USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransanın Cənubi Qafqaz pozuculuğu

Yaxud 2023-cü ilin sonuna doğru bir il əvvəl olanların təkrarı


https://img.baki-baku.az/news/2023/10/photo_8706.jpg

Yazımıza Azərbaycan Prezidenti İlham Əliyevin MBD Dövlət Başçıları Şurasının 2022-ci ilin oktyabrında keçirilmiş iclasında səsləndirdiyi bir fikirlə başlamaq istərdik. Dövlətimizin başçısı həmin toplantıda çıxış edərkən bildirmişdi: “Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, – mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi”.

Hazırda Qarabağda hər şey aydındır. Azərbaycan suverenliyini bərpa edib. İlk baxışdan Azəraycan – Ermənistan münasibətlərində də hər şey sanki aydın görünür. Amma görüntünün yanıltdığını artıq indidən söyləmək mümkündür. Çünki Fransa özünün ermənipərəst ampluasına sadiqdir. Bu “sadiqlik” isə Cənubi Qafqazda yeni müharibə riskini formalaşdırır. Risk hansı formada yaranır, ondan danışacağıq. Hələlik isə Fransanın 44 günlük müharibə dövründə Azərbaycana qarşı tutduğu əks mövqeyin bəzi məqamlarına diqqət yetirək.

Bəli, Vətən müharibəsi başlayar-başlamaz ermənipərəst dairələr Azərbaycanı, az qala, işğalçı kimi qələmə vermək yolu tutdular və mövcud istiqamətdə ciddi təbliğata başladılar. Həmin vaxt Fransa ən “öndə” idi. Aparılan təbliğat ölkəmizin Ermənistana qarşı, guya, terrorçulardan və muzdlulardan istifadəsi üzərində qurulmuşdu. Lakin bütün bunlar heç bir fayda vermədi. İddialar təsdiqini tapmadı.

44 günlük müharibədən sonrakı dövrdə rəsmi Paris özünün ermənipərəst ritorikasını Azərbaycan – Ermənistan danışıqları masasına keçirdi. Əvvəldə dövlət başçımızın dilindən səslənmiş fikri də məhz bu kontekstdə diqqətə çatdırdıq. Məlum olduğu kimi, 2022-ci il oktyabrın 6-da Azərbaycan və Ermənistan liderlərinin Praqada Avropa Şurası İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşü baş tutmuşdu. Görüşdə Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdi.

Yeri gəlmişkən, onu da bildirək ki, həmin görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə ölkəmizin ərazi bütövlüyünü tanıdığını açıqlamışdı. İkinci dəfə isə bu tanınma 2023-cü ilin mayın 14-də Brüsseldə olmuşdu. Lakin Praqa görüşündən heç on gün keçməmiş Prezident Makron yerli mediaya müsahibəsində Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə, Rusiyanı isə öz müttəfiqi İrəvana xəyanətdə suçlamışdı. Azərbaycan – Ermənistan şərti sərhədində 2022-ci ilin sentyabrında yaşanmış hərbi eskalasiyaya toxunmuş Fransa lideri demişdi: "Son iki ildə sərhəddə nə baş verir... 5000 Rusiya əsgəri guya sərhəddə təhlükəsizlik təmin etmək üçün orada yerləşir, lakin ruslar bu, bir neçə yüz illik münaqişədən istifadə edib, Türkiyənin də iştirakı ilə Azərbaycanla oyuna qatılıb və nə vaxtsa yaxın olduqları bir ölkə olan Ermənistanı zəiflətmək üçün geri dönüb".

Əlbəttə, Fransanın dövlət başçısının bu mövqeyi Cənubi Qafqaz üzrə sülh tənzimləməsinə təsirsiz ötüşməmişdi. Məlum olduğu kimi, həmin vaxt hər iki ölkə liderlərinin Aİ Şurasının prezidentinin vasitəçiliyi ilə növbəti görüşü dekabrın 7-ə (2022-ci il) planlaşdırılmışdı. Gözlənilirdi ki, görüşdə Paşinyanın Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıması məntiqi daha da inkişafını tapacaq və sülh yolunda əsaslı irəliləyişə nail olunacaq.

