzənləmək, ən ümdəsi isə, “məcburu köçkünlərin” hesabına dünyadan maliyə yardımı dilənmək.                                        

Sentyabrın 19-dək bu insanları Xankəndidəki separatçı-xunta rejimi özünün girovu qismində, bölgədə gerçəkləşdirməyə çalışdığı utopik xəyallar lövhəsində “piyadalar” kimi saxlayırdı. Amma Bakının çoxdan xəbərdarlığını etdiyi lokal antiterror tədbirlərindən bir sutka sonra vəziyyət kökündən dəyişdi. İldırımsürətli tədbirlərdən sonra Ermənistan silahlı qüvvələrinin sağ qalmış tör-töküntüləri dərhal ağ bayraq qaldırdı və rəsmi Bakının silahları təhvil verib Qarabağ iqtisadi rayonumuzu tək etmək şərtini qəbul etməyə məcbur oldu. Amma hətta belə kritik durumda da Azərbaycan hərbi hədəf saymadığı Qarabağın dinc erməni sakinlərinə hər cür yardım göstərdi, vətəndaşlığımızı qəbul edərək cəmiyyətimizə reinteqrasiya olunmağı təklif etdi.

Fəqət dünənə qədər bölgədə silah və vahimə altında saxlanılan erməni icmasının Laçın sərhəd məntəqəmizdən Ermənistan istiqamətində kütləvi köçü başladı. Onlar bir mərkəzdən komanda alıbmış kimi bölgəni tərk etməkdə israrlıdırlar.

Siyasi şərhçi Tofiq Abbasov da hesab edir ki, ermənilərin Qarabağdan köçməsi məsələsində hansısa təşkilatçılıq özünü büruza verir: “İndi Ermənistan saman çöpündən yapışmış vəziyətdədir. Nikol Paşinyan yenə Azərbaycanın etnik təmizləmə həyata keçirməsindən danışır. Ona kənardan züy tutanlar da var. İstər BMT, istər Avropa İttifaqı, yaxud Avropa Şurası olsun, elə davranırlar ki, sanki son 30 ildə Azərbaycan başına bu oyunlar gəlməyib, bir milyon qaçqınımız olmayıb. Bu qurumların heç biri səsimizə səs vermədi. Heç yalandan da olsa, bir faktaraşdırıcı missiya göndərmədilər. Bəli, həmsədrlər, emissarlar gəlib-gedirdilər, amma o zaman Azərbaycan xalqının yaşadığı müsibət və məhrumiyyətlərlə bu gün ermənilərin üzləşdiyi çətinliklər qəti müqayisə oluna bilməz.

Çox güman ki, indi Ermənistan öz havadarlarının fitvası ilə bu vəziyyətdən maksimum siyasi dividend əldə etməyə çalışacaq. Beynəlxalq müstəvidə Azərbaycana qarşı sanksiyaların tətbiqinə, hansısa məhdudlaşdırıcı tədbirlərin görülməsinə çalışa bilərlər. İrəvan 5 oktyabrda baş tutacaq Qranada Sammiti ərəfəsində müəyyən siyasi imtiyazlar əldə etməyə çalışır. Fransanın xarici işlər, ardınca müdafiə nazirlərinin Ermənistana səfərləri buna xidmət edir”.

Azərbaycanın bütün müstəvilərdə səhvsiz oynadığını və hesab arasındakı fərqi daha da artırdığını nəzərə çatdıran T.Abbasov bu gerçəyin onları qıcıqlandırdığını qeyd edir: “Ermənilərin bölgədən mütəşəkkil şəkildə getmələrinin geniş təbliği, afişa edilməsi qarşıdakı manipulyasiya və spekulyasiyalardan xəbər verir. Ayrı-ayrı ölkələrin parlamentlərində ermənipərəst qüvvələrin üstümüzə hücuma keçməsi, beynəlxalq qurumlardakı muzdlu emissarların çıxışları gözləniləndir. Amma İrəvanın kobud səhvi ondadır ki, yenə həmin kənar aktorların fitvasına gedir. Əgər bu dəfə də danışıqlardan yayınsa, onda vay onun halına”.   

Hesabatlar şəffar və obyektiv olmalıdır           

Azərbaycan bu prosesin tam şəffaflığını təmin etməklə yanaşı, erməni əsilli sakinlərə xoş niyyətlə, humanistcəsinə davrandı. Bunu sosial şəbəkədə köçənlərin həm şərti sərhədin bu üzündə, həm də o üzündə medianın suallarına verdiyi cavablardan görmək və eşitmək mümkündür. Bəli, Azərbaycanın müvafiq hökumət qurumları bayrağımız altında yaşamaq istəməyən, öz xoşları ilə Qarabağdan gedən etnik ermənilərə nəinki hər hansı təzyiq göstərdi, əksinə, üzləşdikləri probemlərin həlli üçün operativ kömək, çeşidli xidmət təklif etdilər.   

Son on gündə Qarabağda cərəyan edən hadisələri yaxından izləyənlər üçün bİr məsələ maraq doğurmaqdadır. Ermənistanın rəsmi və özəl mediası Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü tərk edən ermənilərin statistikası ilə manipulyasiya edir, rəqəmlərlə oynayır. Rəqəmlər isə səhər və axşam yenilənir. Deyəsən, portallar artıq sonuncu erməninin bölgəni tərk etdiyi barədə xəbəri tirajlamağa girişiblər. İrəvanın istəyinə uyğun olaraq statistika ...120 mində yekunlaşacaq. Amma Hayastan iqtidarı unudur ki, ən səhih və real statistika Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindəki kompüterin bank-yaddaşındadır. Bu gün Qarabağa gəlmiş BMT missiyası üzvlərinə bizim sərhədçilər yəqin həm də bu məlumatı təqdim edəcəklər. Çünki, onların erməni separatizmindən təmizlənmiş Qarabağımızda həmin statistikadan savayı müşahidə edəcəkləri, monitorinqini aparacaqları subyektlər artıq mövcud deyil... 

“Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra bölgədə yaranmış vəziyyətlə bağlı məlumatı BMT səviyyəsinə çatdıracaq missiyannı gəlişi müsbət haldır”. Bunu qəzetimizə açıqlamasında bildirən politoloq Fərhad Məmmədov “etnik təmizləmə” ittihamı ilə Azərbaycana qarşı cavab tədbirlərinin görülməməsinin aktual olaraq qaldığını bildirir: “Bu kontekstdən yanaşanda, əlbəttə, BMT missiyasının Qarabağa qısamüddətli səfəri, ərazidə real vəziyyətlə tanışlığı, oradakı hərbi infrastrukturun qeydə alınması Bakının ötən onilliklər ərzində dediklərinin həqiqət olduğunu onlara nümayiş etdirəcək. Aydın məsələdir ki, ekspert qrupu müəyyən hesabat hasırlayacaq. Azərbaycan çalışmalıdır ki, həmin hesabatda ermənilərin yaydığı saxtalaşdırılmış məqamlar yer tapmasın. Bundan başqa, ölkəmizin gələcəkdə hər hansı problemlə üzləşməməsi üçün bu cür beynəlxalq missiyaların həyata keçirilməsi faydalıdır. Əlbəttə, rəsmi Bakı belə missiyalardan sui-istifadə etməyə çalışan ölkələrin fəaliyyətindən sığortalanmayıb. Amma Azərbaycan hökumətinin BMT-nin bu missiyasının bölgəyə səfərinə razılıq verməsi, necə deyərlər, Qarabağda bütün qapıların dünyanın üzünə açılması faktı onu göstərir ki, Azərbaycan özündən tam əmindir. Və bu əminliyi çəkinmədən nümayiş etdirir”.               

Hazırda Azərbaycan Qarabağ iqtisadi rayonundan Ermənistana köçənlərə maliyə yardımı məsələsinə gəldikdə isə Paşinyan hökuməti onlara hər ay az qala 20 milyon ABŞ dolları həcmində pul ödəniləcəyini vəd edib. Yerli ekspertlər İrəvanın köçkün amili üzərində pul dilənməyin yeni texnologiyasını düşündüyü versiyasını irəli sürürlər. Yəni, Qarabağdan gedən ermənilərin hesabına bütün ölkəni yedirtmək üçün dünyadan pul ummağa başlayacaqlar. Artıq Birləşmiş Ştatlar və Fransa “əzabkeş və yoxsul” erməni xalqına ilk ianələrini ayırıblar. Təkrarlanan tarixin tanış səhnəsi.

Torpağı özlərinə vətən saymayanların XXI əsr faciəsi belə start götürür...      

İmran BƏDİRXANLI




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

İmran BƏDİRXANLI