USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Eynəyinizi silin, cənablar!

Okeanın o tayından Qarabağa uçmaq istəyən missionerlər nə istəyirlər?


https://img.baki-baku.az/news/2023/09/photo_8657.jpg

Xankəndidə əvvəlki qanunsuz “dövlət quruluşundan” əsər-əlamət qalmayıb. Otuz ilin separatçıları ya həbs edilir, ya da özləri könüllü şəkildə Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olurlar. Rəsmi Bakı Qarabağda qalıb yaşamağı qərarlaşdırmış erməni sakinlərini işıq və qazla təmin edib, onlara yanacaq, ərzaq, dava-dərman göndərir. Azərbaycan hökuməti bütün bu işləri yerli qanunvericiliklə yanaşı, həm də beynəlxalq norma və qaydalara uyğun şəkildə həyata keçirir. Yəni bizim Qarabağ iqtisadi rayonumuzda nə humanitar böhrandan, nə sakinlərin hüquq və təhlükəsizliyinə təhdiddən, nə də ki, ələlxüsus, hansısa etnik təmizləmədən söhbət gedə bilər.

Bölgənin geosiyasi və humanitar mənzərəsini kökündən dəyişmiş hadisələrin fonunda ABŞ Dövlət Departamentinin rəsmisi artıq mövcud olmayan “Dağlıq Qarabağa” müstəqil beynəlxalq missiyanın göndərilməsi zərurətindən danışır. Buna nə ad vermək olar? Okeanın o tayında əyləşib Cənubi Qafqazı əyri güzgüdə müşahidə edən millerlərə, yaxud təyyarənin tərli illüminatorundan bölgəni seyr edənlərə reallığı necə göstərək, başa salaq? Bəlkə onları Beynəlxalq Qırmızı Xaç Komitəsinin hesabına Xankəndiyə dəvət edək? Gəlsinlər, getsinlər Hadrutu, Agdərəni, Martunini, Xocalını gəzsinlər, vəziyyətlə birbaşa yerində tanış olsunlar və qayıdanbaş gördüklərini olduğu kimi şeflərinə ərz eləsinlər.  

Çinovnik diplomatiyası  

Son bir həftə ərzində artıq ikinci dəfədir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin Azərbaycana və onun Qarabağ iqtisadi rayonuna münasibətdə ikibaşlı, anlaşılmaz və özündə reallığı əks etdirməyən bəyanat və açıqlamasının şahidi oluruq.

Supergücün xarici diplomatiya idarəsinin nümayəndəsi sanki bölgədə baş verən hadisələrin önündə, yanında deyil, arxasında, həm də xeyli gecikmə ilə hərəkət etməkdədir. Qurumun sözçüsü Metyu Miller media təmsilçiləri üçün ənənəvi birifinqində Dağlıq Qarabağ (?) sakinləri üçün tezliklə şəffaf və etibarlı humanitar şəraiti təmin etmək, atəşkəs rejimini saxlamaq üçün (?) müstəqil beynəlxalq misiyanın bölgəyə göndərilməsinin vacibliyini vurğulayıb. Mövzu ilə bağlı fikirlərini “Bu, hazırki situasiyanın həllində bizim prioritetimizdir və onu ölü nöqtədən tərpətmək üzərində işləyirik”, – kimi ifadə işlədən Miller yaranmış mövcud şəraitdə, separatçı rejim özünü buraxandan sonra beynəlxalq missiyanın nə dərəcədə ciddi ideya olduğu barədə suala belə cavab verib: “Biz beynəlxalq missiyaya o dərəcədə ciddi yanaşırıq ki, Dövlət katibi Antoni Blinken bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində qaldırıb və ondan bu missiyanı dəstəkləməsini istəyib. Bundan sonra Bakı bu ideyanı dəstəklədiyini bildirdi. İndi biz müttəfiqlərimiz və tərəfdaşlarımızla layihəni həyata keçirməyin ən yaxşı mexanizmi üzərində işləyirik. Amma bu zaman şəffaflığın təmin edilməsini və yerlərdə humanitar tələbatın ödənilməsini vacib sayırıq”.  Az qala sovet dövrünə aid plan, öhdəlik, qarşıda duran vəzifələrdən danışırmış kimi çinovnik ritorikasından yararlanan Metyu Miller jurnalistin Azərbaycan XİN-in Qarabağ ermənilərinə çoxmillətli Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilmək çağırışına Birləşmiş Ştatların necə yanaşması barədə sualını yenə də “Dağlıq Qarabağ” terminindən çıxış edərək cavablandırmağa çalışıb:

