USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Müşahidə missiyası” yox, sadəcə, “bölgəyə səfər”

​​​​​​​Rəsmi Bakı beynəlxalq müşahidə missiyasının bölgədə fəaliyyətinə ehtiyac duymur


https://img.baki-baku.az/news/2023/09/photo_8600.jpg

Azərbaycan istər BMT-nin rezident-əlaqələndirici ofisi, istərsə də beynəlxalq müşahidə missiyalarının Qarabağa səfərlərini təşkil etməyə hazır olduğunu bildirib. Əgər onlar lokal antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunda mövcud vəziyyətlə, burada yaşayan erməni əsilli sakinlərin sosial şəraiti ilə yerində əyani şəkildə tanış olmaq istəyirlərsə, buyurub gəlsinlər. Gəlsinlər, görsünlər və əmin olsunlar ki, Azərbaycan hökuməti dəfələrlə bəyan etdiyi kimi, suveren ərazisində yaşayan erməni sakinlərin, respublikamızın digər azsaylı xalqları kimi, konstitusion hüquqlarını təmin etməyə, onlara normal sosial-iqtisadi şərait yaratmağa başlayıb. İndi əminliklə söyləyə bilərik ki, verdiyi vədə əməl edən rəsmi Bakının bunu necə həyata keçirdiyini müşahidə edəcək avropalı və amerikalı emissarlar hayların qaldırdıqları hay-küyün, vay-şivənin dezinformasiyadan, beynəlxalq ictimaiyyətə sırımağa çalışdıqları feyk xəbərlərdən başqa bir şey olmadığını görəcəklər.

 * * *     

Bu, eləcə də bölgədəki son durum barədə Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib. Yayılan rəsmi məlumata əsasən, son bir ayda sayca üçüncü olan telefon danışığında tərəflər erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Dövlətimizin başçısı 24 saatdan az müddətdə yekunlaşan lokal antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər yetirilmədiyini, hazırda qanunsuz erməni silahlıların tərk-silah prosesinin getdiyini və onların Azərbaycanın suveren ərazisindən çıxarılmasının həyata keçirildiyini Ağ ev rəsmisinin nəzərinə çatdırıb.

Söhbət əsnasında, həmçinin Prezident İlham Əliyev Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, Qarabağ bölgəsindəki erməni sakinlərin hüquqlarının da ölkə Konstitusiyası və beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi yönündə müvafiq işlərin aparıldığını vurğulayıb.

Yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edən, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirən ABŞ Dövlət katibi Antoni Blinkenə cavab olaraq dövlətimizin başçısı bildirib ki, Azərbaycan və erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparılır, onlara dövlətimiz tərəfindən humanitar yardımlar göndərilir. Bundan başqa, ərazidə zəruri infrastrukturun bərpa edildiyini deyən İlham Əliyev telefon danışığında Antoni Blinkenin diqqətinə yardım aksiyalarında Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyini, ölkəmizdə akkreditə olunmuş BMT-nin rezident-əlaqələndiricinin yaxın zamanda Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfərinin təşkilinə Bakının hazır olduğunu çatdırıb.

* * *

Vaşinqton və Bakı arasında telefon danışığının ardından ABŞ Dövlət Departamentinin bununla bağlı yayılan açıqlaması müəyyən suallar doğurdu və marağa səbəb oldu. Məsələ ondadır ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller telefon danışığında Azərbaycan dövlətinin başçısının Qarabağa beynəlxalq missiyanın göndərilməsinə razılıq verdiyini və bunun yerinə yetiriləcəyini media mənsublarının nəzərinə çatdırıb. O, hətta tərəflər arasında “Dağlıq Qarabağda (?) BMT-nin potensial müşahidəçilər missiyasının fəaliyyətinin müzakirə edildiyini” də bəyan edib. ABŞ Dövlət Departamentinin sözçüsü fərdi açıqlamasında bir az da irəli gedərək Antoni Blinkenin Prezident İlham Əliyevi Qarabağda geniş amnistiya elan etməyə çağırdığını, ona “Dağlıq Qarabağın (?) bütün sakinləri üçün sülhə, anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan gələcək qurmaq” barədə vədini xatırlatdığını bildirib.   

M.Miller jurnalistlərdən birinin Qarabağda BMT-nin potensial beynəlxalq missiyasının dəqiq fəaliyyət mexanizmi barədə sualına cavab verməkdən yayınaraq, “bu məsələ bizim müttəfiqlərimiz və bölgədəki tərəfdaşlarımızla müzakirə mövzusu olaraq qalmaqdadır” – deməklə kifayətlənib. Amma onu nəzərə çatdırmağı unudub ki, Bakı yaxın günlərdə BMT-nin müşahidə missiyasının deyil, sadəcə qurumun Azərbaycanda akkreditə olunmuş rezident-əlaqələndiricisinin Qarabağ bölgəsinə səfərini təşkil etməyə hazır olduğunu açıqlayıb. Əlbəttə ki, bunlar tamamilə fərqli, diplomatik nöqteyi-nəzərdən bir-birinə zidd termin və mülahizələrdir.        

* * *

Öz növbəsində Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsünün açıqlamasında yol verdiyi yanlışlığa aydınlıq gətirib. “Biz Qarabağda beynəlxalq müşahidə missiyasının fəailiyyətinə zərurətin yarandığını düşünmürük. Çünki reallıq göz qabağındadır, Azərbaycan heç nəyi gizlətmir. Deyildiyi kimi, rəsmi Bakı bölgədəki erməni əsilli vətəndaşların hüquqlarını təmin etməyə tam qərarlıdır”, – deyən H.Hacıyev Qarabağda, guya, etnik təmizləmə barədə istənilən açıqlamanın Azərbaycan xalqı üçün təhqir sayıldığını, ölkəmizin tarixində belə halların heç vaxt baş vermədiyini nəzərə çatdırıb. Prezidentin köməkçisi də BMT-nin nümayəndələrinin istənilən zaman regiona səfərlərini istisna etməyib.   

* * *

Bu arada ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Cənubi Qafqaza siyasi turneyə gələn rəhbəri Samanta Pauerin son hadisələrdən sonra vəziyyəti yerində qiymətləndirmək məqsədi daşıdığı bəlli olub. İrəvandan sonra Bakıya təşrif buyurmuş xanım Pauer burada yüksək səviyyədə qəbul olunub. Onun ardınca BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Bakıya səfərləri diqqəti çəkib. Bu səfərlər zamanı baş tutan rəsmi görüşlərdə Cənubi Qafqazda, eləcə də Azərbaycanın Qarabağ iqtisadi rayonundakı mövcud vəziyyət müzakirəsi olunub.

* * *

Mövzunu davam etdirərək oxucuların nəzərinə onu da çatdıraq ki, Avropa İttifaqının təhlükəsizlik üzrə analitiki, hüquqşünas İrina Zukerman maraqlı açıqlama ilə çıxış edib. O, öz paylaşımında bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və qurumun digər rəsmilərinin son bəyanatları onu göstərir ki, Aİ Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra yaranmış yeni reallığı qəbul edir. “Şarl Mişel və Aİ rəsmiləri ən azı, reallığı qəbul edir və sülhü möhkəmləndirmək üçün hər fürsətdən istifadə edərək irəliləmək niyyətindədir”, – qeyd edən Zukermanın sözlərinə görə, buna baxmayaraq, dünyada bəzilərinin beynində Qarabağdakı vəziyyəti necə qəbul etməyə dair suallar qalmaqdadır: “Bəzi ölkələr hələ də “Dağlıq Qarabağ” terminini işlətməkdə davam edir. Onlar Qarabağda ermənilərin min illik mövcudluğu barədə nağıllara inanır və başa düşmək istəmirlər ki, bu, keçmiş Sovet İttifaqının əhalini nəzarətdə saxlamaq üçün xüsusi olaraq düşündüyü cəfəng termindir”.

Ekspert paylaşımında bu fikri haqlı olaraq vurğulayır ki, Azərbaycan qanunun aliliyinə və Qarabağdakı ermənilərin dinc yolla reinteqrasiyasına sadiqliyini nümayiş etdirir.

Bəli, artıq ermənilərin qızğın himayədarı Fransanın dominantlıq etdiyi Avropa İttifaqında belə hər şeyi öz adı ilə çağırmağa başlayıblar. Oğrunun və doğrunun kimliyini bizim anlatmağımıza ehtiyac qalmayıb. Yəqin tezliklə okeanın o tayında da Azərbaycanın Qarabağ torpağından söz düşəndə diplomatik bəyanat və terminlərinə çəki-düzən vermək, korrektələr etmək barədə ciddi düşünəcəklər. 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI