USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Timsahın göz yaşları

Bizi köç yaratmağa da qoymamışdılar


https://img.baki-baku.az/news/2023/09/photo_8655.jpg

Timsahın göz yaşları. Yəqin ki, bu ifadənin hansı anlam daşıdığını bilməyən olmaz. Hər halda xatırladaq. Timsah öz şikarını yeyəndə gözləri yaşarır. İndi dünyanın müxtəlif ölkələrindən Qarabağda başlanmış erməni köçünə münasibətə diqqət yetirərkən, göz önündə, istər-istəməz, həmin səhnə canlanır. Amma “timsahlar”ın sayı çoxdur və hər biri əbədi və əzəli Azərbaycan torpaqlarındakı ev-eşiyini qoyub Ermənistana gedənlərin halına “göz yaşı” axıdır. Sual doğur: Olmazdımı ki, bu boyda həngamə yaşanmasın?

Əlbəttə, mümkün idi. Bəs, bunun baş verməməsi üçün nə lazım idi? Ədalət, ədalət və yenə də ədalət! Bəli, dünyanın lap əvvəldən ədalətli davranmasına ehtiyac duyulurdu. Amma... Bu gün Qarabağı tərk edən ermənilərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. 40, 50, 80 min. Əlbəttə, şişirtmələr də var. Bu rəqəmlər və eləcə də uzun köç səhnələri, heç bir halda, Ermənistanın təcavüzü nəticəsində öz evlərindən didərgin düşmüş və doğma yurda dönmək həsrətini bu gün də sürdürən azərbaycanlıların bir milyonluq sayına çata bilməz. Məsələ ondadır ki, həmin bir milyonluq sayın belə köç karvanı yaratmasına imkan və şərait yaradılmamışdı. Onlar pərən-pərən salınmışdılar. Görəsən, “timsahlar” onda harada idilər?

Dostum Yalçın deyir ki, nənəsi Zəngilandan çıxıb erməni zülmündən canını qurtarmaq üçün Arazı traktor təkərinin kamerində İran ərazisinə keçmişdi. Yalçının nənəsi kimilər minlərlədir. Xocalı qətlimanı dəhşətini görmüş bir nəsil canını kamerlərdə Araz çayından İrana keçməkdə, oradan təhlükəsiz şəraitdə Azərbaycana yön almaqla qurtarmışdı. Sonra o nəsil paytaxt Bakıda və ölkəmizin müxtəlif yerlərində qurulmuş çadır şəhərciklərində yaşamalı oldu. Kimisi doğma yurd həsrətinə dözə bilməyib canını tapşırdı, kimisi sağalmaz xəstəlik tapdı. Bir sözlə, çoxsaylı məşəqqətlər yaşandı...

***

Çadır şəhərciklərində, vaqonlarda dünyaya yeni  nəsillər gəldi. Bu nəsillər doğulub öz çadır evinin içərisinə yağış suları dolmuş vəziyyətdə, yaxud, bumbuz vaqonlar titrətməyin dəhşətini yaşadı. Belə səhnələrin necə böyük məhrumiyyət olduğunun fərqinə varmayanlar ordusu yetişdi. Bu, bəzi monarxist üsul-idarələrdə üç nəslin cəzasını çəkən insanların həbsxanada doğulması və həbs düşərgəsindən kənar həyat barədə təsəvvürsüzlüyü qədər dəhşətli bir şeydir. Bilinmir, orada həqiqətən belə hal olub, ya yox, ancaq məlumdur ki, Qərb təbliğat institutları bir sıra rejimlərə qarşı mübarizə çərçivəsində effektiv insan dramı hazırlamağı yaxşı bacarmışdılar. Çox güman ki, Qarabağ ermənilərinə münasibətdə də oxşar səhnələr qondaracaq, sentimentallıq notlarına köklənəcəklər. Görəsən, niyə Azərbaycan xalqının dramına biganə yanaşdılar? Çünki  niyyətləri özgə idi...

Bəli, bu gün Qarabağdan köç edən ermənilərin durumunu faciə kimi qiymətləndirmək yolu tutanlar, sanki, növbəyə dayanıblar. Bilərəkdən növbəti erməni avantürasının formalaşmasında iştirak edirlər. Nəinki iştirak edirlər, əməlli-başlı canfəşanlıq göstərirlər. Əslində, instinad etməyi xoşladıqları insan hüquq və azadlıqları ilə bağlı müxtəlif sənədlər onlar üçün adi kağız parçasından başqa bir şey deyil. Belələri hər cür insani dəyərlərdən uzaqdırlar. Amma həmin dəyərlərlə manipulyasiyanı son dərəcə gözəl bacarırlar.

