USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Roma statutunun ratifikasiyası Ermənistana baha başa gələcək


https://img.baki-baku.az/news/2023/09/photo_8660.jpg

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsi qəbuledilməzdir. Bunun ikitərəfli münasibətlər üçün mənfi nəticələri olacaq. Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyanın İrəvanın Roma Nizamnaməsinin ratifikasiyası ilə bağlı məsələlərin həlli üçün ikitərəfli saziş imzalamaq təklifini belə şərh edir. İrəvan Rusiyanın belə kəskin reaksiyasının “heç bir əsası olmadığını” iddia edərək, Roma statutunun ratifikasiyanı ikitərəfli münasibətlərə zərər vurmayacağını vurğulayır. Amma şimaldan gələn sərt bəyanatlar belə düşünməyə əsas vermir.

Ermənistan və Rusiya arasında münasibətlər sürətlə pisləşir. Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistan açıq-şəkildə Rusiyadan narazılıq etdiyi açıqlayır. Baş naziri Nikol Paşinyan idda edir ki, “Rusiya sülhməramlı qoşunları üzərinə düşən vəzifəni yerinə yetirmədi”. Buna cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyi erməni baş naziri kəskin tənqid edərək, onun sözlərini “Rusiyaya qarşı qəbuledilməz eyhamlar” kimi qiymətləndirdi. Nazirliyin bəyanatında deyilir ki, Rusiya “daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyəti Moskvanın üzərinə atmaq cəhdinin” şahidi olur. Nazirlik Ermənistan liderini Qərbin təsiri altında ölkəsinin Rusiya ilə əlaqələrini pozmağa çalışmaqda da ittiham etdi. Rusiyada da gözəl anlayırlar ki, Ermənistan indi Moskvadan tam asılı qalmamaq üçün təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır. N.Paşinyan  Qərb mətbuatına müsahibəsində iddia etmişdi ki, guya, Rusiya Cənubi Qafqazı tərk edir. Moskva Ermənistan rəhbərliyinin son bəyanatlarından son dərəcə narazı olduğunu gizlətmədi və İrəvanın səsləndirdiyi bəyanatların ton və məzmun baxımından qəbuledilməz hesab etdiyini açıqladı.

Əlbəttə, N.Paşinyanın son müsahibəsi şimal qonşumuzda ciddi qarşılandı, lakin bu, iki ölkə arasında fikir ayrılığının yeganə səbəbi deyil. Xatırladaq ki, sentyabrın əvvəlində Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsini ratifikasiya üçün parlamentə göndərmişdi. İrəvan ümid edir ki, məhkəməyə qoşulmaq “Azərbaycanın hərbi cinayətləri” məsələsini qaldırmağa imkan verəcək. Layihə Ermənistan parlamentinin növbəti iclaslarının gündəliyinə salınacaq. Müzakirələr zamanı Ermənistan parlamentinin dövlət və hüquq məsələləri daimi komitəsinin sədri Vladimir Vardanyan bildirib ki, “bu sənəd, əslində, Ermənistan konstitusiyasının preambulasından irəli gəlir, burada biz ümumbəşəri dəyərlərə sədaqətli olduğumuzu təsdiq edirik”. Erməni komitə sədrinin sözlərinə görə, “bu, bir sənəddir, müxtəlif nöqteyi-nəzərdən təhlil edildikdə, onu Ermənistan və ermənilərlə əlaqələndirməmək mümkün deyil: “Məncə, kökü erməni xalqının dərdindən qaynaqlanan sənədi ratifikasiya etmək təkcə hüquqi və siyasi öhdəlik deyil, həm də mənəvi borcdur”. Bu sözləri növbəti erməni həyasızlığının bariz nümunəsi kimi qiymətləndirmək olar. Azərbaycan türklərinə qarşı çoxsaylı vəhşiliklərə yol verən xalqın nümayəndəsi öhdəlik və mənəvi borcdan dəm vurur.

Təbii ki, Ermənistanın bu sayaqlaması Moskavanı razı salmır. Məsələ ondadır ki, bu ilin martında BCM Rusiya prezidenti Vladimir Putinin həbsinə order verdiyindən İrəvanın da bu istiqamətdə atdığı addımlar Moskvanın mənfi reaksiyasına səbəb olur. Məlumdur ki, Rusiya tərəfi bu təşəbbüslə bağlı Ermənistandan izahat tələb edir. Rusiya Xarici İşlər Nazirliyindən RİA Novosti-yə verilən məlumata görə, Ermənistan tərəfindən BCM-nin Roma Əsasnaməsini ratifikasiya etmək qərarı ikitərəfli münasibətlər üçün ciddi mənfi nəticələrə səbəb olacaq. Bundan əalvə Rusiya XİN-nin bəyanatında qeyd olunur ki, “İrəvanın ikitərəfli saziş bağlamaq təşəbbüsü nəzərdən keçirildi, Moskva hər iki tərəfə uyğun ola biləcək kompromis variantı təklif etdi”. Rusiya XİN-i vurğulayır ki, “Təəssüf, bu nəzərə alınmadı və əvəzində Ermənistanda Roma Nizamnaməsinin ratifikasiyası lehinə siyasi qərar qəbul edildi”. Xarici İşlər Nazirliyi hesab edir ki, “Ermənistan nümayəndələrinin BCM-ə qoşulmasının Rusiya-Ermənistan əlaqələrinə heç bir təsir etməyəcəyi ilə bağlı irəli sürdüyü tezis reallığa uyğun gəlmir. Ən azı, Rusiya rəhbərliyinin respublikaya səfərini təsəvvür etmək çətindir”. Rusiya departamenti qeyd edir ki, “Moskva Ermənistan Milli Assambleyasında Ermənistan-Rusiya münasibətləri üçün açıq-aşkar zəhərli qərara “möhür” vurmayacaq ayıq düşüncəli qüvvələrin olacağına ümid edir”.

Bundan başqa, Ermənistan KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqovu geri çağırdı. O, Hollandiyadakı səfir vəzifəsinə göndərildi, bu da bir çox səbəb oldu. çünki BCM-in qərargahı məhz Hollandiyada yerləşir. Eyni zamanda, KTMT-yə yeni daimi nümayəndənin təyin olunması ilə bağlı hələlik məlumat verilmir. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Sarkis Xandanyan bildirir ki, İrəvan “təhlükəsizlik və müdafiə sahəsində digər həmkarları ilə əməkdaşlığa açıqdır”. Bunun fonunda Ermənistan müdafiə nazirliyi sentyabrın 11-dən 20-dək ölkədə ABŞ-la “Eagle Partner 2023” birgə hərbi təlimlərini keçirdi. Halbuki cari ilin yanvarında İrəvan KTMT-nin təlimlərinə ev sahibliyi etməkdən imtina edərək, onların yersiz olduğunu bildirmişdi. Kreml Ermənistan-ABŞ manevrlərinin “regionda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə töhfə vermədiyini” vurğuladı. Bundan əlavə, sentyabrın əvvəlində Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Kiyevə səfər etməsi və burada birinci xanımların və həyat yoldaşlarının sammitində iştirak etməsi Rusiyada qəzəblə qarşılandı. Tədbir zamanı o, prezident Vladimir Zelenski ilə görüşdü, həmçinin Ukrayna hakimiyyətinə humanitar yardım - min ədəd smartfon və planşet hədiyyə etdi. Rəsmi versiyaya görə, həmin qadcetlər məktəblilərin onlayn tədrisi üçün faydalı olacaq. Ancaq Rusiya mətbuatı ehtimal edir ki, Kiyevə aparılan həmin  qadcetlər Ukrayna ordusuna başqa məqsədlər üçün də faydalı ola bilər.

Moskva və İrəvanın ayrı-ayrı nümayəndələri arasında da münasibətlər gərginləşir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında qızğın müzakirə getdiyini bütün dünya izlədi. M.Zaxarova Rusiya sülhməramlılarının işinin müzakirəsi zamanı bildirdi ki, bəzi erməni həmkarlarının ritorikası kobudluğa bənzəyir. Buna cavab olaraq ermeni spiker sədri dedi ki, o, “hansısa şöbənin katibəsinə” cavab vermək fikrində deyil. Rusiya Xarici İşlər Nazirliyi bu açıqlamaya sərt reaksiya verdi və Ermənistan səfirinə etiraz notası təqdim olundu. Bu, SSRİ-nin dağılmasından sonra Rusiyanın müttəfiq saydığı Ermənistana verdiyi ilk nota kimi tarixə düşdü. Rusiya mətbuatı yazır ki, ikitərəfli münasibətlərdəki bütün çətinliklər ictimaiyyətə açıqlanmır. Belə iddia olunur ki, dövlət və diplomatik aparatların orta səviyyəsində əlaqələr inkişaf etmir. Rusiya KİV-i qeyd edir ki, ictimaiyyət bunu görmür, amma məsələ daha ağrılıdır. Məhz bu səviyyədə bir çox məsələlər öz həllini tapır. Ciddi nəsə deyiləndə orta səviyyəli məmurlar bir-birinə zəng edir, müzakirə aparır, əlaqə qurur və narazılıq doğuran məqamları aradan qaldıra bilirlər. Rusiya mətbuatının iddiasına görə, indi bu mexanizmlər, demək olar, işləmir.

İndi həm Rusiyada, həm də Ermənistanda münasibətlərin hərəkət trayektoriyasını müəyyənləşdirməyə çalışırlar. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, Kentukki Universitetinin Patterson Diplomatiya Məktəbinin professoru Kerri Kavano News.am saytına müsahibəsində bildirir ki, Rusiya ilə münasibətlərinin necə olacağına Ermənistan özü qərar verməlidir. Onun fikrincə, ABŞ və Ermənistan arasında münasibətlər sabitdir və onların strukturunda köklü dəyişiklik yoxdur. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ermənistanın xarici siyasət istiqamətlərini dəyişmək və Rusiyadan “uzaqlaşmaq” qərarına gəlib-gəlməməsi, ABŞ və ya digər Qərb dövlətlərinin Ermənistana onun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təminat verib-verməyəcəyi sualını belə cavablandırır :“Bu, cavab verə bilməyəcəyim nəzəri sualdır. Düşünürəm ki, indi diqqəti ölkənin üzləşdiyi problemlərə yönəltmək daha vacibdir”.

Göründüyü kimi, Rusiya-Ermənistan münasibətləri yolayrıcındadır. İrəvan Rusiya çətirindən imtina etmək istəyir, amma Moskva geriyə addım atdım atmaq fikrində olmadığını bildirir. Mütəxəssislər də bildirirlər ki, Ermənistanda Rusiyanın təsiri güclü olaraq qalır. Rusiyanın Ermənistanda hərbi mövcudluğu, iqtisadi əlaqələri var və Moskva Azərbaycanla danışıqlarda Ermənistan üçün əsas vasitəçidir. Amma istənilən halda Rusiya ilə Ermənistan arasında münasibətlər çətin mərhələyə qədəm qoyur. Rusiyalı mütəxəssislərin fikrincə, indi münasibətlərin gələcəyi tərəflərin bir-birinin problemlərini adekvat şəkildə başa düşməsindən asılıdır. Əks halda, itkilərin qarşısını almaq mümkün deyil.

Səbuhi MƏMMƏDOV




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səbuhi MƏMMƏDOV