USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Oğulların qanı ilə qazanılan Haqq

Azərbaycan əsgərinin qeyrəti  Artsaxı gora göndərdi


https://img.baki-baku.az/news/2023/09/photo_8619.jpg

Böyük Mustafa Kamal Atatürk “Türk gəncliyinə müraciət”ində bildirmiçdi:“Ey türk istiqbalının övladı! Bax, belə bir vəziyyət və şəraitdə də vəzifən türk istiqlal cümhuriyyətini xilas etməkdir. Möhtac olduğun qüdrət damarlarındakı əsl qanda mövcuddur!”

Bəli, biz də iki əsr idi ki, bir qüdrətə möhtac idik. O qüdrət bizim əsgər, zabit balalarımızın qanında imiş. O qan, sanki, bizim hər birimizə çinar qaməti verdi, biləyimizi polada, ürəyimizi dağa döndərdi və babamızın torpaqlarında qurulmuş “gavur dövləti”ni tarixin arxivinə göndərdi.

Azərbaycan oğulları Qarabağda və Şərqi Zəngəzurda indiki uğurları qazanmaq üçün nə qədər qan tökdü, İlahi! Qeyrətli, aslanbiləkli övladlarımızın yaralı  damarından axan, adı çəkilən ərazilərimizin hər addımını “qızardan” türk qanı nə qədər qüdrətli imiş? Su dəyəndə palçıq olan torpaq, qan qarışanda Vətən oldu. Bu qan çoxsaylı himayədarlarının köməyi ilə 200 il xalqımıza qarşı min bir fitnə-fəsad quran düşmənin “öz əli ilə öz dövlətini tarixdən silməsinə əmr, fərman imzalatdı. Nə xoş xəbərdir.  

Ölkəmizin və regionun kütləvi informasiya vasitələrində dünən yayılan “Dağlıq Qarabağ Respublikası” buraxıldı” adlı xəbəri eşidəndə ürəyimdən Azərbaycan əsgərinin rəşadətinə, dövlət başçımızın siyasi iradə və qətiyyətinə,  xalqımızın Ali Baş Komandana və orduya heç zaman olmadığı kimi nümayiş etdirdiyi sədaqətə şükr etmək istəyi keçdi. Baş verənləri əlli milyonluq xalqın iki əsr gözlədiyi xoş xəbərin yayılması kimi qəbul etdim.

Söhbət ondan gedir ki, işğalçı qonşularımızın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində  yaratdıqları tanınmamış “Dağlıq Qarabağ Respublikasının” prezidenti Samvel Şahramanyan sentyabrın 28-də “Dağlıq Qarabağ Respublikasının” mövcudluğuna son qoyulmasını nəzərdə tutan fərman imzalayıb. Başqa vaxt olsaydı, “Muştuluğu məndən” deyərdim. Amma indi nəmərə ehtiyac yoxdur. Çünki onların nəmərini bizim cavanlar 44 günlük İkinci Qarabağ müharibəsi zamanı veriblər. Bəli, adı çəkilən sənədə görə, rejimin bütün “dövlət qurumları” və “təşkilatları” 1 yanvar 2024-cü il tarixinədək buraxılacaq. Jurnalistlərin sözü olmasın, “başqa sözlə desək” Qarabağ 1989-cu ildən bəri ilk dəfə azad nəfəs alacaq. Azad nəfəs isə böyük sərvətdir.

Araik Arutyunyanın “Yusif Sərraca çevirdiyi” Samvel Şahramanyanın imzaladığı sənəddə göstərilir ki,  Dağlıq Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşən əhali bu fərman qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda yaşamaq barədə müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycan Respublikasının təqdim etdiyi “Dağlıq Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında” reinteqrasiya şərtləri ilə tanış olsunlar.”

Bunun isə açması odur ki, SSRİ-nin ilk və sonuncu Prezidenti Mixail Qorbaçovun Cənubi Qafqazdakı əl izlərindən daha biri cəhənnəmə vasil olur.  Xatırladaq ki, məhz Qorbaçovun start verdiyi yenidənqurma siyasəti SSRİ məkanında “yenidənqırma” kimi davam etdirilmiş, müttəfiq respublikalara qarşı açıq-açığına ayrıseçkilik siyasəti aparılmnışdır. Elə anınmamış “Dağlıq Qarabağ Respublikası” da həmin sarsaq siyasətin eybəcər “övladı”  idi.

Heç kəsin yadından çıxmayıb, bu “respublika” 10 dekabr 1991-ci ildə yerli azərbaycanlıların boykot etdiyi və yalnız erməni sakinlərin qatıldığı referendumdan sonra 6 yanvar 1992-ci ildə elan edilmişdi. Ancaq həmin uydurma qurum  Ermənistan da daxil olmaqla heç bir ölkə tərəfindən dövlət kimi tanınmamışdı. Mən bilən, bundan sonra da tanınmayacaq. Ancaq, sonralar Artsax kimi sarsaq ad verilmiş həmin respublika hamı tərəfindən “bic doğulduğuna görə anası tərəfindən öldürülmüş uşaq” kimi tarixə düşdü.

Sonda bir mühüm məqamı yada salmaq istəyirəm. Belə ki, bu il iyulun 22-də Şuşada  “Euronews” televiziyasına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımıza müraciət edərək demişdi: “Onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər” – hazırkı və bundan əvvəlki “liderlər”, – onlara bütün bu müddət ərzində  –  müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər. Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq”.

Dövlət başçımızın həmin müsahibədə Ermənistan rəhbərliyinə ünvanlanan mesajları da olduqca maraqlı idi: “Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim  çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır”.

Bəli, azərbaycanlılar, türk dünyası və ümumiyyətlə, mütərəqqi bəşəriyyət Cənubi Qafqazda haqqın, ədalətin bərpasını istəyir və tələb edirdi. Çox gec olsa da, regionumuz həmin haqqa, ədalətə qovuşa bildi.  Bizi bu vüsala çatdıran şəhidlərimizə və qazilərimizə daim borclu olacağıq. Zəfərin mübarək, Azərbaycan!

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İttifaq MİRZƏBƏYLİ