Lakin Makronun haqqında söz açdığımız açıqlamasından sonra bütün bunların yaşanmayacağı dəqiqləşdi. Məsələyə Rusiyandan reaksiya gəldi, bu, öz yerində. Azərbaycan Prezidenti İlham Əliyev də bildirdi ki, Fransa liderinin sözləri təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterlidir: “Bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.

...N.Paşinyan isə şərt qoydu ki, dekabrın 7-də keçiriləcək görüşdə iştiraka, toplantıya Makronun qatılacağı təqdirdə razıdır. Əlbəttə, belə mövqe heç cür qəbul edilə bilməzdi və edilmədi. Deməli, Fransa 2022-ci ilin sonunda Cənubi Qafqazda gözlənilən sülhü pozdu. İndi görünür, ölkə 2023-cü ilin sonuna doğru da eyni pozucu hərəkətini təkrarlamaq əzmindədir. Nəzərə alaq ki, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısı çərçivəsində üz-üzə gələcəyi və bu təmasdan sülh yolunda həlledici nəticələr əldə olunacağı gözlənilir.

Bəli, Azərbaycanın sentyabrın 19-dan başlatdığı və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini bərpa etməsi, Fransanı qıcıqlandırıb. Ölkənin müdafiə naziri Sebastyan Lekornyu bildirib ki, rəsmi Paris Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır və Prezidert Makron şəxsən prosesləri izləyir. Çünki məsələ Fransa üçün çox vacibdir. S.Lekornyunun sözlərinə görə, Makron onu da bildirib ki, əsas məqsəd Ermənistanın ərazi bütövlüyünün, suverenliyinin və əhalisinin müdafiəsidir. Sual olunur: Paris doğrudanmı hesab edir ki, İrəvana təhlükə var? Axı, Prezident İlham Əliyev lokal xarakterli antiterror tərdbirlərindən sonra bir neçə dəfə bildirib ki, Azərbaycanın Ermənistan ərazisinə qəsb niyyəti yoxdur. Elə isə Makron administrasiyasının, necə deyərlər, əl-ayağa düşməsinin səbəbi nədir?

Haşiyə çıxaq. Ermənistan daxilində belə fikir var ki, Paris İrəvana, bir qayda olaraq, yalnız sözdə dəstək göstərməklə məşğuldur, əməldə isə heç nə yoxdur. O da vurğulanır ki, sözdə dəstək Ermənistan rəhbərliyində illüziya yaradır və bunun nəticəsində İrəvanın hansısa qeyri-ordinar davranışı, ümumən ölkəyə ciddi zərər gətirir. Qeyri-ordinar davranışdan söz düşmüşkən, artıq bunun ilk nişanələri var. Məlum olduğu kimi, Ermənistan ərazisindən açılmış snayper atəşi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu həyatını itirib. Görünür, bu hadisə ilə Parisdən gələn ermənipərəst siqnalların eyni vaxta düşməsi heç də təsadüf deyilmiş...

Siqnallara gəlincə, mövcud xüsusda nəinki Fransanın indiki, hətta əvvəlki rəhbərliyinin də “aktivləşdiyini” görürük. Bu baxımdan ölkənin sabiq Prezidenti Fransua Olandın fikirlərinə diqqət yetirək. Oland bildirib: “Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı. Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb”.

