USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh vasitəçiliyi yolunda

Bakının haqlı mövqeyi qəbul edilir


https://img.baki-baku.az/news/2023/09/photo_8594.jpg?v=MjAyMy0wOS0yOCAxNToxNjo1NA==

Dünən başlanmasının üç ilini Anım günü kimi qeyd etdiyimiz 44 günlük Vətən müharibəsi yalnız Cənubi Qafqaz regionu ilə bağlı deyil, bütövlükdə Yaxın və Orta Şərq coğrafiyası üçün yeni reallıqlar formalaşdırdı. Qətiyyətlə və fəxrlə demək olar ki, bu reallıqların müəllifi Azərbaycan Respublikası və dövlətimizin başçısı cənab İlham Əliyevdir.

Əlbəttə, müharibədən ötən müddətdə biz bir xalq olaraq yeni durumun daha geniş anlamda dərki naminə mübarizə apardıq. Bu yolda Ermənistanın, ermənipərəst dairələrin müxtəlif siyasi kombinasiyalı oyunları ilə qarşılaşdıq. Ancaq mübarizəmizə ara vermədik, ardıcıllığımızı qoruduq, prinsipial xəttimizə sadiq qaldıq. Harada diplomatik vasitələrdən, nə zaman gücdən istifadənin optimallığını düşünərək, düzgün, ölçülü-biçili tədbirlər gördük. Sentyabrın 19-da başlanmış və cəmi 23 saat 43 dəqiqə davam etmiş lokal antiterror tədbirləri də bu müstəvidə verilmiş ən doğru qərar idi. Elə bir qərar ki, otuz ildən sonra ölkəmizə suverenliyimizin bərpası xoşbəxtliyini yaşatdı.

***

Əlbəttə, lokal xarakterli antiterror tədbirlərimiz hərbi güc nümayişi idi. Əvvəldən də bilinirdi ki, qlobal dünya məsələni məhz bu tərzdə qəbul edəcək. Ermənipərəst dairələrin sırf güc ritorikasına fokuslanaraq, əsl həqiqətlərlə manipulyasiya yolu tutmaları da həmçinin. Əslində, 44 günlük müharibə başlananda da oxşar durum yaşanmışdı. Beynəlxalq ictimaiyyət müharibənin dayandırılması ilə bağlı ard-arda çağırışlar səsləndirmiş, ümumən, savaşın qorxunc nəticələrinə köklənmişdi. Ancaq çağırış səsləndirənlər Ermənistanın torpaqlarımızı tərk edəcəyi ilə bağlı təminat vermirdi. Təxminən belə: müharibə dayansın, sonra baxarıq.

Əlbəttə, “baxarıq”, “görərik” kimi deyimləri çox eşitmişdik və onların işğalçı Ermənistanın mənafeyinə uyğunluğunu bilirdik. Ona görə dayanmadıq, üç il əvvəlin dünənki günündə çıxdığımız yolu məntiqi sonluğa çatdırdıq. Nəhayət, işğalçıları torpaqlarımızdan qovduq, təslim duruma düşmələrinə, şərtlərimizi qəbul etmələrinə müvəffəq olduq. Bu, yalnız İrəvanın vəziyyətlə barışması deyildi. Bu, həm də müharibə başlananda bəyanatı bəyanat ardınca sıralayanların da durumla barışmaq məcburiyyəti idi. Bir sözlə, dünya ictimaiyyəti haqlı olduğumuzu, haqlı güc tətbiqinə üstünlük verdiyimizi gördü.

Lakin Vətən müharibəsindən ötən hər gün ermənipərəst dairələr, saxta “sülh qaranquşları” tədricən aktivləşməyə, dövriyyəyə girməyə başladılar. Regionda yeni reallıqların formalaşmasına maneçilik törətməyə girişdilər. Bu amil Ermənistan rəhbərliyini, ümumən, xəstə erməni cəmiyyətini yenidən illüziya bataqlığına sürüklədi. Nəticədə Qarabağdakı separatçı rejimi ayrıca dövlət kimi təsəvvürə gətirmək cəhdləri təzədən baş qaldırdı, eyni zamanda, rəsmi İrəvan həmin xunta rejimini qorumaq məqsədilə çeşidli gedişlərə baş vurdu, regiondakı sülh məntiqinə zidd anlayış və baxışlar gündəmə gətirdi. Halbuki, Prezident İlham Əliyev və dövlətimizin rəsmiləri dəfələrlə belə təmayüllərin yolverilməzliyini bildirmiş, xəbərdarlıqlarını çatdırmışdılar. Həmin xəbərdarlıqlara etinasız yanaşıldı və hadisələrin lokal antiterror tədbirlərinin gerçəkləşdirilməsinə doğru yön alması qaçılmaza çevrildi.

 

***

Bəli, lokal antiterror tədbirləri haqlı gücün təntənəsi anı idi. Elə bir an ki, Qarabağdakı separaçılığı yox etməklə yanaşı, onun xarici rıçaqlarını da sıradan çıxardı. Və budur  44 günlük müharibənin nəticələri qəbul edildiyi kimi, antiterror tədbirlərinin nəticələri də eyni qaydada nəzərə alınır. Mövcud məqamı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mətbuat katibliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı yaydığı bəyanat da təsdiqləməkdədir. Qeyd edək ki, bəyanat Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 26-da Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla, Aİ Şurasının prezidentinin diplomatik müşavirləri Saymon Mordunun və Maqdalena Qrononun, həmçinin, Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun təmsilçilərinin, o cümlədən, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tovio Klaarın iştirakı ilə keçirilmiş görüşü sonrası qəbul edilib. Göründüyü kimi, görüş, Qərbin, kifayət qədər, geniş təmsilçilik egidasına əsaslanıb. Bu isə o deməkdir ki, toplantı həm Qarabağla, həm də Azərbaycan – Ermənistan münasibətlərinin pesrpektivi ilə bağlı ümumi mövqe birliyinin təsdiqi baxımından əhəmiyyətlidir.

Prezident Ş.Mişelin qısa fikir mübadiləsi üçün iştirakçılara qoşulduğu görüşdə Qarabağdakı mövcud vəziyyət və yerli əhalinin ehtiyaclarının qarşılanmasına yönələn səylər müzakirə olunub. Bildirilib ki, Aİ prosesləri yaxından izləyir və hərbi əməliyyatların mülki şəxslərə təsirini azaltmağa kömək etmək yönündə ən yüksək səviyyədə fəaliyyət göstərməkdədir.

H.Hacıyev ölkəmizin Qarabağdakı yerli erməni əhaliyə humanitar yardımı və təhlükəsizliyin təminatı planlarını açıqlayıb. Əlbəttə, Aİ tərəfindən beynəlxalq humanitar və insan haqları üzrə fəaliyyət göstərən subyektlər üçün şəffaflığın və əraziyə çıxış ehtiyacının duyulduğunun vurğulanması da təbiidir, Bakının Qarabağ ermənilərinin Azərbaycandakı gələcəyinə baxışı haqqında daha ətraflı məlumat verməsinin zəruriliyinin bildirilməsi də. Ancaq ölkəmizin qeyd edilən istiqamətlər üzrə artıq indidən görməyə başladığı tədbirlər var. Heç şübhəsiz, qurum bunu nəzərə alır. Ancaq bəzi dairələr hələ də musiqilərini, necə deyərlər, köhnə havalara kökləyirlər. Deməli, Aİ bunu nəzərə almalı, özünün pozitiv məntiqini inkişaf etdirərək təbliğatı gücləndirməlidir ki, sülhə gedən yol rəvan olsun.

***

Bəli, ümumən, Aİ-nin bəyanatı göstərir ki, Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallıq dünya birliyi tərəfindən qəbul edilir. Bu bəyanat onu da təsdiqləyir ki, ölkəmizin öz suveren ərazisindəki qeyri-qanuni hərbi birləşmələrin və onların hərbi infrastrukturunun neytrallaşdırılmasına yönəlmiş fəaliyyəti tam legitimdir.

Ermənistan rəhbərliyi, eləcə də dünya erməniliyi lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın hərbi birləşmələri tərəfindən, guya, mülki əhalinin hədəfə götürüldüyünü bildirirdi. Əlbəttə, bu, belə deyildi və real durumu təsdiqləyən faktlar yetərincədir. Ölkəmiz maksimum dərəcədə çalışdı ki, dinc erməni sakinlər zərər görməsinlər və onlar ziyanla üzləşmədilər. Eyni zamanda, zəruri təbliğat alətlərindən istifadə də gerçəkliyi ortaya qoydu. Ş.Mişelin mətbuat katibliyinin bəyanatı isə göstərir ki, dünya Ermənistan rəhbərliyinin və ermənipərəstlərin deyil, rəsmi Bakının arqumentlərinə üstünlük verir. Həm də ona görə ki, arqumentlər yalnız haqqa əsaslanır və son dərəcə obyektivdir.

Azərbaycan dövləti Qarabağın yerli erməni sakinlərinin bölgədə qalmalarını və ömür sürmələrini istəyir. Halbuki, Ermənistanın, eləcə də ermənipərəstlərin dünyada apardıqları təbliğatda Bakının, guya etnik təmizləmə gerçəkləşdirdiyinə dair mənasız və əsassız müddəalar var. Habelə, İrəvanın gələcəkdə sərsəm iddiaları beynəlxalq hüquq müstəvisinə daşımağa cəhd göstərəcəyini ehtimal etmək mümkündür. Aİ-nin hazırkı mövqeyi isə bu sayaq neqativ hərəkət və davranışlara qarşı təbii immunitetdir.

Deməli, Azərbaycanın mövqeyi anlaşılır və qəbul edilir. Nəzərə alaq ki, ölkəmiz Qarabağ ermənilərinin təhlükəsizliklərinin təminatı üçün üzərinə düşən vəzifələri yerinə yetirib və yerinə yetirməkdədir. Ərazidə yaşayan insanlara humanitar yardımların göstərilməsi intensivləşib, beynəlxalq strukturların humanitar missiyalarına mövcud istiqamətdə müvafiq şərait yaradılıb.

 

***

 

Digər tərəfdən, ölkəmiz rəsmi səviyyədə bəyan edib ki, ərazidən mülki sakinlərin çıxması məcburi xarakter daşımır. Ancaq onu deməliyik ki, hazırda Qarabağdan erməni əhalinin kütləvi köçü müşahidə olunmaqdadır. Bu halı idarə edilən proses kimi qiymətləndirmək mümkündür. Sanki kimlərsə maraqlıdır ki, bölgə erməniləri ərazini tamamilə tərk etsinlər. Belə bir halın yaşanması müsbət sayıla bilməz.

Yada salaq ki, Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiası zəminində meydana çıxmış konfliktdir. Bunu söyləmək üçün Ermənistanın İstiqlal bəyannaməsinə diqqət yetirmək kifayətdir. Hələ ölkənin Konstitusiyasında da bu sənədə istinad var. Ancaq hazırkı durumda ərazi iddiası və mövcud istiqamətdki manipulyasiyalar keçərsizdir. Üstəlik, Qarabağda növbəti “erməni soyqırımı” ilə bağlı sərsəmləmələr nəticəsiz qalıb. Yəni, dünya erməniliyinin, 1988-ci ildə Sumqayıtda olduğu kimi, sadə erməniləri qətlə yetirib günahı azərbaycanlıların üzərinə atmaq oyunu keçərsizdir. Yerdə qalır Qarabağ avantürasını niskilə çevirmək. Bunun üçün isə bölgədə yaşayan ermənilərin ərazini tərk etmələri vacibdir. Heç şübhəsiz, Ermənistan gələcəkdə Qarabağdan qovulduğu iddia edilən insanların icmasını yaradıb anti-Azərbaycan fəaliyyətinə baş vuracaqdır. Ancaq ölkəmiz üçün əsas olan heç də bunlar yox, dünya birliyinin həqiqətləri görməsidir. Həqiqətlərin nəzərə alınması baxımından isə Aİ-nin hazırkı mövqeyini və həmin mövqenin ifadəsini tapdığı bəyanatı əhəmiyyətli saymaq mümkündür.

***

Azərbaycanın antiterror tədbirləri nəticəsində yaranmış yeni reallıq göstərir ki, sülhün alternativi yoxdur və bundan sonra tərəflər davamlı sülh naminə bütün səylərini səfərbər etməlidirlər. Halbuki, həmin tədbirlərədək sülh nizamlanması sanki dalana dirənmişdi. Aİ-nin də missiyasının iflasa uğradığı təəssüratı yaranmışdı. Azərbaycanın göstərdiyi qətiyyət həmin təəssüratı aradan qaldırdı və beləliklə ölkəmiz qurumun tənzimləmə funksiyasının yenidən təşəkkülünə kömək göstərmiş oldu. Buna sübut kimi H.Hacıyevin A.Qriqoryanla təması zamanı Azərbaycan və Ermənistan liderlərinin gələn ayın 5-də Qranadada görüşmələrinə dair məsələnin müzakirəsini göstərmək yerinə düşər.

Bəli, artıq bildirmək mümkündür ki, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində bir araya gəlmələrinə dair perspektiv realdır. Çünki tərəflər  normallaşma səylərinin davamı üçün Qranadadakı təmas imkanından istifadəyə ortaq maraqlarını açıqlamışlar. Onlar həmin görüşdə, həmçinin Bakı – İrəvan sülh prosesinə yönələn konkret addımların, o cümlədən, sərhədlərin delimitasiyasının, təhlükəsizlik, humanitar məsələlər və daha geniş məqamların diskussiya predmetinə çevrilməsinin mümkünlüyü üzərində dayanmışlar.

Aİ Şurası prezidentinin mətbuat katibliyinin bəyanatında, eyni zamanda, hesab edilir ki, Qranada Sammitindən həm Azərbaycan, həm də Ermənistan əvvəlki Praqa və Brüssel (Azərbaycan və Ermənistan lidelərinin Aİ Şurası prezidentinin vasitəçiliyi ilə keçirilmiş 6 oktyabr 2022-ci il və 14 may 2023-cü il görüşləri – red.) təmasları zamanı əldə olunmuş razılaşmalara uyğun şəkildə, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə sadiqliklərini açıq bəyan etmək üçün istifadə etməlidirlər. Bu məqamın vurğulanması da son dərəcə vacibdir. Deməli, sülhə doğru təmaslar davamlı xarakter alacaq və Aİ də  Cənubi Qafqazdakı mövcud reallıqları nəzərə alaraq, prosesdə iştirakda maraqlıdır.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV