USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Ermənistan siyasi qarşıdurma məngənəsində


https://img.baki-baku.az/news/2023/09/photo_8654.jpg

Ermənistanda onsuz da gərgin olan daxili ictimai-siyasi vəziyyət sentyabrın 19-20-də Azərbaycan Ordusunun yüksək peşəkarlıqla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra daha da ağırlaşıb. Çünki antiterror tədbirləri nəticəsində Azərbaycan qarşıya qoyulan hədəflərə nail oldu, bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü.

Sentyabrın 28-də isə 1990-cı illərin əvvələrində Azərbaycanda mərkəzi hakimiyyətin zəifliyindən, ölkədəki başıpozuqluqdan, anarxiyadan istifadə edərək torpaqlarımızda yaradılan separatçı rejim bütün “strukturların” buraxıldığını və 2024-cü il yanvarın 1-dək mövcudluğunu dayandıracağını bəyan etdi. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan sentyabrın 19-20-də bütün ərazilərində suverenliyini tam şəkildə yerinə yetirdi.

Bütün bunlar qeyd etdiyimiz kimi, Ermənistan daxilində ictimai-siyasi vəziyyətin pisləşməsinə səbəb olub. Üstəlik, nəzərə almaq lazımdır ki, sentyabrın 17-də İrəvan şəhər ağsaqqallar şurasına seçkilər keçirilib. Ermənistan paytaxtını kollegial qaydada idarə edən 65 üzvdən ibarət şuraya seçki ermənilər üçün ona görə əhəmiyyətli idi ki, daha çox yer qazanan siyasi partiya sonradan şəhər merinin kim olacağını müəyyənləşdirir. Baş nazir Nikol Paşinyanın hakim “Mülki müqavilə” partiyası seçkilərdə qalib gələ bilməyib. Səsvermə bülletenlərinin hamısı sayılandan sonra onun partiyasının 32,5 faiz səs əldə etdiyi məlum olub. Seçkilərdə iştirak faizi isə cəmi 28,4 faiz təşkil edib ki, bu da paytaxt meri seçkiləri tarixində ən aşağı göstəricidir.

Yerli müşahidəçilər paytaxt merinin seçkilərini ümumxalq seçkiləri öncəsi güc nümayişi adlandırırlar. Belə ki, ölkə üzrə bütün seçicilərin üçdə biri İrəvanda qeydiyyatdadır. “Yerli özünüidarə haqqında” qanuna əsasən, vətəndaşlar ağsaqqallar şurasının 65 üzvünü dörd il müddətinə, onlar isə öz növbəsində şəhər merini beş il müddətinə seçirlər. Səslərin 50 faizdən çoxunu almış partiya fərdi qaydada şəhər merini təyin edə bilər. Ancaq qeyd etdiyimiz kimi, hakim partiya 32,5 faiz səs alıb. Adətən, partiya siyahısında birinci olan şəxs avtomatik olaraq mer olur. Bu il “Mülki müqavilə”nin siyahısına İrəvan merinin müavini və baş nazirin sabiq müavini Tiqran Avinyan rəhbərlik edirdi.

Beləliklə, İrəvan şəhər ağsaqqallar şurasına keçirilən seçkilərdə inamsız çıxış edən N.Paşinyanın partiyası şurada paytaxt merinin seçilməsi zamanı müxalifətlə razılaşmalı olacaq. Bu isə hakim siyasi partiyanın mövqeyinin paytaxtda zəifləyəcəyi deməkdir.

Onu da qeyd edək ki, seçkilərdə, ümumilikdə, 13 siyasi partiya və bir blok iştirak etsə də, yalnız beş partiya tələb olunan baryeri keçə bilib. Siyasi partiyalar üçün baryer 4, siyasi bloklar üçün 6 faiz təşkil edib. Seçkidə ikinci yeri 18,8 faiz səs toplamış aktyor və İrəvanın keçmiş meri Ayk Marutyanın başçılıq etdiyi solçu “Milli tərəqqi” partiyası tutub. O, əvvəllər Paşinyanın tərəfdarı olub və 2018-ci ildə İrəvanın meri seçilib. Marutyan mer vəzifəsində çalışarkən Paşinyanı tənqid etməyə başlayıb, onun komandasını korrupsiyada və müxalif fikirləri boğmaqda ittiham edib. 2021-ci il dekabrın 22-də Paşinyanın tərəfdarlarının ağsaqqallar şurasında etimadsızlıq səsverməsindən sonra Marutyan vəzifədən uzaqlaşdırılıb.

Yeri gəlmişkən qeyd edək ki, Xocalı cəlladı, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın “Hayastan” alyansı 15,4 faiz səslə üçüncü yerdə qərarlaşıb. Ağsaqqallar şurasına seçkilərdə dördüncü yeri 11,3 faiz səs toplayan sağ mərkəzçi “Respublika” partiyası, beşincisi yeri isə 9,6 faizlə “İctimai səs” partiyası tutub. Qarabağdakı qondarma separatçı rejimin sabiq “dövlət naziri”, oliqarx Ruben Vardanyanın dəstəklədiyi və Ermənistan siyasətində yeni peyda olan “Həyat üçün ölkə” partiyası tələb olunan 4 faizlik baryeri keçə bilməyib – cəmi 3,6 faiz səs toplayıb.

Ağsaqqallar şurasında İrəvan şəhər merinin seçkisi oktyabrın 10-na təyin edilib. Ancaq müxalifət yeni seçkilər keçirilməsi tələbində israrlı görünür. Müxalifətdə olan “Ana Ermənistan” bloku artıq mer seçilməsi üçün oktyabrın 10-da keçiriləcək İrəvan ağsaqqallar şurasının ilk iclasında iştirak etməyəcəyini açıqlayıb. Blokun rəhbəri, “Hayastan” müxalifət fraksiyasının deputatı Andranik Tevanyan müzakirələrdən sonra bununla bağlı qəti qərar verdiklərini bildirib.

“Hayastan”ın məlum qərarı seçkidə ikinci yeri tutan “Milli tərəqqi” partiyasının lideri Ayk Marutyanın qərarına da təsirsiz ötüşməyib. “Milli tərəqqi”nin merliyinə namizədi “Facebook”da canlı yayım açaraq, ağsaqqallar şurasının ilk iclasında iştirak etməyəcəklərini, beləliklə kvorumun təmin olunmayacağını, mer seçkisinin baş tutmayacağını bəyan edib. Qeyd edib ki, beləliklə, hakimiyyət yeni seçkilər təyin etməyə məcbur qalacaq. “Mətbuatdan öyrəndim ki, “Ana Ermənistan” bloku da iclasa qatılmayacaq. Burada yalnız “İctimai səs” partiyasının mövqeyi qalıb”, – deyə Marutyan bildirib.

Göründüyü kimi, İrəvan ağsaqqallar şurasına seçilən müxalif qüvvələr konsensusa gələ bilmirlər. Hakimiyyətdə olan partiya isə öz namizədini irəli sürüb onun seçilməsinə nail olmaq üçün kifayət qədər səsə malik deyil. Bu baxımdan İrəvan merinin seçkisi yaxın gələcəkdə Ermənistan siyasi gündəminin əsas məsələlərindən biri olacaq.

***

Bu arada Ermənistanda N.Paşinyana sui-qəsdə çağıran siyasi fəal saxlanılıb. “Sputnik Ermənistan”ın yaydığı məlumata görə, Qərbyönümlü “Milli demokratik qütb” siyasi blokunun nümayəndəsi, siyasi fəal Muşeq Şuşanyan barəsində iki ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Şuşanyanın həbsi barədə İstintaq Komitəsinin vəsatəti məhkəmə tərəfindən təmin edilib. Hazırda ibtidai istintaq aparılır.

Sentyabrın 30-da, saat 17:00-da isə İrəvanın mərkəzindəki “Respublika” meydanında mitinq keçiriləcək. Mitinqi müxalifətin “ümummilli hərəkat” adlandırdığı qrupların əlaqələndirilməsi üçün yaradılan “Milli komitə” təşkil edəcək. Xatırladaq ki, “Milli komitə” sentyabrın 26-na planlaşdırılan aksiyanı təxirə salmışdı. Qeyd olunub ki, vətəndaşlar “Artsax faciəsi” ilə bağlı fəaliyyətsizliyə görə ölkə hakimiyyətindən cavab tələb edirlər.

Ermənistanda cərəyan edən hadisələrə ölkənin ilk prezidenti Levon Ter-Petrosyan da münasibət bildirib. O deyib: “Xalqımızın başına gətirilən faciəyə görə Ermənistan hakimiyyətindən hesab tələb etmək hüququ qüvvədə qalsa da, son günlər müxalifətin ölkəmizin daxili siyasi vəziyyətini daha da gərginləşdirməmək üçün münasibətini yüksək qiymətləndirirəm. Bu gün heç nə həm hakimiyyəti, həm də müxalifəti Qarabağ ermənilərinin Ermənistanda layiqli həyatla təmin edilməsi kimi milli məsələdən yayındırmamalıdır”.

