USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan iqtidarından narazıların sayı artır

Rəsmi İrəvanın bu vəziyyətdən necə çıxacağı yaxın günlərdə atacağı addımlardan asılıdır


https://img.baki-baku.az/news/2023/10/photo_8687.jpg

Azərbaycanın bütün ərazisində suverenliyini bərpa etməsindən sonra Ermənistanda başlayan etirazlar davam edir. Müxtəlif siyasi partiyaların, politoloqların, ictimai xadimlərin, sabiq məmurların hökumət əleyhinə çıxışları səngimək bilmir. Etirazçılar baş verənlərə görə birmənalı şəkildə hökumətin başçısı Nikol Paşinyanı ittiham edirlər. Qeyd edirlər ki, son illərdə Ermənistanın və erməni xalqının başına gələn bəlalar onun avantürizminin nəticəsidir.

Sentyabrın 30-da İrəvanda yürüş və mitinq keçirilib. Saat 15:00-da Mesrop Maştots adına qədim əlyazmalar institutunun (“Matenadaran”) binasından yürüş başlanıb. Yürüş Qarabağdakı keçmiş separatçı rejimin siyasi və hərbi rəhbərliyində olmuş və son günlərdə ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində həbs-qətimkan tədbiri seçilmiş şəxslərə dəstək məqsədilə keçirilib. Təşkilatçı Ruben Ayrapetyan yürüşün ümumi mübarizə kontekstində “çox önəmli” olduğunu bildirib. Yürüşə aktyor Vardan Petrosyan da qoşulub. “Hökumətimiz tərəfindən sərt münasibət olmalıdır, çünki bu, yolverilməzdir. Ruben Vardanyan nə birinci, nə də sonuncudur”, – deyə Petrosyan bildirib.

O, bununla bağlı Ermənistan hakimiyyətinin hərəkətlərini qeyri-kafi qiymətləndirdiyini deyib. V.Petrosyan baş nazirin istefasını tələb edənlərin tərəfində olduğunu vurğulayıb.

Axşam saatlarında isə İrəvanın mərkəzindəki “Respublika” meydanında “Milli komitə”nin təşkilatçılığı ilə mitinq keçirilib. Mitinqin keçirilməsi zərurəti barədə danışan “Milli komitə”nin üzvü Avetik Çələbyan deyib ki, hərəkat ölkənin və vətəndaşların təhlükəsizliyinə yaranmış təhdidə qarşı durmaq məqsədilə yaranıb: “İctimaiyyətə yaxşı məlumdur ki, bu təhdidlərin əsas günahkarı hazırkı hakimiyyət və onun lideri Nikol Paşinyandır. Ona görə də hərəkatın ən mühüm məqsədlərindən biri Nikol Paşinyanı tez bir zamanda hakimiyyətdən uzaqlaşdırmaqdır. Hər bir mitinq həm də Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına səbəb olacaq hərəkətləri formalaşdırmaq məqsədi daşıyır”.

***

Ermənistandakı situasiyanı şərh edən politoloq Arman Qukasyan deyib ki, daxili siyasi vəziyyətin gərginləşməsi bilavasitə Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlıdır. Onun sözlərinə görə, müxalifət Paşinyanı Qarabağı təslim etməkdə ittiham edir. Ermənistan hakimiyyəti isə bütün oxları Moskvaya tərəf yönəldir. 2020-ci ildə baş verən 44 günlük müharibəni xatırladan politoloq vurğulayıb ki, həmin vaxt müharibə yalnız əsas vasitəçi rolunu üzərinə götürən Rusiyanın səyləri sayəsində dayandırılmışdı: “Belə görünürdü ki, müəyyən çətinliklərə baxmayaraq, bölgədə vəziyyət sabitləşməyə doğru gedir, lakin Ermənistan hakimiyyətinin sonrakı naşılığı Qarabağda və Ermənistanda bugünkü bəlaların əsasına çevrildi. Paşinyan və komandası məsələnin həlli üçün Qərb variantını seçərək, açıq şəkildə Ermənistanın və Qarabağın maraqlarına uyğun olmayan yolla getdi. Eyni zamanda, Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada Prezident İlham Əliyevlə birgə sənəd qəbul edərək Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıdı. Baş nazir bu addımı ilə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı neytrallaşdırmaqla yanaşı, həm də məsələnin həlli prosesində Ermənistan tərəfinin mövqeyini xeyli zəiflətməklə Rusiyanı Qarabağ ermənilərinə onların mübarizəsində bir növ dəstək vermək imkanından məhrum etdi. Paşinyan Qarabağ əhalisinin mübarizəsinin səviyyəsini statusdan sadəcə Qarabağda insanların təhlükəsizliyi məsələlərinə endirdi”.