***

Qətiyyətlə demək olar ki, Qarabağda hazırda yaşanmaqda olan hay köçü erməni avantürizminin yeni məkrli oyunudur. Bu oyun həm də ona yönəlib ki, Azərbaycan və erməni xalqı birlikdə, sülh şəraitində yaşamasın, həmişə bir-birinə qarşı kin və nifrət bəsləsinlər, ədavət üçün fürsət gözləsinlər. Başqa cür düşünməyə əsas yoxdur. Axı, Azərbaycan hakimiyyətinin təmsilçiləri bəyan ediblər ki, bölgə erməniləri vətəndaşlarımızdır. Onlar öz yurd-yuvalarında qalıb ölkəmizin qanunları ilə yaşayıb, ömür sürə bilərlər. Bunu anlamaq çoxmu çətindir? Ancaq məqsədli şəkildə anlamaq istəməyənlər var. Erməni millətçiliyini, özgə torpaqlarda separatizm meyillərini körükləyənlər məhz onlardır. Axı, Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərinə hörmətlə yanaşmaq niyə kimlərisə narahat etməlidir?

***

Erməni avantürizmi son dərəcə qəddar mahiyyətlidir. Bunun tarixdə ən müxtəlif örnəkləri var. Çox uzağa getməyib 1988-ci ilin Sumqayıt hadisələri üzərində dayanaq. Həmin vaxt şəhərin erməni sakinlərinə qarşı amansızlıqlar törədildi. İki xalq arasına nifaq toxumları səpmək istəyənlər günün günorta çağında sadə ermənilərə zülm etdilər ki, saxta niskil, saxta nağıl uydursunlar, bundan siyasi dividend əldə etsinlər. Beləliklə, Azərbaycan torpaqlarının işğalına məntiqi don geyindirildi. Sonradan Sumqayıtın “qisasını alanların” meydana necə atıldıqlarına şahidlik etdik. Xocalı vəhşəti yaşandı...

***

44 günlük müharibə dönəmində də sadə erməniləri qırmaq yönümlü “plan” hazırlanmışdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat olmasaydı, xüsusi mobil dəstələrin Xankəndidə, Qarabağın müxtəlif yerlərində onları qətlə yetirmələri nəzərdə tutulurdu. Sıravi ermənilər məhv ediləcək və bu, Azərbaycan əsgərinin vəhşiliyi kimi təqdim ediləcəkdi. Belə bir amansız ssenari üçün dünyanın müxtəlif ölkələrindən jurnalistləri də Qarabağa yığıb tökmüşdülər. Onlar kütləvi qətl nöqtələrindən dəhşətli görüntülər yaymalı, Azərbaycanı növbəti erməni soyqırımını törədən ölkə olaraq göstərməli, ifşa etməli idilər.

Vətən müharibəsindən sonrakı müddətdə də erməni avantürizmi bu mənfur planı daim “gündəmdə saxladı”. Lakin vəziyyət əvvəlki deyildi. Azərbaycan bölgəyə sahiblənmişdi. Ordumuz hər şeyi çox gözəl görürdü. Buna görə əvvəlcə bildirdilər ki, ölkəmiz Laçın yolunu bağlı saxlamaqla, guya, sıravi erməniləri acından öldürmək istəyir. Müvafiq şəkildə müxtəlif beynəlxalq hüquq dələduzları özlərinin cızma-qaralarında soyqırımının aclıq həddinə gətirmə formasının da mövcudluğunu “əsaslandırmağa” çalışdılar. Görəndə ki, BMT müstəvisinə daşıdıqları belə sərsəm gedişlər heç bir fayda vermir, “etnik təmizləmə” ritorikasına baş vurdular. Düşündülər ki, qara-qışqırıq salmaqla, Azərbaycanı haqlı mübarizəsindən döndərə, qətiyyətli addımlar atmaqdan daşındıra, mövcud status-kvonu saxlaya biləcəklər. Alınmadı. Ordumuz 23 saat 43 dəqiqə ərzində suverenliyimizin bərpası tapşırığını yüksək peşəkarlıqla yerinə yetirməyi bacardı. Özü də heç bir mülki şəxsə və obyektə zərər toxundurmadan.