“ABŞ əvvəlki kimi Dağlıq Qarabağdakı (?) humanitar vəziyyətə görə çox narahatdır. Biz indiki halda hesab edirik ki, Dağlıq Qarabağın (?) sakinləri istəsələr, getsinlər, əgər qayıtmaq istəsələr, geri dönsünlər. Bu qərarı onların hər biri fərdi şəkildə qəbul etməldir. Amma biz bir məsələni vacib sayırıq ki, onlar öz qərarlarını sərbəst şəkildə qəbul etməlidirlər. Ehtiyac içində olan əhali isə zəruri humanitar yardımı almalıdır. Məhz bundan, ən yüksək nəticəyə nail olmaqdan ötrü beynəlxalq missiyanın yaradılması vacibdir”. Beləliklə, Dövlət Departamentinin rəsmisi iki gün əvvəl dediklərini təkrarlamaqla kifayətlənib.            

Ekspert qrupu bölgəyə səfər edə bilər

“Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir”. Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC Nyus”a müsahibəsində deyib. Rəsmi Bakının Qarabağın erməni sakinlərinin ərazidə qalmasını arzuladığını bildirən H.Hacıyev Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planının olduğuna diqqəti yönəldib: “Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyinə tam zəmanət verdiyini bildirib. Biz onların qalmağını istərdik. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışları davam etdirir. Amma biz ermənilərin hərəkət sərbəstliyini də dayandıra bilmərik. Bu, ərazidəki hər kəsin şəxsi seçimidir”.

Azərbaycan Prezidentinin köməkçisi, həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın qondarma qurumla bağlı bəyanatında “etnik təmizləmə” ifadəsini işlətməsini “təhqir” adlandırıb: “Təəssüf ki, biz dezinformasiya elementlərinin çoxluğunu görürük. Azərbaycan heç vaxt etnik təmizləmə həyata keçirməyib və keçirməz. Ərazidə dinc sakinlərə qarşı güc tətbiq etmək kimi bir vəziyyət də mövcud deyil”.  Prezidentin köməkçisi bildirib ki, Azərbaycan hökuməti avtomobili olmayan erməni sakinlərin kömək istəməsindən sonra Xankəndiyə  avtobuslar göndərib:  “Amma insanlar avtobuslara minməyə məcbur edilmirlər. Azərbaycan əlindən gələni edir və elə bir yol təşkil edəcək ki, mülki insanlar təhlükəsiz şəkildə seçdikləri istiqamətə gedə bilsinlər”.  

Baxın və müqayisə edin!

İnternetdə, sosial şəbəkədə Qarabağdan könüllü surətdə köçən ermənilərin Bakının onlar üçün yaratdığı şəraitdən, göstərdiyi yardımdan razılıqlarının əks olunduğu video-kadrlar kifayət qədərdir. Həmin səhnələrə baxanda yadımıza otuz beş il əvvəl Ermənistandan qovulan soydaşlarımızın başına gətirilən müsibətlərin də yer aldığı video-xronika düşür. O zaman 200 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandakı doğma yurdlarından hər şeyi əllərindən alınmış, döyülmüş, alçaldılmış vəziyyətdə, nimdaş paltarda qovuldular. İndi ermənilərin halına yanaraq beynəlxalq missiyadan danışan Qərb missionerlərinə həmin kadrları yanaşı qoyub müqayisə etmələri gərəkdir.

Yeri gəlmişkən, haqqında danışdığımız erməni vandalizmi məsələsinə Azərbaycan Prezidenti İlham Əliyev dünən Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında toxunub. Dövlətimizin başçısı bunları söyləyib: “Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi”.  Yenidən Prezidentin köməkçisi H.Hacıyevin məlum müşahidə missiyası ilə bağlı “CBC Nyus”a verdiyi açıqlamasına qayıdırıq. O, müsahibəsində vurğulayıb ki, Azərbaycan bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış imkanı ilə birlikdə əraziyə buraxmaq niyyətindədir. Yəni, hansısa beynəlxalq ekspertlərin və ya emissarların Azərbaycanın suveren ərazisində uzunmüddətli monitorinq qrupu kimi fəaliyyət göstərməsindən söhbət gedə bilməz. Bunu bir dəfə yazmışıq, yenə təkrar edirik: reallığı yerində öz gözləri ilə görmək, haqqı nahaqdan ayırmaq istəyənlərin üzünə qapılarımız açıqdır. Təki ədalət hissini itirməsinlər.  

Köç üzərində çirkli kampaniya

Qarabağdan Ermənistana  istiqamət götürən ermənilərin heç bir halda paytaxt İrəvana buraxılmaması barədə göstəriş vermiş Nikol Paşinyan yaxın günlərdə Qarabağda bir erməninin də qalmayacağını bildirib. Onların statistikasına əsasən, sayı 100 minə yaxınlaşan köçkünlərə görə Azərbaycanı “etnik təmizləmədə” ittiham etməyə çalışan Ermənistan iqtidarının bu xarakterli açıqlamalarının  arxasında duran səbəblərdən biri Bakıya qarşı beynəlxalq səviyyədə kampaniya təşkil etmək planının dayandığını söyləyənlər az deyil. Həmin kampaniyada əsas motivlərdən biri kimi “deportasiya”, “etnik təmizləmə” iddialarından istifadə olunacağı şübhə doğurmur. Ekspertlərin bir qismi belə fərz edir ki, İrəvan bununla Bakının Qərbi Azərbaycan, azərbaycanlıların öz yurdlarına qayıtması məsələsini sülh danışıqları masasına çıxarmasına qarşı “əks-arqument” hazırlayır.

Bəs, Qarabağdakı sıravi ermənilərin Xankəndidəki xunta rejiminin zülmü barədə dedikləri necə olsun? Bakının verdiyi işığa, qaza, ərzağa sevinən bu sakinlərin rəyi nəzərə alınacaqmı? Bütün bunlar Ermənistanın “etnik təmizləmə”, “deportasiya” iddiaları üzərindən irəli sürəcəyi ittihamlara qarşı tutarlı arqumentlərdir. Hər şeydən göründüyü kimi, İrəvan yersiz və arqumentsiz iddialarını beynəlxalq platformalara çıxarmağa nail olsa belə, onun hansısa nəticəni əldə edə biləcəyi ehtimalı sıfıra bərabərdir.

Mövzuya yekun olaraq onu da oxucularımızın diqqətinə çatdıraq ki, Paşinyan iqtidarı üçün başqa bir başağrısı son günlər ABŞ-Ermənistan münasibətlərində yeni səhifənin açılması, birgə hərbi təlimlər, yüksək çinli ABŞ siyasilərinin, dövlət xadimlərinin İrəvana səfərləri ilə bağlıdır. Çünki bu davranışlar onun Tehranla təmaslarına ciddi şəkildə təsir göstərib. Vaşinqtonun timsalında Qərblə münasibətlərində yeni mərhələyə qədəm qoyduğu deyilən Ermənistanı qarşıda Moskva ilə də ağır dialoqun gözlədiyini proqnozlaşdıra bilərik. Əslində, Vaşinqtonun əsas məqsədinin regiondan Rusiyanı sıxışdırıb çıxarmaq olsa da, bunu erməni ictimaiyyətinə müttəfiqlik əlaqələri kimi anladırlar. Bəli, Vaşinqton–İrəvan yaxınlaşması Tehranda qıcıqla qarşılanır. Aydın məsələdir ki, semitizmin dəstəkçisi kimi özünə düşmən saydığı ABŞ-ın sərhədində boy verməsi İranın əsəblərini yerindən oynadır. Əgər hadisələr bu məcrada davam edərsə, İran-Ermənistan münasibətlərində gərginliyin yaranacağı və rəsmi İrəvanın Rusiya ilə yanaşı, İran kimi müttəfiqini və havadarını itirmək təhlükəsi ilə üzləşəcəyi şəksizdir. Və Ermənistanın başbilənləri çox güman ki, məhz o zaman indi Bakıdan və Ankaradan səslənən birgə əməkdaşlıq çağırışlarının dəyərini anlayacaqlar. Amma onda gərək qatar gözdən itmiş olmasın... 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

İmran BƏDİRXANLI