USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BMT-nin ali komissarı reallıqları niyə görmür?


https://img.baki-baku.az/news/2023/09/photo_8601.jpg

Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları üzrə ali komissarı Folker Türk bölgədəki mövcud vəziyyət və etnik azlıqların hüquqlarının qorunması öhdəliyi barədə fikirlər bildirib. Ali komissarın ofisinin yaydığı məlumata görə, F.Türk deyib: “Mən inkişaf edən və kövrək humanitar vəziyyəti narahatlıqla izləyirəm. Yerdəki etnik erməni əhalinin hüquqlarının qorunması və bütün hərəkətlərin beynəlxalq hüquq normalarına əsaslanması vacibdir. Bütün mülki şəxslərin müdafiəsi mütləq prioritet olmalıdır. Təsirə məruz qalanların humanitar yardıma çıxışı olmalıdır”.

F.Türk daha sonra qeyd edib ki, məcburi köçkünlərin və qaçqın (?) vəziyyətində olanların hüquqları, o cümlədən onların təhlükəsiz və ləyaqətlə qayıtmaq hüquqlarını həyata keçirə bilmələri təmin edilməlidir: “Mən, həmçinin itkin düşmüş şəxslər haqqında məlumatlara diqqət yetirməyə çağırıram. İnsan hüquqlarının və ya beynəlxalq humanitar hüququn istənilən pozuntusu şəraitdən asılı olmayaraq, hesabatlılığı və operativ, müstəqil və şəffaf araşdırmalar da daxil olmaqla tədbir görülməsini tələb edir”.

Ali komissar dövlətlərin bununla bağlı öhdəliyini də xatırladıb. Qeyd edib ki, dövlətlər etnik, dini və ya linqvistik azlıqları öz mədəniyyətlərindən istifadə etmək, öz dinlərinə etiqad etmək və ya öz dillərində danışmaq hüququndan məhrum etməməyə borcludurlar: “Hər bir dövlət, həmçinin öz ərazisində azlıqların mövcudluğunu və milli, yaxud etnik, mədəni, dini və linqvistik kimliyini qorumalı, bu kimliyin təşviqi üçün şərait yaratmalıdır”.

Doğrudur, F.Türk öz bəyanatında konkret ad çəkməyib. Amma onun Qarabağ ermənilərini nəzərdə tutduğu və çağırışı Azərbaycana ünvanladığı gün kimi aydındır. Təbii ki, cənab Türk səlahiyyəti çərçivəsində istədiyi bəyanatı verməkdə sərbəstdir. Lakin dünyanın ən böyük universal təşkilatının insan hüquqları üzrə məsul şəxsinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və ona bitişik işğal olunmuş rayonlardan vaxtilə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasından didərgin düşməsinə səssiz qalmasını anlamaq olmur.

Bundan əlavə, 1988-89-cu illərdə Qərbi Azərbaycandan 250 minədək insan doğma el-obasından qovulub. Onların üzləşdikləri çətinliklər də ali komissarı maraqlandırmayıb. Halbuki, həm Qərbi Azərbaycandan, həm də Qarabağdan qaçqın düşənlər indi bölgəni tərk edən ermənilər kimi rahatlıqla çıxıb getməyiblər. Bu gün Azərbaycan dövləti Qarabağ iqtisadi rayonundan erməni əsilli heç bir şəxsi deportasiyaya məruz qoymur. Azərbaycan vətəndaşlığını qəbul etmək, birgəyaşayış tərəfdarı olmayan ermənilər özləri ərazilərimizdə yaşamaq istəmədikləri üçün çıxıb gedirlər.

Azərbaycan Qarabağın erməni sakinlərinin humanitar ehtiyaclarının qarşılanması üçün ilk gündən lazımi addımları atmağa hazır olduğunu bildirib. Ağdam-Əsgəran-Xankəndi yolunun açılmasından sonra bunu əməli addımlarla təsdiqləyib. Xalqımız başına gətirilən bütün müsibətlərə, olmazın işgəncələrə, məhrumiyyətlərə baxmayaraq, yenə də öz böyüklüyünü göstərir. Azərbaycan Prezidenti sentyabrın 20-də xalqa müraciətində dövlətimizin gələcəyə baxışını aydın ifadə etdi: “İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də, nəhayət, rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.

Prezident İlham Əliyev qeyd etmişdi ki, bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq: “Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”.

Təəssüf ki, ermənilər onlara uzanan barışıq əlini hər dəfə geri qaytarırlar. Onların bu hərəkəti isə anti-Azərbaycançı dairələr üçün göydəndüşmə fürsət olur.

***

Ali komissarın fikirlərinə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, F.Türkün fikirləri qeydə alınıb.

O əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı atdığı bütün addımlar, o cümlədən son 24 saatlıq anti-terror tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilib. Azərbaycan hər zaman həyata keçirdiyi tədbirlər çərçivəsində mülki əhalinin və mülki obyektlərin qorunmasına sadiq olub.

Mətbuat katibinin sözlərinə görə, Ermənistanın 30 ilə yaxın hərbi işğalı zamanı kütləvi qətllərə məruz qalan azərbaycanlıların öz hüquqlarından məhrum olmasına baxmayaraq, Azərbaycan öz ərazisində olan bütün etnik azlıqların, o cümlədən ermənilərin hüquqlarının qorunmasına həmişə sadiq olub. Azərbaycan rəhbərliyi bunu dəfələrlə şifahi şəkildə bəyan edib.

A.Hacızadə təəssüflə bildirib ki, indiyədək heç kim bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını qorumağa, o cümlədən onların təhlükəsizliyinə və hüquqlarının təminatına dair çağırış etməyib. Azərbaycanın 44 günlük müharibədən, o cümlədən anti-terror tədbirləri həyata keçirildikdən sonra itkin düşmüş şəxslərin yerini tapmaq üçün köməklik göstərməsinə baxmayaraq, 4 minə yaxın itkin düşmüş azərbaycanlıya qarşı eyni diqqət və həssaslığı müşahidə etmirik: “Ümid edirik ki, ali komissarın qurbanların hüquqları baxımından günahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması üçün şəffaf istintaq aparmaq çağırışları, Azərbaycanın 30 ilə yaxın müddətdə Xocalı soyqırımı, digər kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərdə təqsirli şəxsləri cəzalandırmaq istiqamətində çağırışlarına məhəl qoymayan beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qəbul ediləcək. Biz, həmçinin Ermənistanın, BMT nümayəndəsinin bu çağırışına əməl etməklə, bu ölkənin indiki ərazisindən kütləvi surətdə qovulmuş azərbaycanlıların hüquqlarını inkar etməyəcəyinə və onların öz evlərinə qayıtmaq hüquqlarını təmin etmək üçün dialoqa şərait yaradacağına ümid edirik”.

***

Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada isə F.Türkün bəyanatında Azərbaycana və azərbaycanlılara qarşı qərəzliliyə, habelə ayrı-seçkiliyə yol verildiyi bildirilib. Qeyd olunub ki, Ermənistanın öz ərazisindən və işğal etdiyi Azərbaycan ərazilərindən bir milyona yaxın azərbaycanlını qovaraq, onların hüquq və azadlıqlarını kobud şəkildə pozduğu ali komissara yaxşı məlumdur: “Ermənistan hökuməti bu ölkənin ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququnun reallaşmasına imkan vermir. Ali komissar, nədənsə, bir dəfə də olsun bu məsələ barədə danışmayıb və Qərbi Azərbaycan İcmasının bununla bağlı müraciətini cavabsız qoyub. Qərbi Azərbaycan İcması Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və sülhə, birgəyaşayışa, barışığa və reinteqrasiyaya əsaslanan gündəliyə sahibdir”.

Qeyd olunub ki, belə olan təqdirdə, ali komissarın beynəlxalq hüquqa hörmətsizlik edən, reinteqrasiyanı rədd edən və separatçı yanaşmaya malik qüvvələri dəstəkləməsi və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu görməzdən gəlməsi soydaşlarımıza qarşı etnik və dini zəmində ayrı-seçkilikdir. BMT-nin insan hüquqları üzrə ali komissarının bu ayrı-seçkiliyə yol verməsi siyasi baxımdan yanlış olmaqla bərabər, bütövlükdə insan hüquqları sahəsində beynəlxalq sistemi kökündən sarsıdır.

“Biz cənab Türkü daşıdığı ali vəzifənin mandatına uyğun hərəkət etməyə, rəhbərlik etdiyi təsisatın bəzi dairələrin əlində ucuz siyasi alətə çevrilməsinə imkan verməməyə, dini və etnik zəmində qərəz və ayrı-seçkiliyə son qoymağa, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna dəstək verməyə və hüquqlarımızın müdafiəsi xahişi ilə 2023-cü il 10 avqust tarixində göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq”, – deyə açıqlamada qeyd olunub.

Onu da qeyd edək ki, F.Türkün açıqlamasında əksini tapan fikirlər qərəzli olmaqla yanaşı, Cənubi Qafqazda davamlı sülh və sabitliyin əldə olunması istiqamətində səylərə də töhfə vermir. Bu baxımdan ümid edək ki, ali komissar Azərbaycandan səslənən iradları eşidəcək və növbəti açıqlamalarında obyektivlik nümayiş etdirəcək.

Səxavət HƏMİD

 

Ekspert rəyi

Zaur MƏMMƏDOV, politoloq

– 1988-89-u illərdə Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində bu gün həmin ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan qovduğu yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnun təminatından imtina etməklə, onların iztirablarını daha da artırır. Rəsmi İrəvan dəfələrlə edilən çağırışlara rəğmən, Qərbi azərbaycanlıların insan hüquqları mövzusunda dialoqa başlamaqdan qəti şəkildə imtina edir. Azərbaycan isə erməni əsilli vətəndaşlarını zorla ölkədən çıxarmır. Onların yaşayış yeri seçmək kimi fundamental insan hüquqlarını pozmur. Qarabağı tərk edənlər, sadəcə olaraq, Azərbaycan qanunları əsasında yaşamaq istəməyənlərdir. Bununla belə onların təhlükəsiz şəkildə köçməsinə şərait yaradılır. BMT-nin insan hüquqları üzrə ali komissarının bütün bunlara rəğmən verdiyi açıqlama ya onun bölgədəki vəziyyətdən xəbərsizliyindən, ya da qərəzli olmasından xəbər verir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə Folker Türkün yanlış məlumata malik olması ehtimalı istisnadır. Odur ki, ikinci versiyanın üzərində dayanmalı oluruq. Halbuki, Folker Türkün daşıdığı vəzifə ondan bitərəf, obyektiv və qərəzsiz olmağı tələb edir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Səxavət HƏMİD