A.Qukasyan qeyd edib ki, bütün bunların fonunda Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi sürətlə vüsət almağa başlayıb: “Bizim xatırladığımız kimi, Paşinyan hakimiyyətə gəldikdən sonra dərhal anti-Rusiya siyasəti yürütməyə və Moskvaya qarşı qeyri-dost bəyanatlar verməyə başladı. Bir çox yüksək rütbəli erməni məmurlar 2020-ci il müharibəsindən sonra anti-rus hucumlarla vəziyyəti daha da gərginləşdirməyə başladılar. İndi isə Paşinyan və komandası bütün problemlərə görə Rusiyanı təqsirləndirməyə başlayıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəstəkdən imtina edib, Avropa İttifaqının mülki missiyasını qəbul edib”.

Politoloq qeyd edib ki, Paşinyan və onun hökuməti bu gün Rusiya Federasiyası Prezidentinin həbsini nəzərdə tutan Roma statutunu ratifikasiya etməyə hazırlaşır, erməni-amerikan birgə təlimləri keçirilir, eyni zamanda, İrəvan uzun müddətdir KTMT-nin təlimlərindən imtina edir: “Roma statutunun ratifikasiyası bizə Ermənistan–Rusiya münasibətlərinin pozulmasından başqa heç nə verməyəcək, bu, təhlükəli avantüradır. Ermənistan hakimiyyəti bu addımı Azərbaycana qarşı cəza mexanizmi formalaşdırmaq üçün əlavə alət qazanmaq məqsədilə atdığını bildirir. Ancaq İrəvan həmin planda da uğursuzluğa düçar olacaq. Sənədin təsdiqlənməsi Rusiya ilə münasibətlərdə yeni problemlər yaradaraq, bizi yalnız növbəti təhlükələrə məruz qoyacaq. Bu avantürist siyasət fəlakətə gətirib çıxarır”.

Politoloq deyib ki, Ermənistan rəhbərliyi cəmiyyətin keçmiş hakimiyyətə qarşı konsolidasiyası fonunda hakimiyyətə gəlib, lakin indi bu texnologiya işləmir və Ermənistan hakimiyyəti öz səhvlərinə görə Moskvanı günahlandırmaq qərarına gəlib: “Hazırda anti-Rusiya siyasəti Paşinyan üçün şəxsi hakimiyyətini saxlamaq üçün bir vasitədir, arada isə erməni maraqları bundan əziyyət çəkir. Bu siyasətə görə biz artıq Qarabağı itirmişik, Ermənistan isə ciddi çağırışlarla üz-üzədir”.

Onun sözlərinə görə, hadisələrin gələcək inkişafı Ermənistan hakimiyyətinin həyata keçirəcəyi siyasətdən asılıdır, lakin seçilmiş kurs birmənalı şəkildə erməni maraqlarının mövcud olduğu yerə aparmır.

Haylar arasında daim müzakirə olunan ölkənin KTMT-dən çıxma ehtimalına gəlincə, Qukasyan qeyd edib ki, İrəvan NATO-dan və ya hər hansı digər təhlükəsizlik sistemlərindən heç bir təklif almayıb: “KTMT ən ideal təşkilat olmaya bilər, lakin hakimiyyət yeni təhlükəsizlik sistemi əldə etmədən belə qeyri-uzaqgörən addım atsa, bu, ölkəmiz üçün, xüsusən də belə bir regionda, sadəcə, fəlakət olacaq”.

“Hraparak” qəzeti isə Ermənistan parlamentinin Roma statutunu ratifikasiya etməyə hazırlaşmasına dair yazır: “Görünür, Ermənistan baş naziri Nikol Paşinyan Roma statutunu ratifikasiya etməklə hansı işə qol qoyduğunu tam başa düşmür. O, yəqin ki, Qərb müştərilərinin bununla Vladimir Putini incitməyə çalışdığını düşünür. Ancaq o, böyük səhv edir. Roma statutu Qərbin Paşinyanın boğazına taxdığı ilgəkdir. Bu, Paşinyan və Qərb üçün sonun başlanğıcına çevriləcək. Dünyada hər şey çox sürətlə dəyişir. Bu gün Şarl Mişeli qucaqlayırsan və ya Co Bayden sənə məktub yazır, sabah isə birdən-birə sən xalqın gözündə hərbi cinayətkar ola bilərsən. Necə ki, Qarabağda bunu etdin. Məhz buna görə də ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmayıb. Orada hər yeni prezident öz sələfini həbs etmək hüququna malidkdir”.

