USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Otuz il əvvəl  oktyabrın bu günü xalq Heydər Əliyevə səs vermişdir

İndi həmin səsin əks-sədasını Xankəndidən eşidirik


https://img.baki-baku.az/news/2023/10/photo_8704.jpg

And içirəm ki, Prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirəcək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. And içirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının həyata keçirilməsinin təminatçısı olacaq, milliyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının qorunmasının, müdafiə edilməsinin təminatçısı olacağam.

Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin birinci andiçmə mərasimindəki nitqindən

10 oktyabr 1993-cü il

Bəli,  əziz oxucu, bu gün sən ulu öndərin həmin nitqində səsləndirilən  “Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni edəcəyəm və “milliyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq,  Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının qorunmasının, müdafiə edilməsinin təminatçısı olacağam” vədlərinin tamamilə günümüzün reallıqlarına çevrildiyinin şahidisən.

Ümummilli lider həmin nitqində onu da xatırlatmışdı ki,  ölkəmizin xeyli hissəsi,  Azərbaycan xalqı üçün əziz və mötəbər olan Şuşa şəhəri artıq il yarımdır ki, əlimizdən gedibdir. Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarımız da erməni silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı  –  bacılarımızı, qardaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır.

Dəyərli oxucu, bir daha xatırladıram ki, sən həmin vədlərin də hamısısnın reallaşdırıldığını gördün, əlli milyonluq azərbaycanlıların hər biri kimi sən də sevindin, məmnun oldun, fəxr etdin. Sən yaxşı bilirsən ki, ulu öndərin ilk andiçmədə səsləndirdiyi bu tezislərin həyata keçirilməsini bilavasitə Azərbaycan Prezidenti İlham Əliyev təmin etmişdir. Ancaq onu da bilirik ki, cənab Prezidentin bu möhtəşəm Zəfərinin təməli məhz 1993-cü il oktyabrın 3-də – ulu öndər Heydər Əliyevin ölkədə ilk dəfə Prezident seçildiyi gün qoyulmuşdu.

Mən həmin  gün ümummilli liderimizin səs verdiyi seçki məntəqəsində – prezidentliyə namizəd Heydər Əliyevin dörd-beş  addımlığında idim və onun böyük qələbəyə olan inamını baxışlarından, təbəssümündən, qətiyyətli səsindən, oxuyanlardan olduğumun məmnunluğunu yaşayırdım. O, inanırdı ki, səsvermədə qalib gələcək, xalqı bu məhrumiyyətlərdən xilas edəcək, dövlət müstəqilliyimizin bir əsrdə ikinci dəfə əldən getməsinin qarşısını alacaq. Ona görə inanırdı ki, xalqın ona olan inam və etimadından xəbərdar idi.  Xalqın ona olan inamının təməlində isə ölkəyə birinci dəfə rəhbərlik etdiyi illərdəki təcrübəsi və doxsanıncı illərin əvvəllərində mühasirədə olan Naxçıvanı düşmən işğalından xilas etməsi dururdu.

Xatırladaq ki, 1993-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində  üç namizəd mübarizə apardı. Heydər Əliyev, Karrar Əbilov və Zakir Tağıyev. Ümumi səslərin 98, 80 faizini toplayan Ulu öndər Azərbaycan Prezidenti seçilmişdi.

Fikrimizcə, müstəqil Azərbaycanın həmin seçkilərdən əvvəl – 1993-cü ilin yayında yaşadığı günləri tam təfsilatı ilə yada salmağa qətiyyən ehtiyac yoxdur. Çünki həmin günlər hər bir azərbaycanlının beyninə elə yazılıb ki, bu yazının silinməsi, unudulması qətiyyən mümkün deyil. Belə ki, Azərbaycan həmin əsrdə bir dəfə öz dövlət müstəqilliyinə qovuşmuş, ancaq müstəqilliyin qorunub saxlanılması mümkün olmamışdı. Ona görə də xalqın önündə gedən ziyalılar ikinci müstəqil dövlətimizin taleyindən çox nigaran idilər. İnsanlar 1991-ci ildə qazanılmış müstəqilliyin də əldən getməsindən qorxurdular. Üstəlik, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən 15 iyun 1993-cü ilə – Qurtuluş Gününə qədər ölkədə gedən ictmai-siyasi proseslər ikinci müstəqilliyin də məhvinə zəmin yaradırdı.

Xalq ölkədə amansızcasına davam edən hakimiyyət davasından bezmişdi. Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin dövlət başçısı postunu buraxaraq qaçıb getmək ənənəsi insanları bezdirmişdi.  Xalq azadlıq hərəkatının dalğası üzərində hakimiyyətə gəlmiş AXC – Müsavat iqtidarının imperiyapərəst qüvvələrlə  apardığı  hakimiyyət savaşı ölkəni xaos və anarxiya girdabına yuvarlamış, dövlətçiliyin məhv olmasına real zəmin yaranmışdı. Türkiyəli ekspert Əli Bulacın söylədiyi kimi, həmin günlərdə mütəllibovçu qüvvələr də, Xalq Cəbhəsi də tamamilə hakimiyyətdən uzaqlaşdırılsaydı və hakimiyyətə Əliyev deyil (söhbət Heydər Əliyevdən gedir – red.) başqa bir azərbaycanlı siyasətçi gəlsəydi, bu ölkə yenə də öz bəlaları içərisində bulunacaqdı. Ona görə də hakimiyyət kürsüsünə, idarəetmə sükanı arxasına Heydər Əliyevin gəlməsi zərurətini tarix, zaman yaratmışdı. Xalq bunu yaxşı dərk edirdi. Ona görə də mitinqlərdə, etiraz aksiyalarında belə bir ifadəyə tez-tez rast gəlinirdi: “Oyanmış xalqa yatmış rəhbər gərək deyil!”

Beləliklə, Heydər Əliyev ilk seçkidə qalib gəldi və uçurumun bir addımlığında olan dövlət müstəqilliyimizin qorunub saxlanılmasını təmin etdi. Ulu öndərin Azərbaycan tarixi qarşısındakı ən böyük xidmətlərindən biri isə 2003-cü il oktyabrın 1-də xalqa ünvanladığı müraciət olmuşdu. Böyük dövlət xadimi həmin müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”.

Bəli, doğrudan da, ümummilli liderimizin başa çatdıra bilmədiyi taleyüklü məsələləri məhz cənab Prezident İlham Əliyev başa çatdırdı. Bu məsələlər hansılar idi?

Birinci, Heydər Əliyevin qoruyub saxladığı Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə nail olmaqla sübut etdi ki, biz artıq beynəlxalq aləmin əsas söz sahiblərindən biriyik.

İkinci, ölkəmizin ərazi bütövlüyünün bərpası. Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin  nəticələri barədə danışarkən dəfələrlə deyib ki, Şuşa şəhəri düşmən əsarətindən azad edilən gün mən getdim Ulu öndərin məzarı önündə dedim ki, tapşırıq yerinə yetirildi.

 Üçüncü, Ulu öndərin əsas məqsədlərindən biri də Azərbaycanın Türk dünyası ilə əməkdaşlığının yüksək səviyyəyə qaldırılması idi. Bu gün 200 milyondan çox əhalisi olan Türk dünyasında hamı etiraf edir ki, bizi Turan birliyinə aparan iki lokomotivdən biri Rəcəb Tayyib Ərdoğan, o biri isə İlham Əliyevdir.

Dördüncü, Ulu öndər bizim Avropa ölkələri ilə əməkdaşlığımıza çox böyük önəm verirdi. Prezident İlham Əliyevin uğurlu siyasi-diplomatik fəaliyyətinin nəticəsi olaraq, bu gün Avropa İttifaqına üzv olan ölkələrdən doqquzu Azərbaycanın strateji tərəfdaşıdır. Bu isə cəmi otuz ildən bir az artıq  müstəqillik tarixi olan dövlət üçün olduqca böyük uğurdur.

Bəli, Heydər Əliyev siyasi kursu bizə çox sevinclər yaşadıb. Ancaq Prezident İlham Əliyevin fikrincə, bizim daha böyük uğurlarımız və daha möhtəşəm sevinclərimiz hələ qarşıdadır. İnanırıq ki, Azərbaycan xalqı həmin hədəflərə gedən yolda da Prezident İlham Əliyevin dayağı və dəstəyi olacaq.

İttifaq MİRZƏBƏYLİ

 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İttifaq MİRZƏBƏYLİ