USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Arzu təzə, əməl təzə, hədəf bəlli

Yeni reallıqlar qarşımıza daha mühüm vəzifələr qoyur


https://img.baki-baku.az/news/2023/09/photo_8624.jpg

Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti  

Doğrudur, geridə qalan otuz ildə də hamı bilirdi ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional inkişafı və ikitərəfli münasibətlərdəki tərəqqini ləngidir. 2020-ci ilin payızından sonra isə artıq bütün dünya bu həqiqəti qəbul edir. Hamı etiraf edir ki, Azərbaycan ərazilərinin işşğalda saxlanılması nəinki Şimal– Cənub və Şərq – Qərb istiqamətli beynəlxalq iqtisadi layihələrin, hətta, ikitərəfli əməkdaşlıqlara aid olan lokal miqyaslı layihələrin icrasına da əngəl törədirdi. Ona görə də indi beynəlxalq aləmdəki mütərəqqi qüvvələr Azərbaycanın qazandığı uğurları alqışlamaqla yanaşı, hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni üfüqlərin açıldığını da xatırladırlar.

Bəs yeni reallıqlar bizim qarşımızda  hansı üfüqləri açır?

Birinci:   Azərbaycanın əsas məqsədlərindən biri beynəlxalq nəqliyyat – logistika mərkəzlərindən birinə çevrilməkdir. Doğrudur, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bu istiqamətdə kifayət qədər sanballı addımlar atmışlar. Ancaq Zəngəzur dəhlizi açılmadan həmin işlərin yarımçıq qaldığı da məlumdur. Həmin dəhlizin açılmasına isə öz himayədarları hesabına hegemonluq etmək istəyən Ermənistan mane olur. Odur ki,  44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri Zəngəzur dəhlizinin reallaşdırılmasına mühüm zəmin yaratmışdır.

İkinci: Beynəlxalq aləmdə davam edən ictimai-siyasi proseslər çox ciddi şəkildə qütbləşmə tendensiyasının yaranmasına səbəb olmuşdur. Əslində qütbləşməni tənqid etmək istəmirik. Çünki Azərbaycanın özü də dünyada gedən qütbləşmələrin nəticələrini görüb. Yəni İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə bədxahlarımız mötəbər beynəlxalq təşkilatlarda anti-Azərbaycan məzmunlu sənədlərin qəbul edilməsinə çalışanda bizim də daxil olduğumuz qütbün – Qoşulmama Hərəkatının təmsilçiləri ölkəmizin maraqlarını ciddi şəkildə qorumuş və istəklərinə nail olmuşdular. Bu faktdır.

O da faktdır ki, rəsmi Bakının əsas məqsədlərindən biri də tarixi, siyasi, mədəni və mənəvi baxımdan tamamilə mütəşəkkil olan Türk dünyasının  coğrafi baxımdan da birləşməsinə nail olmaqdır. Bu isə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat yollarının açılması ilə mümkündür. Bizim yaratdığımız yeni reallıqlar həmin məsələnin həllini də yaxınlaşdırır. Bir çox siyasi dairələr bu faktı Turan birliyinin yaradılması kimi qiymətləndirir və hürkürlər. Ancaq  nə desələr, neyləsələr də, həmin həqiqətlə razılaşmalı olacaqlar. Artıq bir çox bədxahlarımız etiraf edirlər ki, dünyasın siyası xəritəsində Turanın addım səsləri eşidilməkdədir.

Yeri gəlmişkən,  dövlət başçımız ötən il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında xatırlatmışdır ki,  Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Üçüncü: Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri də ölkəmizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində lazımi addımlar atılmasıdır. Dövlət başçımız xatırladır ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Dördüncü: Azərbaycanın sentyabrın 19-da başladığı lokal xarakterli antiterror tədbirlərindən təşvişə düşən Fransa rəhbərliyi dərhal bu məsələnin  BMT səviyyəsində müzakirəyə çıxarılmasına nail oldu. Həmin müzakirələrdə çıxış edənlərin böyük əksəriyyəti “xristian klubu” təmsilçisi kimi danışdı və açıq-açığına səlibçi mövqeyi nümayiş etdirdi. O zaman azərbaycanlı ekspertlər “İlham Əliyevin İslam dünyası ilə əməkdaşlığı genişləndirmək siyasəti necə də uzaqgörənliklə atılmış addımlardır” – deyə məmnunluq ifadə etdilər. Yəni Azərbaycanın qarşısında duran növbəti yeni hədəf İslam ölkələri ilə dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsidir.

Beşinci: Əsas hədəflərdən biri də ölkənin bütün ərazilərində suverenliyimizin təmin edilməsindən sonra Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın reinteqrasiyasına nail olmaqdır. Bəlkə də kimsə deyə bilər ki, ən əvvəl bu hədəf barədə söz açılmalıydı. Doğrudur. Ancaq o da doğrudur ki, biz dəfələrlə demişik, kim Azərbaycan qanunları ilə yaşamaq istəyirsə ölkəmizdəki digər azsaylı xalqların təmsilçilərinin istifadə etdiyi bütün hüquqlardan bəhrələnəcəklər. Kim Azərbaycan Bayrağı altında yaşamaq istəmirsə, ona yol açıqdır, istədiyi ölkəyə gedə bilər. Yəni biz kiməsə məcbur etməyəcəyik ki, gəl, Azərbaycan pasportu al, bizim qanunlarımıza tabe ol. Odur ki, bu istiqamətdəki fəaliyyətimizi hələki humanitar yardımlar göstərilməsi ilə davam etdiririk.

Altıncı: Bu gün bizim əsas hədəflərimizdən biri də işğaldan azad edilmiş bütün ərazilərimizin ən müasir dünya standartları səviyyəsində bərpası və tamamilə yenidən qurulmasıdır.

Dövlət başçımızın bu il iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində beynəlxalq beyiin mərkəzlərinin və mətbuat təmsilçilərinin suallarını cavablandırarkən dediyi kimi, bu iki il yarım ərzində gördüyümüz işlər təkcə onu göstərmir ki, bizim maliyyə imkanlarımız var. Onu göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var: “Bu miqyasda layihələri iki il yarım ərzində həyata keçirmək, məncə, heç kimin ağlına gəlməzdi. Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il yarım ərzində bu qədər genişmiqyaslı işlər görüləcək, özü də böyük ərazidə – 10 min kvadratkilometri əhatə edən ərazidə durmadan gecə-gündüz işlər gedir. Azərbaycan ictimaiyyəti də vaxtaşırı məlumatlandırılır, həm planlar haqqında, həm də görülmüş işlər haqqında. Şəhərlərin baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınmışdır. Şəhərlərin bərpasının təməlqoyma mərasimini də mən keçmiş köçkünlərlə birlikdə həyata keçirmişəm. Yəni, biz çox istəyirik ki, otuz il ərzində mənəvi və fiziki əzablar çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunsunlar və buna doğru gedirik və gedəcəyik”.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İttifaq MİRZƏBƏYLİ