“Joxovurd” qəzeti yazır ki, parlamentdəki hakim fraksiyanın deputatları gələn həftə toplaşacaq. Belə ki, “Mülki müqavilə” bazar ertəsi axşam fraksiya iclası keçirəcək. Nəşrin mənbələrinə görə, bu görüş adi görüşlərdən biri olmayacaq. Müzakirə olunacaq mühüm məsələlər var ki, onlar təkcə parlamentin iclasına aid deyil, ona görə də “Mülki müqavilə”nin rəhbərliyi bütün deputatların iştirakını tapşırıb: “Bizə məlumat verildi ki, yaranmış fəlakətli vəziyyətə görə parlamentin gələn həftə başlanacaq sessiyasının gərgin atmosferdə keçirilməsi gözlənildiyi üçün “Mülki müqavilə”nin deputatları gələcək fəaliyyətlərini müzakirə edəcəklər. Parlamentdə iqtidar fraksiyasının deputatları üçün xoşagəlməz çıxışlar və suallar olacaq, ona görə də onlar bütün suallara hazır cavab almaq və yaranmış vəziyyətdən çıxmaq üçün əvvəlcədən hazırlaşmalıdırlar. Baxmayaraq ki, artıq ilkin qərar qəbul edilib – hər şeyi keçmiş hakimiyyətin və rusların üzərinə atmaq. Gələn həftənin çərşənbə günü Nikol Paşinyan da parlamentə gələcək. “Mülki müqavilə”nin deputatları da öz aralarında qərar verməlidirlər ki, həmin gün Paşinyana kimin hansı sualı verəcəyinə hazırlaşsın”.

Ermənistanın sabiq maliyyə naziri Vardan Aramyan isə “Facebook” hesabında yazıb: “Biz hamımız Ruben Vardanyana, David Babayana və 120 min (?) “artsaxlı”ya xəyanət etmişik. Və heç kim buna bu və ya digər prosesin səbəb olduğunu iddia etməyə çalışmasın, əsas nəticədir. Hökumət üzvləri, siz gecələr yaxşı yatırsınız? Bu dövlətin başında ruslar, portuqallar, müxalifət və ya ABŞ deyil, sizsiniz. Bu, fəlakətdir, cənablar”.

Beləliklə, göründüyü kimi, Ermənistanda hakimiyyətdən narazılıq getdikcə artır. İndiyədək bir çox çağırışlarla üzləşmiş Paşinyan iqtidarı indi daha çətin vəziyyətdədir. Rəsmi İrəvanın bu vəziyyətdən necə çıxacağı isə onun yaxın günlərdə atacağı addımlardan asılıdır.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Yeganə HACIYEVA, politoloq

– Ermənistanda etirazlar, adətən, beynəlxalq donor mərkəzlərinin maliyyəsinin əldə olunması üçün keçirilir. Bu işlərin “ustası” da, əslində, ölkənin hazırkı hakimiyyətidir. Çünki indiyədək daha çox onların daxil olduğu “Soros şəbəkəsi” aktiv etirazlar edirdi. Onlar hər nə qədər “Soros şəbəkəsi” olsalar da, yekunda erməni maraqlarına xidmət edirlər.

İndi ondan narazıların keçirdikləri aksiyalara gəldikdə isə qeyd etmək lazımdır ki, Paşinyan üçün etirazlar həmişə xarakterik olub. O özü də etiraz dalğasında hakimiyyətə gəlib. Ümumiyyətlə, onu da qeyd edim ki, Paşinyan etirazların idarə olunmasını, kütləvi şüuru manipulyasiyanı yaxşı bacarır. Müharibədə məğlub olduqdan sonra keçirilən təkrar seçkidə qələbə çalmağı bunun göstəricisidir. Hazırkı etirazların landşaftı bir neçə qrupun orada aktiv iştirakıdır. Burada ciddi maliyyə olduğunu da hiss etmək mümkündür. Çünki bu etirazlar maliyyə hesabına təşkil olunur. Mitinq üçün texniki vasitələrin alınması tələb olunur ki, bunun üçün də ilk növbədə maliyyə lazımdır.

Etirazların ciddi perspektivinin olacağını gözləmək lazım deyil. Paşinyan ən azı hakimiyyət müddətinin sonunadək vəzifədə qalacaq. Məsələ bundadır ki, etirazlar elə Paşinyanın öz ətrafından idarə olunur. Mitinqlərin təbliğatı üçün media dəstəyini Paşinyanın həyat yoldaşı Anna Akopyanın aid olduğu sorosçu media şəbəkəsi kurasiya edir. Paralel olaraq, etirazçıları qrupları yenə Paşinyanın ətrafındakı iqtisadi dairələr maliyyələşdirir. Buradan o nəticəyə gəlmək olur ki, baş nazir özü etirazları təşkil etməklə ətrafa demokratiklik görüntüsü ötürür.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Səxavət HƏMİD