Oland illüziyanın dozasını hər kəsdən daha artıq edib. Onun bu bəyanatının İranın Ermənistanın ərazi bütövlüyünün Tehran üçün vacibliyini vurğulayan “qırmızı xətt” məntiqini də arxada qoyduğunu desək əsla yanılmarıq. Ermənistanın sərhədləri Fransa üçün müqəddəs imiş. Hər halda, indiyədək belə demək mümkünsə, bu cür siyasi sentimentallıq yüklü fikri heç kəs səsləndirməmişdi. Sanki 1095-ci ildir, Klermon şəhəridir, Oland Roma papası II Urbandır, Ermənistan isə Qüds.  O da II Urban kimi, "müqəddəs torpağın kafirlərdən azad edilməsi" çağırışını səsləndirir. Ancaq tarixdəki səlib yürüşlərindən fərqli olaraq, hazırda Fransanın erməni təəssübkeşliyinə bütün Avropa dövlətləri qoşulmur. Hər kəs Parisin niyyətindən xəbərdardır. Amma... 

Digər tərəfdən, heç fərqi yoxdur ki, belə bir təfriqəçi fikri dilə gətirən Parisin rəsmi təmsilçisidir, ya yox? Həm də ona görə fərqi yoxdur ki, biz Olandın düşüncəsinin Yelisey sarayının davranışı baxımından təsdiqini görürük. Məsələn, Fransanın müdafiə nazirinin dediklərini diqqətə çatdırdıq. Əlavə edək ki, bu gün ölkənin xarici işlər naziri Ketrin Kolonna İrəvana səfərə gəlir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır. Təhrikdən söz açdıq. Hazırlamaqla bağlı bildirək ki, NATO ölkəsi olan Fransanın bu qurumun istifadə etdiyi hərbi ləvazimatlardan və silah-sursatdan Ermənistana verməsi mümkün deyil. Ancaq ölkə özünün istehsal etdiyi silahlardan İrəvana hədiyyə edə bilər və bəzi siyasi dairələrdə mövcud istiqamətdə müzakirələrin getdiyi məlumdur.

Bəli, beynəlxalq siyasət meydanında nüfuzdan düşmüş Fransa var gücü ilə neokolonializm siyasətinə baş vurub. Ölkə çalışır ki, Afrikada etdiklərini Cənubi Qafqaz müstəvisinə də daşısın. Ermənistan isə onun planlarında alətə çevrilmiş durumdadır. Əlbəttə, bu tendensiya İrəvan üçün son dərəcə təhlükəli vəziyyət doğurub. Görünür, Azərbaycan Prezidenti sentyabrın 29-da “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində əbəs yerə aşağıdakı fikirləri bildirməmişdi: “Əlbəttə, sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulubdur. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir və bu, yaxşı siqnaldır, – bəziləri hələ də qisasçılıq, revanşist ideyalarla yaşayırlar, – bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən daşınsınlar”.

Yeri gəlmişkən, dövlətimizin başçısı sentyabrın 20-də xalqa müraciətində bunları da vurğulamışdı: “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!”

Ancaq Fransanın timsalında bəzi qüvvələrin Cənubi Qafqazdan əl çəkmədiklərini, bölgədə sülhə doğru gedən yola maneçilik törətdikləri aşkardır. Ermənistan onların təsiri altındandır. Özlüyündə də ölkə heç vaxt müstəqil xarici siyasət yürütməyib. Əvvəl Rusiyanın bölgədəki “forpostu” idi, indi Fransanın koloniyası olmağa can atır. Nəinki can atır, eyni zamanda, bununla özünün avantürası və ərazi iddiası üçün “platforma” hazırlayır. Belə “dəst-xətt” isə hərbi və siyasi məğlubiyyətlərdən dərs çıxarmaq deyil. Ermənistanın rəhbərliyi unutmamalıdır ki, bu cür yolverilməz yanaşma ölkəyə baha başa gələ bilər. Hazırda tam qətiyyətlə söyləmək mümkündür ki, Paşinyan və administrasiyası Livanın üzləşdiyi faciəli aqibətə doğru irəliləməkdədir. Mənfi aqibətin təzahürləri isə müxtəlifdir. Hətta iflas, yəni Ermənistanın başqa xalqların əraziləri hesabına formalaşmış qurama dövlətçiliyinin tamamilə itirilməsi də mümkündür.

 

Əvəz CAHANGİROĞLU




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV