USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Könüllü təslim: Növbədə kimdir?!


https://img.baki-baku.az/news/2023/09/photo_8621.jpg

Məgər Xankəndidəki keçmiş separatçı rejimin “məmurları” başqa aqibətə ümid edə bilərdilər? Əlbəttə yox! Onların hamısını Qarabağdan Ermənistana qaçmaq istəyərkən saxlanılan Ruben Vardanyanın üzləşdiyi acı aqibət gözləyir. Hazırda istintaq qarşısında göz yaşlarını tökən Qarabağ iqtisadi rayonumuzun çağırılmamış qonağı, kənardan göndərilmiş “desant” beş ay bundan əvvəl hətta Ermənistanın baş naziri ilə ultimatum dilində danışırdı. O, Qarabağ ermənilərinin “vahid müdafiə cəbhəsindən”, “sona qədər mübarizə” aparacaqlarından, “qədim artsax xalqının hüquqlarını” qoruyacağından dəm vururdu. Bəs, axırı nə oldu?

Bəlkə kənardan qızışdırılan bu haylar düşünürdülər ki, Xankəndidəki separatçı rejimi maliyyələşdirməklə, Ermənistandan gətirilmiş quldurları silahlandırmaqla, Qarabağ ermənilərini girovluqda saxlayan xunta rejiminin ömrünü uzatmağa çalışmaqla nəyəsə nail ola biləcəklər? Yəqin Bakının xoşməramlı təklif və çağırışlarına məhəl qoymayanda ağıllarının ucundan da keçirmirdilər ki, “dəmir yumruq” gec-tez başlarına enəcək və indi üzləşdikləri miskin duruma düşəcəklər. Amma vədə tamam olub vaxt yetişəndə Azərbaycan Ordusu dediyi sözünün üstündə durdu, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağın o ərazisində lokal antiterror tədbirləri ilə bir sutkaya hər şeyi yerbəyer etdi.    

* * *          

Qarabağda son üç ildə “at oynadan” hələ çox separatçı-daşnak ünsürünü bax beləcə, Ruben Vardanyan kimi, qolları qandallı, başı təzimə əyilmiş vəziyyətdə görəcəyik. Səbail Rayon Məhkəməsində Qarabağdakı keçmiş separatçı-terrorçu qurumun “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb. Keçirilən prosesdə təqdimat təmin edilib və məhkəmə tərəfindən Ruben Vardanyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxuculara xatırladaq ki, Ruben Vardanyan iki gün əvvəl Azərbaycanın Laçın yolundakı dövlət sərhəd nəzarət-buraxılış məntəqəsindən Ermənistana keçmək istəyərkən saxlanılıb. Hazırda Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.                                       Bununla bağlı DTX -nın yaydığı məlumatda deyilir ki, irəli sürülən ittihama əsasən müəyyən edilib: “Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib”.

DOSYE: 1968-ci il təvəllüdlü Ruben Vardanyan Qarabağdakı keçmiş qanunsuz separatçı qurumun sabiq “dövlət naziri” olub. O, ilk dəfə 2011-ci ildə 500 milyon dollar sərvətlə ən zəngin rusların siyahısına daxil olub. 2017-ci ildə “Forbes” jurnalı Vardanyanın varidatını 950 milyon dollar dəyərində qiymətləndirib və o, “yüzlər“in sırasında 99-cu yeri tutub.

“Ermənistan XİN Ruben Vardanyanın hüquqlarının müdafiəsi və onun geri alınması üçün bütün mümkün tədbirləri görəcək. Bununla bağlı biz Rusiya Federasiyasının, eləcə də digər beynəlxalq tərəfdaşlarımızın dəstəyinə ümid edirik”. Belə bir bəyanatla Ermənistan xarici diplomatiya idarəsinin sözçüsü Ani Badalyan çıxış edib. Bundan başqa, xarici ölkələrdə də Vardanyanın hazırda düşdüyü durumundan narahat şəxslərin və qüvvələrin səsləri eşidilməyə başlanıb.   Bunlardan biri “Avrora” humanitar təşəbbüslərin həmtəsisçisi, erməni mənşəli amerikalı sahibkar Nubar Afeyan “Dağlıq Qarabağın keçmiş “dövlət naziri”nin saxlanması ilə bağlı narahat” olduğunu bildirib. Özünün mikrobloqunda bu barədə paylaşım edən Afeyan yazıb ki, indi Ruben Vardanyanın taleyinə görə təkcə onun ailəsi deyil, Vardanyanı tanıyan və qiymətləndirən hər kəs narahatdır. “Onlar qanunun aliliyinə və beynəlxalq razılaşmaların ədalətinə inanırlar. Artıq böyüməkdə olan böhrandan üzünüzü çevirməyin. Soyqırımın (?) qarşısının alınması olduqca böyük, qlobal məsuliyyətdir”,– Nubar Afeyan yazıb.

* * *

Erməni mənşəli amerikalı iş adamının “qlobal məsuliyyət” barədə utopik mülahizələrini bir kənara qoyub, vəziyyətin hüququ tərəfini araşdırmağa çalışaq. Əslində haqqında yazdığımız halın geniş hüquqi araşdırmaya ehtiyacı da yoxdur. Çünki nə Azərbaycanın daxili qanunvericiliyində, nə də beynəlxalq hüquqda Ruben Vardanyan kimiləri üçün əlahiddə maddə, imtiyaz, yaxud status nəzərdə tutulmayıb. Bu müstəvidə söhbət yalnız əmələ görə məsuliyyət daşımaqdan gedir.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov da Vardanyanın həbsi ilə bağlı diqqəti məhz beynəlxalq hüququn norma və prinsiplərinə yönəltdi:

“Vardanyan fiziki şəxs olaraq, Azərbaycan qanunlarını pozub. Buna görə də cavab verməlidir. Bizim ərazimizdə törətdiyi qanunsuz əməllərinə görə, konkret maddələr üzrə ədalət məhkəməsi qarşısında durmalıdır. Doğrudur, Azərbaycanın qoşulduğu beynəlxalq təşkilatlar qarşısında götürdüyü müəyyən öhdlikləri var. Yəni, hər hansı insan cinayət məsuliyyətinə cəlb olunanda belə həmin şəxsin müəyyən hüquqları gözlənilməlidir. Saxlanılan şəxsə qarşı ittiham irəli sürüləndə o, vəkillə təmin edilməlidir. Bundan başqa, onun saxlanma şəraiti qənaətbəxş olmalı, heç bir fiziki işgəncəyə məruz qalmamalı, ona psixiloji təzyiq göstərilməməlidir. Həm yerli, həm də beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş bu prinsiplərə Azərbaycan riayət edir və edəcək”.

Təcrübəli politoloq sözlərinə onu da əlavə edib ki, əgər bu həbslə bağlı Azərbaycana hansısa irad ürəli sürülərsə, hüquq-mühafizə sistemimiz buna adekvat cavab verəcək. R.Musabəyov, həmçinin deyir ki, beynəlxalq hüquqda bu cür şəxslər üçün hansısa əlahiddə imtiyazlar yoxdur: “Konkret olaraq Ruben Vardanyana qarşı irəli sürüləcək ittihamlarla bağlı Azərbaycanın qarşısında heç bir hüquqi məhdudiyyət qoyula bilməz. Yerli qanunları pozub və ölkəmizin ərazisində yaxalanıb. Sadəcə indi o, məhkum kimi bütün hüquqlarla təmin ediləcək. Bəli, müxtəlif beynəlxalq təşkilatlar Vardanyanın günahsız olması ilə bağlı hay-küy qaldıra bilərlər. Ona Cinayət Prosessual Məcəlləsinin konkret maddələri üzrə ittihamlar irəli sürüləcək. Sadəcə, dediyim kimi, belə hallar üçün nəzərdə tutulan hüquqi prosedurlara riayət olunmalıdır”.

Siyasi ekspert R.Vardanyanın hansı hallarda əfv oluna bilməsi məsələsinə də aydınlıq gətirib: “Əgər o, günahını boynuna alandan sonra əfv olunması üçün Azərbaycan rəhbərliyinə müraciət edərsə, buna baxıla bilər. Amma bütün hallarda məhkəmə cinayətkar barədə öz hökmünü çıxarmalıdır. Yaxud amnistiya elan olunarsa və onun əməlləri bu akta düşəcəyi təqdirdə, azadlığa çıxmaq şansı var. Hələlik, rəsmi Bakı amnistiya barədə qərarını açıqlamayıb”.

* * *                             

“Bizim bu həbslərdən xəbərimiz var. Hazırda vəziyyətlə diqqətlə izləyirik. Hələlik bu barədə başqa şərhimiz yoxdur”. Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller dünən keçirdiyi brifinqdə dilə gətirib. 

Məlum həbslə bağlı ən maraqlı açıqlama isə Rusiya Federasiya Şurasından gəldi. RF FŞ-nın Konstitusiya komitəsinin üzvü Aleksandr Başkinin sorğuya cavabı birmənalı və məntiqi olub: “Dağlıq Qarabağın keçmiş “dövlət nazırı” Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxmasının fəsadları şəxsi seçiminin yekunu olmaqla bərabər Rusiya pasportunun dəyərinə şübhə ilə yanaşanlar üçün yaxşı illüstrasiya ola bilər. Vardanyan Rusiyadan yardım ala bilməz. O, vətəndaşlıqdan könüllü şəkildə imtina etdiyinə görə bunun bütün hüquqi nəticələrini də göz önünə almalı idi. Kiməsə belə bir uğur, taleyin hədiyyəsi anadangəlmə qismət olur. Bu isə ondan xəbər verir ki, valideynlərin və taleyin bəxşişini dəyərləndirmək və qorumaq necə də vacibdir”. Kifayət qədər aydın və ibrətamiz cavabdır.                                  Dünən Qarabağdakı növbəti erməni terrorçu Vitali Balasanyanın həbs xəbəri yayıldı. Bu, həmin Balasanyandlr ki, Serj Sərkisyanla birlikdə Azərbaycan torpaqlarının işğal edilməsində yaxından iştirak edib. Onlar birlikdə 90-cı illərdən Qarabağda erməniləri döyüşə cəlb etmək üçün fəaliyyət göstəriblər. Müharibəyə getmək istəməyən ermənilərin qız-gəlinlərini zorlayıb, sakinlərdə qorxu yaradıblar. Xocalıda insanlığa sığışmayan dəhşətlər törədiblər. Şahidlər danışırlar ki, o zaman qızların, qadınların qızıl əşyalarını Serj, kişilərin qızıl dişlərini isə Vitali toplayırdı.

 

DOSYE: Vitali Balasanyan 5 mart 1959-cu ildə Əskəranda doğulub. “Daşnaksütyun” partiyasının üzvü olan Balasanyan 1990-cı ildən Əsgərandakı silahlı birləşmələrə komandirlik edib. Həm qondarma “artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. Onun əsgərlərinin Xocalı qırğınından sağ qalan soydaşlarımızı uçuruma doğru apardıqları və oradan atdıqlarını təsdiq edən video-kadrlar durur.

Mövzu ilə bağlı qəzetimizə danışan Siyasi Proseslərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev belə hallar üçün beynəlxalq təcrübədə nəzərdə tutulan mövcud qaydalardan bəhs etdi: “Ölkə ərazisində xarici vətəndaş saxlanıldığı təqdirdə ona ilk növbədə konsul xidməti göstərilir. Konsulluq həmin şəxsin saxlanılması şəraiti ilə tanış olur, ona hüquqlarını xatırladır. Azərbaycanın Ermənistanla diplomatik əlaqələrimiz yoxdur. Düzdür, MDB çərçivəsində hansısa hüquqi sənədlər ola bilər, onlara nəzər yetirilməlidir. Məlumdur ki, Vardanyan artıq Rusiya vətəndaşı deyil. 2022-ci il dekabrın 22-də Rusiya Prezidenti Vladimir Putin onu ölkə vətəndaşlığından çıxarıb. O, Ermənistan vətəndaşı kimi Azərbaycan torpağında cinayətlər törədib. Əslində onun xarici ölkənin vətəndaşı kimi respublikamızın ərazisində qalmağa ixtiyarı yox idi. On beş gündən sonra qeydiyyatdan keçmək proseduru mövcuddur. Amma Vardanyanın cinayətləri daha ciddidir. Azərbaycanın Konstitusiyasına, ərazi bütövlüyümüzə qarşı cinayət əməlləri var. Yəni, hüququ baxımdam onu mühakimə etməkdən ötrü bütün hüquqi bazamız var. Bəli, xarici ölkə vətəndaşı kimi hüquqi yardımla təmin edilməlidir. Fəqət Ermənistanla aramızda diplomatik əlaqələrin olmadığı indiki şəraitdə burada müəyyən suallar ortaya çıxır. Beynəlxalq hüquqa görə, belə hallarda, adətən, yerli tərəf müdafiəni təmin edə bilər”.           

* * *

Dünən günün ikinci yarısında Qarabağdakı erməni separatçılardan daha birinin saxlanıldığı xəbəri yayıldı. Məlum oldu ki  Xankəndidəki keçmiş separatçıbaşının sabiq “müşaviri” David Babayan könüllü şəkildə Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olub. “Azərbaycan tərəfi müvafiq araşdırma aparmaq üçün mənim Bakıya gəlməyimi tələb etdi. Bu gün (dünən-red) Xankəndidən Şuşaya getmək qərarına gəldim”. Bunu Babayan Feysbuk səhifəsində yazıb.

DOSYE: David Klimi Babayan 5 aprel 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 28 dekabr 2013-cü ildən qondarma “dqr” rejiminin informasiya departamentinin rəhbəri, eyni zamanda “dqr prezidenti”nin aparatında “sədr müavini” vəzifəsində çalışıb. Babayan 26 may 2020-ci ildə “prezidentin” xarici əlaqələr üzrə müşaviri (?), 4 yanvar 2021-ci ildə isə “xarici işlər naziri” (?) təyin olunub. Bundan başqa, “Artsax mühafizəkarlar martiyası”nı qurub və ona rəhbərlik edib.

Azərbaycan Ordusunun sentyabrın 19 və 20-də sürətli antiterror tədbirlərindən və qondarma rejimin özünü buraxması haqqında “fərman” imzalamasından sonra David Babayan Azərbaycanın nəzarətində olan Şuşaya getdiyini və könüllü təslim olduğunu elan edib. Qarabağdan kənara qaçmağın mümkünsüzlüyünü görən daha bir separatçı düzgün qərar qəbul edib və könüllü təslim olub. Növbədə kimdir?

İmran BƏDİRXANLI




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI