USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

  İndi heç kim Azərbaycanın təmkini ilə oynamağa cəhd eləməz

Çünki bizim səbir kasamızın daşmasının nəticəsi artıq hamıya məlumdur


https://img.baki-baku.az/news/2023/10/photo_8688.jpg

Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin. Bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Zəngilan, 29 sentyabr, 2023-cü il

Dövlət başçımızın  BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə təşkil olunan  “Şəhərsalma həftəsi 2023” tədbirləri çərçivəsində  II Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışı Cənubi Qafqazdakı proseslər barədə  dünya ictimaiyyətinə verilən növbəti mesaj, şərh kimi böyük əhəmiyyət kəsb edirdi.

Həmin çıxışdakı “Bizim səbrimizlə oynamasınlar” xəbərdarlığı Cənubi Qafqazın bugünkü ərzi-halını dəyişmək xülyası ilə yaşayanlara olduqca sərt xəbərdarlıq idi. Həm də olduqca vacib addım idi. Yəni, hərə öz yerini bilməlidir ki, sadə insanlar kiminsə başıpozuqluğundan əziyyət çəkməsinlər. Həyat sübut etdi ki, erməni xalqının ideoloq və siyasətçilərinin gerizəkalılığı nəticəsində tək Azərbaycan və regionun digər xalqları deyil, erməni xalqının özü də uzun illər əziyyət çəkdi və sarsıdıcı zərbələrə məruz qaldı.

Həmin düşüncəsiz adamların sarsaq planlarının icrası zamanı  Azərbaycan ərazilərinin 20 faizi yerlə –yeksan edildisə, Ermənistan iqtisadiyyatı otuz-qırx ildə dirçələ bilməyəcək vəziyyətə düşdü. Son nəticədə Azərbaycan dövləti zorən cəlb edildiyi –  artıq tarixin zibilliyinə atılmış münaqişədən müasir dünyanın həm iqtisadi, həm də hərbi baxımdan ən güclü dövlətlərindən biri kimi çıxdısa,  Ermənistanın həm ordusu darmadağın edildi, həm də iqtisadiyatı tamamilə çökmüş halda miskinləşdi.

Münaqişənin sonunda Azərbaycan xalqı qalib xalq statusunu əldə etdisə, ermənilər 2020-ci ilin payızında kapitulyasiya aktına imza atmaqla, 2023-cü ilin sentyabrında isə otuz il əvvəl Azərbaycan ərazisində yaratdıqları ikinci erməni dövlətini məhz öz əlləri ilə qəbirə qoyan millət kimi rüsvay oldular.

İkinci Dünya müharibəsindən sonra dünyada baş vermiş çoxsaylı münaqişə və müharibələrdə kapitulyasiya aktının imzalanması və separatçıların öz dövlətini buraxması faktı olmamışdı. Başdanxarab hay ideoloq və siyasətçiləri taleyin bizə qonşu etdiyi erməni xalqını məhz bu rüsvayçılıqlarla xar etdilər. Ona görə də Azərbaycan Prezidenti deyir ki, ermənilər və onların havadarları bizim səbrimizlə oynamasınlar. Oynasalar ... hələ itirəcəkləri çox şeyləri var.

Yeri gəlmişkən, dövlət başçımız səbir məsələsini yada salanda mən böyük şairimiz Mirzə Ələkbər Sabirin bir qəzəlinin son misrasını xatırladım: “Hansı bir müşküldü kim, səbr ilə asan olmasın?!”

 Bəli, bütün problemlər səbirlə həll olunur. Azərbaycan həm ermənilərin xəyanətinə, həm onların himayədarlarının riyakarlığına, həm də, ümumiyyətlə, beynəlxalq aləmdəki ikili standartların ədalətsiz (həm də  əxlaqsız) nəticələrinə otuz il möhtəşəm bir səbirlə dözdü, hər şeyin vaxtını, vədəsini gözlədi və əldə edilən nəticə də məhz möhtəşəm oldu. İndi ermənilər səbir eləsinlər. Biz də inanırıq, onların özləri də bilirlər ki, müasir Ermənistana bu ağılda adamlar rəhbərlik ediblərsə və bundan sonra da edəcəklərsə, bu xalq hansısa uğura nail olmaq üçün nəinki otuz il, bəlkə də bir əsr səbir etməli, gözləməli olacaq. O vaxta qədər isə ya xalq ölər, ya da Sarkisyan, Koçaryan, Balayan və başqalarının nəsli-kökü itər.

Cənab İlham Əliyev Zəngilanda dünya ictimaiyyətinə bir daha xatırlatdı ki, Ermənistan dövləti  kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezidenti Xocalı soyqırımında iştirak etmişdir. Onlar buna görə cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər. Həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar.

Azərbaycan Prezidentinin fikrincə, bu gün də erməni xalqı həmin xunta rəhbərlərinə  nifrət edir. Ancaq hazırkı Ermənistan hakimiyyəti ilə bağlı olan ümidlər də sarsılmışdır. İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər: “Keçmiş həmsədrlər bilirdilər ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik. Biz Azərbaycandakı erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə hazır idik. İndi isə müharibədən sonra və sonuncu hərbi əməliyyat ki, baş verdi, on gün əvvəl biz yenidən bunu bəyan etdik: Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim etmişik, onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları - beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcək. Bu, Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək”.

Mən cənab Prezidentin çıxışındakı “Keçmiş həmsədrlər bilirdilər ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik” – cümləsini təsadüfən yada salmadım. Belə ki, bu gün gah Fransadan, gah da ABŞ-dan səslər gəlir ki, bu münaqişənin həlli üçün (!?) kiməsə mandat verilsin, yaxud hansısa missiya göndərilsin, haradasa danışıqlar aparılsın və sair.

Əvvəla, əlində mandatı olan – üç güclü dövlətin həmsədrlik etdiyi məlum qrup otuz ildə nəyə nail olmuşdu ki, indi nə edə bilə? İkinci, onların həll etməli olduğu münaqişə artıq Azərbaycanın hərbi-siyasi qüdrəti ilə həll edilib. Daha heç kəsin vasitəçiliyinə ehtiyacımız yoxdur. Bizim vasitəçimiz haqq– ədalət, beynəlxalq hüquqdur. Üçüncü, işğalçı dövlət otuz illik xəyanət və namərdliklərini etiraf edərək, “Azərbaycan bizim 1991-ci ildəki ərazi bütövlüyümüzü tanısın” – deyə yalvarırsa, separatçıların özləri öz “dövlətlərini” rəsmi sənədlə cəhənnəmə vasil etdisə, Paris niyə dilini bir sakit yerdə saxlamır? Yaxud, ABŞ-dakı erməni diasporu İrəvana kömək etməkdən vaz keçirsə, bu ölkənin siyasətçilərindən ibarət olan erməni lobbiçiləri niyə “Paşinyandan çox erməni olmaq” istəyirlər?  Nəhayət, sonuncu, təkcə İrəvandakılar deyil, Vaşinqton və Parisdəkilər də bizim səbrimizlə oynamasınlar.

Bu sətirləri dövlət başçımızın məlum çıxışının son akkordları ilə yekunlaşdırırıq: “Biz 20 sentyabrda Qarabağdakı Ermənistan ordusuna bəyan etdik: silahlarınızı yerə qoyun və oraları tərk edin. Belə də oldu və bu, baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, ona sadiqik. Əminəm ki, Ermənistan hökuməti bu hadisələri düzgün şəkildə təhlil etsə, “Qarabağ Ermənistandır!” bəyanatından sonra  – 2019-cu ildə verilən bəyanatdan sonra 20 sentyabradək baş verənləri düzgün təhlil etsə, sülh əlçatandır. Bu, gələcəklə bağlı bizim baxışımızdır. Bu, regionun gələcəyi ilə bağlı baxışımızdır və hesab edirəm, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir”.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İttifaq MİRZƏBƏYLİ