Ter-Petrosyanın çağırışına baxmayaraq, görünən odur ki, Ermənistanda vəziyyət daha da gərginləşməyə doğru gedir. Müxalifətin sabiq prezidentin çağırışına əməl etməsi müşkül görünür. Hazırda Ermənistanda siyasi qütbləşmə xeyli güclənib. Paşinyandan narazıların sayı da xeyli artıb. Onun rəhbərlik etdiyi partiyanın son beş ildə ilk dəfə seçkidə qalib gələ bilməməsi bunun göstəricisidir. Proseslərin hansı həddə qədər inkişaf edəcəyini isə əlbəttə, zaman göstərəcək.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Aydın QULİYEV, siyasi şərhçi

– Hazırda Ermənistanda baş verən hadisələr bu ölkədə siyasi gərginliyin artmasından xəbər verir. Həm sosial-iqtisadi problemlər, həm də bunlardan daha üstün olan İrəvanın Qarabağda total məğlubiyyətə düçar olması daxili siyasi vəziyyəti gərginləşdirib. Onu da qeyd etmək lazımdır ki, Qarabağdan köçüb gedən insanlar da bu ölkə üçün daxili gərginliyin əlavə mənbəyidir.

Müxalifət isə necə deyərlər, ayaq üstədir. Onlar fürsətdən istifadə edərək Paşinyan iqtidarını devirməyə çalışırlar. Əsas müxalif ideyaların daşıyıcıları isə sözsüz ki, köhnə revanşist qüvvələrdir. Onlar vəziyyəti mümkün qədər gərginləşdirmək və Paşinyan hakimiyyətini dəyişmək istəyirlər.

Ancaq Ermənistanda Paşinyanın hakimiyyətinin yaxın zamanlarda dəyişilmə ehtimalı o qədər güclü deyil. Baxmayaraq ki, indiki şəraitdə müxalifətin sıraları genişdir. Onlara Qarabağdan gedənlər də qoşulurlar, amma Qərb ölkələrinin timsalında Paşinyanın ciddi müdafiəsi var. Eyni zamanda, Ermənistan cəmiyyəti də, demək olar ki, kəskin şəkildə iki yerə parçalanıb. Bir hissə anti-Rusiya, digər hissə isə Rusiyapərəst qüvvələrdir. Müşahidələr göstərir ki, onların hansının üstün, yaxud zəif olduğu barədə indiki şəraitdə dəqiq fikir söyləmək çətindir. Çünki cəmiyyət arasında həm Rusiyapərəst, həm də Qərbpərəst qüvvələr güclüdür. Hadisələrin, mübarizənin konkret nə ilə nəticələnəcəyini indiki şəraitdə proqnoz etmək çətindir. Bəlli olan odur ki, Ermənistanda daxili siyasi gərginlik uzun müddət davam edəcək.

Təbii ki, Rusiyapərəst qüvvələr Paşinyanın hakimiyyətini ciddi şəkildə sıxışdırmağı və artıq qeyd etdiyim kimi, hətta onu dəyişdirməyi hədəfləyirlər. Ancaq Paşinyan hakimiyyətdə möhkəmlənmək üçün bütün qüvvələrini səfərbərliyə alıb. Təkcə onu deyim ki, Qarabağdan köçüb gedən ermənilərin İrəvana qəti şəkildə buraxılmaması ilə bağlı xüsusi tapşırıq verib. Bu da paytaxtda gərginlik yaradan əlavə mənbələri neytrallaşdırmaq cəhdidir. Çünki Qarabağdan gedənlər paytaxtda qalacaqlarsa, onun üçün əlavə başağrıları yarana bilər.

Ölkədə yaranmış gərgin siyasi vəziyyət aydın məsələdir ki, Paşinyanın başını uzun müddət qatacaq. Ancaq əgər Ermənistanda hakimiyyət dəyişərsə, revanşist qüvvələr hakimiyyətə gələrlərsə, bu, Azərbaycan üçün arzuedilən deyil. Bununla belə, revanşist qüvvələrin hakimiyyətə qayıdışı çox aşağıdır. Amma hakimiyyətin dəyişməsi və Paşinyanın başqa bir mötədil siyasətçi ilə əvəz olunması ehtimalı da var.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Səxavət HƏMİD