***

Bəli, suverenliyini bərpa etmiş Azərbaycan yenə də Qarabağın erməni əhalisinə çağırış etdi. Çağırış etdi ki, Azərbaycan vətəndaşlığını qəbul edib bölgədə qalsınlar. Ancaq indi baş verənlərdən nəticə çıxarmaq mümkündür ki, bu çağırışa məhəl qoyulmamaqdadır. Beləcə, erməni avantürizmi Qarabağ mövzusunu niskilə çevirmək yolu tutmaqdadır. Hazırda bölgədəki köç karvanı da bunun nəticəsidir. Zamanında azərbaycanlılara qarşı o qədər nifrət və hiddət aşılayıblar ki, indi bizim bu aşılanmalardan irəli gələn hərəkət və davranışlara əl atacağımızı düşünənlər var. Onlar, əlbəttə ki, ölkəmizin pozitiv çağırışlarını nəzərə almazlar. Bunu anlamayıb mövcud müstəvidə Azərbaycana qarşı hədyanlar yağdıranlar, görəsən, əsl mahiyyəti niyə dərk etmirlər? Əlbəttə, onlar hər şeyi çox gözəl bilirlər. Sadəcə, mənfur oyunun içərisindədirlər.

Görünən budur ki, “oyun” Qarabağ ermənilərini ayrıca zümrə kimi təqdim etməyə yönəlib. Məsələn, erməni katolikosu, pozğun və əxlaqsız təbiətli II Qaregin, eləcə də eyni xislətin daşıyıcısı olan ölkə müxalifətinin təmsilçiləri onlardan baş nazir Nikol Paşinyan hakimiyyətini devirmək planlarında yararlanmağı düşünürlər. Ermənistan iqtidarının “istəyindən” də danışdıq. Əlavə edək ki, Paşinyan administrasiyası Qarabağ ermənilərinə həm də qazanc yeri kimi yanaşır. Nikol bildirib ki, hər bir Qarabağ ermənisinə büdcədən yüz min dram, yəni, təxminən 435 manat pul ödəniləcək. Bu məbləğ böyük deyil. Amma görürük ki, Paşinyan və komandasına xaricdən maliyyə yardımları da axışır. Heç şübhəsiz ki, bu yardımların müntəzəmliyinə nail olunacaq. Qarabağ erməniləri isə bölgədə olduğu kimi, Ermənistanda da ac-yalavac ömür sürəcəklər. Yəni, onlar avantüranın qurbanına çevrilmək aqibətindən qurtula bilməyəcklər. Halbuki, Azərbaycan ərazisində qalsaydılar, tamam fərqli yaşayışları, sivil təminatları olacaqdı.

 

***

Sonda onu da deyək ki, paytaxt Bakıda, eləcə də respublikamızın müxtəlif yerlərində toplam 30 minə yaxın erməni yaşamaqdadır. Azərbaycan dünyada çoxmillətli, çoxkonfessiyalı ölkə kimi tanınmaqdadır. Bu, illərlə toplanılmış yüksək imic, mənəvi sərvətdir. Yəni, erməni avantürizminin və onun xaricdəki havadarları olan “timsahlar”ın nələri qondarmalarından asılı olmayaraq, Azərbaycana qarşı irəli sürülən saxta iddiaların heç bir əsası yoxdur və olmayacaq.

Yuxarıda da bildirdiyimiz kimi, hazırkı durumda itirən ölkəmizin multikultural mühitindən bəhrələnmək istəməyən Qarabağ erməniləridir. Onlar otuz ilə yaxın müddətdə də itirmişdilər, bu gün də eyni aqibəti yaşayır və yaşayacaqlar. Bütün bunları vurğulamaqda, eyni zamanda, bir milyondan çox azərbaycanlının otuz il əvvəlki taleyindən söz açmaqda məqsədimiz heç də onu demək deyil ki, bugünkü erməni köçü ilahi ədalətin təntənə anının yaşantısıdır. Hərçənd, bunu söyləsək də, haqlı çıxarıq. Həm də ona görə ki, hər xalq öz həyatına, öz yaşamına özü qərar verir. Bir milyonun qərarı güclü Azərbaycan dövləti naminə quruculuq xətti oldu və bu gün həmin qərarın bəhrəsini görməkdədir. İlahi ədalət onlar üçün təcəlli edir.

Qarabağ erməniləri də qərarlarını veriblər. Soyuq reallıq budur ki, onlar separatçılığın və ekstremizmin yanında dayandıqlarını göstəriblər. Öz köçləri ilə də sübuta yetirirlər ki, bölgədə otuz il ərzində mövcud olmuş və hazırda yox olduğunu bəyan edən saxta “Dağlıq Qarabağ Respublikası” kimi, yox olmağı üstün tuturlar. Tutsunlar, hər halda gedəni saxlayacaq deyilik.

 

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV