USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Biz haqq-ədalət tələb edirik

​​​​​​​Sanksiya təşəbbüsünü də uğursuzluq gözləyir


https://img.baki-baku.az/news/2023/09/photo_8620.jpg

Azərbaycanın sentyabrın 19-20-də yüksək peşəkarlıqla keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin uğurlu olması okeanın o tayındakı qatı ermənipərəst dairələrin yuxusunu ərşə çəkib. Belə ki, ABŞ Konqresinin həm yuxarı, həm də aşağı palatasının (Senat və Nümayəndələr Palatası) 96 üzvündən ibarət ikipartiyalı qrup Dövlət katibi Antoni Blinkeni və Maliyyə naziri Canet Yelleni Azərbaycana sanksiya tətbiq etməyə çağırıblar.

Onlar qeyd ediblər ki, dövlət katibi və maliyyə naziri Qlobal Maqnitski Aktına uyğun olaraq, diskresion səlahiyyətlərindən istifadə etməli və bu addımı atmalıdırlar. Konqresmenlər və senatorlar öz fikirlərini Azərbaycanın Qarabağın erməni azlığın yaşadığı hissəsini “9 aydan çox sərt blokadada saxlaması və 120 minlik yerli (?) xristian erməni əhalisinə hücumlar etməsi ilə” “əsaslandırmağa” çalışıblar.

Qeyd edək ki, müraciətin hazırlanmasında Amerika Erməni Milli Komitəsi (ANCA) xüsusi cənfəşanlıq göstərib. Qurumun icraçı direktoru Aram Ambaryan deyib ki, ABŞ Prezidenti Co Bayden “soyqırımını təşviq etməyi” (?) dayandırmalı və təqsirkarları (?) məsuliyyətə cəlb etməyə başlamalıdır. Onun sözlərinə görə, bu, Azərbaycana hərbi yardımı dayandırmaqdan və sanksiyalar tətbiq etməkdən başlamalıdır”.

Konqresmenlərin və senatorların Dövlət katibi və Maliyyə nazirinə müraciəti barədə ilk məlumatı isə ABŞ-ın “Politico National Security Daily” qəzeti yayıb. Qeyd edib ki, müraciət Rod-Aylend ştatını təmsil edən demokrat senator Şeldon Vaythaus, Los-Ancelesdən respublikaçı Bill Kessidi, konqresmenlərdən isə yenə Rod-Aylenddən demokrat Set Maqaziner, Floridadan respublikaçı Has Bilirakis və Nyu-Cersidən demokrat Frenk Pallone tərəfindən hazırlanıb.

Onu da bildirək ki, Azərbaycana hansısa sanksiyaların tətbiq olunması məsələsi ermənilərin ən böyük arzu və istəklərindən biridir. Sentyabrın ortalarında Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiqini zəruri hesab etdiyini bildirmişdi. O, bunu Fransa Milli Assambleyasının Xarici əlaqələr komitəsinin sədri Jan-Lui Burlanjla görüşündə demişdi. Simonyan qeyd etmişdi ki, o, “Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək və humanitar fəlakəti pisləmək üçün fransalı tərəfdaşların fəal addımlarının davamını gözləyir”.

***

Bu arada Azərbaycanla bağlı daim qərəzli qətnamələr qəbul edən, əsasən çağırışlar ünvanlayan Avropa Parlamentinin 60-dan çox üzvü ölkəmizə sanksiyaların tətbiqinə çağırıblar. Ancaq dünən “Politico Europe” nəşri yazıb ki, sanksiyalar Avropa Parlamentinin üzvləri deyil, üzv dövlətlər tərəfindən razılaşdırılmalıdır.

Danışıqlardan birbaşa xəbəri olan və adının açıqlanmasını istəməyən iki diplomatın sözlərinə görə, ölkələr arasında qapalı danışıqlarda Azərbaycana sanksiya tətbiq etmək istəyənlər azdır. Diplomatların sözlərinə görə, yalnız Litva bütün variantları nəzərdən keçirməyi təklif edib, Macarıstan isə ən çox skeptisizm nümayiş etdirib. Rumıniya və Avstriya kimi digər ölkələrin də mövqeyi Budepeştin mövqeyinə yaxındır. “Hazırda məsələ çıxılmaz vəziyyətdədir. Bu məsələdə yekdil fikir yoxdur”, – deyən diplomatlardan biri qeyd edib ki, ölkələrin Azərbaycanla möhkəm əlaqələri əsas səbəblər sırasındadır.

“Politico Europe” Azərbaycan Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ölkəmizin Avropa İttifaqından sanksiya gözləmədiyi barədə sözlərindən də sitat gətirib. “Biz belə bir risk görmürük, çünki bu, irrasional addım olardı”, – deyə Hikmət Hacıyev qeyd edib. Qəzet onu da əlavə edib ki, Azərbaycan rəsmisi sentyabrın 26-da Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla danışıqlardan əvvəl Brüsseldə keçirdiyi brifinqdə ölkəmizi cəzalandırmaq üçün emosional çağırışlar edən avropalı deputatları tənqid edib.

Son illərdə ermənipərəstliyi az qala dövlət siyasətinə çevirən Kanada parlamentində isə sentyabrın 27-də Qarabağdakı vəziyyətlə bağlı dinləmələr keçirilib. Dinləmələrdə ölkənin xarici işlər naziri Melani Coli Azərbaycana qarşı sanksiyaların tətbiq oluna biləcəyini istisna etməyib. Deputat İv Peron xarici işlər nazirindən Kanadanın Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırıb-planlaşdırmayacağına və bu məsələnin avropalı tərəfdaşlarla müzakirə edilib-edilməməsinə münasibət bildirməsini istəyib. Nazir buna cavab olaraq deyib: “Biz bu ölkəyə maksimum təzyiq göstərmək üçün bir sıra başqa ölkələrlə də sanksiyalar məsələsini nəzərdən keçirməyə meylliyik. Bir sözlə, hər şey müzakirə olunur”.

***

Göründüyü kimi, Azərbaycanla bağlı xoşagəlməz çağırış edənlər əsasən parlament üzvləridir. Həm ABŞ-da, həm Aİ ölkələrində, həm də Kanadada onların seçiciləri arasında ermənilərin kifayət qədər nümayəndəsi var. Onlar erməni seçicilərinin könlünü xoş etmək, həmçinin gələcək seçkidə onlardan yenidən səs almaq üçün bu cür fikirlər səsləndirirlər. Deputatların daşıdıqları məsuliyyət dövlətlərin məsuliyyət yükü qədər böyük deyil. Deputatlar seçiciləri qarşısında məsuliyyət daşıyırlar. Dövlətlər isə bütün xalq üçün cavabdehdirlər. Bu mənada dövlətlər daha məsuliyyətli davranırlar.

Ermənistan istisna olmaqla hələ heç bir dövlət Azərbaycana sanksiyalarla bağlı fikir səsləndirməyib. Çünki onlar yaxşı başa düşürlər ki, Qarabağ iqtisadi rayonunun hər qarışı Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisidir. Ölkəmiz 1992-ci ilin martında BMT-yə 86,6 min kvadratkilometrlik ərazi hüdudları çərçivəsində qəbul olunub. Bu ərazidə baş verən hər bir məsələ Azərbaycanın daxili işidir.

Bundan başqa, böyük dövlətlər onu da yaxşı bilirlər ki, rəsmi Bakı Qarabağın erməni sakinləri ilə bağlı beynəlxalq humanitar hüquqdan kənar heç bir addım atmır. Qarabağın erməni sakinləri bölgədən zorla çıxarılmır, əksinə dövlətimiz onların qalmasında maraqlıdır. Elə Xarici İşlər Nazirliyinin dünən yaydığı məlumatda da bu barədə bildirilib: “Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”.

Bundan əlavə, hətta, ölkəmizə hansısa sanksiyalar tətbiq olunsa belə, bu, Azərbaycanın başladığı və artıq sona çatdırmaq üzrə olduğu haqq işini dayandıra bilməz. Bununla bağlı Prezident İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağını təqdim etdikdən sonrakı çıxışıda demişdi: “Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədalət tələb edirik”.

Avqustun 26-da Laçın Şəhəri Günü bayram tədbirində demişdi: “Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq”.

Bəli, dövlət başçımızın dediyi kimi, Ermənistan və dünya erməniliyi Azərbaycanla bağlı çirkin niyyətlərindən nə qədər tez uzaqlaşsalar, ilk növbədə elə onların özü üçün yaxşı olar.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Azər HƏSRƏT, siyasi şərhçi

– Konqresmen və senatorların Azərbaycana sanksiya çağırışı, ümumilikdə təbliğat üçün qida rolunu oynasa da, ABŞ-ın siyasətini kökündən dəyişə bilməyəcək. Çünki ABŞ müstəqillik qazanmış Azərbaycanla uzun illərdir işbirliyi içindədir, Bakı onun üçün etibarlı tərəfdaşdır. Özəlliklə də terrorla mücadilədə Azərbaycan Güney Qafqaz, həmçinin Orta Asiya bölgəsi baxımından ABŞ-a hava-su kimi lazımdır. Digər tərəfdən, Azərbaycan yüksəlməkdə olan Türk Dövlətləri Təşkilatının mühüm dövləti olmaqla da ABŞ-a çox gərəklidir. Üstəlik, Avropanın enerji təminatı məsələsində də Azərbaycan açar ölkə rolunu oynayır. Belə bir dövlətə qarşı çıxış etmək, onunla münasibətləri gərəksiz yerə gərginləşdirmək ABŞ-a heç bir xeyir verə bilməz. Bu amilləri nəzərə alaraq birmənalı şəkildə deyə bilərik ki, ABŞ Azərbaycanla münasibətləri gərginləşdirəcək sərt addımlara gedən deyil.

Hələ onu da əlavə edək ki, Azərbaycanla, onun lideri İlham Əliyevlə danışmaq, anlaşmaq imkanları varkən ABŞ nədən gərəksiz yerə münasibətləri gərginləşdirsin ki? O çağırış edənlər hər zamankı kimi, erməni təbliğat maşınının könüllü vintcikləridir. Bu vintciklər elə Vətən müharibəsi günlərində də hay-küy salmışdılar. Nəticəsi nə oldu? Bir müddət danışıb susdular. ABŞ-Azərbaycan münasibətləri isə daha da irəli getdi. Bunların çağırışları bir nəticə verməsə də, sadəcə olaraq, bizim müəyyən mənada vaxtımızı alacaq. Nə deyirik ki? Bizimlə üz-üzə gəlirlərsə, qarşılarından qaçmayacağıq.

“Politico Europe”da dərc olunmuş məqalə ilə bağlı qeyd etmək istərdim ki, yazının başlığına çıxarılmış, əslində isə sadə bir erməninin dilindən səslənən sual (“Fransa, Amerika və Şarl Mişel haradadır?”) şəxsən mənim üçün qeyri-adi deyil. Çünki biz illərdir erməni ictimai rəyinə izah etməyə çalışırıq ki, sizin nicatınız Azərbaycanla anlaşmaqdan keçir. Yəni heç bir Avropa, ABŞ və ya Rusiya sizin dərdinizi çəkmir. Hər dövlətin, hər böyük gücün öz marağı var və bu maraq üçün də ermənilərdən alət kimi istifadə edirlər. Bunu biz ermənilərə izah etməyə çalışmışıq. Amma onlar uzun illər ərzində özlərini aldadaraq o yalanlara inanıblar. İnandıqları üçün də bugünkü acınacaqlı duruma düşüblər. Üstəlik, belə bir durumda da Azərbaycana böhtan atırlar ki, guya, onlara qarşı etnik təmizləmə aparılıb. Halbuki, Prezident İlham Əliyevin özü də şəxsən dəfələrlə çağırışlar edib ki, ermənilər qalıb rahat yaşaya bilərlər.

Yazıda bir məqam da diqqətimi çəkdi. Müəlliflər Avropadan Azərbaycanı cəzalandırmasını gözləyirlər. Sual olunur: niyə? Avropa Azərbaycanı niyə cəzalandırmalıdır? Axı Azərbaycan Avropa və digər böyük güclərlə açıq dialoq içindədir və masa arxasında bütün məsələləri müzakirə edir. Yəni belə bir dövləti cəzalandırmaq üçün əsas da yoxdur. O baxımdan müəlliflərin cəza istəyi bir daha göstərir ki, bəziləri hələ də ikili standart və əsassız tərəfkeşlikdən əl çəkə bilmirlər. Çəkməsinlər, özləri bilərlər. Biz kiminlə necə danışacağımızı bilirik, ona görə də işlərimiz irəli getməkdə davam edəcək. Yəni yazıda deyildiyi kimi, Avropa Parlamentinin 60 üzvünün Azərbaycana qarşı sanksiya çağırışı da nəticəsiz qalacaq.

Yeri gəlmişkən, bu yazıda Azərbaycana isti münasibəti baxımından adı keçən Macarıstan Türk Dövlətləri Təşkilatının üzvüdür və bu faktor da Avropada bizim üçün olduqca önəmli rol oynayır.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səxavət HƏMİD