USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Böyük işimizə kölgə salmayaq

Qarabağ erməniləri ilə jurnalist təmaslarına dair müşahidələrimiz


https://img.baki-baku.az/news/2023/09/photo_8596.jpg

Qarabağı tərk edən ermənilərin Ermənistana və digər ölkələrə köçü davam edir. Dünən köç edənlərin sayı 40 mini keçdi. Çox güman, önümüzdəki həftələrdə bu say bir qədər də artacaq. Yəni, belə görünür. Əlbəttə, dövlətimiz heç də istəmir ki, Qarabağ erməniləri ərazini tərk etsinlər. Əksinə, onların bölgədə qalmaları arzuolunandır. Nə üçün arzulanandır, söhbətimiz bu barədə olmadığından, məsələnin üzərində geniş dayanmağa lüzum görmürük. Yalnız onu deyək ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və ermənilərin də bu etnik rəngarənglikdə iştirakı pis olmazdı. Digər tərəfdən, Qarabağ erməniləri oldu-olmadı, Azərbaycanın müxtəlif bölgələrində ermənilər yaşayırlar və onlara gözün üstə qaşın var deyən yoxdur. Mövzumuz isə Qarabağı tərk edən ermənilərin fikirlərinin öyrənilməsidir. Daha doğrusu, bunun bir detalına münasibət bildirəcəyik.

Məsələnin vacibliyini əsaslandırmazdan əvvəl deyək ki, Azərbaycanın media subyektlərinin təmsilçiləri, xüsusən, telekanalların müxbirləri Qarabağ ermənilərini Laçındakı şərti sərhəddə qurduğumuz nəzarət-buraxılış məntəqəsindən keçərək üzü Ermənistan tərəfə yolçuluq əsnasında, belə demək mümkünsə, sual atəşinə tuturlar. Onlara yaxınlaşır, fikirlərini öyrənirlər. Yəqin, dəyərli oxucularımız da belə səhnələrə şahidlik ediblər. Bəlkə haqqında söz açacağımız məqamı düşünənlər də var. Söhbət jurnalistlərimizin ermənilərə yaxınlaşmalarından, onlarla ünsiyyət qurmalarından gedir. Məsələn, AzTV müxbirinin ünvanladığı suallar öz yerində, onun erməni müsahibinə yanaşma tərzi kifayət qədər səlist idi. Müxbir özü mədəni, sadə, sualları isə ardıcıl, məntiqi cəhətdən bir-biri ilə bağlı idi. Ən əsası isə peşəkar davranışı ilə diqqəti cəlb edirdi.

Ancaq xoşagəlməz nümunələr də diqqətimizdən yayınmadı. Təsəvvür edin, polislərimiz, hərbçilərimiz, digər hüquq-mühafizə orqanlarımızın təmsilçiləri,  vəzifə öhdəliklərinin tələblərinə uyğun olaraq, ermənilərlə son dərəcə nəzakətli və mədəni davrandıqları halda, bəzi jurnalistlərimizdə bunun əksini gördük. Sanki sualı jurnalist yox, istintaq orqanının təmsilçisi verirdi. “Siz” yox, “sən” deyə müraciətlər, küçə ritorikası üslubunda yanaşmalar və sair bu sayaq hərəkətlər də öz yerində. Bir sözlə, eybəcər mənzərə. Həmin an ağlımıza gələn bu oldu ki, media təmsilçilərimiz Azərbaycan polisinin, ümumən güc strukturlarının müxtəlif video-görüntülərdə əksini tapmış nəzakət ritorikasını heçə endirməklə məşğuldurlar.

Əlbəttə, müsahib ermənidirsə, məsələ heç onda da deyil ki, biz yaxın tariximizdə yaşananları unutmalıyıq, ancaq xoş rəftar göstərməliyik. Şübhəsiz, olanları da unutmuruq və həm yaddaşımızı, həm də haqqımızı sentyabrın 19-da başlanmış və cəmi 23 saat 43 dəqiqə çəkmiş lokal xarakterli anterror tədbirləri ilə göstərdik. Bundan əvvəl isə 44 günlük müharibədə göstərmişdik. İndiki döyüşün məqsədi tam başqadır. Sərhəddəyiksə, məqsəd Qarabağ ermənilərini yola salmaqdır. Daha doğrusu, onların yola düşməsinə mümkün qədər əlverişli şərait yaratmalıyıq. Nəhayət, gedəni saxlamazlar, – deyib atalarımız.

Əlbəttə, biz gedənlərin sonradan tamam başqa məsələləri qaldıra bimə ehtimalını da düşünməliyik. Məsələn, mümkündür ki, Qarabağı tərk edən Aşot ən azı Laçındakı sərhəd buraxılış məntəqəsindən azca uzaqda dayanmış Avropa İttifaqının mülki müşahidə missiyanın təmsilçilərinə özünü soyqırımından qaçıb canını qurtarmış biri kimi təqdim etsin. Hələ ölkəmizlə bağlı başqa neqativ fikirlər formalaşdırmağı qarşısına məqsəd qoyanlar da var. Fransanın köməyi ilə bölgəyə yerləşdirilmiş mülki müşahidə missiyası tək deyil...  

Bəli, hazırda ölkəmizə qarşı bu sayaq sərsəm iddialar irəli sürmək istəyənlər növbəyə dayanıblar. Başda da Ermənistanın siyasi rəhbərliyi olmaqla. Onların ləkə yaxmaq üçün hər vasitədən yararlandıqları məlumdur. Qarabağ erməniləri kartı isə göydəndüşmədir. Məhz mövcud səbəbdən bölgəni tərk edənlərin fikirlərinin öyrənilməsi müstəsna əhəmiyyət daşımaqdadır. Yəni, yuxarıda haqqında söz açdığım vaciblik bununla əsaslandırılır.

Ancaq belə çıxır ki, bu vacibliyi dərk etməyən yalnız jurnalistlərdir. Halbuki onlar məsələyə digər sahələrin təmsilçilərindən daha həssas yanaşmalıdırlar. Daha doğrusu, prinsipcə onların daha həssas münasibət göstərməsi şərtdir. Çünki çəkdiklərinə, göstərdiklərinə bütün dünya baxır və həmin materiallara əsasən ölkəmizlə bağlı rəy formalaşır. Nəzərə alaq ki, bu rəy erməni yalanlarına qarşı tutarlı arqument xarakteri daşımaqdadır. Axı, indiki halda sərhədi keçmiş Aşot gedib Ermənistan hakimiyyətinin havadarlarının sorğularında deyə bilməz ki, azərbaycanlılar ona qarşı nə isə nalayiq rəftar göstəriblər. Desə də, əhəmiyyəti qalmayacaq. Çünki sərhədi keçəndə fikrini bildirib, müsbət münasibətini, bilərəkdən, yaxud bilməyərəkdən müsbət mövqeyini ifadə edib, özünə qarşı azərbaycanlılar tərəfindən xoşagəlməz rəftarın edilmədiyini dilə gətirib.

Bütün bunlara görə telekanallarımızın, digər media orqanlarımızın rəhbərlərinin məsələyə diqqətlə yanaşmaları, sərhədə hazırlıqlı jurnalistləri göndərmələri şərtdir. Jurnalist jurnalist kimi olmalı, media təmsilçisi qismində hərəkət etməlidir. Hazırda onun geyim tərzi, özünü aparması, müraciət forması, hətta mimika və jestləri də bizimlə bağlı təsəvvür formalaşdırır. Yəqin, dəyərli həmkarlarımız da razılaşarlar ki, böyük işi bu kimi kiçik məsələlərlə heçə endirmək olmaz.

 

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV