USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sülh “məlhəmi” və Femida

İndi Ermənistanın ona daha çox ehtiyacı var


https://img.baki-baku.az/news/2023/10/photo_8689.jpg

Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycan sülh istəyir. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır.

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışından

Azərbaycanın bədənindəki “artsax” adlı çiban kəsilib atıldı. Bundan sonrası “dezinfeksiya” prosedurudur. Erməni separatizmindən rişələnən həmin çibanın bir daha cücərməsinə heç bir halda yol verilməyəcək. Çünki Azərbaycan onu kökündən qoparıb atmaqla üzərində tam və qəti qələbə qazanıb.  Artıq Azərbaycanın suveren ərazisində nə “boz zona”lar qalıb, nə də qeyri-qanuni strukturlar. Qarabağımızda separatismın zəhərli nəfəsindən qurtulmuş təmiz ab-hava, qara buludlardan təmizlənmiş açıq səma bərqərar olub. Hər şey ilkinə qayıtdığı kimi, əzəli yurdumuz da otuz ildən çox intizarında olduğu dogma sakinlərini qoynuna almağa başlayıb. İndi Vətənimizin bu cənnət guşəsində insanlarımız kimi, torpaq da sevinir. Üstü də, altı da sərvətlə zəngin Qarabağ torpağında ocağını qalayıb ömürlərini sürməyə başlayan keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışdan sonrakı ən böyük arzusu sülh və əmin-amanlıq şəraitində qurub-yaratmaqdır. Məgər bu bəşəri istək irqindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq, planetimizin bütün qitələrində yaşayan insanların arzusu deyilmi? Sülhə təşnə olanların onu məlhəm kimi qəbul etməsi təbii haldır.  Bəli, Cənubi Qafqaz çoxdan intizarında olduğu sülhün yarım addımlığındadır.

* * *      

Bölgədə son üç ildə cərəyan edən hadisələrin dinamikasına və xarakterinə nəzər yetirsək, görərik ki, əgər Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələ bilərdi. Çünki Vətən müharibəsində qazandığımız Zəfərdən sonra Azərbaycan buna hazır idi və bunu İrəvan iqtidarı da yaxşı bilirdi. Təəssüf ki, daxildəki daşnak-revanşist, kənardakı lobbi-diaspora təzyiqlərinə layiqli müqavimət göstərə bilməyən Paşinyan komandası özünü addım-addım görünən uçurumun kənarına sürüklədi. İndi irəliyə addım atılası məsafə qalmayıb, son nöqtəyə çatıblar və real təhlükədən qurtuluşları yalnız sülhə gəlməkdir. Azərbaycan hətta bu vəziyyətdə belə xəyanətkar qonşusu ilə də humanist davranış sərgiləyir. Bakı Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyini təmin etməyə, onlara ölkənin digər etnik azlıqları kimi, bütün şəraiti və imtiyazları yaratmağa hazır olduğunu açıq şəkildə bəyan edib. Bu, qalib dövlətin məğlub ölkəyə təklif edə biləcəyindən daha böyük güzəştdir.

Bu təminatı onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilindən eşidiblər: “Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim etmişik, onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları – beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcək. Bu, Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək”.

Dövlətimizin başçısı Ermənistanın ərazi bütövlüyünü Azərbaycanın tanıdığını növbəti dəfə dünyaya bəyan etdi. “Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm! Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.

Prezident İlham Əliyevin bu çağırışının İrəvanda düzgün dəyərləndiriləcəyinə inansaq, deməli, oktyabrın 5-də Aİ-nin Qranada sammitində iki ölkə arasında ilkin sülh sazişinin imzalanması perspektivi real görünməkdədir.   

Ədalət və qətiyyət! Sarsılmaz siyasi iradənin göstərici sayıla biləcək bu dəyərləri Azərbaycan öz liderinin simasında hər zaman gözlədi və nümayiş etdirdi. Azərbaycan hökuməti Ermənistanla sülhə hazır olduğunu göstərir. Sülhə nail olmaq üçün Bakının konkret təklifləri çoxdan danışıqlar masasının üzərinə qoyulub. Bunlar kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə salınması, sərhədlərin delimitasiyası, anklavların geri qaytarılması və ticarət əlaqələrinin bərpasıdır. Cənubi Qafqazda uzun fasilədən sonra dayanıqlı sülhün bərqərar olması Azərbaycandan daha çox Ermənistanın  maraqlarına cavab verdiyini söyləyə bilərik. Çünki İrəvan Zəngəzur dəhlizi vasitəsilə İranla, Rusiya ilə, ərazimizdən keçməklə Orta Asiya ilə əlaqə yaratmaq şansını əldə edəcək. Bu isə haylar üçün əməkdaşlıq imkanları, tərəqqi fürsəti deməkdir. Ermənistanın, ilk növbədə, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan dividentlər qazanacağı şəksizdir.

* * *

On illər boyu işğalçı Ermənistan təcavüzkar mövqeyi, radikal-hərbi ritorikası ilə özünü bölgədə təcrid olunmuş vəziyyətə gətirib çıxardı. Bəs onu qazancı nə oldu? İqtisadi tənəzzül, klanların formalaşdırdığı korrupsiya zənciri, cəmiyyətdə misli görünməmiş təbəqələşmə, xaricə miqrasiyanın ildən-ilə, gündən-günə çoxalması. 44 günlük savaşda biabırcasına uduzan, əsgər itkisinin və fərarilərin sayını bugünədək dəqiqləşdirə bilməyən bir ölkə sülhə gəlmək əvəzinə, revanş götürmək kimi xam xəyallara qapıldı. Sülh danışıqları üzrə prosesi qəsdən uzatmaqla nəyə nail olmağa çalışdığını özü üçün də tam aydınlaşdırmaqda çətinlik çəkən İrəvan iqtidarı sərhəddə silahlı təxribatlardan tutmuş danışıqlar masasında diplomatik avantüralara kimi təhlükəli və zərərli təşəbbüslərə baş vurdu. Bu zaman arxalandığı, güvəndiyi tərəfdaşlarından, himayədarlarından gözlədiyi dəstəyi görməyəndə yenə silaha əl atdı. Amma bu, Azərbaycan iqtidarının səbir kasasını daşdıran sonuncu damla oldu. Və avantüristlərin, separatçıların və onları qarşıdurmaya sürükləyənlərin son və qəti cavabını verməkdən ötrü Azərbaycana cəmi bir sutka kifayət elədi. Ermənistan ordusunun Qarabağda qalmış tör-töküntüsü darmadağın edildi. Ölən öldü, qaçan qaçdı. Qondarma “artsax respublikası” sabun köpüyü tək bir gecədə havaya buxarlandı. Amma separatçı-xunta rejiminin “liderlərinin”, “dqr” rəsmilərinin Femida qarşısında cavab verəcəkləri gün hələ qabaqdadı...     

* * *

Aydın məsələdir ki, törətdikləri hərbi cinayətlərə görə barələrində istintaq başladılmış separatçı-xuntaçıların üzdə gedənlərinin öz layiqli cəzalarını alması tarixi ədalətin bərpası ilə yanaşı, həm də görk, ibrət məsələsidir. Artıq vardanyanlar, xaçatryanlar, balasanyanlar, manukyanlar, mnatsakanyanlar və daha neçə-neçə “yan”lar Bakının təcridxanalarında mühakimə prosesini və tribunalın hökmünü gözləməkdədirlər. Adları Azərbaycanın hüquq-mühafizə orqanlarına çoxdan bəlli olan bu daşnak tör-töküntülərinin məhkəmə prosesinin hansı formada aparılacağı indidən çoxlarının marağına səbəb olub.

Bununla bağlı ölkənin sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun açıqlamasına diqqət yetirək: “Mənə elə gəlir ki, bu, 1946-cı ilin Nürnberq Məhkəməsinə bənzər bir proses olacaq. Həmin prosesdə nasist mahiyyətli “miatsum” layihəsini ideoloji cəhətdən əsaslandıran, onu daha sonra həm də etnik təmizləmə şəklində reallaşdıran sexakronizm ideologiyası mühakimə olunacaq. Ona görə də prosesə cəlb olunacaq beynəlxalq hüquqşünasların iştirakı ilə bu ideologiya açıq şəkildə lənətlənməlidir. Səfirlər, beynəlxalq ekspertlər, təşkilat və qurumların rəsmiləri separatçıların Azərbaycan xalqına qarşı törətdikləri vandalizm aktlarını canilərin öz dillərindən eşidə biləcəklər”.

Təcrübəli diplomatın sözlərinə görə, burada söhbət təkcə Azərbaycana və azərbaycanlılara qarşı törədilən təcavüzkar, qəddar hərəkətlərdən deyil, eyni zamanda, Ermənistana və onun diasporuna hakim kəsilən bir ideologiyanın həyata keçirilməsindən gedir: “Əslində, bu, həmin ideologiyanı məhkəməyə çıxarmaq üçün bir səbəbdir. Və bu məhkəmə onlar üçün “taleyüklü layihəyə” siyasi nöqtənin qoyulması demək olacaq. Bu layihənin praktiki olaraq tarixə gömülməsi gözümüzün qarşısında baş verir. Əl atdıqları sonuncu “taktikalarından” görürük ki, onlar hər şeylərini itirdiklərinə görə, baş verənləri “etnik təmizləmə” adlandıraraq, dünya ictimaiyyətini yenə aldatmağa çalışırlar”.

* * *

Bütün dünya gördü ki, Azərbaycan hətta düşməninə qarşı xoş məramını, sülhpərvər imicini sona kimi qoruyub saxlamağı bacaran dövlətdir. Ötən əsrin                     80-ci illərinin ortalarına qədər azərbaycanlılar və etnik ermənilər Qarabağda yan-yana, sülh və dinc şəraitdə yaşayıblar. Bu gün Azərbaycanda 30 minlik yəhudi icması var. Yevangeliya xristianlarının icması böyüməkdədir. Gürcülər, ruslar, ukraynalılar, molokanlar hamısı bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayılır. Bu, Qarabağ ermənilərinə də aid ola bilər və olmalıdır. Nəhayət, erməni xalqı anlamalıdır ki, Azərbaycan müharibə deyil, sülh istəyir. Amma ədalətli sülh istəyir.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI